Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

 
 
254
şısında fars dilində yaradılmasını «müdhiş faciə» adlandırmış, bununla yanaşı bu 
faciənin sənətkarlarımızın milli ruhunu, azərbaycanlı  qəlbini öldürə bilmədiyini 
xüsusi qeyd etmişdir.  Şair yazmışdır: «Nizaminin və onun bir çox böyük 
müasirlərinin taleyi tarixən belə  gətirmişdir ki, onlar fars dilində yazmağa məcbur 
olmuşdular. Lakin bu müdhiş faciə də Nizaminin varlığından əsas xüsusiyyəti, – onun 
böyük azərbaycanlı  qəlbini, doğma xalqının mübariz qəlbini qoparda bilməmişdi». 
(136, 23) Şair dediklərini Nizaminin öz misraları ilə sübuta yetirirdi. Nizami 
Axsistanın «Leyli və Məcnun»un fars dilində yazması tələbinə qarşı deyir: 
                
Qulluq halqasına düşdü qulağım,  
               Qan vurdu beynimə, əsdi dodağım.  
               Nə cürətim vardı ki, evdən qaçam,  
               Nə də gözüm vardı, xəzinə açam.  
               Ömrüm viran oldu, solub saraldım,  
               Bu əmrin önündə cavabsız qaldım.  
               Sirrimi deməyə bir məhrəm hanı?  
               Ona söyləyəydim bu macəranı. (136, 23) 
 
Səməd Vurğunun Azərbaycan türkcəsi uğrunda mübarizəsi onun təkcə  məqalə 
və  çıxışları ilə  məhdudlaşmır.  Şair bədii  əsərlərində  də bu məsələyə toxunmuş, ana 
dilimizi xalqımızın  ən böyük milli sərvəti kimi tərənnüm etmiş, onu qorumağa 
çağırmışdır. 
Vaqif Qacarla qarşılaşdığı səhnədə «Azəri yurdunun oğluyam mən də» deyir, öz 
dilini, bu dilin varlığını  cəsarətlə müdafiə edirdi. Səməd Vurğun bu məsələni hələ 
1935-ci ildə  qələmə aldığı  «Şairin ölümü» şerində qoymuşdu. Burada Vaqifin 
ömrünün Şuşa dövrü göstərilir. Qarabağın dilbər guşəsi olan Şuşanın sonsuz dərələri, 
qalın meşələri, buradakı «boynu bükük tər  bənövşələr» Vaqifin ilham mənbəyidir. 
Lakin ən böyük səadət şairin öz şerlərini ana dilində qələmə almasıdır:  
      


 
 
255
      Könlünü bəsləmiş sazlar elində,  
               Deyir mahnısını ana dilində;  
               Səsinə səs verir dağda çobanlar... (131, 215) 
 
Səməd Vurğun həm ana dilində, həm də xalqın öz milli təfəkkürünə bağlı 
sənətin yaradılmasını, milli gerçəkliyin əks etdirilməsini tələb edirdi: 
          İran ordusunu yeridəndə, sən  
          Dedin ki, yadlara keçməsin vətən!  
          Dedin: sərçeşmələr, dağlar bizimdir,  
          Almalı, armudlu bağlar bizimdir!  
          Dedin ki, el dili, el şeri gərək. (131, 216) 
 
   
 
 Vaqifin ana dilimizin müdafiəçisi kimi çıxış etməsinə  şair «Azad ilham» 
(1936) şerində də toxunmuşdur: 
           
 
 
Gərdi sinəsini o, fars dilinə,  
      Bağırdı: öz dilim, öz şerim gərək!  
      Bir yeni can verdi doğma elinə,  
      Üfüqdən-üfüqə qanad gərərək! (131, 232) 
 
S.Vurğun yaşadığı dövrdə  də  ədəbiyyatımızın və dilimizin milli gerçəklikdən 
uzaqlaşması hallarını pisləyir, yad təsirlərə qarşı qətiyyətlə mübarizə aparırdı: 
          
                
      Nədən şerimizin baş qəhrəmanı  
               Gah Turandan gəlir, gah da İrandan?  
               Bəs mənim ölkəmin varlığı hanı?  
               Böyük bir şairin yazdığı dastan  
               Gah Turandan gəlir, gah da İrandan!.. (133, 18) 
 
Əlbəttə, şair burada həmin illərdə yazılan və öz mövzusu ilə  


 
 
256
onu təmin etməyən əsərlərin dilini də nəzərdə tuturdu. Azərbaycan dilçisi, professor 
Yusif Seyidov bu barədə yazır: «XX əsrin əvvəllərindən başlayaraq bədii dilə dolan 
osmanlı dili ünsürləri 20-ci illərdə, müəyyən dərəcədə  hətta 30-cu illərdə  də özünü 
göstərirdi. S.Vurğun bu münasibətlə H.Cavidin dilini tənqid edirdi. Bu məsələlərin 
izahında, eləcə  də bu cəhətdən H.Cavidin dilinə münasibətdə S.Vurğun həddindən 
artıq sərtlik göstərir; bu, bəzən onun faktlara tam dəqiqliklə yanaşmasına mane olur. 
Lakin oxucu başa düşür ki, Səməd yeni dövrün tələblərindən çıxış edirdi və məsələyə 
soyuqqanlıqla deyil, ürək yanğısı ilə yanaşırdı. O, ümumən bədii dilimizi, H.Cavidin 
dilini də milli əsaslar üzərində inkişaf edən təmiz, aydın bir dil kimi görmək 
istəyirdi». (128, 193) 
       Azərbaycan dilinin geniş miqyasda işlədilməsi, bu dildə  şer və mahnıların 
yazılması şairi fərəhləndirirdi: 
          
 
         
        Bir yeni rəng alır Mil də, Muğan da,  
        Bu bayram günündə, bayram ilində.  
        Alim də, şair də, dağda çoban da  
        Deyir mahnısını ana dilində. (132, 209) 
 
Yaxın keçmişimizdə mövcud olmuş bir vəziyyət çoxlarının ürəyini ağrıtmışdır. 
Məlumdur ki, bir sıra rəsmi və qeyri-rəsmi yığıncaqlarda, iclas və müxtəlif 
tədbirlərdə natiqlər  əsasən rus dilində  çıxış etmişlər. Bu isə ana dilimizin rəsmi 
yerlərdən sıxışdırılmasına səbəb olmuşdur. Məhz 1930-cu illərdə öz dilinə laqeyd 
münasibət bəsləyən, yüksək tribunalardan bu dildə danışmaq istəməyən vəzifə 
sahibləri alovlu vətənpərvər Səməd Vurğunun qəzəbli səsini eşitdilər. Böyük cəsarət 
sahibi Səməd Vurğun yazdı: 
          
                
     Nədən bu torpağın şirin ləhcəsi  
               Şairəm deyənə biganə qalsın?  
               Niyə gurladıqca suların səsi  
               Ondakı qüvvəti rüzgarlar alsın?  
Şairəm deyənə biganə qalsın?.. 


 
 
257
Nədən söyləməsin ana dililə 
Öz odlu nitqini yoldaş komissar? 
Türkcə danışmasın sevgilisilə 
Bu mənhus adətdə böyüklükmü var? 
Məndən inciməsin yoldaş komissar! (133, 18) 
 
Azərbaycan türkcəsi uğrunda mübarizə aparan Səməd Vurğun tərcümə 
əsərlərinin dilinə  də xüsusi diqqət yetirməyi tələb etmiş  və özü bunun klassik 
nümunəsini yaratmışdır. O, tərcüməyə oricinal əsər kimi yanaşırdı. A.S.Puşkinin 
«Yevgeni Onegin» poemasını dilimizə çevirən şair yazırdı: «Mən belə hesab edirəm 
ki, «Yevgeni Onegin» Azərbaycan dilində  mənim oricinal əsərim olmalıdır, yəni 
Azərbaycan dilində onun tam hüquqlu müəllifi mən olmalıyam – bəli, məhz müəllifi. 
Və  əgər mən buna nail ola bilməmişəmsə, demək, bu tərcüməyə yenidən 
qayıtmalıyam, onu elə yüksəklərə qaldırmalıyam ki, milli ədəbiyyatımızın və 
xalqımızın mədəniyyət xəzinəsinə daxil olsun». (135, 278) 
Tərcüməyə bu cür məsuliyyətlə yanaşan  şair iş prosesində dilimizin 
imkanlarından məharətlə istifadə etmişdir.  Şair yazır: «Mən istəyirdim Tatyananın 
etiraflarını, həyəcanlarını azərbaycanlılara mümkün qədər aydın çatdırım, mən 
istəyirdim ki, azərbaycanlı Tatyana haqqında oxuyarkən onun qəlbində  nələr baş 
verdiyini bilsin, duysun, o da mənim kimi Tatyananı sevsin, ona ehtiram göstərsin». 
(135, 267) 
S.Vurğun tərcümədə Puşkin şerinin sadəliyini, onun dilinin lakonizmini, fikir və 
hisslərinin zənginliyini, aforizmlərini, zahiri formasını saxlamağa gərgin  əmək sərf 
etmiş  və buna nail olmuşdur. Bununla yanaşı, tərcüməçinin özünün milli ruha 
bağlılığı da tərcümənin uğuruna təsir göstərmişdir. Bu baxımdan Səməd Vurğunun 
məlumatı xüsusi maraq doğurur: «Yayda mən həmişə üç ay Bakı bağlarında 
işləyirdim. Milli ruhdan uzaqlaşmamaq üçün mən həyat yoldaşımdan xahiş edərdim 
ki, patefonda Azərbaycan havaları çaldırsın. Və  həmişə balkonda Azərbaycan 
havalarını  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə