MÖVZU 2.
PSİXOANALİZDƏ CİNSİN PROBLEMATİZASİYASI
Məşğələnin planı
1. Psixoanalizdə şəxsiyyətin strukturu
2. Edip mərhələsi. Elektra kompleksi
3. Psixoanaliz fransızca. Jan Lakan və onun ardıcılları
4. Lüsi İriqarenin psixoanalizdə qender istiqamətinin inkişafındakı xidməti
Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma
Vena həkimi Ziqmund Freyd (1856-1939) tərəfindən işlənmişdir. «Psixodinamik»
terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında
arasıkəsilməyən mübarizəni nəzərdə tutur. Psixoanalitik müəlliflər kişi və qadın
arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın qender rollarının inkişafı barədə
çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa
cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir
və qadın kiçilmiş kişi olaraq qəbul edilir.
Lakin psixoanalizdə qadın haqqında təsəvvürü araşdırmaqdan əvvəl şəxsiyyətin
psixoanalitik nəzəriyyədə irəli sürülən əsas konsepsiya və strukturunu nəzərdən
keçirmək lazımdır.
XX-ci əsrin 20-ci illərinin əvvəlində Z.Freyd özünün hazırlamış olduğu psixi həyatın
konseptual modelini irəli sürür və şəxsiyyətin anatomiyasına üç əsas struktur daxil edir:
İd, Eqo və Supereqo. Bu üçhissəli şəxsiyyət bölümü psixi həyatın struktur modeli kimi
məlumdur, amma Freyd hesab edirdi ki, həmin tərkib hissələri şəxsiyyətin xüsusi
«strukturları» kimi deyil, müəyyən proses kimi nəzərdən keçirilməlidir. Freydin
psixoseksual inkişaf nəzəriyyəsində cinsi eynilik konsepsiyası deyilən bir şey yoxdur.
Düzdür, onun bütün əsərlərində kişilik və qadınlıq xatırlanır. Ancaq onun bu
konsepsiyaları müəyyənləşdirməsi infantil seksuallığa əsaslanır və ayrı-ayrı obyekt
münasibətlərinin inikşafını, o cümlədən Supereqo və Eqonun inkişaf təsirini nəzərə
almır.
Freydin modelində birinci və ən aşağı struktur İddir. «İd» sözü mənşəyini latınca
«ono» sözündən alır və Freydə görə şəxsiyyətin istisna dərəcədə primitiv, instinktiv və
anadangəlmə aspektlərini bildirir. İd tamamilə qeyri-şüuri mövcud olaraq davranışımızı
enerji ilə dolduran instinktiv bioloji niyyətlərlə əlaqəlidir. Freydə görə id – nə isə qaranlıq,
bioloji, xaotik, zahiri qanunları bilməyən və anlamayan bir şeydir. Freyd və onun
ardıcılları hesab edirdi ki, İd insanın bütün həyatı boyu özünün mərkəzdəki yerini
saxlayır. Psixikanın ən köhnə strukturu olaraq İd insan həyatının ilkin prinsipini – həzz
prinsipini ifadə edir. Çıxış yolu tapmayan niyyətlər (seksual və mühafizəkar) şəxsiyyətin
psixikasında gərginlik yaradır. İdə qorxu və təşviş yaddır, o ehtiyatlılıqdan uzaqdır. İd
bütün primitiv instinktiv niyyətlər üçün rezervuar rolunu oynayır və öz enerjisini
bədəndəki proseslərdən alır.
Freydin modelindəki psixi aparatın növbəti komponenti Eqodur. Eqo öz strukturu
və funksiyasını İddən alır, ondan təkamül edir və id enerjisinin bir hissəsini özünə
götürür ki, sosial reallığın tələblərinə cavab verə bilsin. Eqo İdin istək və ehtiyaclarını
ödəmək üçün koqnitiv və perseptiv strategiyalardan istifadə edir. İddən fərqli olaraq Eqo
– məqsədi xarici mühitdə instinktləri ödəmək üçün imkan tapılana kimi onların müddətini
uzatmaqdan ötrü orqanizmin bütövlüyünü saxlamaq olan reallıq prinsipi üzrə hərəkət
edir. Reallıq prinsipi fərdə kobud id enerjisini sosial məhdudluq və fərdin vijdanı
çərçivəsində ləngitmək, başqa ünvana göndərmək yaxud da tədricən çıxmaq imkanı
verir.
Amma insanın cəmiyyətdə səmərəli fəaliyyət göstərməsi üçün o, dəyərlərə, norma
və etika sisteminə malik olmalıdır. Bütün bunlara Supereqonun sosiallaşma və
formalaşma prosesində nail olunur. Supereqo inkişaf edən şəxsiyyətin son
komponentidir. Freydin fikrinə görə, insan supereqo ilə doğulmur. Uşaqlar onu
valideynləri ilə qarşılıqlı təsir zamanı mənimsəyir. Formal olaraq o, uşağın «düzgündür»
– «düzgün deyil», «pisdir» – «yaxşıdır», «layiqlidir» – «layiqli deyil»i seçməyə başladığı
vaxtdan aşkar edilir. Freyd supereqonu iki sistemə bölürdü: vicdan və eqo-ideal. Freyd
həm də iki əsas instinkt – həyat və ölüm instinktləri qruplarının mövcudluğunu qeyd
edirdi. O, bütün həyat instinktlərini Eros kimi bir ad altında birləşdirir; həyat instinktləri
arasında ən vacibi olaraq libido, yaxud libido enerjisi adını almış seksual instinkti qeyd
edirdi. Freyd hesab edirdi ki, bir yox, bir neçə seksual instinkt mövcuddur və onların hər
biri eroqen zona adlanan bədənin müəyyən sahələri ilə bağlıdır. İnstinktlərin ikinci qrupu
Tanatos ölüm instinktidir ki, o qəddarlığın, mühafizəkarlığın, özünəqəsdin və
qətləyetirmənin əsasında durur.
Yuxarıda adları çəkilən bütün şəxsiyyət komponentlərini nəzərə alaraq Freyd
özünün psixodinamik nəzəriyyəsində şəxsiyyətin psixoseksual inkişaf mərhələlərini
qeydə alır. Hər bir mərhələ libidonun hansısa bir erogen zonada cəmlənməsi ilə
xarakterizə olunur ki, buna müvafiq olaraq Freyd bu yaxud digər inkişaf mərhələsinə
adlar verir. Qender aspekti nöqteyi-nəzərindən şəxsiyyətin Edip inkişaf mərhələsinə ilə
bağlı, o cümlədən «balaca qız/böyük qız/qadın»ın inkişafı haqda Freydin təsəvvürlərini
nəzərdən keçirmək maraqlı olardı.
Göstərilən inkişaf mərhələsindəki üstün münaqişə qızlarda Elektra kompleksinin,
oğlanlarda isə Edip kompleksinin olmasıdır. Adlar yunan mifologiyasından
götürülmüşdür. Freyd iddia edirdi ki, hər bir balaca qız qardaşı Oresti anaları və onun
aşnasını öldürməyə sövq edərək atasının qisasını almağa çalışan yunan ilahəsi
Elektranın keçirdiyi hissləri keçirir.
Psixoanaliz nöqteyi-nəzərindən anasını məhv etmək istəyi qızda özündə kişi
orqanlarının olmamasını kəşf etdikdən və anasının onu hansısa bir qəbahət üstündə
axtaladığı fikrinə gəldikdən sonra yaranır. Bunun nəticəsində qız anasına qarşı açıq-
aşkar düşmənçilik mövqeyi tutur və özünün fiziki «çatışmazlığında» ananı günahkar
görür. Fantaziyalarında anasını sıxışdırıb çıxarsa da qız ideallaşdırılmış gözəl ana
obrazının dəstəyinə ümid etməkdə davam edir. Əslində onun fantaziyaları məhz bu
obrazla əlaqədar inkişaf edir və əgər onun libid istəkləri anası ilə əlaqəni təhlükə altına
alırsa, qızcığaz bundan bir narahatlıq duyur.
Elektra kompleksi ana ilə eyniləşmə yolu ilə həll edilir. Bu inkişaf mərhələsində
Edip istəyi əlaməti olaraq çox zaman toy barəsində fantaziyalar yaranır; həmin
fantaziyalar ilk dəfə yarananda bu, ideallaşdırılmış ana fiquru ilə birlikdə qadın işlərində
iştiraka və qadın cinsi rolunun işlənməsinə dəlalət edir. Sevginin yeganə obyekti olmaq
arzusu bu fantaziyalardan doğur; o, ana ilə eyniliyi genişləndirərək və dərinləşdirərək,
daha yetkin qadın dərəcəsində atası ilə birgə olmaq hüququ uğrunda mübarizə edir.
Lakin qızların Edip inikşafı həmişə hamar olmur. Bəzən anaya qibtə, yaxud Edip istəyi
ilə bağlı günah hissi uşağa ana sevgisini itirmək qorxusu gətirir. Üstəlik də Supereqonun
tez formalaşmağa başlaması ilə əlaqədar ananın ideallaşdırılması və özünütənqid qızın
qadın roluna inamını poza bilər. Bu amillərin bir-birinə qarışması qızı Edip yarışından
imtina etməyə və uşaq asılılığı vəziyyətində donub qalaraq kiçiklikdən anaya bağlılığa
məcbur edə bilər. Belə halda onun xarakterində itaət, güzəşt və mazoxistlik kimi
xüsusiyyətlər üstünlük təşkil etməyə başlayır. Anasına daha çox oxşamağa başlayan
qız ataya rəmzi yaxınlıq əldə edir və beləliklə, onun nə vaxtsa atasına oxşayan kişiyə
ərə getmək şansını artırır.
1920-ci ildə özünün «Seksuallıq nəzəriyyəsi üzrə üç mühazirə»sinə qeyddə Freyd
kateqorik şəkildə elan edirdi: « bizim həmçinin qadınlarda axtalıq kompleksi haqda
danışmağa əsasımız var. Həm oğlanlar, həm də qızlar qadınların ... bunu axtalamaq
yolu ilə itirdiyi barədə nəzəriyyəni formalaşdırır» (Freud, S. Three Essays on the Theory
of Sexuality, 1905, c.195). Psixoanalitiklər qeyd edir ki, ilkin genitali dövründə hər tərəfi
kişilərə paxıllıq hissi bürüyür, lakin o daha tez də başlaya bilər. Bu mərhələdə oğlanlarla
spesifik faza rəqabətində ifadə oluna bilmək meyli var və özünəvurulma kimi
qiymətləndirilən qadın bədəni obrazının davam edən formalaşma prosesinin bir
hissəsidir. Böyüyəndə və özünəhörmət hissi azalanda və o, qeyri-mükəmməllik hissi ilə
müşaiyət olunanda həmin paxıllıq obyektiv münasibətlərdə ilkin yaranan problemlərə
səbəb olur.
Şəxsiyyətin inkişafında valideyinlərin rolu və uşaqlıq amili psixoanalizdə üstünlük
təşkil edən leytmotiv olaraq qalır: doğulan zaman bioloji cinsin müəyyən olunması
valideynləri balaca ilə müəyyən davranış tərzinə sövq edir. Onlar uşağa bu ailədə
kişiliyin və qadınlığın nə olduğu və nədə ifadə olunduğu barədə çox sayda verbal və
qeyri-verbal xəbərlər göndərir; burada həmin cinsə aid olan balacaya münasibətdə
valideyinlərin, bacı və qardaşın mövqeyi, həmçinin müxtəlif şüurlu və qeyri-şüurlu
fantaziyalar əksini tapır. Psixoanaliz nöqteyi-nəzərindən ana və qızın qarşılıqlı
münasibəti onların hər ikisinin inkişafına böyük təsir göstərir. Qadının ilkin münaqişələri
nə dərəcədə həll edə bilməsi və ilkin istək və fantaziyaları cəmləyə bilməsi onun uşağa
münasibətinə və onunla davranışına dərin təsir edir. Məsələn, əgər balaca qızdırsa,
qadın öz anası ilə olan münaqişələrəin təkrar olunacağından qorxmağa başlayır. Ən pis
halda ana qızını öz obrazının növbəti hissəsi ilə eyniləşdirə bilər. Əksetmə mexanizmləri
sonradan balacanın davranışında müvafiq şərhlərə səbəb olur. Belə ki, Stilin
əsərlərində, məsələn, «analardan biri danışırdı: «Mən ilk dəfə onu əlimə alanda o mənə
soyuq, buz kimi nəzərlə baxdı və üzünü çevirdi» (Steel, B.F. Parental abuse of infants
and small children. 1970. N-Y: Little, Brown, c.449). Bunun ardınca biganəlik və ya
xoşagəlməz davranış yarana bilər. Digər tərəfdən, qadın qızının doğulmasını ana-qız
münaqişələrini yenidən yaşamaq və fantaziyalarında mövcud olan ilkin uşaqlığın
ideallaşdırılmış, itirilən simbiotik münasibətlərini bərpa etmək şansı kimi qəbul edə bilər;
daha uğursuz variantda o, uşağı tamamilə «udmağa» cəhd göstərə, onun müstəqilliyinə
və azadlığına mane ola bilər və onda balaca qıza onun qoynundan qurtulmaq çox çətin
olar.
Psixoanalitiklər qeyd edir ki, bir çox həllini tapmayan münaqişə və patoloji
fantaziyalar üzündən qadın üçün analıq və mazoxizm uşağın cinsindən asılı olmayaraq
təxminən eyni şeydir. Belə hallarda uşağın dünyaya gəlməsi qadın üçün azadlığın və
müstəqilliyin itirilməsi demək olur ki, bu da müxtəlif sadomazoxist hərəkətlər üçün zəmin
yaradır. Lakin kişinin dominantlığında diqqəti cəmləşdirən psixoanaliz hesab edir ki,
anadan fərqli olaraq ata uşağın həyatdakı ilk anından başlayaraq onunla bir başqa
əlaqədə olur. Həm oğlu, həm də qızı ilə ata daha fəal olur və daha çox stimul və həvəs
oyadır. Daha «dolu» obyekt olaraq ata münaqişənin tamamilə həll olunmasına yardımçı
ola, birliyə kömək edə və ana ilə həddindən artıq güclü əlaqəni zəiflədə bilər. Ata oğluna
özünün kişilik və qender rolları haqqındakı təsəvvürünü ötürür ki, onlar adətən ideal kimi
qəbul olunur. Eyni zamanda ana qızının getdikcə qadınlaşmasına ambivalent yanaşırsa,
ata qızının ana ilə eyniləşməsindən qürur duyur və buna rəğbətlə yanaşır.
Fast ən ilkin həyat mərhələsində ayrılmamış cinsi matrisanın mövcudluğu haqda
təsəvvür irəli sürür, lakin müəlliflərin əksəriyyəti bununla razılaşır ki, 15-ci-18-ci ayda,
formalaşmaqda olan «mən» duyğusunun əlamətləri aşkar olunarkən uşaqda özünü kişi
yaxud qadın cinsinə mənsub məxluq olaraq hiss etməyə başlamasını göstərən cəhətlər
də biruzə verir. İki-üç yaş arasında artıq cinsi dərketmə daha dəqiq əlamətlərlə aşkar
olunur, çünki bu yaşda oğlanlar özünü kişilik xasiyyətnaməsinə uyğun, qızlar isə
qadınlıq xasiyyətnaməsinə müvafiq aparmağa başlayır. Bu dövrdə artıq cinsi eyniliyin
mahiyyəti elə dəqiq müəyyənləşir ki, əksər müəlliflər tərəfindən dəyişməz sayılır.
Cinsi-rol eyniliyi cinsi eynilik əsasında yaranır, amma onunla üst-üstə düşmür: bu –
cinslə müəyyənləşdirilən digər insanlarla şüurlu və qeyri-şüurlu qarşılıqlı təsirin
patternalarıdır. Öz obrazının bu aspekti valideyin və uşaq arasında o yeni doğulan
zamandan başlayan incə əlaqə əsasında formalaşır və bu, valideyinlərin uşağın bioloji
cinsinə münasibətdə mövqeyindən və onların başqaları ilə qarşılıqlı təsir üslubundan,
onların özünü nə tərzdə kişi yaxud qadın hiss etməyindən asılı olur. Uşaqlarda
başqaları ilə ən ilkin qarşılıqlı təsir, münasibət və dialoq təsəvvürləri ilə birlikdə «rol
münasibəti» haqqındakı təsəvvür cinsi şüurun digər aspektləri ilə birləşir və nəticədə
balacanın öz obrazı rolla və özünün kişiliyi yaxud qadınlığı ilə əlaqədə başqa insanlarla
münasibət üçün qəbul edilən qarşılıqlı təsir üsulu ilə birlikdə cinsi eynilik
elementlərindən ibarət olur. Cinsi-rol eyniliyi başqa insanlarla qarşılıqlı təsirin şüurlu və
xüsusən qeyri-şüurlu üsullarına adiddir ki, onlar insanın cinsi eyniliyini əks etdirir. Qadın
rol eyniliyi kimi təsnif edilənlər çox kiçik yaşdan başlayır. Stoller müşahidə etmişdi ki,
şəksiz qadın maneraları, hərəkətləri və təsir üsulları balaca qızda hələ o gəzməyə
başlamamışdan yaranır. Bu - nəinki ilkin qadınlıq hissiyyatının tez formalaşmasına
sübutdur, eyni zamanda qadın cins-rol eyniliyinin ilkin başlanğıcıdır.
Psixoanalizdə qeyd edilən cins-rol eyniliyinin daha bir mühüm aşkarlığı – uşaqların
qayğısına qalmaq meylidir. Balaca qızın 12-18-ci aylardan başlayaraq kukla ilə
oynaması buna misaldır. Freyd qızın uşağı olmaq meylinə onun özünün oğlan olmaq
istəyinin əvəzi, qadınınsa ilk övladının oğlan olmaq arzusuna onun kişi cinsinə etdiyi
paxıllığın ifadəsi kimi yanaşırdı. Lakin müasir psixoanalitik fikir qızın bu arzusunu
qadınlığın baza ifadəsi sayır. Məsələn, Kestenberq ana «instinkti»nin mövcudluğunu
ehtimal edir. Perens və onun həmkarları qızın uşağı olmaq meylini anadangəlmə cinsi
xasiyyətnami hesab edir. Neyfredistlər isbat etməyə çalışır ki, uşağı olmaq arzusu cinsi-
rol eyniliyinə dəlalət edir. İlkin qadınlıq hissiyyatı aşkar olunduqca və balaca bir qız
özünün qadın cinsinə mənsubluğunu dərk etdikcə o çox vaxt ətrafdakılarla anası kimi
münasibətdə olmaq və özünə qarşı da ana qayğısı ilə yanaşmaqla özünü eyniləşdirir
(əksərən qeyri-şüuri). Ana olmaq həvəsiylə dolu fantaziyaları sonradan onun qadın cinsi
rolunun əsasını və onun Eqo-idealını formalaşdırır.
Sonrakı latent dövrdə qızlar daha ilkin münaqişələr yaşayır, özünün cinsi-rol
inkişafının bütün aspektlərini duyur və cəmləyir. Latent dəyişikliklərin vasitəsi ilə cinsi-rol
eyniliyi genişlənir və möhkəmlənir. Sosial münasibətlərin inkişafı ilə qızcığaz daha çox
sayda həmyaşıdı ilə əlaqəyə girir; ideallaşdırma və eyniləşdirmə məqsədi ilə yeni
obyektlər axtarmaq imkanı əldə edir. Yaşıdları ilə ünsiyyətin rəqabətli ola biləcəyi və
əvvəllər duyduğu özünəinamsızlığı yenidən oyada biləcəyi üçün qızlar stereotip və bir
qədər səthi qadınlıq aspektlərindən istifadə edə və onu şişirdə bilər ki, özünün qadınlıq
hissiyatındakı inamsızlığı saxlaya bilsin. Və əksinə, latent dövründə bəzi qızlarda
müşahidə olunan oğlana xas davranış onlarda kişi əlamətlərinin yarandığına dəlalət edə
bilər. Bu həmçinin hansısa bir səbəbdən zəif və dəyərləndirilməmiş qadınlıq hissinə
malik olan qızlar üçün kompensasiya rolunu oynaya bilər. Cinsi-rol eyniliyi getdikcə
daha çox işlənir. «Bu illər ərzində qızcığız onun cinsi-rol eyniliyinin sosial qəbul olunmuş
davranış asrektlərini nəzərə aldıqca müxtəlif dərketmə səviyyələrində ana, dayə, ev
qadını, müəllim və sairə iddiasında olur və anasından fərqlənən qadınlarla eyniləşdirilir»
(Abelin,1971, c.57). Cinsi-rol eyniliyi yeniyetmə dövründə tamamilə formalaşmış olur.
«O, ehtiyatlı və utancaq qızcığazdan təkəbbürlü və nazlı, bəzən də əks cinslə
münasibətində – nəinki öz həmyaşıdları ilə, eləcə də öz atası ilə – axtalayıcı və
sadizmlə hüdudlaşan şəxsə çevrilə bilər» (Abelin,1971, c.57).
Beləliklə, Z.Freydin və ortodoksal psixoanalitiklərin nəzər nöqtələrini araşdırdıqdan
sonra belə nəticəyə gəlmək mümkündür ki, onların bir çoxu qadını kişidənyaranma
olaraq, lakin çoxlu çatışmamazlıqları olan, kişi anatomiyasına hədsiz paxıllıq duyan və
qeyri-mükəmməllik kompleksindən əziyyət çəkən məxluq kimi nəzərdən keçirir. Klassik
psixoanalizin fikrincə, «anatomiya – taledir», yəni insanın cinsi onun həyat
funksiyalarını, qender rolunu müəyyən edir və bununla da qender stereotiplərinin
dəyişməz olduğunu nəzərə çarpdırır. Alimlərin çoxu Freydin qadına aşağı səviyyəli
məxluq kimi patriarxal yanaşmasını dəstəkləyir. 1931-ci ildə Freydin oxuduğu qadınlıq
haqqında mühazirə heç də onun xeyrinə söz demir. Mühazirənin mənası bundan ibarət
idi ki, qadın təbiətinə görə passivdir, mazoxizmə meyillidir, kişilərə paxıllıq edir,
azsəmərəlidir və onun Supereqosu daha zəifdir. Əgər nəzərə alsaq ki, psixoanaliz –
insan varlığını dərk etmək üçün bir vasitədir, nə üçün qadınların Freyd üçün sirr olması
özü elə sirrə çevrilir. Oçerklərinin birində o özü də deyirdi ki, onun deyə biləcəyi yeganə
şey «əlbəttə ki, bitməmişdir, fraqmentardır və heç də həmişə xeyirxah səslənmir».
Freydin nə qədər çox şey yazmış olduğunu yada salsaq, qadın haqqında nə qədər az
yazması onun qadınlara qarşı münasibətini aşkar mənalandırır.
Lakin unutmaq olmaz ki, Freyd kişi və qadın haqqındakı təsəvvürləri XIX-cu əsrin
burjuaziya cəmiyyətində olduğu kimi təsvir edirdi. Freydin əsas «kişi=aktiv» və «qadın=
passiv» tənliyi kompleksdən başqa bir şey deyildir ki, qender fərqləri barədə ciddi
danışıq aparmazdan əvvəl ondan yaxa qurtarmaq gərəkdir. Lap əvvəldən psixoanalizdə
qadınlıq və kişiliklə bağlı fikir müxtəlifliyi mövcud idi və narazılıq bildirənlər əsasən qadın
analitiklər idi. Eyni zamanda Anna Freyd, məsələn, ortodoksal ənənələrə sadiq
qalmışdı. ABŞ-da psixoanaliz başlıca olaraq ortodoksal idi və «anatomiya – taledir»
meylinin qəbulunda hətta mühafizəkar mövqedə idi, buna görə də feministlərin müasir
nəsli təbii olaraq Freydə qarşı çıxdı. İkinci dünya müharibəsindən sonra amerikan
cəmiyyəti təbii analıq və analıq duyğusu ideyaları ilə gəzirdi. Freydin qadın passivliyi və
mazoxizmi haqqında, qadında ədalət hissinin zəifləmiş olması barədə fikirlərindən
ailənin qoynuna qayıdışa bəraət üçün istifadə edirdilər. Hər halda bir çox alimlər bioloji
determinizm və qadın passivliyini kişi hökmranlığına bəraətdən başqa bir şey hesab
etməyərək onları qəbul etmədi.
Tanınmış fransız psixoanalitiki J. Lakan (1901-1981) qender nəzəriyyəsinin müasir
konsepsiyalarının inkişafında böyük rol oynadı. Lakanın qadın subyektivliyi və
seksuallığı problemlərinə həsr olunmuş yazıları onun məşhur «Əsərlər»i (1966) və
«Seminarlar»ıdır (1973-1981). 1975-ci ildə onun qadın subyektivliyinə həsr olunan
mətnləri «Qadın seksuallığı» adı ilə toplanaraq ingilis dilinə tərcümə olundu; Jan Lakan
və Ecole Freudienne» Lakan feminist psixoanalizi üçün əsas mənbə rolunu oynayır.
Lakanın qender nəzəriyyəsi anlamı iki böyük düşərgəyə bölünür: Lakanın nəzəri
aparatından patriarxat hakimiyyət mexanizmlərini təsvir və izah etmək üçün istifadə
edənlər (Culiet Mitçell, Yuliya Kristeva, Katrin Kleman); və feminist tənqid nöqteyi-
nəzərindən Lakanın qadınlıq konsepsiyasını inkar edənlər (Cermen Qrir, Sulamif
Fayerstoun, Betti Fridan, Keyt Millett). Eyni zamanda bir çox feminist müəlliflər Lakanın
psixoanalitik aparatından özlərinin nəzəri konsepsiyasının qurmaq üçün istifadə
etmişdir. Lakan iddia edir ki, şəxsiyyətin strukturundakı femin və maskulin parametrlər
çevrilə, yerini dəyişə yaxud anatomik xasiyyətnamələrdən asılı olmayaraq şəklini dəyişə
bilər. Başqa sözlə desək, Lakana görə, maskulinlik və feminlik – subyektivliyin rəmzi
eyniliyi mərhələsində yaranan rəmzilik parametrlərindən başqa bir şey deyildir.
Lakanın uşağın inkişafında «güzgü mərhələsi»ni aşkar etməsi ona subyektin ikili
strukturu («mən» və «qeyri-mən», kişilik və qadınlıq eyni bir vaxtda) barədə nəticə
çıxarmağa əsas verir; Lakan hesab edir ki, bu zaman uşağın güzgülü obrazı həmişə
fantaziyanın rəmzi konstruksiyasıdır, çünki əslində onun klassik dərketmə strukturuna
heç bir aidiyyəti yoxdur. Subyektivlik strukturundakı bu ilkin totallığa Lakan «mən» adı
verirsə, «mən»in mənası tələffüz anındakı funksiya olaraq təyin edilir. Sonrakı anda bu
funksiya radikal şəkildə dəyişə bilər. Başqa cür desək, subyektin eyniliyi və bütövlüyü
özünə yalnız fantaziya səviyyəsində yer alır. Lakan «təsəvvür olunan» terminindən
subyektivliyin Edipdənqabaqkı inkişaf dövrünü təsvir etmək üçün istifadə edir ki, bu
mərhələdə ayrıca «mən» hələ yoxdur, çünki uşaq ana ilə simbiotik əlaqədədir. Nəticədə
Edipdənqabaqkı mərhələdə uşaq nə femin, nə də maskulin deyildir. Yalnız sonrakı
simvolik «güzgü dövrü»ndə balaca insan öz şəxsiyyətinin qender fərqini anlamağa, və
deməli rəmzi mədəniyyət düzümündə öz yerini müəyyən etməyə qabildir.
Ənənəvi psixoanalizdə qadın – özlazımlılığın rəmzi atributu olan kişi cinsiyyət
orqanlarından məhrum, kişi isə elə özü olaraq lazımlı insan kimi şərh olunur. Ancaq
Lakan hesab edir ki, subyektin cinsi heç bir vaxt sadəcə bioloji cinslə müəyyənləşdirilmir
və cinsin hüdudsuz rəmzi işarələnmə zəncirində tutduğu yerlə təyin olunan qender
rəmzi fərqlər zənciri kimi nəzərdən keçirilir. Eyni zamanda Lakan psixoanalizə sadiq
qalır - onun fikrincə, «qadınlıq fenomeninin spesifikliyi o faktdadır ki, qadın özünün nə
demək olduğunu Başqasında tapa bilir: onun adı həmişə onun Rəmzi atasının adıdır»
ki, «bu adsız o adlanmamış, yersiz, öz eyniliyini tapmamış qalır». Buradan da Lakanın
məşhur «qadın yoxdur» təbiri yaranmışdır (Lakan J. The Ethics of Psychoanalysis. The
Seminar of Jacques Lacan, Book VII, c.73). Lakanın sözlərinə görə, fantazmatik yer
vasitəsi ilə müəyyən olunan qadın mövcud deyil. Qadın Başqa kimi, misterial obyekt
olaraq Allahın da mövcud olmadığı dərəcədə mövcud deyil; eyni zamanda qadının
absolyut «dostluluğu» - Allahın «dostluluğu» kimi – kişi özünüdərkinin təminatıdır. Lakan
«maskarad» anlayışından istifadə edir. Maskarad əməliyyatı qadın tərəfindən kişi
işarəsinə münasibətdə eyniləşmiş mövqeləri müntəzəm olaraq dəyişdirmək üçün həyata
keçirilir. Bununla bağlı olaraq Lakan Freydin məşhur «anatomiya – taledir» ifadəsini bir
qədər başqalaşdırır: «anatomiya – tale yox, rəmzi eyniləşmə maskaradının müxtəlif
fiqurlarıdır» (Lacan J/ The Ethics of Psychoanalysis. The Seminar of Jacques Lacan.
Book YII, c.74). Faktiki olaraq Lakan iddia edir ki, qadın həmişə kənardır, başqadır və o,
repressiv dil və nitq aləmində öz mövqeyinə nail ola bilməz. Lakanın ilk baxışda insana
radikallıq təsiri bağışlaması ilə onun qadına qarşı münasibətdə olduqca mürtəcə mövqe
tutması arasındakı ziddiyyətə baxmayaraq o böyük populyarlığa malik idi.
Jak Lakanın «sədaqətsiz» şagirdi olan fransız nəzəriyyəçisi və psixoanalitiki Lüsi
İriqarenin adı müasir qender nəzəriyyəsində ənənəvi olaraq Avropa feminist nəzəri
fikrinin yaradıcısı kimi səslənir. Lüsi İriqare müasir mədəniyyətdə «qadınlıq» anlayışının
özünün yalnız kişiliyə əks olan və istisna şəkildə ənənəvi kişiliyin köməyi ilə müəyyən
edilən maskulinlik modelləri hesabına təyin və mövcud olduğunu bildirir: məsələn, onun
güzgü refleksi kimi. O, həm də yada salır ki, klassik psixoanalizdə qadın subyektivliyi
təkcə subyekt inkişafının kişi modelləri ilə nisbətdə konseptuallaşır. Buna görə də Lüsi
İriqarenin xüsusi fəlsəfi proyekti klassik psixoanalizin qender dekonstruksiyasından
ibarətdir: mədəniyyətdə qadın avtonom subyektivliyinin inkişafı patriarxat mədəni
normaların hüdudlarına yerləşmir və onun çərçivəsini aşır. Qadını və mədəniyyətdə
qadınlığı başqa cür təsəvvür etmək lazımdır: qadının xüsusi və müstəqil
genealogiyasını yaratmaq gərəkdir. Onun fikrincə, bu zaman kişi mədəniyyətindən asılı
olmayan anlayışlarda qadınlığın və feminliyin yenidən nəzərdən keçirilməsi üçün
seksual, linqvistik və sosiorəmz sistemlərini həqiqətən yenidən təşkil etmək lazım
gələcəkdir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Лакан.Ж. Стадия зеркала и ее роль в формировании функции «я» // Инстанция
буквы. Судьба разума после Фрейда. М., Логос, 1997, с. 7-14
2. Лакан Ж. Ниспровержение субъекта и диалектика желания в бессознательном
у Фрейда// Инстанция буквы или Судьба разума после Фрейда. М., Логос, 1997,
с. 148-183
3. Тайсон Ф., Тайсон Р. Психоаналитические теории развития. Екатеринбург,
1998
4. Хьелл Л., Зиглер Д. Теории Личности. С-П., 1997
5. Осборн Р. Знакомтесь Фрейд. София, 1997
6. Abelin, E.L. 1971/ The role of the father in the separation-individualization Essays.
c.229-252
7. Freud, S. Three Essays on the Theory of Sexuality, 1905, c.195
8. Irigaray L. What Method Have You Adopted for This Research?// Irifaray L. This Sex
Which is Not One. Ithaca: Cornell University Press, 1985,c/ 150-152.
9. Kleeman, J.A. 1971/ Ehe establishment of core gender identity in normal girls
10. Lacan J. God and the Joissance of The Woman. A Love Letter// Feminine Sexuality.
C. 137-148
11. Lacan J. The Ethics of Psychoanalusis. The Seminar of Jasques Lacan. Book YII,
1959-1960. New York & London: W.W.Norton & Company, 1992, c. 73-74
12. Lacan J.The Phallic Phase and the Subjective Import of the Castration Complex//
Feminine Sexuality, c. 99-122
13. Kacan J., Granoff W. Fetishism and Therapy// Balint M. London: Tavistock, 1956, c.
265-276
14. Lacan J. The Meaning of the Phallus// Feminine Sexuality, c. 74-85
15. Steel, B.F. Parental abuse of infants and small children. 1970. N-Y: Little, Brown, c.
449
16. Mitchel U, Rose J. Feminine Sexuality: Jasques Lacan and the Ecole Freudienne/.
New York & London: Pantheon Books, 1982/
17. Tyson, P. 1982. A developmental Line of gender identity, gender role and choice of
love object
Document Outline
Dostları ilə paylaş: |