1
Nuralı Çələbiyev
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
Psixologiya üzrə fəlsəfə doktoru, dosent
“Qızıl qələm” mükafatı laureatı
M.F.Axundzadənin ədəbi irsində bədii tip və
xarakterlərin psixoloji səciyyəsi
Azərbaycan mədəniyyətinin, ictimai-fəlsəfi və ədəbi-tənqidi fikrinin
görkəmli nümayəndəsi M.F.Axundzadənin ədəbi -bədii irsi özündən sonrakı
maarifçi realist ədəbiyyatın inkişafında və ziyalılar nəslinin yetişməsində
müstəsna rol oynamışdır.
M.F.Axundzadə milli zülmün, istibdad və irticanın, despotizm və cəhalətin
hökm sürdüyü mürəkkəb bir şəraitdə dövrün aktual problemlərini tam kəskinliyi ilə
tənqid etmiş, azadlıq, demokratiya və maarifçilik uğrunda fəal mübarizə
aparmışdır. O, cəhalət yuxusunda mürgüləyən qoca Şərqin səmasında yeni parlaq
ulduz kimi görünərək bütün şüurlu həyatını müsəlman şərqini çoxəsirlik qəflət
yuxusundan oyatmaq, ictimai və milli intibah yoluna çıxarmaq uğrunda fəal
mübarizəyə həsr etmişdir. M.F.Axundzadənin xalq qarşısında tarixi xidmətlərini
yüksək qiymətləndirən tanınmış yazıçı Əbdürrəhim bəy Haqverdiyev yazmışdır:
“Xaç və medallarla bəzədilmiş paltarın altında od tutub alışmaqda olan bir ürək
döyünməkdə idi”.
M.F.Axundzadə görkəmli dramaturq, nasir və realist ədəbiyyatın qüdrətli
simalarından biri kimi Şərq xalqlarının milli intibahında, mədəni və mənəvi
tərəqqisində böyük səy göstərmiş, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs
qoymuşdur. Özünün komediyaları, povest və fəlsəfi traktatı ilə mükəmməl bir
sənət nümunəsi yaratmış görkəmli mütəfəkkirin yaradıcılıq nümunələri təbii
koloriti, sadə, incə dili və özünəməxsus üslubu ilə seçilir. Böyük sənətkarın
demokratik fikirləri, maarifçilik və tərəqqipərvərlik ideyalları bədii nəsr janrında
yeni vüsət, yeni məna dərinliyi, yeni qüdrət, yeni təsir gücü, yeni siyasi kəskinlik
kəsb etmişdir. (6,169) M.F.Axundzadənin ədəbi-bədii irsində müxtəlif insan
2
xarakterlərinin çoxcəhətli palitrası bitkinliyi ilə diqqəti xüsusi cəlb edir. O, yeni
realist satirik nəsrin əsasını qoymuş, Azərbaycan klassik bədii nəsrini yeni inkişaf
mərhələsinə qaldırmışdır. O, öz əsərlərində əsas və səciyyəvi məqamları ikinci
dərəcəli hadisələr kompleksindən seçib ayıraraq, tipik hadisələri öz tipikliyi ilə
canlandıraraq mükəmməl bədii tiplər və xarakter yaradıcılığında mahir bir
sənətkar kimi hərəkət etmişdir. Onun qəhrəmanlarının, bədii obraz və tiplərinin
dramatik xarakterləri standart psixoloji çərçivəyə sığmır. İnsan xarakterini yaxşı
bilən mütəfəkkirin bir çox qəhrəmanları tipoloji baxımdan təzadlı xarakter
əlamətlərinə malikdirlər. Dələduzun “düzgünlüyü”, oğrunun “qüruru”, qorxağın
“şücaəti”, xəsisin “işgüzarlığı” və “ciddiliyi” böyük mütəfəkkirin komedyalarında
özünün təbii -psixoloji çalarları ilə aydın seçilir. Xan, bəy, naçalnik kimi əsilzadə
və rütbə sahiblərini satirik atəşə tutan M.F.Axundzadə onların əsl simasını, daxili
aləminin psixoloji çalarlarını həssas müşahidəçi kimi açmağa, bədii dil ölçüləri ilə
canlandırmağa nail olmuşdur. Böyük mütəfəkkirin bütün komediyalarında bir –
birindən fərqlənən çoxsaylı insan tipləri və xarakterləri diqqəti cəlb edir.
M.F.Axundzadənin bədii tipləri sırasında kütbeyin hakimlər, tufeyli və müflis
bəylər, sələmçi tacirlər, fırıldaqçı və ziyankar mollalar, rüşvətxor çap məmurları,
var-dövlət hərisi olan haramzadə zərgərlər, saxtakar məhkəmə vəkilləri və s. əsas
yer tutur. “Səgüzəşti – mərdi xəsis” (“Hacı Qara”) adlanan komediyasında müəllif
Hacı Qaranı xəsis bir tip kimi səciyyələndirilmiş, onun bu xüsusiyyətlərini
aksentuativ səpkidə çox qabarıq əks etdirməyə nail olmuşdur. Biz Hacı Qara
obrazında qatı xəsisə məxsus olan tipoloji əlamətləri aydın görürük. Özünün fərdi
keyfiyyətlərinə görə Hacı Qara özündən əvvəlki xəsis sələflərini qabaqlayır.
Bununla belə, böyük dramaturq Hacı Qaranın xəsis obrazı daxilində idealdan
tamamilə uzaq, lakin cəmiyyət üçün bütövlükdə heç də tam yararsız olmayan bir
bədii tip yaratmağa nail olmuşdur.M.F.Axundzadənin Hacı Qarası xəsis, xırdaçı,
yalançı, hiyləgər, qorxaq olmaqla yanaşı, həm də çalışqan, ayıq və işgüzardır.
Böyük mütəfəkkirin bədii tiplərindən olan Heydər bəy ağalığının məhv olub
getməsi nəticəsində müflisləşərək yoxsul vəziyyətə düşməsi ilə barışa bilmir, öz
keçmişini ürək ağrısı ilə xatırlayır. Oğurluq, quldurluq etmək yolu ilə düşdüyü
3
vəziyyətdən çıxmağa, nişanlısı Sona xanımla ailə həyatı qurmaq üçün toy xərci
tədarük etməyə görə o, hər şeyə hazırdır. Heydər bəy qürurlu və mərddir,
yoldaşlıqda etibarlıdır, sevgisində sadiqdir. (1,52)
XIX əsrin sosial-iqtisadi, ictimai-siyasi, həyatından məlumdur ki, bu dövrdə
Azərbaycan bəyliyi iflas mərhələsini keçirir. Əsrin istismarçı zümrəsini təşkil edən
bəylər də öz məşğuliyyətlərini əsasən, oğruluq, quldurluq, eyş-işrət, it
boğuşdurmaq, xoruz döyüşdürmək kimi cəmiyyətə yabançı hərəkətlər üzərində
qururdular ki, məhz bütün bu xüsusiyyətlər də M.F.Axundzadənin
komediyalarında öz əksini tapmışdır.
“Hekayəti –Molla İbrahimxəlil kimyagər” komediyasında şair Hacı Nuru əql
sahibi olan bir ziyalı obrazı kimi təsvir olunmuşdur. Lakin zülmət, cəhalət və
nadanlıq mühitində ona yer yoxdur. Zərgər Hacı Kərim, tacir Məşədi Cabbar,
həkim Ağa Zaman, molla Salman, mülkədar Səfər bəy eyniləşmiş personajlardır,
hər biri günah sahibi və haramzadədir. Amma varlanmaq ehtirası, tamah onları
qula çevirir və onlar Mola İbrahimxəlil kimi hiyləgər, biəməl bir fırıldaqçının
qurbanına çevrilirlər. Tamahkarlıq hissi varlanmaq ehtirası ilə yaşayan və yuxarı
təbəqə nümayəndələri olan tacir, molla və zərgərlər, həmçinin xaraker cəhətdən
aciz, yazıq və sadəlövh insanlardır.
Böyük dramarturqun “Hekayəti –Müsyö Jordan həkimi –nəbatat və Dərviş
Məstəli şah caduküni-məşhur” komediyası da bədii tip və xarakerlərlə zəngindir.
Komediyada dramaturq Müsyö Jordanın simasında güclü bir obraz yaratmışdır.
Fransanın milli burjuaziyasının qabaqçıl nümayəndəsi olan təbabət alimi Müsyö
Jordan M.F.Axundovun güclü personajlarından biridir. Onun simasında dramaturq
Qərb dünyası adamına məxsus fərdi-psixoloji xüsusiyyətləri vermişdir. Müəllif
Müsyö Jordanın simasında Qərb kişi obrazını Şərq ədəbi aləminə gətirməklə öz
müsəlman oxucularını qərbin mədəniyyəti, adət-ənənələri ilə məlumatlandırmağa
çalışmış, həmçinin onun şəxsində özünün tibbi görüşlərini də əks etdirmişdir.
Müsyö Jordanın vətəni Fransada baş verən inqilabdan xəbər tutan kimi
sağollaşmadan tezliklə Parisə qayıtmaq cəhdi onu oxucu və tamaşaçıların gözündə
4
etibarsız və mədəniyyətsiz bir obraz kimi canlandırır. O, əsərdə boşboğaz, çərənçi
və lovğa bir obraz təsiri bağışlayır.
Sözü gedən komediyada füsünkar Qarabağda Təklə-Muğan obasının bəyi,
65 yaşlı Hətəmxan ağa güclü xarakter kimi təqdim olunmuşdur. Özünün dediyi
kimi, Qarabağdan başqa bir özgə yer görməyən Hətəmxan ağa məlumatlı,
düşüncəli, müdrik, səbrli və maarifsevər bir insandır. Şahbaz bəyin Parisə dil
öyrənmək və təhsil almağa getmək istəməsi xəbərini Hətəmxan ağa belə qarşılayır:
“Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil
artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə
əhlinin adət və xəvvasından müttəle olsun; öz işini yola aparsın”.
Qərb mədəniyyətinin bir çox adət və ənənələrini rişxəndlə qarşılayan
Hətəmxan ağa əslində öz xalqının adət -ənənələrindəki qüsurları da dilə gətirir;
Şərq –Qərb mədəniyyətinin bir çox cəhətlərini bəsit də olsa müqayisə edir: “...biz
əlimizə həna qoyarıq, firənglər qoymazlar, biz başımızı qırxarıq, onlar başlarına
tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik,
onlar çəkmə geyərlər; biz əlimizlə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz
aşkara peşkəş alarıq, onlar gizlin alarlar; biz hər zada inanırıq, onlar heç zada
inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas;
bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”(1,51).
Komediyadakı Şəhrəbanu, Şərəfnisə, Xanpəri kimi qadın obrazları
mövhumatçı, caduya inanan avam qadın surətləridir. Onlar əxlaqca mükəmməl
olsalar da, savadsızlıq ucbatından pis ehtiraslarla yaşayırlar, qısqancdırlar. Bu
qadın tiplərində ambivalent (qütbləşmiş) xarakter əlamətləri qabarıq təsvir
olunmuşdur. Onlar sərt, bədrəftar olmaqla yanaşı, həm də cazibəli, ürəyiyumşaq,
xoşagəlimli, kövrək və alicənab sifətlərə malikdirlər.
Yaşadığı gerçək həyatın hadisələri fonunda M.F.Axundzadə qələmə aldığı
“Aldanmış kəvakib” povestində vəzir Mirzə Möhsün, sərdar Zaman xan, mollabaşı
axund Səməd, münəccimbaşı Mirzə Sədrəddin müstövfi Mirzə Yəhya, mövlanə
Cəmaləddin və ən əsası Yusif Sərrac kimi bitkin xarakterlər, səciyyəvi və tipik
xüsusiyyətlərə malik canlı, real surətlər səpkisi yaratmışdır.
5
Yeniyetmə yaşlarında, 15 yaşda ikən İran taxt-tacına yetişən Şah Abbas İran
despotizminin tipik obrazıdır. Çox-çox erkən hakimiyyətə sahib olan Şah Abbas
özünü dünyada hər kəsdən uca, hər kəsdən qüvvətli və xoşbəxt hiss edir. Bütün
ölkə ona tabedir. Bütün saray adamları, yüksək mənsəb sahibləri, əyanlar və
məmurlar müntəzir olub onun əmrini gözləyirlər. Onun hökmü qəti, qərarı
dəyişməzdir. Xalqın çəkdiyi iztirab və işgəncələrə, nalə və göz yaşlarına ancaq
qəzəb və hökmlə cavab verən şah öz vəhşi əməllərindən vəcdə gələcək, bütün
günlərini eyşi-işrətdə, hərəmxanada, cariyələrlə keyfdə keçirməkdədir. (6, 175)
M.F.Axundzadə real həyatın və insan xarakterlərinin obyektiv təsvirini
verərək öz qəhrəmanlarını təbii və hərtərəfli, mükəmməl bədii tiplər kimi təqdim
etmişdir. Onun müxtəlif xarakterli bədii tip və obrazları XIX əsr gerçək
Azərbaycan cəmiyyətinin, ictimai həyatının bədii əksidir. Bu obrazların tipik
şəraitdə özünəməxsus fərdi xüsusiyyətləri qabarıq şəkildə üzə çıxır.
Axundzadənin mənfur bədii tip və xarakterləri rəzil və iyrənc əməllər
sahibidir, xalqın hesabına dəbdəbəli həyat quran bu yaltaqlar, acgöz və talançılar,
kütbeyin və tüfeyli saray əyanları və məmurların hamısı eyniləşmiş tiplərdir,
hamısı bir bezin qırağıdır.
Axundzadənin bədii tipləri xaraktercə tam və bitkindir, eyni zamanda
fəaldırlar. Böyük mütəfəkkir tipoloji baxımdan öz qəhrəmanlarını fərqli talelərlə
qarşılaşdırır, cərəyan edən hadisə və əhvalatları onların taleyi ilə məharətlə
əlaqələndirir. Onların hər birinin dözülməz faciəsi arxasında ictimai motivlər
durur: hüquqsuzluq, avamlıq və cahillik, cəhalət və savadsızlıq. İşıqlı ziyalı, böyük
maarifpərvər mütəfəkkir olan Mirzə Fətəli Axundzadə özündən sonra zəngin
ədəbi-bədii irs qoyub getmişdir ki, bu irs sonrakı nəsillərin təlimi və tərbiyəsi, yeni
ədəbi mühitin formalaşmasında və nəsillərin yetişməsində zəngin ədəbi mənbə
olmuş və bundan sonra da olacaqdır.
6
Ədəbiyyat:
1.
Axundov M.F. Seçilmiş əsərləri. Üç cilddə.I cild. Bakı, “Şərq-Qərb”, 2005.
2.
Axundov M.F. Əsərləri. Üş cilddə. II cild. Bakı, “Elm”, 1988.
3.
Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı, 1961.
4.
Cabbarzadə X. Bədii ədəbiyyatda obraz və obrazlılıq, Bakı, “Elm”, 1989.
5.
Əhmədov H. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. I hissə.Bakı,
ABU, 2001.
6.
Əfəndiyev Hidayət. Azərbaycan bədii nəsrinin tarixindən B.Azərnəşr, 1963,
səh.169
7.
Qasımzadə F.XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, “Maarif”,1974.
8.
Məmmədov Ş. Millətin məişətinə ətraflı bələd olan fitri istedad, yaradıcı
qüvvə sahibi. “Azərbaycan müəllimi”, 13 yanvar 2012-ci il.
9.
Murtuzayev S.M.F.Axundovun komediyalarının dil və üslub xüsusiyyətləri.
Bakı, 1970.
10.
Məmmədova T. Axundovun təzadlı qəhrəmanları. “Pedaqoji Universitetin
Xəbərləri”, B., ADPU, 2003, N4, səh. 196-199
Психологический характер образов и художствснны тип в литературиом
наследли М.Ф.Ахундзаде
Резюме
Статья посвящена анализу с психологической точки зрения (в
психологическом стим) различных худочестивенных тинов и персонатей в
комедиях и повестях – крупнейшего азербайджанского мыслителя, реалиста,
основоножника национальной драматургии и прозы Ахундзаде.
Автор прояви инищативу раскрыть психологические признаки (черты)
образов
в
контексте
психологического
анализа,
попытался
показать
противоречивые элементы 9черты) в их драматических характерах.
The fenture tupe and the psychological chrcterstinc temper in the
literary heritage of M.F.A.
Summare
The article was dedicated to the analysis of literary types and personages which
were given the comedies and the tales of great Azerbaijan thinker, the faunder of
realist prose and national drama- M.F.Axundzadeh, The author attempted to enlight
typological features of litrary characters on the psychological analyze context, he tried
to show their discrepant features in their dramatic characters as well.
Dostları ilə paylaş: |