DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ
TEOKRATİYA VƏ LAİSİZM (SEKULYARİZM)
MÜƏLLİF: İstanbul Universitetinin İlahiyyat fakültəsinin İslam hüququ
kafedrasının müdiri, İlahiyyat elmləri üzrə Ph.D.,
Prof. ƏBDÜLƏZİZ BAYINDIR
ÖN SÖZ
Bu kitab mənim dövlət və şəriət haqqındakı 20 illik fikirlərimi böyük ölçüdə
dəyişdirdi. Bu dərdli fikrimi məndən alıb həqiqi hədəfə yönəldən Allaha sonsuz
şükürlər olsun! Buna vasitəçi olan kitabın müəllifi prof. Əbdüləziz Bayındır
müəllimə təşəkkür edirəm. Kitabın təsiri bizimlə hüdudlu qalmamış,
Türkiyədəki bir çox dövlət və din adamlarının, məmurlarının üzərində də böyük
müsbət təsiri olmuşdur. Bu kitabda qısa və yığcam cümlələrlə din-dövlət
münasibətlərinin əsas düsturları, prinsipləri vurğulanmışdır. Heç bir təsirin və
tərəfkeşliyin xəyalına düşmədən Quran və sünnədəki din-dövlət
münasibətlərinin əsas məğzi izah edilmiş və bir müsəlman olaraq tutmalı
olduğumuz yol və vəzifələrimiz haqqında məlumatlar verilmişdir. Bütün
müsəlmanların vəzifəsi yer üzündə Allahın görmək istədiyi ədaləti, yaxşılığı
əvvəl fərdi həyatlarında, sonra da digər insanlar üçün təmin və təbliğ etməkdən
ibarətdir. Düşüncə tərzinizdən asılı olmayaraq, yazılanları diqqətlə oxuyun,
sonra münasibət bildirin. Duyğularınıza qapılıb, mövzunu tam oxuyub dərk
etmədən hökm çıxarmayın. “Hökm Allahındır” şüarı ilə çıxış edənlərin çoxu,
əsasən, öz hökmləri (mühakimələri, rəyləri) əsasında qərar verənlərdir.
Müəllifin icazəsi ilə, paraqrafların bəzilərinə bir çox əlavələr etməyi uyğun
gördüm. Ulduz işarələri ilə başlayıb bitən cümlələr şəxsimə aiddir!
A. Mülayim.
GİRİŞ
Sahib olduğumuz hər şeyə görə Allaha borcluyuq, heç kim Onun verdiyindən
artığına sahib ola bilməz. “Göylərdə nə var, yerdə nə varsa hamısı Allahındır.”
(Bəqərə 2/255) Buna hər bir insan inanır və inandığını bu və ya digər şəkildə
ifadə edir.
Bütlərə sitayiş edənlər də buna inanır. Onlar bütlərini Allaha yaxın hesab
etdikləri bəzi ruhani varlıqların simvolu olaraq görür və onlara özlərini Allaha
daha çox yaxınlaşdırsınlar deyə sitayiş edirlər. Amma bu inanc ağla ziddir.
Xəyallara və əfsanələrə əsaslanır. Doğruluğunu sübut edəcək hər hansı məlumat
və mənbə mövcud deyil. Bu şirkdir.
Günümüzdə allahsız adlandırılan ateistlər də əslində Allaha inanırlar. Adına istər
Təbiət, istərsə Göy Tanrısı, nə deyilirsə deyilsin, bütün məxluqatı yaradan və
kainatın tək hakimi olan Allahı inkar etmək mümkün olmadığı üçün allahsız
atası xüsusunda özünü tanımazlığa vuran insana bənzəyir. O, çətin vaxtında necə
atasını axtarırsa, bu da dara düşən kimi Allaha sığınır. Əslində, belə insanlar
Allahın özlərinə hər şey bəxş etməsini, ancaq əmr verməməsini istəyirlər.
Bəziləri də Allahın əmr verməsini qəbul edirlər. Amma onları (Allahın əmrlərini
tərc.) siniflərə ayırır, bəzilərini münasib görür, bəzilərini isə münasib görmürlər.
Onların vəziyyəti eynilə Quranın bəyan etdiyi kimi şeytanın vəziyyətinə
bənzəyir. Şeytanın o vəziyyətə gəlməsi Allahın bircə əmrini münasib görməməsi
ilə başlamışdır. Halbuki, o da Allaha, axirət gününə və inanılması lazım olan bir
çox şeyə inanır.
İman, insanın bütün münasibətlərinə təsir edir. İstər fərdi, istər ictimai həyatda,
bir sözlə hər yerdə öz təsirini göstərir. Lakin insan eyni əqidədə qalmaya bilər.
Etiqadı dəyişdi deyə yaşadığı cəmiyyəti tərk edib başqa bir cəmiyyətə üz tuta
bilməz. Bu səbəblə hər bir cəmiyyət müxtəlif əqidə sahiblərini qəbul etməyi
bacarmalıdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi,
bir çox insanın doğulub boya-başa çatdığı cəmiyyətdən ayrılıb başqa yerlərə köç
etdiyi çağımızda bizimlə eyni inancı bölüşməyənlərə qarşı tolerantlıq
qaçılmazdır. Çünki kəndindən, şəhərindən, vətənindən ayrılıb başqa yerlərə
gedənlər əqidələrini də özləri ilə bərabər götürürlər.
Məntiqli düşünən hər bir insan heç kəsi onunla eyni etiqadı bölüşməyə məcbur
edə bilməyəcəyini başa düşür. Amma insanların çoxu məntiqli davranmır. Bu
səbəbdən də əqidə müxtəlifliyi yüzlərlə problemə yol açır.
Cəmiyyətlərə doğru görüşlərin hakim olması lazımdır. Doğru görüş insanların
inanclarına müvafiq həyat tərzi sürməsini təmin edəcəkdir. Təəssüf ki, nüfuzlu
və səlahiyyətli insanlar doğruların deyil, gücün hakim olmasını daha önəmli
hesab edirlər. Bu da nəticədə zülmə və haqsızlıqlara yol açır.
Doğruların yerinə gücün hakimiyyətini dəstəkləyənlər əslində insanların
özlərinə qul olmasını istəmiş olurlar. Onlardan bəziləri bu xüsusda maddi
imkanlarından, bəziləri dövlətin verdiyi səlahiyyətlərdən, bəziləri də dindən
istifadə edirlər. Bu səbəbdən hüquq və azadlıqlar mövzusu tarix boyunca
bəşəriyyətin ən mühüm müzakirə mövzusu olmuşdur. Azadlıq mübarizəsi adı
altında meydana atılan neçə-neçə insanların özləri nüfuz və səlahiyyət sahibi
olduqdan sonra başqalarının hüquq və azadlıqlarını tanımaması örnəyinə çox
rast gəlinən bir faktdır.
İlahi dinlər etiqad üzərində təzyiqi birmənalı olaraq qəbul etmir. Peyğəmbərlər
daima bu uğurda mübarizə aparmışlar. Onlar insanı insana qul olmaqdan
qurtarmağa və Allahdan başqasına qul olmamaları üçün gərəkli zəmini təmin
etməyə çalışmışlar. Bütün peyğəmbərlərin ortaq qayəsi insanların Allahdan
başqasına ibadət etməməsidir. “İbadət” sözünün lüğəvi mənası “qulluq”,
Dostları ilə paylaş: |