“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009‐cu il 14 may tarixli 93
nömrəli Fərmanının 1.5‐ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. ʺGirov müqaviləsinin qeydiyyatı Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə
Bakı şəhəri, 18 sentyabr 2009‐cu il
№ 146
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 18 sentyabr tarixli 146 nömrəli
qərarı ilə təsdiq edilmişdir
Girov müqaviləsinin qeydiyyatı
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədəʺ Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin
2009‐cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.5‐ci bəndinə əsasən hazırlanmışdır və
qeydiyyata alınmış əmtəə nişanları üzrə hüquqların müqavilə əsasında başqa şəxsə girov
kimi verilməsinə dair müqavilələrin qeydiyyata alınması qaydalarını müəyyən edir.
1.2. Girov müqaviləsi notariat qaydasında təsdiq edilməli, girov hüququ isə dövlət
qeydiyyatına alınmalıdır.
1.3. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərtilə, Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra ‐ Komitə)
qeydiyyata alınır.
1.4. Girov müqaviləsi yazılı formada bağlanılır.
1.5. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (qeydiyyatda olduqları ünvan),
girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir.
Girov müqaviləsi əmtəə nişanının qüvvədə olduğu müddətdə qeydiyyata alınır.
1.6. Girov hüququ müqavilənin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.
1.7. Girovqoyan əmtəə nişanına görə müstəsna hüquqa malik olan şəxs (əmtəə
nişanının sahibi) ola bilər.
1.8. Girovsaxlayan müqavilədə göstərilmiş əsaslar üzrə girov hüququna malik olan
şəxsdir.
1.9. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan
girovun predmetindən (əmtəə nişanına görə müstəsna hüquqdan) onun təyinatına uyğun
istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər.
1.10. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan
yalnız girovsaxlayanın razılığı ilə girov predmetinə dair hüququ və ya istifadə hüququnu
müqavilə əsasında başqa şəxsə verə bilər.
1.11. Girovsaxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə
tutulan hallarda istifadə edə bilər. Girovqoyanın tələbi ilə o, istifadə haqqında hesabat
verməlidir. Müqaviləyə əsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov
predmetindən gəlir götürmək vəzifəsi qoyula bilər.
1.12. Girov qoyulmuş əmtəə nişanına dair müstəsna hüquq girovqoyandan başqa şəxsə
verildikdə (əmtəə nişanının sahibi dəyişərsə) və ya universal hüquq varisliyi qaydasında
keçdikdə, girov hüququ qüvvədə qalır.
1.13. Girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi
qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.
1.14. Qeydiyyata alınmış girov müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər edilə
bilər.
1.15. Girov müqaviləsi yalnız Azərbaycan Respublikasında qüvvədə olan əmtəə
nişanlarına dair bağlanıla bilər.
2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası
2.1. Girov müqaviləsinin qeydiyyata alınması üçün təqdim edilən sənədlər Komitəyə
əmtəə nişanının sahibinin və ya səlahiyyətli nümayəndəsinin vasitəsilə verilə bilər. Girov
müqaviləsinin qeydiyyata alınması üçün ərizədə və müqavilədə bir neçə əmtəə nişanı
göstərilə bilər. Bu halda həmin əmtəə nişanlarına görə müstəsna hüququn sahibi, həmçinin
girovsaxlayan eyni şəxslər olmalıdır.
2.2. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı aşağıdakı sənədlər Komitəyə təqdim
olunur:
‐ girov verən şəxsin ərizəsi;
‐ girov müqaviləsi;
‐ əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən
çıxarış;
‐ hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
‐ girov müqaviləsinin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun
ödənildiyini təsdiq edən sənəd;
‐ etibarnamə (zərurət olduqda).
Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam
adı), yerləşdiyi və yaşadığı yerin ünvanı göstərilir.
2.3. Yuxarıda göstərilən sənədlər iki nüsxədə təqdim olunur.
Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri
və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi,
soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.
Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat
qaydasında təsdiq edilir.
Ərizədə imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Komitəyə təqdim olunduğu
tarixdən müəyyən edilir.
3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası
3.1. Girov müqaviləsinin qeydiyyatına dair ərizə Azərbaycan dilində təqdim edilir.
Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən
sənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi
tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir
nüsxəsi Komitədə saxlanılır.
3.2. Komitəyə daxil olan müqaviləyə dair sənədlər bir ay müddətində araşdırılır.
Müqavilə qeydiyyata alındığı halda, qeydiyyat tarixindən beş iş günü ərzində bu barədə
məlumat Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir və ərizəni verən fiziki və ya
hüquqi şəxsə göndərilir.
Girov müqaviləsinə dair sənədlər qaytanlanır və müqavilənin son vərəqinin arxasında
müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsi və ya ona edilən düzəliş və ya
əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Komitədə saxlanılır.
Qeydiyyatın aparılması barədə məlumat Komitənin rəsmi bülletenində dərc olunur.
3.3. Komitəyə təqdim edilən sənədlər üzrə iradlar olduğu halda, bu barədə ərizə verən
şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay
müddətində ərizəni verən şəxs tərəfindən təqdim olunmalıdır. Sorğuya cavab müəyyən
olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir.
Bu zaman verilmiş rüsum geri qaytarılmır.
3.4. Müqavilədə edilən dəyişikliklər və əlavələr barədə məlumatlar Komitənin rəsmi
bülletenində dərc olunur.
3.5. Girov müqaviləsinə Mülki Məcəllədə nəzərdə tutulan hallarda xitam verilir.
Document Outline - Girov müqaviləsinin qeydiyyatı Qaydaları
- 1. Ümumi müddəalar
- 2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası
- 3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası
Dostları ilə paylaş: |