“Dövlət idarəçiliyi”.-2010.-№2(30).-S.145-149.
SİYASİ SİSTEMDƏ VƏTƏNDAŞIN SİYASİ SEÇİM
ETMƏSİNƏ TƏSİR EDƏN AMİLLƏR
AYDIN MİRZƏZADƏ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
siyasi elmlər namizədi
Hər bir dövlətin inkişafı və qüdrəti ilk növbədə vətəndaşlarının siyasi hazırlıq səviyyəsindən, onların
fəaliyyətindən və seçimlərindən asılıdır. Bir nəfər səviyyəsində bu az hiss edilsə də, fəal vətəndaşların güclü
hərəkat yaratması cəmiyyətin inkişaf istiqamətinin müəyyənləşməsin-də birbaşa rol oynayır. Bu bir tərəfdən
vətəndaş-cəmiyyət münasibətləri toplusu, digər tərəfdən isə seçimlər vasitəsilə kəmiyyət mərhələsindən keyfiyyət
mərhələsinə növbəti keçid sayıla bilər.
Vətəndaşın siyasi seçim məsələsi daima politologiya elmində öyrənilən bir məsələdir və vaxtaşırı məsələ
müxtəlif tərəfdən araşdırılmağa cəhd edilir. Məsələyə təsir edən amillər isə kifayət qədər çoxdur. Cəmiyyət
mürəkkəbləşdikcə onun yeni keyfiyyət göstəricilərini analizinə ciddi ehtiyac yaranır. Nəzərə alınmalıdır ki, hər
keyfiyyət mərhələsində bu amillərin həm daxili quruluşu, həm də təsir imkanları dəyişikliklərə məruz qalır.
Vətəndaşın seçim imkanlarına cəmiyyətin təsir etməsi fikri elmdə bir aksiom kimi qəbul edilir. Ancaq
vətəndaşın mövqeyinin də cəmiyyətin keyfiyyətinə birbaşa təsir etməsi də birmənalı fikirdir. Bu baxımdan qarşılıqlı
təsirin öyrənilməsi bu mexanizmin fəaliyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atmağa imkan yaradır.
Qaldırılan mövzu çərçivəsində vətəndaşın ilk növbədə siyasi seçiminə təsir edən amillərin
sistemləşdirilməsi vacib görünür. Bu amillər cəmiyyətin siyasi halının-siyasi sisteminin tərkib hissəsi olması aydın
görünür. Ona görə də ilk növbədə siyasi situasiyaya təsir edən hallar öyrənilməli və müvafiq nəticə çıxarılmalıdır.
Vətəndaşın siyasi seçiminə təsir edən əsas amillərdən biri onun yaşadığı siyasi sistemdir. Burada isə seçimə
sərbəstliyi siyasi sistemin demokratikliyi dərəcəsindən asılıdır. Politologiyada onun dörd forması - demokratiya,
teokratiya, totalitarizmi və avtoritarizm təsnifatlandırılır. Teokratiya dinin və ya din xadimlərinin, totalitarizm - bir
siyasi rejimin, avtokratiya isə bir şəxsin cəmiyyətin düşüncəsi və gündəlik həyatına təsir etməsi və monopoliyaya
almasıdır. Bu üç tip cəmiyyətdə başqa faktorların vətəndaşın seçiminə təsiri çox azdır. Vətəndaşın sərbəstliyi siyasi
rejimin onun üçün seçdiyi variant daxilində manevri ilə məhdudlaşır.
Demokratiya isə siyasi elmdə digər üç siyasi sistemin alternativi kimi götürülür. O həm konkret siyasi
sistemin (nəzəri cəhətcə ideal modelin) adıdır, həm də ayrı-ayrı ölkələrdə real mövcud olan dövlət sistemidir.
Demokratik dövlətlərin idarəetmə formalarında və praktiki fəaliyyətlərində müəyyən fərqlilik olsa da qəbul
edilmiş ümumi prinsiplər mövcuddur. Bunlar hakimiyyətin seçilməsi, çoxluğun siyasi idarəsinin qanun funksiyası
əldə etməsi, hər bir kəsin öz fikrinə malik olması hüququnun qorunması, dövlətin cəmiyyətdən asılılığı,
vətəndaşların siyasi, iqtisadi, vicdan, hüquq və azadlıqlarının qorunmasıdır. Həmçinin demokratik sistemdə
vətəndaş dövlətin və məmurların özbaşınalığından qanun və möhkəm ənənələrlə qorunur. Bu səbəb də vətəndaşın
seçim ərəfəsində tam məlumatlı olmasına şərait yaradır.
Demokratik siyasi sistem vətəndaşın sərbəst siyasi seçim etməsinə tam şərait yaradır. Eyni zamanda belə
şərait digər əhəmiyyətli təsir amillərinin də formalaşmasına və təkmilləşməsinə kömək edir. Azərbaycan
Respublikasında yuxarıda toxunulan məsələlər ölkə Konstitusiyasında öz əksini geniş surətdə tapa bilmişdir.
1995-ci ilin 12 noyabrında ümumxalq referendumunda qəbul edilən, 2002-ci və 2009-cu il referendumlarında
təkmilləşən əsas qanunun 158 maddəsinin 48-i əsas insan və vətəndaş hüquq və azadlıqlarının təminatına həsr
edilmişdir (1, maddə 24-71).
Bu amillərdən ikinci ən vacibi hakimiyyətin fəaliyyətinin təsirliliyidir. Hakimiyyət tipləri içərisində dövlət
hakimiyyətinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu amil vətəndaşların gündəlik həyatına birbaşa təsir etdiyinə
görə bu məsələ daim cəmiyyətin diqqətində saxlanılır. Burada dövlət hakimiyyətinin həm ayrı-ayrı istiqamətlər
üzrə, həm də ümumi fəaliyyəti vaxtaşırı cəmiyyətin qiymətini alır. Vətəndaş üçün öz sosial problemlərinin həlli və
təhlükəsizlik məsələləri kimi, yaşadığı dövlətin nüfuzu və qüdrəti məsələsi də əhəmiyyət kəsb edir.
Dövlət hakimiyyətinin dövlət büdcəsinin formalaşması və xərclənməsi məsələsində səmərəli fəaliyyəti də
siyasi seçimə təsir edən məsələlərdəndir.
Dövlət hakimiyyətini həyata keçirən səlahiyyətli şəxslərin nüfuzu və səriştəliliyi də ciddi məsələlərdəndir.
Təsadüfi deyil ki, bəzi tədqiqatçılar seçkiləri cəmiyyətin yaxşıların içindən ən yaxşısını seçmək imkanı kimi
qiymətləndirirlər (2, s.260). Ona görə də siyasi qüvvələr bu məsələni daima diqqətdə saxlayırlar. Bir qayda olaraq
ictimai fikirdə müsbət yer tutan və yüksək reytinqə malik şəxslərin siyasi partiya lideri olmaq və ya onların seçki
siyahısında yer tutmaq şansları yüksək olur. Bu baxımdan siyasi qüvvələr ya nüfuzlu şəxslərin öz sıralarına cəlb
edilməsinə ya da aktual məsələlərin öz liderlərinin çıxış tezislərinə çevrilməsinə çalışırlar. Bir qayda olaraq isə
siyasi qüvvələrin menecerləri bu tələblərə cavab verən simaların gənc kadrlar arasında formalaşdırılmasına səy
göstərirlər.
Bu vəzifələrin yerinə yetirilməsi üçün siyasi dairələr rəy sorğularının nəticələrinə çox diqqətlə yanaşırlar.
Son dövrlərdə rəy sorğuları istənilən demokratik ölkənin vacib elementinə çevrilmişdir. Ona əsaslanaraq planlar
qurulur, fəaliyyətlərdə dəyişikliklər edilir, onun nəticələrini siyasi polemikalarda ciddi istinad kimi istifadə edirlər.
Hətta öz maraqları üçün sifarişli rəy sorğuları keçirmək hallarına da rast gəlinir.
Ancaq rəy sorğularına tək siyasi qüvvələr və rəsmi strukturlar deyil, sıravi vətəndaşlar da maraq göstərirlər.
Çünki, cəmiyyətin bir hissəsi uzun müddət tərəddüd içərisində qalır və sosioloji sorğular, onun qəti rəyə gəlməsinə
kömək göstərir. Həmçinin müəyyən hissə öz rəyini ümumi rəylə müqayisə etməyə üstünlük verir. Beləliklə də, rəy
sorğusu müəyyən halda siyasi seçiminə ciddi təsir edən faktorlardan biri sayıla bilər.
Seçicinin siyasi seçiminə ciddi təsir edən məsələlərdən biri də siyasi sistemdəki siyasi partiya sisteminin
quruluşundan asılıdır. Partiya sistemi qətiləşməmiş ölkələrdə seçicinin seçim etməsi çox çətin olur. Partiya
ənənələrinin olmaması, partiya liderlərinin təcrübədən deyil, nəzəriyyədən irəli gələrək öhdəliklər götürməsi
partiyanın qələbə çalmasını şübhə altına alır. Həmçinin çox sayda rəqabət aparan partiyaların mövcudluğu sosial
bazanın parçalanmasına, şəxsi ambisiyaların qabarmasına və cəmiyyətin siyasi resurslarının yaradıcılığa deyil,
münasibətlərin aydınlaşmasına gətirib çıxarır. Seçicinin seçim etməsi isə bir çox hallarda zahiri faktorlardan asılı
olur.
Siyasi partiya sisteminin formalaşması (bir partiyanın aparıcı olduğu çoxpartiyalı sistemi, iki partiyalı, iki
partiya bloklu və iki yarım partiyalı çoxpartiyalı sistem) seçicinin siyasi seçiminin asanlaşdırır və cəmiyyətin
inkişaf istiqamətini proqnozlaşdırmağa kömək edir. Çünki, siyasi həyatda, hakimiyyət uğrunda mübarizədə və onun
istifadə olunmasında iştirak edən partiyaların bir-biri ilə və dövlətlə münasibətlərinin məcmusu, partiyaların
hakimiyyət və onun həyata keçirilməsi uğrunda mübarizədə qarşılıqlı əlaqəsi və rəqabət mexanizmi yaranır.
(3,s.241) Seçici iqtisadi inkişaf, sosial problemlərin həlli və dövlətin xarici siyasətdə uğurları şəraitində hakim
siyasi partiyaya yeni dövrə mandat verir. Əks halda isə cəmiyyət ciddi siyasi qüvvə olan əsas müxalifət partiyasına
hakimiyyət səlahiyyəti verir. Ancaq bu halda belə hakim partiya tamamilə siyasi səhnədən silinmir, ona inanan
insanların dəstəyi ilə müxalifətdə qalır. O yeni seçkiyə qədər rəhbərliyində, ideyalarında və cəmiyyətlə
münasibətlərində keyfiyyət dəyişikliyi edərsə və yeni hakimi qüvvə vəzifəsinin öhdəsindən gəlməzsə, yenidən
seçicilərin səs çoxluğuna ümid bəsləyə bilər. Görkəmli siyasi tədqiqatçı Maks Veber xüsusi olaraq vurğulayırdı:
«İdeyalar ümumiyyətlə tarixin gedişatında təsir göstərir».(6,s.l50)
Siyasi partiya sisteminin qətiləşdiyi ölkələrdə belə, partiyalar daima sosial bazalarının qorunub saxlanması
üçün çalışmalı olurlar. Burada bir qayda olaraq fəaliyyət başlanğıcı olaraq son seçkilərin nəticələri və ölkə üzrə
keçirilən rəy sorğuları olur. Partiyalar seçici kütləsində baş verən dəyişikliklərə operativ reaksiya verməli olurlar.
Aktual məsələlər üzrə cəmiyyətin gözlədiyi qərarlar qəbul edilir, partiya rəhbərliyində və hökumət tərkibində
müvafiq dəyişikliklər, partiya proqramlarında korrektələr edilir. Bu addımlar seçkiləri öz tərəfinə çəkməklə ya
hakimiyyət səlahiyyətini uzatmağa, ya da onu əldə etməyə kömək edir.
Siyasi partiyalar mülkiyyətə münasibətinə görə sol (mülkiyyəti olmayan, ya kiçik hissəyə malik olan
təbəqələri müdafiə edənlər), sağ (biznes dairələrinin mənafeyini müdafiə edən) və mərkəz (sərbəst sənət və
idarəetmə təbəqələrinin mənafeni müdafiə edənlər) partiyalara bölünürlər. XX əsrin ortalarından başlayaraq inkişaf
etmiş ölkələrdə orta təbəqənin və səhmlər vasitəsilə mülkiyyətə sahib olanların sayı artdığına görə partiyaların
siyasi yönümləri arasında fərq sürətlə azalmağa başlayırlar.
Siyasi partiyalar ənənəvidən başqa digər təbəqələrin də maraqlarmı nəzərə almağa çalışır və ümumxalq
partiyası statusuna üstünlük verməyə başlayırlar. Bu ideoloji partiyaların sayının və sosial çəkilərinin azalmasına və
bir neçə nüfuzlu siyasi partiyaların formalaşmasına səbəb olur. Proqramlarında cüzi fərq olan bu partiyalara seçici
artıq fəaliyyətlərinə və onun maraqlarını nəzərə alma dərəcəsinə görə üstünlük verməyə başlayır. Ona görə də
hakimiyyətə gəlmək şansı olan partiyalar daima yeniləşməyə və imiclərini qorumağa cəhd edirlər. Görkəmli siyasi
tədqiqatçı R.Mixels siyasi partiyaların bu keyfiyyəti ilə bağlı yazırdı: «Partiya ancaq məqsədə çatmaq üçün
vasitədir. Əgər partiya öz maraqları üçün məqsədə çevrilərsə, onda o maraqlarım müdafiə etdiyi sinifdən
uzaqlaşmağa başlayacaq. «(4)
Siyasi seçimə təsir edən ciddi faktorlardan biri də cəmiyyətdə siyasi mədəniyyət ənənələrinin olmasıdır (Bu
faktor bir qayda olaraq oturuşmuş dövlətçiliyə malik olan ölkələrdə daha qabaraq olur. Ənənələrin də dövlətçiliyin
möhkəmlənməsinə təsir etməsi amili də göz qarşısındadır).
Siyasi mədəniyyətə hüququ, vətəndaş cəmiyyəti və adətlər faktorları daxildir. Hüquqi faktora hüquqi,
demokratik dövlətin qurulması və mütəmadi olaraq təkmilləşdirilməsi daxildir. Qanunun aliliyinə əmin olan
vətəndaşın tədricən stabil siyasi simpatiya və oriyentasiya sistemi yaranır. O partiyaların fəaliyyətini təqribən də
olsa proqnozlaşdıra bilir, səsi vasitəsilə ona təsir etməyə çalışır. Cəmiyyətin bütün sahələrinin qanunlarla
təkmilləşdirildiyi haqqında məlumatlıdır və ona lazım olan sahənin problemlərini öz seçimi vasitəsilə dövlətin
nəzərinə çatdırmağa çalışır. Müxalifətdə olan siyasi qüvvənin də kadr ehtiyatına, niyyətinə və siyasi potensialına da
bələddir və hakim siyasi partiya onu təmin etməyəndə o cəsarətlə ona üz tutur.
Həmçinin cəmiyyətin tələblərinə cavab verməyən partiyalar sivil yolla geri çəkilərək, yerini yeni qüvvəyə
verə bilər. Yeni qüvvə ya köhnələrin qalıqları əsasında, ya da indiyə qədər mövcud olan kiçik siyasi qrupların
birləşməsi nəticəsində meydana gəlir. Bütün bu proses vətəndaşın gözü qarşısında baş verdiyindən o münasibətini
səsvermədə bildirir.
Siyasi mədəniyyətin ikinci vacib tərkib hissəsi vətəndaş cəmiyyətinin vəziyyətidir. Vətəndaş cəmiyyəti
dövlətin necə olmasından asılı olmayaraq mövcud olur. O özündə ictimai münasibətlərin bütün müsbət
xüsusiyyətlərini yaradır və qoruyub saxlayır. Bu cəmiyyət dövlətdən asılı olmadan fəaliyyət göstərir və siyasi
azadlığın əsasını təşkil edir. (5,s.70) Ancaq hüquqi, demokratik dövlət şəraitində vətəndaş cəmiyyətinin dəyər
hesabları geniş və zəngin olur. Həmçinin vətəndaşın sərbəst düşüncəsi və seçimi üçün də kifayət qədər geniş
imkanları yaranır.
Belə cəmiyyət vətəndaşı demokratik mühitin vacibliyinə, düzgün hesab etdiyini müdafiə etmək
mexanizminə, tolerantlığa, vətəndaşlıq hissinin qavranmasına istiqamətləndirir. Vətəndaş cəmiyyət maraqları ilə öz
maraqlarmı daima əlaqələndirə bilir. O öz seçimi ilə cəmiyyət qarşısında məsuliyyətini dərk etməyə başlayır. Daima
cəmiyyətdən öyrənməyə, ondakı prosesləri izləməyə və hətta fəal iştirak etməyə çalışır. Daim təkmilləşən və
müasirləşən vətəndaş cəmiyyətinin vətəndaş üzərində və onun seçimi üzərində təsiri güclüdür.
Siyasi mədəniyyətdə vacib faktorlardan biri də cəmiyyətdə qəbul edilmiş adətlər kompleksidir. Bura
mənəviyyat, ictimai münasibətlər və problemlərə baxış sistemləri daxildir. Adətlər siyasi partiyaların həm
quruluşuna, həm də fəaliyyətinə ciddi təsir edir. Bu baxımdan eyni ideologiyalı partiyalar müxtəlif ölkələrdə çox
hallarda baza hissəsi qalmaqla müxtəlif formalarda çıxış edirlər.
Adətlər insanın xarakteri, siyasi baxış-larım və seçim mexanizmini də formalaşdırır. Ancaq bu vətəndaşı
avtomatik olaraq hansısa siyasi qüvvənin daimi tərəfdarına çevirmir. Adətlər siyasi qüvvənin potensialı zəiflikdə
ona müvafiq reaksiya göstərməyi öyrədir. Vətəndaşın dəstəyini partiyalar və liderlər özləri üçün avans kimi
götürməyə məcburdurlar. Cəmiyyətin və vətəndaşın marağını nəzərə almaqla, o onların dəstəyini itirmək təhlükəsi
ilə üzləşir.
Siyasi sistemdə vətəndaşın siyasi seçiminə təsir edən faktorlardan biri də kütləvi informasiya vasitələridir
(qəzet, jurnal, televiziya, radio, internet resursları və s.). KİV qeyri-rəsmi dördüncü hakimiyyət kimi cəmiyyətin və
konkret olaraq vətəndaşın fikrinin formalaşdırılmasında böyük rol oynayır. O həm məlumatlandırır, həm təbliğ edir,
həm də əyləndirir.
Siyasi qüvvələrdən və siyasi liderlərdən fərqli olaraq o hər bir məsələyə operativ münasibət bildirir.
Münasibətin dərinliyindən və yanaşma dərəcəsindən asılı olaraq vətəndaş müxtəlif cür məlumatlandırıla bilər.
Müasir dövrdə vətəndaşın əsas məlumat əldə etmək mənbəyi olduğundan KİV-lərin məsuliyyəti çox böyükdür.
(Vətəndaş üçün digər məlumat mənbələri - şəxsi müşahidə və eşitməkdir). KİV siyasi qüvvə və siyasi lider
haqqında tam müsbət və ya mənfi, natamam məlumat verə bilər və ya tamamilə onu inkar edə bilər. Ancaq siyasi
qüvvə bir faktor kimi cəmiyyətdə mövcuddursa KİV onu tamamilə inkar edə bilməz. Çünki, bu halda onun özünün
nüfuzu və müvafiq olaraq tirajı aşağı düşə bilər. Siyasi partiya və liderlər də daima mətbuatla işləməkdə maraqlı
olurlar və onu müvafiq dəstək verməyə çalışırlar.
Vətəndaşın siyasi seçimində KİV-lərin rolu böyük olduğundan onlardan siyasi reklam kimi də geniş istifadə
edilir. Bu baxımdan siyasi qüvvələr seçki auditoriyası uğrunda mübarizə üçün özlərinə yaxın KİV-lərin olmasında
maraqlı olurlar. Bir sıra hallarda KİV-lər maraqlı olduqları şəxslərin cəmiyyətə təqdimatında onun müsbət
cəhətlərinin böyüdülməsində, mənfi cəhətlərinin isə göz yumulmasında maraqlı olurlar (1,8.271)
Mətbuatın siyasi seçiminin formalaşmasında rolu böyük olsa da, seçici istənilən halda seçimini real həyata
görə qurur. Seçimində məqsəd də ya onu razı salan həyatı qoruyub saxlamaq, ya da onu razı salmadığına görə onu
dəyişmək istəyidir.
Siyasi seçimə digər faktorlar da təsir edə bilir. Bunlar seçicinin cinsi, yaşı, ailə ənənələri, partiya
mənsubiyyəti, peşəsi, dini mənsubiyyəti və s.
Gənclər və qadınlar arasında məhz öz mənsub olduqları sosial qrupun nümayəndələrinə səs vermək
istəyənlər çox olur. Ailə ənənələrindən irəli gələrək seçim etmək halları da az deyildir. Din faktorunun güclü olduğu
ölkələrdə seçicilər dinlə bağlı olan namizədlərə daha çox üstünlük verirlər.
Vətəndaşın seçiminə təsir edən digər hallar da mövcuddur. Bunları bilərək siyasi partiyalar və liderlər
etimad qazanmaq üçün onların hamısını nəzərə almağa məcburdurlar. Bu cür fəaliyyət onların hakimiyyəti əldə
etməsinə və proqramlarmı həyata keçirməsinə daima yardımçı olur.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Политология (изд.МИД РФ). Москва, 2009.
3. Politologiya (izahlı lüğət). Bakı, 2007.
4. Demokratiya: gediləsi uzun bir yol. Bakı, 2008.
5. П.Михельс. Социология политической партии в условиях демократии. Диалог. 1990. №5,9; 1991,
№4.
6. Maykl Perenti. Seçilmişlər üçün demok ratiya. Bakı, 2008.
7. А.И.Кравченко. Политология, Москва, 2007.
Айдын Мирзазаде. Депутат Милли Меджлиса Азербайджанской Республики,
кандидат политических наук Факторы, влияющие на политический
выбор гражданина в политической системе
Резюме
В статье автор исследует все фак торы влияния на политический выбор гражданина. По его мнению,
огромную роль в этом играет политичес кая среда и реальная ситуация. Гражда нин может сделать
осознанный выбор в условиях демократии, соблюдения его конституционных прав и объективных выборов.
Рассматривая принципы де мократии, А.Мирзазаде делает вывод о необходимости взаимного влияния
граж данина и общества.
Исследователь, вместе с тем, обра щает внимание на такие факторы пред почтения, как пол, семья,
социальное происхождение, религия и т.д.
В статье делается вывод, что полити ческие лидеры должны иметь тесный контакт с обществом и
учитывать инте ресы всех слоев населения.
Dostları ilə paylaş: |