münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə
borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə
əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən
imtina etməyə borcludurlar.
Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın maddi
qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, məhz
mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir.
Mülkiyyət - ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin əşyasına
«özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya «özününkü» münasibəti
olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin
istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd
olan əlaqə və münasibətlərdə açılır.
Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak
münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna
bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə
oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən
münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud
mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka
sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə
konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.
Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi, yəni
təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin tarazlığı, əmlakın
fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı təbii xassələrinin hasil
edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. İstifadədən fayda - gəlir, artım,
bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam dedikdə isə mülkiyyətçi
tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın
özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan
istifadə edilməsi və onun üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin
dinamikası ifadə olunur.
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. Əlbəttə,
insanların hələ təbiətdən ayrılmadığı, öz ehtiyaclarını sadə vasitələrlə ödədiyi bəşər
cəmiyyətinin ilk başlanğıc mərhələsi istisna olunur. Cəmiyyətin inkişafının müxtəlif
dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai formasiyalara uyğun olaraq
mülkiyyətin müxtəlif tipləri - ibtidai icma, quldarlıq, feodal - təhkimçi və kapitalist tiplərini
bir-birindən ayırmaq olar. Yaxın keçmişə qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti
də kifayət qədər əsaslar olmadan qeyd edilirdi. Sosializm birliyinə daxil olan dünyanın heç
bir ölkəsində sosializm əslində qurula bilmədi. Bilavasitə istehsalçılar istismara məruz qalır,
istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin totalitar
rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik əlamətlərinə, tamamilə,
yabancı idi.
İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq
mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır.
Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal
vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə
əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür.
Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ
öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə
edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona
mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair
sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və
subyektiv mənada.
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan
hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə
mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş
hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa
düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan
istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.
Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən
təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki,
sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs
onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa
mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir.
Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi
üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə
vasitəsiz sahibdir.
Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər
hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi
əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda
üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə
hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə
baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta
yetirilməzsə, tanınır.
Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş
özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc
işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən
çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin
qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi
barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia
istisna edilir (Mülki Məcəllənin 164-cü maddəsi).
Qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə ayrılır.
Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən
bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o
əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir
ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq
istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin
mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız
sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar
əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu
cür hüququ olduğunu ehtimal edə bilməz.
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı
bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir.
Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda
götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu
deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən şeyin əvəzini ödəməyə borclu
deyildir.
İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,
habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ola bilsin ki, bəzi
əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə
nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər.
İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da
istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak
kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın
istifadəçisi hesab edilir.
İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər
Dostları ilə paylaş: |