ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DİLİ VƏ ƏLİFBASININ İNKİŞAFINDA ROLU
Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib
olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini
tapır. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və
xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu
təsdiqləyir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik
olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük
dəyərimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun
müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin
respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu
öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində
vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edildi. 2001-ci ilin iyul ayında
Ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Eyni
zamanda, o zaman Dil Şurası da yaradıldı. Bunu ardınca isə Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə
imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
kimi təsis olundu.
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur.
Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən
amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli
dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili
statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni
zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında
olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş
ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi
və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində
çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi,
beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər
Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil
məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu amilin çox böyük əhəmiyyəti var. Çünki
bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Amma Ulu öndər Heydər Əliyev bunu milli dəyər
səviyyəsinə qaldırdı.
Azərbaycanın sovet imperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücumlar başlamışdı. “Sovet
xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə
yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi
tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio,
televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta, bəzən sıravi
insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Lakin
Azərbaycanda siyasi hakmiyyətə gələn Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək
oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan
dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində
dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.
Bunlarla yanaşı, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan
Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu
əldə etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-
siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən
onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan işlər həyata keçirib. Birincisi,
Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz
əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də
rəsmiliyi təmin edilib.
İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet
respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü,
Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın
böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı
mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində
nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb,
çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün
“Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran
alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi,
həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən
respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir
göstərib, başqalarına nümunə olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi
olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına
layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı
klassiklərinin təbliği məhz bunun nəticəsi idi. O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin
mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi
ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider
deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların
inkişafı üçün proqramlar müəyyənləşdirdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.
Heydər Əliyevin siyasətçi kimi uzaqgörənliyi ondan ibarət idi ki, bu məsələləri tədricən çox təmkinlə, ağılla
və ustalıqla reallaşdırdı. Demək olar ki, O heç bir mərhələdə geri çəkilmədi.
Bununla belə, ana dili problemi bu gün yenə də bir müddət aktual problem olaraq qalırdı, buna görə də
dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülürdü. Azərbaycan müstəqillik
qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açmışdır. 1995-
ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili
elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun
zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli
şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə
çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış
vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil
dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli
nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan
qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı
Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait
xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın
qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə
də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.
Həmin fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçid
reallaşdı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən
latın qrafikası ilə aparılmağa başladı.
Əlifbamız bir əsr ərzində bir neçə dəfə dəyişilmişdi. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək
məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan xalqı üçün tarixi baxımdan
daha doğma olan latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. 1923-cü ildə respublikamızda latın qrafikalı
əlifbaya keçid prosesi başlamışdı. O dövrdə mətbuatda az-az da olsa, latın əlifbası ilə yazılar çap olunurdu.
1929-cu ildə rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbası qəbul edildi və 1939-cu ilə qədər məhz bu
əlifbadan istifadə olunmuşdu. 1940-cı ildən etibarən isə Azərbaycanda Kirill əlifbasından istifadə edilməyə
başlanmışdı. Bu illər ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki agır zərbə dəydi. Buna
baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi
və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu numayiş etdirmişdir.
Müstəqilliyin bərpasından sonrakı ilk ildə, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da,
o, bütün gücü ilə işləyə bilməmişdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini
tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun
hakimiyyəti illərində dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev
uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və kitabxanalara pulsuz
paylanması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti
Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin
siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin
ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-
ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının
təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri
tamamilə həll etdi
Bununla belə, Azərbaycan Respublikasının son 10 illik inkişaf yolu göstərmişdir ki, digər sahələrdə olduğu
kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin ali və orta
məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə
cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi
yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımi səviyyədə əməl
edilmir.
Bu problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül
və inkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud
olan problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq Prezident İlham Əliyevin 2013-cü il 9
aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və
zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.
Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin
inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət proqramında öz əksini
tapan müddəalar da bu tələblərə tamamilə cavab verir.
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu
səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev
Dostları ilə paylaş: |