Fəlsəfi esselər
- 213 -
“göydən nə yağırsa, onu da qəbul edir”. Ancaq bir var su torpağın ancaq üst
qatını isladır, bir də var torpaq doyur və cana gəlir, həyat verir. Bir var bə-
dən sadəcə mövcuddur, bir də var bütünlüklə ruhunun əmrinə müntəzirdir.
Torpaq başlanğıc və sonun birləşdiyi nöqtədir – torpaqdan yaranan
torpağa dönür. Sönən doğulan üçün başlanğıc olur və torpaq buna vasitəçilik
edir... bədən kimi. Bəlkə də məhz bu məqamda bədən ruhdan bir addım ön-
dədir, yaxud arxadadır. Kim bilir... Torpaqdan bir ovuc götürəndə o, götü-
rüldüyü yerin keyfiyyətlərini özündə saxlayır, ötürür. Bədən də ondan “ayrı-
lan” bədənə öz keyfiyyətlərini vermək iqtidarındadır. Amma ruh bildiklərini
özündən sonrakı ruha ötürə bilmir, çünki onun nəyi bilməsi, necə bilməsi
Allahın ixtiyarındadır.
Torpaq qədər zərbə dəyən yoxdur... Amma o, həyat gücünü itirmir,
“ona” üz tutan hər toxumu cücərtməyə çalışır. İnsanın da gücü bədəninə ça-
tır... amma o, Torpağın özü deyil, sadəcə ondan bir ovuc olduğu üçün səbri
də bir ovucdu, əzmi də.
Allah insanı necə möhtəşəm yaradıb: bədəni ulu Torpağa, ruhu sonsuz
ilahi aləmə bağlı öz möhtəşəmliyini dərk etmək üçün ağıl, bu möhtəşəmliyin
harmoniyasından zövq almaq üçün könül! Bunları unudan isə nə ağılı, nə
könülü özündə sığdıra bilməyən bir ovuc torpaq, bir quru nəfəs olur.
Su
Su dörd ünsürdən biridir. Hər varlıq üçün həyat qədər əhəmiyyətlidir.
Cansız hesab etdiyimiz minerallar, möhtəşəm planetimiz və bunların arasın-
da olan hər şey üçün. Maraqlıdır, hər nə qədər insanın yaranışında su olsa
da, su onun məkanı deyil. Suyun öz sakinləri var. Su öz sakinlərinə həyatı
bir cür verir: içindən, “ürəyindən”. Ondan kənardakılara isə bir ayrı cür ve-
rir: zahiri ilə.
İnsanın da varlığında su var, deməli suyun bəzi keyfiyyətlərini özündə
daşıyır. Mən də sudan danışmaq istəyirəm.
İnsan var ki, bir stəkan, hətta bir qaşıq su qədərdir. O, mütləq nəyə isə
əlavə olunmalıdır, hansı isə əhəmiyyətli bir prosesin kiçik bir detalıdır. İlk
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 214 -
baxışda vacib görünə bilər. Susuzluqdan yanan biri üçün bir damla suyun da
qiyməti böyük olduğu kimi. Amma əslində o, heç nə həll etmir, o sadəcə bir
əlavədir. Böyük bir tikinti şirkətində bir fəhlə, orduda bir əsgər kimi.
İnsan var ki, gölməçədir, müxtəlif yollarla – yağan yağışdan, hansısa
arxdan sızan suyun toplantısı. Ətrafında müəyyən dəyişikliklərə səbəb ola
biləcək qədər yeri var. Bu gölməçədə yeni canlılar yaranır, yeni bitkilər bi-
tir... Maraqlıdır ki, belə yerlərdə ney hazırlanan qamış da bitə bilər, ətrafa
üfunət də yayıla bilər. Burada yaşıl baş ördəklər də yuva qura bilər, çömçə-
quyruqlar da. Əsas olan burda suyun durğun, çöküntünün çox olmasıdır və
...ov üçün çox əlverişli yer olmasıdır.
İnsan var ki, göldür. Hansı çaydan, hətta çaylardan, yeraltı sulardan
bollu su alıb öz mühitini yaradan göl. Daha zəngin florası və faunası, ekzo-
tik görkəmi olan göllər çox vaxt axar sularla qidalandığından suyu çox vaxt
şirin olur və bu səbəbdən ətraf yerlər üçün içməyə, suvarmaya yarayır. Belə
üstünlüklərinə görə gölləri olduqları məkanın incisi, gözəli də adlandırırlar.
Amma bu göllər həmin çaylardan asılıdır, güclü istilərdə suvarma üçün
kanalların sayı çoxalanda quruya bilir və mütləq əlavə bir kənar müdaxilə
lazım gəlir ki, öz gözəlliyini, zənginliyini saxlasın.
Hə, bir də süni göllər, su anbarları, kanallara bənzər insanlar var ki,
kimlərsə onları öz xeyirləri üçün yaradırlar. Bu yeni və süni “varlıqlar” onu
yaradan kəslərə xeyir verməklə yanaşı, ətrafa mütləq zərər də vururlar. Ki-
minsə əkin yeri qalır suyun altında, hansısa arx, çay qurudulur, məcburən
ona yönəldilir, hansısa bitkilər, canlılar yeni mühitə alışa bilməyib məhv
olur, əvəzində başqaları yaranır və münasibətlərdə ziddiyyətlər törəyir.
Amma bu “ərköyün suları” verdikləri xeyirlərinə, və “ərköyün” olduqlarına
görə qəbul etmək məcburiyyətindəyik.
İnsan var yağış kimi – birdən birə göydən yağıb can verir. İnsan var
ki, şəlalədir. Gözəldir, səsi-küyü uzaqlardan eşidilir... amma varlığı elə bu
qayadan tökülməyində, səs-küyündədir. Ondan başqa bir şey gözləmək də
gülüncdü.
İnsan var ki, buzdu, aysberqdi, içində damlaları dondurub saxlayır,
hətta həyat da onun içində dondurulub, özü isə sularda üzür, qarşısına çıxa-
na bədbəxtlik gətirir. Amma içindəki həyatın donunu açanda, bir möcüzə
Fəlsəfi esselər
- 215 -
kimi, duzlu dəniz suyunun ən şirin tərəfini özündə saxladığı məlum olur. O,
hardan hara duzlu suyun üzü ilə süzə-süzə gəlib əriyir və ...susuzlara həyat
verir.
İnsan var ki, çaydı. Azad, məkandan məkana gəzən, dolanan, gah co-
şan, gah sakitləşən, dağlardan üzü aşağı tələsə-tələsə özünü göllərə, dənizlə-
rə yetirən və ... könüllü şəkildə şirin, dadlı bir halda olsa da, duzlu, açı bir
mühitlə qarışmağa razıdır. Çayların bəlli bir yatağı var, yalnız bir istiqamət-
də axır və axınına qarşı kimi isə “qəbul etmirlər”. Amma maraqlıdır, çaylar
həm də dənizlərdə, dənizlərdə öz gələcəyini tapa bilməyən balıqlar üçün sı-
ğınacaqdılar.
İnsan var ki, dənizdir. Okeanları bir-birilə əlaqələndirən, ölkələrin sər-
hədlərini çızan, çayların qovuşduğu məkan. Böyükdü, zəngindir, dərindir,
amma məhduddur. Əlbəttə, bunu yalnız okeanla müqayisədə demək olar.
Deməli insan var ki, okeandı. Bütün yer kürəsinin iqlimini təyin edən və ən
əsası, onun mövcudluğunun zəmanəti olan okean. Sonsuzluğun mücəssimə-
si, həm möhtəşəmlik, həm vahimə aşılayan. Ümman canlıdı və ona həyat
verən içindəki canlılar deyil. Onun özü nəfəs alır, nəfəs verir. Ümman nəyə
isə sığınmır, sığmır, nədənsə, kimdənsə asılı deyil, çünki o, özü istinaddır, o,
özü sığınacaqdı.
İnsan var ki, bulaqdı. Tər-təmiz, yerin düz bağrından süzülə-süzülə
gələn, böyük çaylara həyat verən, dərinliklərdə okeanlarla, dənizlərlə vəh-
dətdə olan kiçik bulaqlar. Onların kiçikliyi imkan verir ki, onu görməsinlər,
ondan xəbərsiz olsunlar. Amma maraqlıdır ki, nə dənizlər onları inkar etmir,
nə gur çaylar. Onları inkar edən gölməçələr, kanallar, su anbarlarıdır. Kö-
kündən bixəbərlər. Axı Allah da insanı yaradanda ona qatdığı suyu məhz
bulaqdan – Kövsərdən götürüb, susuzluqdan yanan İsmayıl Peyğəmbərə,
Məryəmə də bulaq bəxş edib, Musa Peyğəmbərin möcüzəsini təsbitləmək
üçün də yerdən bulaq qaynadıb. Bulaq – möcüzədi, bulaq təbiətli insanlar da
möcüzədir.
Könül BÜNYADZADƏ
Dostları ilə paylaş: |