Akademik kommunikasiya



Yüklə 22,84 Kb.
tarix28.11.2023
ölçüsü22,84 Kb.
#135780
7-ci ders


AKADEMİK KOMMUNİKASIYA
Tələbələrdə tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Akademik kommunikasiya, ilk növbədə, müxtəlif vasitələrlə elmi biliklərin yayılması mexanizmi, bu kontekstin formalaşdırılması prosesidir. Bu göstəricilər ali məktəblərdə akademik kommunikasiya vərdişlərinin formalaşdırılması işinin əsasını təşkil edir.


Akademik kommunikasiya müasir tələbə-magistrlərdən geniş erudisiyaya, fundamental elmi baza və yaradıcılıq metodologiyasına, informasiyanın əldə edilməsi, işlənməsi, saxlanması və istifadəsi qaydalarına yiyələnməyi, səmərəli elmi-tədqiqat fəaliyyətinə malik olmaq, elmi məqalələr yazmaq, auditoriya qarşısında çıxış etmək bacarığı tələb edir.
Akademik kommunikasiya bakalaviatura və magistratura pillələrində müxtəlif məzmunlu akademik mətnin elmi üslubda formalaşdırmaq qabiliyyətinin inkişaf etdirilməsi, tərtibi, redaktəsi, təqdim edilməsi və bu sahədə bacarıqların formalaşdırılmasıdır. Əsas şərt Azərbaycan dili və nitq mədəniyyəti çərçivəsində elmi işgüzar fəaliyyətin həyata keçirilməsidir: tələbələrdə beynəlxalq elmi jurnalların tələblərinə cavab verən elmi məqalələr yazmaqda vərdişlər yaratmaq, qrant layihələri hazırlamaq, elmi tədqiqatların nəticələrini konfranslarda yüksək səviyyədə təqdim edə bilmək.
Bunun üçün elmi mətn qurmağı, akademik yazının dil və üslub xüsusiyyətlərini, parametr və prinsiplərini, beynəlxalq norma və tələblərini bilmək lazımdır.
İlk növbədə, elmi mətn məntiqi olaraq nizama salınmalıdır:
–akademik yazıların müxtəlif model və texnologiyalarından istifadə etməli;
–başqasının nəzəri fikirlərinə, elmi baxışlarına hörmətlə yanaşmalı;
–öz fərziyyəsini əsaslandırmalı;
–tezis hazırlamalı və mətni hipotezdən nəticəyə qədər qurmalı;
–mənbələrdəki məlumatlara elmi-tənqidi yanaşmalı, onları seçməli, ümumiləşdirməli və yaradıcı şəkildə istifadə etməli;
–plagiatlıqdan uzaq, mövqeyini faktlarla, obyektiv şəkildə əsaslandırmalı;
–mətni elmi üslubun normalarına uyğun mənalı və məntiqli qurmalı;
–fikirləri ədəbi dildə aydın və dəqiq ifadə etməli.
Akademik kommunikasiyada elmi texnologiyalara, mətnin modellər əsasında qurulmasına, sitat gətirmə vərdişlərinə, əlaqəli qaydada nizamlanmış elmi mətni qiymətləndirmə bacarıqlarına, leksik, qrammatik, üslubi və məntiqi səhvləri düzəltmək səriştəsinə, redaktə etmək qabiliyyətinə yiyələnmək lazımdır.
Akademik kommunikasiyanın əsas məqsədi bakalavr və magistr tələbələrdə bacarıq və fikirləri üslubi cəhətdən elmi şəkildə düzgün formalaşdırmaqdır. Tələbələr elmi mətn qurmağın dil, üslub parametrləri və prinsiplərini, akademik yazıların beynəlxalq normaları və tələblərini mənimsəməkdə müəyyən bilik, bacarıq və səriştələrə sahib olmalıdırlar: mətni məntiqi cəhətdən nizamlamalı, akademik yazının müxtəlif model və texnologiyalarından istifadə etməli, mətnin adresat tərəfindən qəbul edilməsi amilini nəzərə almalı, başqasının nöqteyi-nəzərini, mövqeyini başa düşməli və hörmət etməli, problemləri, ehtimalını əsaslandırmalı, müxtəlif mənbələrdən məlumatlar seçməli, ümumiləşdirməli və istifadə etməli, nitqin elmi üslubunun normalarına uyğun mənalı və məntiqli mətn hazırlamalı və tədqiqatların nəticələri hesabat şəklində təqdim olunmalıdır.
Müasir beynəlxalq elmi mühitdə yazılı akademik kommunikasiyanın əsas prinsipi budur ki, elmi mətn, cəmiyyətdə sosial əhəmiyyətli problemlər ətrafında gedən müzakirələrin davamıdır və müəllif tərəfindən akademik cəmiyyətin, daha geniş ictimaiyyətin müzakirəsinə təqdim olunan yeni bir fikir daşıyır. Məqsədə uyğun olaraq, mətn yeni bir fikri ünvan sahibinə son dərəcə aydın, qısa və inandırıcı çatdırmalıdır; elmi mətn çevik, zəngin mühitdə bir məlumat mənbəyi, akademik cəhətdən savadlı, tələbləri oxşar olmalıdır, çünki elmi savadlılığın vahid prinsiplərinə əsaslanır.
Yüksək təsir əhatəsinə malik heç bir beynəlxalq elmi jurnal informasiya təşkilatının prinsip və normalarına riayət etməyən tədqiqatları qəbul etmir. Müvafiq olaraq, bu prinsiplərə riayət etməyi öyrənmək üçün, akademik yazı qaydalarını mənimsəmək lazımdır, çünki onların anlaşılmasına çoxsaylı sınaqla, intuitiv yolla nail olmaq mümkündür. Akademik yazı metodu informasiya abzaslarına, giriş və nəticəyə, keçid siqnallarına, paralel quruluşlara, açar sözlərə əsaslanır. Vacib məsələlərdən biri budur ki, akademik savadlılıq və yazının əsas prinsipləri milli dillə bağlı deyil, akademik yazı metalinqvistik bacarıqların kompleksidir, mətndə məntiqi düşüncəyə əsaslanır. İkinci, akademik savadlılığın mədəni komponentinin ən vacib göstəricisi, eyni bir problemin araşdırılması ilə məşğul olan və ya müəllifə onu həll etməyə imkan verən, instrumentlərini işləyib hazırlayan sitatlar, elmi dəlillərdir. Akademik yazı bacarıqları, ilk növbədə, ana dilində inkişaf etdirilməlidir.
Elmi tədqiqatlar çox vaxt yalnız müəyyən qrup insanlar üçün nəzərdə tutulduğundan, onları hər adam tam başa düşmür. Elmi dildə yazılmış mətn yeni biliyin əldə edilməsinə xidmət edir. Ümumiyyətlə vahid “elmi dil”, yəni “elmi dildə vahid yazma üsulu” varmı? – sualının birmənalı cavabı yoxdur. Çünki, nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik yazı üslubu var. Elmi dilləri formalaşdıran tipik elementlər bunlardır:
–faktların göstərilməsi;
–parafrazların tərtibi;
–sitatların göstərilməsi;
–əsaslandırma;
-münasibətlər və əlaqələrin yaradılması;
–anlayışların təyini;
–dəqiqləşdirmə;
–sistematik araşdırma;
–differensiallama;
–əks hipotezlərin irəli sürülməsi;
–mətni yekunlaşdırma;
–dəyərlərin vurğulanması.
Qeyd olunan bu elementlərin işlənməsi elm sahəsinə uyğun terminlərin köməyi ilə təsvir edilir. Bu baxımdan tibb üçün xas olan elmi dil ilə texniki elmi dili müqayisə etmək olmaz. Digər tərəfdən tibb elmi dilini yaxşı bilən şəxsin texniki elmi dili anlaya bilməsi mütləq deyil.
İnsan düşünən varlıqdır, ona obyektivlik, faktlara əsaslanmaq və həqiqətə çatmaq meyli xarakterikdir. Hamı elm adamı olmasa da, mülahizə yürütmək haqqı var, belə düşüncə tərzi yeni ideyaların yaranmasına, yaradıcı fəaliyyətə yardım edə bilər. Akademik kommunikasiya elmi mühakimələrə, onlar da fərziyyələrə əsaslanır. Fərziyyələr hər hansı bir baxış bucağından irəli sürülür, bunun üçün onu müəyyənləşdimək, başqalarını nəzərdən keçirmək, zəif, güclü tərəfləri, motivləşməsini müəyyənləşdirmək, obyektiv olmaq, hədəfləri və mühakimələri aydınlaşdırmaq lazımdır.
Elmi-tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, qoyulan məsələnin aktuallığı ilə ölçülərək, bir çox obyektiv və subyektiv amillər daim diqqət mərkəzində olur. Elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə məlum informasiyalar əsasında tapılmır. Elmdə problem mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır, elmi problem – elmi biliyin forması kimi tərkibində insanlara məlum olmayan faktlar daşıyır.
Ali təhsil müddətində tələbələrin elmi işləri hazırlama metodikalarına yiyələnməsinin hərtərəfli üstünlükləri vardır. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etmək, digər tərəfdən onla­rı nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi, yeni qanunauyğunluğun aşkara çıxarılmasıdır.
Həqiqət ağır zəhmət bahasına qazanılır, elmin hədəfi onu tapmaqdır. Maddi və fəlsəfi mahiyyəti ilə, məsələn, konkret təbii obyektlərin müxtəlif konkret aspektləri araşdırılır: səmavi cisimlər, müxtəlif fiziki və kimyəvi strukturlar, bioloji orqanizmlər, molekullar, atomlar, elementar hissəciklər və s. Bu cür yanaşmada həqiqət qeyri-diferensial abstrakt bilginin ümumi fəlsəfi xarakteristikası və təkbaşına yetərli predmeti olmaqdan çıxır, əvəzində bilgi sisteminin konkret mülahizələri təfsir edilir. Elmi biliklər sisteminin doğruluğu öncədən toplanmış elmi təcrübə və predmetlə bağlı əldə olunmuş nəticələrin yoxlanılması məqsədilə aparılan təcrübələrlə təsdiqlənir. Buna görə də, əsl elmi bilik sistemləri həqiqət kimi qəbul olunur.
Tələbələrin elmi bilik qazanmağının yeganə yolu məlumatlarını nəzəri baxımdan təkmilləşdirilməsi, müşahidəçi-maarifləndirici tədqiqat fəaliyyətləridir. Şübhəsiz ki, nəzəri baxımdan təkmilləşdirmə çox zaman böyük və müstəqil işə çevrilir, elmin digər geniş sahələri, yaxud kiçik fraqmentləri üçün yeni üfüqlər açır. Bu, ümumi ifadə edilən prinsiplər vasitəsilə baş verir, təcrübələrin yekun nəticəsi olaraq meydana çıxır.
Akademik kommunikasiyada biliklər sistemlərinin öyrənilməsi ona görə vacibdir ki, empirik araşdırmalar həmişə ayrı-ayrı konkret elmlər çərçivəsində aparılır və heç vaxt cəmiyyətin konkret sosial, hüquqi və iqtisadi baxımdan analiz olunmasına əsaslanmır. Elmin obyektivliyinin qorunması həmişə vacibdir, onların nailiyyətləri səhvlərdən qaçmağa, inkişafı sürətləndirməyə və cəmiyyətə dünyəvi istiqaməti itirməməkdə, qorumaqda kömək edir. Akademik kommunikasiyanın estetik və etik aspektləri həqiqət anlayışında hər kəsə böyük zövq verir.
Yüklə 22,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə