6
I HİSSƏ
Bu hissə oxucunu Məmmədağa ilə, Məmmədağanın ay işığında
gümüş kimi ağaran alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə,
Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və nəhayət, Məsməxanımla
tanış edir, oxucu Məmmədağa ilə Məsməxanımın bir-birilərinə
söylədiklərinin və söyləmədiklərinin şahidi olur.
Həmin qəribə gecə idi. Aydın məsələdir ki, Abşeronda bu cür gecələr saysız
olmuşdu və bundan sonra da olacaqdı, amma alüminium örtüklü furqonun arxasında
birdən-birə bir topa qıpqırmızı bulud görünəndə Məmmədağa fikirləşdi ki, qəribə
gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona
məlum deyildi və o özü də öz
fikrinə təəccüb edib gözlərini qıydı, bir müddət altdan-yuxarı qıpqırmızı buluda
baxdı, sonra başını qaşıya-qaşıya dənizə baxdı, amma bu işdən bir şey anlaya
bilmədi.
Həmin qəribə yay gecəsi təzəcə başlayırdı və bir azdan alüminium örtüklü
furqonun arxasında bir parça buludu qıpqırmızı qızardan günəş tamam batacaqdı, ay
çıxacaqdı, ulduzlar çıxacaqdı, qurbağalar quruldamağa başlayacaqdı, cırcıramaların
səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarısındakı pansionatın,
sanatoriyanın həyətində yanan işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi,
Bakıya gedib-gələn elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra
bu səs də kəsiləcəkdi, bir sözlə, Zuğulbanın bu dəniz sahilini həmişəki yay gecəsi
bürüyəcəkdi.
Indi bir tərəfdən də ay dənizdə üfüqü qıpqırmızı qızartmışdı və dənizin mavi-
qırmızı suyu üfüqdən sahiləcən par-par parıldayırdı, amma Məmmədağa Abşeronda
bu cür yay gecələrini çox görmüşdü və təkcə bir tərəfdən günün batması, bir
tərəfdən də ayın çıxması bu gecəni onun üçün qəribə edə bilməzdi.
Həmin gün axşama kimi külək əsirdi və külək bir saatdan bir dəyişirdi, gah
xəzri ağappaq köpüklənmiş dalğaları qayalara çırpırdı,
gah da gilavar əsirdi, amma
axşamçağı birdən-birə külək dayandı və ağcaqanad yenə yamanca baş qaldırdı;
Zuğulbanın dənizindən, qumundan, qayalarından olmazdı, amma ağcaqanadı da
yaman ağcaqanad idi. Ağcaqanad Məmmədağanın gözünün düşməni idi, amma bu
dəfə küləyin belə naxələf çıxması onun qanını qaraltmadı, çünki qəribə gecə idi bu
gecə.
Məmmədağa yenə gözlərini qıyıb qırmızı bulud parçasına baxdı. Qırmızı
bulud parçası yavaş-yavaş solurdu və necə oldusa, bu solğunluq həmin qəribə yay
gecəsinə bir nisgil gətirdi. Məmmədağa bu nisgilin də səbəbini başa düşmədi və
axırda
bu qərara gəldi ki, qəribəlik elə ona görə qəribəlikdi ki, səbəbi məlum deyil.
Bu qərara gəlib sidq-ürəkdən gərnəşdi və başını qaşıya-qaşıya furqonun balaca taxta
nərdivanını qalxıb içəri girdi.
7
Məmmədağanın üstündə alabəzək iri hərflərlə «PNEVMATIÇESKIY TIR»
yazılmış furqonu sübh tezdən yolun başında görünəndə çayçı Qəzənfərin qanı
qaralırdı, çünki müştərilərinin bir çoxu – kəndin cavanları, yeniyetmələr həmin gün
səhərdən axşamacan furqonun yanından əl çəkmirdi, tüfənglə nişan alırdı, parça
toplarla bankalardan düzəldilmiş piramidaları vurub dağıdırdı, rezin halqaları
tullayıb qarmaqlara keçirirdi.
Yayda Zuğulbaya gələndə Məmmədağa həmişə furqonu kənddən aralıda,
sahildəki qumluqda saxlayırdı. Məmmədağa belə fikirləşirdi: o yerdə ki, genişlik
yoxdu, orada istirahət də yoxdu; o yerdə ki,
baxanda üfüq görünmədi, yağış yağanda
üstünə damcılamadı, gün çıxanda səni qaraltmadı, yəni o yerdə ki, dənizlə,
qayalarla, ağaclarla təkbətək olmadın, orada əsl istirahət yoxdu. Təkbətək o mənada
yox ki, ancaq sənlə dəniz – ikiniz olasınız, o mənada ki, sənlə dənizin arasını asfalt
kəsməsin, dəmir yolu kəsməsin, tüstüdən, mazutdan, maşın səs-küyündən uzaq
olasan.
Məmmədağa istəsəydi, Bakının ən yaxşı yerlərindən
birindəki TIR-ə işə
düzələrdi; idarələrində hamı onu tanıyırdı və ona hörmət edirdi, çünki o həftə
olmurdu ki, planı doldurmasın və indiyə kimi heç bir əskik işi olmamışdı ki, başını
aşağı diksin; amma bunu istəmirdi Məmmədağa, çünki öz furqonunun, öz yolçuluq
sənətinin aşiqi idi. Həftədə bir dəfə Bakıya gedirdi, pulunu təhvil verirdi, bazar
gününü öz evlərində qalırdı, sonra yenə də yola çıxırdı. Abşeronda onun gəzmədiyi
kənd yox idi. Hər kənddə bir, uzaqbaşı iki gün qalırdı,
istəyirdi ki, heç kim onun
furqonundan bezməsin və furqon hər dəfə özü ilə bir bayram gətirsin.
Bu həftə Bakıdan Xırdalana getmişdi, oradan Dügaha, oradan Məhəmmədliyə,
oradan Fatmeyiyə, oradan da bura gəlmişdi – bu qəribə gecəli Zuğulbaya. Sabah
sübh tezdən Bakıya qayıtmalı idi.
Axşam saat səkkizdən, doqquzun yarısından sonra TIR-ə gələn olmurdu, çünki
hər gecə kənddə kino göstərilirdi və hərdən Məmmədağa özü də furqonu bağlayıb
kinoya gedirdi, amma çox zaman axşamlar, gecələr də öz
furqonu ilə məşğul olurdu,
silib - təmizləyirdi, içini səliqəyə salırdı, tüfəngləri yağlayırdı, maşının kapotunu
qaldırıb hissələrini gözdən keçirirdi, sonra da dənizdə çimirdi.
Məmmədağa dənizdən sahildə dayanmış furqonuna baxmağı xoşlayırdı; hər
dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə
yazılmış şüarlara baxdıqca hiss edirdi ki, öyünür, lap lovğalanır və dənizin suyu da
bu lovğalığı tamam təmizləyirdi, elə bil, ovcunda balıqqulağı yuyurdu,
büllurlaşdırırdı,
bir uşaq sevincinə çevirirdi; bu uşaq sevinci dənizin içində
Məmmədağanın bütün bədəninə yayılırdı. Məmmədağa yaxşı başa düşürdü ki, bu
dünyada furqonu olmaq və həmin furqonu bu cür bəzəmək elə böyük bir iş deyil.
Bunu başa düşürdü, amma hər dəfə də alüminium örtüklü furqona baxdıqca,
üstündəki yazıları oxuduqca belə məlum olurdu ki, yenə öyünür əməlli-başlı.
Alüminium furqonun hər iki tərəfində iki eyni şüar yazılmışdı.
Birincisi:
Uçis iskusstvu metko strelyat!
Ikincisi:
Yunoşi i devuşki!
Ovladevayte texniçeskimi vidami sporta!