www.achiq.info
2
BACI QARDAŞINI XATIRLAYIR
Suğra xanım Azəri (Cavadzadə) – 21 Azər Hərəkatının lideri, Azərbaycan Demokrat Firqəsinin
qurucusu və rəhbəri Seyid Cəfər Pişəvərinin bacısıdır. Azərbaycanın hər iki tərəfində və İraqda
yaşayıb işləmişdi. İctimai-siyasi fəaliyyətə maraq göstərmişdir. ADF-nin fəal üzvlərindən olmuş,
ictimai işlərdə çalışmışdır. Həyat yoldaşı Mirağa Azəri Azərbaycanın hər iki tərəfində Iraqda
Dəmiryolu və körpüsalma üzrə mühəndis işləyibdir. Bu gün Azərbaycanda inşa edilmiş bir körpü onun
adı ilə bağlıdır.
İş elə gətirmişdi ki, Suğra xanım qardaşı Seyid Cəfər Pişəvəri ilə tək uşaqlıqda deyil, sonralar da
uzun müddət ailəlikcə bir yerdə yaşamış, qayğıkeş bir bacı kimi Pişəvərinin həmdərdi və sirdaşı
olmuşdur.
Azərbaycan EA-nın elmi işçisi Pərvanə Məmmədli 94 yaşlı Suğra xanımın öz qardaşıyla bağlı
söylədikləri xatirələri qələm almışdır. Həmin xatirəni sizə təqdim edirik.
O, Ağır Gündə Doğulmuşdu
Cəfər də Bülbülədəki yeni məktəbə gedirdi. Bir neçə aydan sonra müəllimi atamı
çağırıb dedi ki, mən bacardığımı ona öyrətdim, nə kitab verirəmsə, hamısını bilir, hafizəsi
güclüdür, çox irəli gedəcək. O, əmək fəaliyyətinə də çox erkən başlamışdı.
Seyid Cəfər oxuduğu məktəbdə həm də işləyirdi– zəngi çalır, qapı-pəncərəyə diqqət
edirdi. 13-14 yaşlı bu oğlana müəllimlər hərdən dərs keçməyi də etibar edirdilər.
Sonralar təhsilini Sabunçuda davam etdirdi. O vaxtlar İrandan çörək pulu qazanmaq
üçün Bakıya çoxlu kəndlilər gəlirdi. Səhər erkəndən işə gedən fəhlələr 200 q. ət, 100 q.
noxud, bir dənə soğan, içində su olan saxsı bir bardağa alıb, balaca bir həyətdəki sobanın
üstünə qoyur, axşam da gəlib onu götürüb yeyirdilər. Qazandıqları bir manatla dolanır, hələ
ondan İrandakı ailələrinə göndərirdilər. Neft quyularında işləyirdilər. Quyunu qazanda əvvəl
qaz çıxırdı, çox vaxt biçarələr qazdan boğulur, elə oradaca can verirdilər.
Seyid Cəfər bütün bunları görüb deyirdi ki, İranda quldur-qaçaqların onların başına
açdıqları oyundan bura qaçıb gəlsələr də, burada da bir gün görmürdülər. O, belə şeyləri çox
görmüş və bu haqda çox fikirləşmişdi. İnqilabi ruh da onlar belə halları gördükdən sonra
yaranmışdı.
Bizdən tez ayrı düşmüşdü. Üzünü çox vaxt evdə də görmürdüm. Qazanıb yığdığı pullara
da Xırdalanda iki otaq kirayə eləmişdi. İranlı fəhlələrin yaşadığı yerlərdə elanlar yapışdırıb
onları könüllü açdığı kurslara (onlar pulsuz idi) dəvət edirdi. Gün ərzində elə olurdu ki,
www.achiq.info
3
tələbələrlə 2-3 növbəli dərs keçirdi. Atam onu danlayıb deyirdi ki, çox çətin iş yapışırsan,
bacarmazsan. O isə atama qulaq asmırdı. Beləcə, üç il müəllimlik etdi.
Əslində atamın ona təsiri daha çox olmuşdu. Atam Səttarxanın yaxın mücahidlərindən
idi. Hələ o vaxtlar atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbətlər olurdu. 11-
12 yaşlı Seyid Cəfər də həmişə onların qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda
ona gülüb deyərdilər ki, sən belə şeylər bilmək üçün hələ çox kiçiksən.
O vaxt böyük bacım Rüxsarə öz ailəsi ilə birlikdə bu taya gələ bilməyib, İranda
qalmışdı. Seyid Cəfər arada vaxt tapıb bacımı Bakıya gətirmək üçün İrana getmişdi. Lakin o
vaxtlar kəndlərdə yayılan amansız qızdırma xəstəliyi bacımı və onun ailəsini yaxalamışdı,
xəstəlikdən heç biri salamat qalmamışdı. Bu faciə ailəmizə, xüsusilə Seyid Cəfərə çox pis
təsir etmişdi. O, bir müddət xəstə düşmüşdü…
İki bacı, üç qardaş olmuşuq. Qeyd etdiyim kimi böyük bacım Rüxsarə qızdırma
xəstəliyindən bizi vaxtsız tərk etdi. Xatirəsini yaşatmaq üçün adını böyük qızıma qoydum.
Həyat yoldaşım çox səmimi və ciddi adam idi. Seyid Cəfərlə yaxın dost idilər. Bizim beş
övladımız olub… Son beşik qızım Fəxri və nəvəmlə bir yerdə yaşayıram.
O biri qardaşlarımdan biri həkim, o biri isə mühəndis idi. Mirsəlim əvvəllər «Hüriyyət»
qəzetində məqalələr yazırdı. Peterburqda oxuyub Dəmiryolu-Su-Şosse yolu üzrə mühəndis
olmuşdur. Bakıda o vaxtlar içməli su məsələsi çətin idi. Tək-tək dövlətlilərin həyətində su
olardı. Suyu tək Zeynalabdin Tağıyev çəkdirmişdi. Sonralar Şamaxı və Quba tərəflərdən
Bakıya su çəkilməsində onun böyük rolu olub.
Kiçik qardaşım Mirxəlil uzun müddət Bakıda Musa Nağıyev adına xəstəxananın IV
korpusunun müdiri olub. Həm də Tibb institutunda dərs deyirdi…
Seyid Cəfər elə uşaqlıqdan çox mütaliə edirdi. Dünya malı, var dövlət onu heç
maraqlandırmırdı. Evdə, çöldə işləməklə arası yox idi. Anam da onu həmişə elə bu
xasiyyətinə görə danlardı. Hərdən yanına dost-yoldaşları gələndə ya qızğın mübahisələr edər.
Ya da teatr oyunu çıxarardılar. O vaxtlar İranda teatr- filan yox idi. Yeganə tamaşaçıları da
mən olardım.
Birinci dünya müharibəsi gedən zaman yaşayış çox ağırlaşmışdı. Bir yandan da erməni-
müsəlman davası camaatı yaman günə qoymuşdu. O nankorlar həmişə bayram vaxtı–
Novruzda quldurluq edir, evləri soyur, araya qan salırdılar. O vaxtlar bu hadisəylə bağlı
kədərli bir şeir dillərdə dolaşırdı. Adı gərək ki, «Yaşardı gözəl əsgərlərimizin gözü» idi.
Seyid Cəfəri qəzaya salanda bir ermənidən istifadə etdilər. Mənim bir cavan oğlum da
23 yaşında bir erməni hiyləsinin qurbanı oldu…
Qardaşımın gördüyü ictimai-siyasi işlərindən çox yazıblar. Onun üçün də bu barədə çox
danışmayacağam.
İlk məqaləsi gərək ki, «Yoldaş» qəzetində çıxmışdı. Sonralar özü elə 17-yə yaxın qəzet
çıxarırdı.