Çağdaş Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizm
İlyas ƏFƏNDİYEV - 101
(“Sən həmişə mənimləsən” pyesi əsasında)
İ.Əfəndiyev sənəti və şəxsiyyəti haqqında tanınmış tənqidçi və ədəbiyyatşünas alimlər,
incəsənət xadimləri maraqlı fikirlər söyləmiş, sənətkarın yaradıcılığı haqqında elmi-nəzəri
məqalələr, monoqrafiyalar yazmışlar.
C.Cəfərov, M.Məmmədov, Y.Seyidov, K.Talıbzadə, X.Əlimirzəyev, S.Əsədullayev, B.Nəbiyev,
Y.Qarayev, Arif Səfiyev, Ə.Ələkbərli, Ə.Əfəndiyev, B.S.Musayeva, İ.Rəhimli, M.Əlizadə,
A.Dadaşov, A.Salahova, Y.İsmayılov və başqaları görkəmli sənətkarın bədii irsi ilə yaxından
tanış olmuş, ayrı-ayrı istiqamətlərdə yaradıcılığını işıqlandıran tədqiqat işi aparmış, məqalələr,
oçerklər, məruzələrlə çıxış etməklə ötən XX yüzil Azərbaycan ədəbiyyatı tarixində mərhələ
təşkil edən İlyas Əfəndiyev yaradıcılığının elmi-nəzəri-filoloji baxımından öyrənilməsinə
çalışmış, bütövlükdə onun ədəbi-tarixi portretinin yaradılmasına nail olmuşlar.
Sənətə, ədəbiyyata yeni yaradıcılıq xüsusiyyəti, üslubi keyfiyyəti ilə daxil olan «İlyas Əvəndiyev
romantik nəsr əsərləri ilə bərabər insan ruhunu oxşayan, onu təlatümə gətirən mürəkkəb taleli
obrazların, səhnə təcəssümünü verən pyeslər də yazmışdır.
Ancaq maraqlıdır ki, bü əsərlərin məna və məntiqini özündə ehtiva edən sənətkarın bir əsəri,
[31,səh.186-187] yəni «Sən həmişə mənimləsən» pyesi istər müəllifin dramaturji yaradıcılığında,
istərsə də müasir Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizmin nümunəsi kimi
maraq doğurur.
Akademik Kamal Talıbzadənin müşahidələrinə görə «lirik-romantik üslub İlyas Əfəndiyevin
artıq fərdi üslubu kimi formalaşmışdır. Bu yaradıcılıq üslubunun formalaşmasında ədibin
mövzuları, surətləri də əsas amillər kimi iştirak etmişdir…
Məhəbbət İ.Əfəndiyevin əsas mövzusu, gənclər isə qəhrəmanları, baş surətləridir.
Məhəbbət bir çox mühüm sosial problemlərin həlli üçün yol açır, gənc qəhrəmanların arzu və
diləkləri, onların xəyalları, ürək dünyası ilə bağlı olan əməlləri bədii problemin həllinə romantik
bir ruh aşılayır; qəhrəmanların emosional özünüifadəsi bədii təsvirin ümumi fonunda üstünlük
təşkil edir, onların lirik-romantik hisslərinə geniş meydan verilir» [30,səh.53].
Filologiya üzrə elmlər doktoru, professor Xalid Əlimirzəyev İ.Əfəndiyevin yaradıcılıq
özəlliklərindən danışarkən, «Sən həmişə mənimləsən» pyesinin yazıldığı və ya tamaşaya
qoyulduğu illərdə həmin əsərin həm ədəbi materialı, həm də səhnəyə qoyuluşu, tərtibatı
haqqında yazdığı resenziyasında göstərir:
«İ.Əfəndiyev oxucuların, xüsusilə gənclərimizin ən çox sevdiyi yazıçılardan biridir. Çünki
gənclərimiz onun əsərlərində öz həyatlarının, yüksək məqsəd və qayələrinin, ürək çırpıntılarının
ən yaxşı bədii ifadəsini görürlər.
«Sən həmişə mənimləsən» pyesi tam psixoloji planda yazılmış bir əsərdir. Burada aktyor
tamaşaçıya demək istədiyi fikri çox hallarda sözlə deyil, hərəkətlə, üzündə və gözlərində əks
olunan dərin, mənalı ifadələrlə çatdırmalıdır» [14,səh.175].
Seyfulla Əsədullayev «İstedad və sənətkarlıq» adlı məqaləsində də görkəmli sənətkarın bədii
yaradıcılıq xüsusiyyətlərini belə xarakterizə edir:
«İ.Əfəndiyev bir sənətkar kimi hadisəçiliyə…aludə olmur; onun diqqət mərkəzində duran insan
şəxsiyyəti, insan taleyi, xarakteri, adamların ictimai və psixoloji mahiyyətidir…
Lirizm, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir» [16,səh.102].
Yəhya Seyidov İ.Əfəndiyev haqqında yazdığı monoqrafiyasında qeyd edir ki, «psixologizm
İ.Əfəndiyev istedadının ayrılmaz keyfiyyətidir. «Sən həmişə mənimləsən»də isə bu, üslubun
keyfiyyət əlamətlərindən biri olmaqdan çıxıb aparıcı mahiyyət qazanmışdır» [28,səh.143].
Buna görə də «Sən həmişə mənimləsən» pyesi özündən sonra yaranmış digər bu səpkili
dramaturji
əsərlərin
ədəbi-bədii
və
mənəvi
himayəçisinə
çevrilir.
Ötən əsr elmi-nəzəri-filoloji fikrin araşdırmalarında, xüsusilə, Arif Səfiyevin tədqiqatında
qəhrəmanın mənəvi mövqeyinin və fəallığının ön plana çəkilməsi İlyas Əvəndiyevin
dramaturgiyasında diqqəti cəlb edən xüsusiyyət kimi [29,səh.13] dəyərləndirilir.
Alimin müşahidələrinə görə «bu cəhət müəllifin 60-cı illərin əvvəllərində yazdığı «Sən həmişə
mənimləsən» pyesindən başlayaraq bütün dramaturgiyamızda xüsusilə aydın hiss edilməkdədir
[29,səh.13].
Yaşar Qarayev İlyas Əfəndiyevin dram yaradıcılığında yeni perspektivli bir istiqamətin uğurlu
başlanğıcı olmaq mənasında «Sən həmişə mənimləsən» (1964) pyesinə [23,səh.29] önəm verərək
həmin əsəri yüksək qiymətləndirir.
Bu cəhətdən dramaturqun «Mənim günahım» (1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş
gündəliklər» (1969), Şıxəli Qurbanovun «Sənsiz» (1967), İmran Qasımovun «Nağıl başlananda»
(1972), B.Vahabzadənin «İkinci səs» (1969), «Yağışdan sonra» (1971), «Yollara iz düşür»
(1977), Nəbi Xəzrinin «Əks-səda» (1969), «Sən yanmasan» (1972), Anarın «Keçən ilin son
gecəsi» (1966-67), «Şəhərin yay günləri» (1977) və başqa pyeslərdə lirik-romantik qat, üslub
«Sən həmişə mənimləsən» pyesindən boy ataraq təkmilləşir, yeni məna və məzmun qazanır.
Bədii obrazda yaddaş psixologiyası və onun «mən»də ifadəsi, özünütəhlil xarakterdə psixoloji
aləmin təşəkkül üsulu kimi, bədii vəziyyət xarakterin psixoloji özünüifadə məkanı kimi,
peyzajda dramatik psixologizmin təcəssümü və ya bu kimi məsələlər [33] yuxarıda sadalanan
digər pyeslərdə məxsusi şəkildə mənalanır, özünün fərdi bədii-poetik dünyasını əldə edir,
oxucuda və ya tamaşaçıda böyük təəssürat oyadır, onların əxlaqi-mənəvi həyatına daxil olur,
bədii-estetik zövqünün və idealının formalaşmasına zəmin yaradır.
«Sən həmişə mənimləsən» dramı bu baxımdan yuxarıda adları qeyd olunan pyeslərin insanda
oyatdığı böyük təəssüratına görə aparıcı mövqedə dayanır.
Ümumiyyətlə, İ.Əfəndiyevin yaradıcılığında, xüsusən onun dram əsərlərində həyat faktı hər
şeydən əvvəl yeni məna və məzmunda işıqlandırılır, böyük və dərin mətləblər, incə
mənalandırmalar öz əksini tapır, “insan psixologiyasına məxsus mürəkkəblik və ziddiyyətlərə, ...
daxili aləmi təhlil etməyə qüvvətli meyl” [22, səh.117] onun pyeslərinin başlıca məna və
məntiqini özündə ehtiva edir. Bu baxımdan həyat faktı, real gerçəklik dramaturqun bədii-estetik
qavrayışında ələnərək məxsusi ədəbi yaşam qazanır.
Elmi fikir, müşahidələr israrla təsdiq edir ki, «İlyas Əfəndiyevin dram əsərlərinin daxili struktur
quruluşunu
diqqətlə
araşdırarkən
vahid
bir
sənət
prinsipi
ilə
qarşılaşırıq.
Bu prinsip dramaturqun özünə məxsusdur. Ona görə də həmin prinsipi fərdi yaradıcılıq prinsipi
kimi də qəbul edə bilərik… O, iki fərqlənən qatı, konteksti üz-üzə qoyaraq, onların
kəsişmə,toqquşma nöqtəsində yeni bir məna, qat kontekst yaradır. Belə bir üslub prinsipi hər
hansı sənətkara bir neçə məqsədə çatmağa kömək edir.
... Onun kompozisiya qurumu, dil-ifadə, mövzu dairəsi, qəhrəman anlayışı uzun illər ərzində
qazandığı dramaturji təcrübəsində və axtarışlarında formalaşıb [27,səh.184].
Bu baxımdan İ.Əfəndiyevin «Sən həmişə mənimləsən» əsəri müasir Azərbaycan
dramaturgiyasında digər pyeslərdən fərqli olaraq mürəkkəb bədii struktura malik lirik-romantik,
fərdi-sosial mahiyyətli, ciddi dramatik planlı psixologizmin nümunəsi kimi maraqlıdır.
Demək lazımdır ki, «İ.Əfəndiyevin «Sən həmişə mənimləsən»ə qədərki pyeslərində