A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə59/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   55   56   57   58   59   60   61   62   ...   168

 208 

–Pirvet. 

Oğul da başın yellədi və dedi: 

–Poka. 


Və bircə kiçik qızı heç nə demədi və  mənim  şalvarımın 

balaqlarına baxıb bir də qaqqıldadı.  

Mən də bütün fikrimi cəmləyib dedim: 

–Do svidaniə. 

Hamı böyük bir ruh yüksəkliyi ilə dedi:  

–Do svidaniə, da svidaniya, – və uzun zaman qapıdan 

ardımızca baxdılar. 

Küçəyə çıxanda Fərhad soruşdu: 

–Nu kak? 

Da təəccüb eləmədim. Dedim ki, lap əsl sənə layiq 

adamlardı, xoşbəxt olun və artıq bir şey demədim. Onu orada 

buraxdım və izdihamlı küçədən qaranlıq dar bir döngəyə 

çıxdım. 

Bu gün gördüyüm şeylər haqda düşünə-düşünə gedirdim ki, 

bir də gördüm kimsə lap ayağımın altında zarıdı: 

–Ay bala, qurbanın olum, qabağında ölüm sənin, görüm səni 

heç vədə neynim, necə eləyim deməyəsən, yazığın gəlsin, 

qurban olum, allah sənə ömür versin, möhtac qalmayasan, 

zaval görməyəsən, qurbanın ollam, ay bala. 

Diksindim. Dönüb baxdım. Çarşabından tanıdım. Bu bayaq 

həmin gur, yaraşıqlı küçədə büzüşüb üşüyən dilənçi idi. Oradan 

milis qovduğundan gəlib oturmuşdu bu dar qaranlıq dalanda, 

bilə-bilə ki, ayda-ildə bir adam keçmir bu dalandan. 

Nədənsə həmin dəqiqədə qıçımın yandığını hiss etdim və elə 

o saat da anladım ki, qıçımı yandıran cibimdəki  əllilikdir. 

Çıxarıb əlliliyi arvada uzatdım. Qaranlıqda seçə bilmədi, sonra 

da gözlərinə inanmadı və ən nəhayətdə pulu öpdü. Gözlərində 

bir ifadə vardı ki, ah, nə deyim?.. Onu bilirəm ki, 55 yaşıma 

yaraşmayan bir çevikliklə qaçdım o yerdən uzağa. 

Nə isə... heç bilmirəm bunu niyə sizə danışdım. Bilmirəm 

bu gün nə olubdur mənə. Baş-ayaq vururam. Özümü də yaman 



 209 

pis hiss eləyirəm. Ürəyim ağrıyır. 

 

1958 

 



 210 

 

 

 

 

 

60-CI İLLƏRİN 

H E K A Y Ə L Ə R İ  

 


 211 

 

 



DÖRD ÇAHAR 

 

–Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz 



müəllim çaydan bir qurtum alıb stəkanı  qırağa qoydu. – Axı 

niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta 

bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla 

çirk düşdümü, bulanacaq. 

Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. 

Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə 

göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda 

qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu 

barədə gedirdi. 

Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzi-

bəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən 

görürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə də 

yetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar. 

Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu, 

çayından bir qurtum da içdi və söhbətinə davam etdi: 

–Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balası 

görürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədər 

yığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki, 

elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beş 

min sana, bir beş qiymət başının altında. 

–Ay Murtuz, o haqq-hesabnan "iki" də gərək iki minə olsun 

ki... 


–Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyada 

əlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bu 

cırhacırında dəlidir qala Bakıda... Mənim kimi o da gedər 

özüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidə 

bişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldi 

gedə bilsin... – Birdən Murtuz müəllim duruxub susdu, 

üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb  əlavə 



 212 

etdi: – Zəki, birdən ürəyinə ayrı  şey gələr ha. Sən də bu yay 

qəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır. 

–Əşi, ay Murtuz, heç istəmirdim, bilsən  Əsəd başıma nə 

oyun açdı, güclə saxladı. Deyir... 

Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı. 

–Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox, 

qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusi 

fərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır. 

Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunu 

da. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti də 

olmaz. Elə deyil? 

–Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu ali 

məktəblərdə rüşvət məsələsinə  də çox inanmıram. Bəlkə indi 

Bakının on beş institutunun birində bir ya iki nəfər elə 

namussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki, 

nə bilim daha necə!.. 

Murtuz dərhal mənimlə razılaşdı. 

–Elədir, Zəki,  əlbəttə, düzdür, amma axı onu da adamın 

vicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyə 

adam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən? 

Yaraşmaz e, yaraşmaz! Nə  cəmiyyətimizə yaraşan işdi, nə  də 

xalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözü 

qarşısında güllələyərəm! 

–Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədə 

söhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax, 

mənim institutumda bircə  nəfər elə adam göstərin, sonra 

tamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başına 

nə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, bilə 

qanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır! 

–Ooo,  Əsəd ayrı  oğlandır. Kişi adamdır. Amma, Zəki, 

bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç bir 

şey isbat edə bilməz. Dərd də ondadır da! 

–Bəli. 


İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə