əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və
ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin
vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin
istifadəsinə vermək vəzifəsi qoyula bilər.
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər.
Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi
cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov
qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak
üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində
sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu
ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında ve s. hallarda özünü
göstərir. Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq
məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri
qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə
isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv
olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. Deməli, mülkiyyətçi
tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən
mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə
mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını
birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin
iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına
yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla (məsələn, meyvəni yemək və
s.) mülkiyyət hüququna xitam verilirsə, onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun
xitamına deyil, əmlakdan faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak
üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur.
Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə
başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər
(məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik
ola bilər. Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər
müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz
mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə
səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər
şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq
həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni
zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir.
Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni
qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza
bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan
verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə
tədbirlərindən də istifadə edə bilər.
Lakin mülkiyyətçinin əmlak üzərində sahibliyini nəhayətsiz hesab etmək olmaz.
Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı,
qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin
qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.
Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata
keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə
belə olmur. Əmlak üzərində sərəncam verərkən (əmlakı satarkən, kirayə verərkən, girov
qoyarkən və s.) mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, kirayə və ya girov
götürənlə və s.) hüquq münasibətinə girir. Mülkiyyətçi bu zaman öz hüquqlarını həyata
keçirsə də, bəzən həmin hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından
kənara çıxır, o, özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda
mülkiyyət hüququ pozulmuşsa, onda hər şey bu hüququn saxlanıb saxlanılmamasından asılı
olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ institutu
normaları ilə baş verir. Əgər mülkiyyət hüququ qalmamışsa (deyək ki, əmlak məhv
edilmişdir), onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur
(məsələn, zərərvurma nəticəsində əmələ gələn öhdəliklər, yaxud sığorta hüququ). Beləliklə,
mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı
fəaliyyətdədir.
2. Mülkiyyət hüququnun formaları və növləri.
Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də
praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət
hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda
mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını - dövlət mülkiyyəti,
xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan
daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər,
bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal
fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan
maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal,
sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki
amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz
təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil,
eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu
dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını
təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin,
tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll
etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır.
Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur.
Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks
etdirməyən mülkiyyət olmuşdur.
İndi isə ölkəmizdə özəlləşmə tam sürətlə gedir, dövlət mülkiyyətində olan obyektlər
hüquqi və fiziki şəxs olan xüsusi mülkiyyətçilərin əlinə keçir. Özəlləşdirməni aparan
siyasətçilərin fikrincə isə özəlləşmə nəticəsində istehsal vasitələrinin istehsalçı işçilərlə
birləşməsi baş verəcək, mülkiyyət özünün əsl məzmununu kəsb edəcəkdir.
Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət
formalarının sağlam rəqabəti, hər birinin özünün həyat qabiliyyətini əmək və kapitalın
qovuşduğu yerdə göstərməklə mümkündür.
Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət
hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Dövlət mülkiyyət hüququ dedikdə,
dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə
və sərəncam vermək hüququ başa düşülür. Başqa subyektiv hüquqlar kimi dövlət mülkiyyət
hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin
idarəçiliyi sahəsində konkret səlahiyyətləri xarakterizə edir. Dövlət mülkiyyətçisinin
səlahiyyətləri həm mülki hüquqların vahid subyekti tərəfindən, həm də dövlət əmlakının bir
hissəsinə malik olan dövlət hüquqi şəxsləri tərəfindən həyata keçirilir. Burada mülkiyyətçi ilə
dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır.
Dövlət mülkiyyəti iqtisadi baxımdan ümumxalq mənimsəməsinin forması hesab edilir.
İri əmlak mülkiyyətçisi kimi dövlət üçün bu əmlakın idarə edilməsi, ayrılıqda isə hüquqi
şəxslərin yaradılması, yenidən təşkili və xitam edilməsi, onlar arasında müvafiq əmlakın
bölüşdürülməsi və istifadəsi üzərində nəzarət çox vacibdir. Bir çox hallarda bu dövlət
idarəçilik orqanları tərəfindən normativ aktların qəbul edilməsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |