Amea. Elmi əsərlər. Fəlsəfə, sosialogiya və hüquq institutu



Yüklə 65,91 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü65,91 Kb.
#51069


“AMEA.Elmi əsərlər. Fəlsəfə, sosialogiya və hüquq institutu”.-2013.-№ 11.-S.21-27.

AZƏRBAYCANDA İCTİMAİ VƏ FƏLSƏFİ FİKRİN İNKİŞAFI TARİXİNDƏ

HEYDƏR HÜSEYNOVUN ROLU

1

Əliyar Orucov

Fəlsəfə ü.f.d., baş leytenant,

FHN Akademiyası, kurs rəhbəri

Akademik Heydər Hüseynov-XX  əsr  Azərbaycan  xalqının yetirdiyi  böyük  simalardan  biri,  istedadlı filosof,  publisist

və  ictimai  xadimdir.  Bu  dövrdə  Azərbaycan  ziyalılarının  ən  qabaqcıl nümayəndələrindən  biri  olan  Heydər  Hüseynovun  həyat

yolu və elmi fəlsəfı fəaliyyəti daim xalq ilə bağlı olmuşdur.

Heydər  Hacı  Nəcəf  oğlu  Hüseynov  1908-ci  il  aprel  ayının  3-də  İrəvanın  Tələbaşı  məhəlləsində  anadan  olmuş  və

1918-ci ilə qədər ailəsi ilə birlikdə Irəvan şəhərində yaşamışdır.

Sonralar  Bakıya  köçən  H.  Hüseynov  ali  məktəbi  və  aspiranturanı  bitirdikdən  sonra  Sənaye  və  Ticarət  İnstitutunda

fəlsəfə fənnindən dərs demişdir. Onun pedaqoji fəaliyyəti elmi-tədqiqat işi ilə six əlaqədar idi. Müxtəlif sahələrdə və vəzifələrdə

çalışan  alim  1938-ci  ildə  Ensiklopediya  və  lüğətlər  İnstitutunun  direktoru  təyin  olunmuş, 1939-1940-cı illərdə  onun  rəhbərliyi

altında bir  neçə  lüğət  (“Rusca-azərbaycanca  məktəb  lüğəti”,  “Azərbaycanca  - rusca  izahlı lüğət)”  hazırlanmışdır.  1939-cu  ildə

Heydər Hüseynov namizədlik dissertasiyası kimi yazdığı “M.F. Axundovun fəlsəfı görüşləri” adlı əsərini Tbilisi Universitetinin

elmi Şurasında müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır (1, s.6).

Onun  Azərbaycanda  fəlsəfə  elminin  inkişafı  sahəsində  çox  mühüm  xidməti  olmuşdur.  O,  respublikanın  ali

məktəblərində  fəlsəfənin  tədrisinə,  fəlsəfə  sahəsində  elmi  tədqiqatların  genişlənməsinə,  Azərbaycanda  fəlsəfi  və  ictimai  fikir

tarixinin  öyrənilməsinə  xüsusi  diqqət  və  qayğı göstərmişdir.  Heydər  Hüseynov  Azərbaycanda  fəlsəfi  və  ictimai  fikir  tarixinin

mühüm məsələlərini işlədiyinə görə ona 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Görkəmli alim keçmiş

SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  filialında,  1945-ci  ildən  isə  Azərbaycan  SSR  Elmlər  Akademiyasında  rəhbər

vəzifələrdə çalışmışdır.  Onun bu dövrdə “Dialektik materializm”, “Dialektika və metafizika”, “Rusca-azərbaycanca lüğət” adlı

kitabları nəşr olunmuşdur. Heydər Hüseynovun bu illərdə “M.F. Axundovun fəlsəfi baxışları” (1942), “Vətənpərvər şair Səməd

Vurğun” (1944), “Ədəbi qeydlər” (1945) və digər kitabları nəşr edilmişdir. Eyni zamanda o, “Müxtəsər Azərbaycan ədəbiyyatı”

tarixinin  (I-II  cild,  1943-  1944)  redaktorlarından  biri  idi.  Bu  dövrdə  Heydər  Hüseynovun  M.  Mirbabayev  və  Ə.O.  Orucovla

birlikdə  tərtib  etdiyi  4  cildlik  “Rusca-azərbaycanca  tam  lüğət”  (1940-1946)  kitabını  onun  elmi  yaradıcılığının  zirvəsi  hesab

etmək olar. 1948-ci ildə “Rusca-azərbaycanca lüğət”in müəllifləri akademik Heydər Hüseynov, Akademiyanın Dil institutunun

direktoru  M.  Mirbabayev,  həmin  institutun  lüğət  və  terminologiya  şöbəsinin  müdiri  Ə.  Orucov  Stalin  mükafatına  layiq

görülürlər.  1946-cı  ildə  görkəmli  filosofun  “Nizaminin.  ictimai  görüşləri”,  1950-ci  ildə  “Görkəmli  Azərbaycan  alimi  A.

Bakıxanov”  və  nəhayət  həmin  ildə  Stalin  mükafatına  layiq  görülən  başı  bəlalı  “XIX  əsr  Azərbaycan  ictimai  və  fəlsəfi  fikir

tarixindən”  adlı  kitabları nəşr  olunur.  Ancaq  çox  çəkmir  ki,  Respublika  KP  MK-nın  birinci  katibi  M.C.  Bağırovun  “qəzəbi”

nəticəsində  mükafat  geri  alınır.  Totalıtar  rejim  xalqımızın  yüzlərlə  görkəmli  ziyalısını məhv  etdiyi  kimi,  görkəmli  filosofu  da

elmi-fəlsəfi yaradıcılığının çiçəkləndiyi bir vaxtında faciəlı şəkildə məhv etmişdir.

Heydər  Hüseynov  Şərq  fəlsəfəsinin,  о  cümlədən  onun  bir  hissəsi  olan  Azərbaycan  fəlsəfəsinin  tədqiq  edilməmiş

xəzinəsini araşdırmışdır. Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixinə həsr etdıyi əsərlərində Heydər Hüseynov bu və ya

başqa  mütəfəkkirlərin  dünyagörüşündəki  səciyyəvi  cəhətləri  açmağa,  onların  Azərbaycan  xalqının  mədəni  həyatında  oynadığı

rolu göstərməyə çalışmışdır. Beləliklə, Mirzə Fətəli Axundovdan sonra о öz tədqiqatlarını Azərbaycanın görkəmli maarifpərvər

demokratı Həsən bəy Zərdabiyə, alim və tarixçi Abbasqulu Ağa Bakıxanova, XI əsrin məşhur fılosofu Bəhmənyara, Azərbaycan

xalqının böyük mütəfəkkir şairi Nizami Gəncəvinin fəlsəfi və ictimai fıkirlərinin öyrənilməsinə və Azərbaycan mədəniyyətinin

başqa  nümayəndələrinə  həsr  etmişdir.  Heydər  Hüseynova  görə  Nizami  Gəncəvinin  əsərləri  yalnız  poeziya  incisi  deyil,  habelə

fəlsəfi fıkirlər xəzinəsidir. Bu əsərlərdə fəlsəfə, etika, estetika və pedaqoji məsələlər mütəfəkkir şairimiz tərəfindən irəli sürülür.

Məhz  buna  görə  də  akademik  Heydər  Hüseynovun  Nizami  haqqındakı  ilk  tədqiqatları:  “Nizaminin  ictimai  görüşləri”  və

“Nizaminin sufizmə münasibəti” adlı əsərlərindən ibarət olmuşdur. Eyni zamanda Heydər Hüseynov Nizami Gəncəvinin elm və

incəsənət  haqqında  fikirlərini  də  tədqiq  etmişdir.  Demək  olar  ki,  XX  əsrin  30-40-cı illərində  sırf  fəlsəfi  məzmunu  ilə  seçilən

orijinal  əsərlərimiz  yox  idi.  Çünki  həmin  dövrdə  əsasən  Azərbaycanın  bir  çox  görkəmli  simaları kommunist  rejiminin  diktəsi

altında marksist-leninçi fəlsəfəsinin təhlili və təbliği ilə məşğul olmuşlar. Bu yolda ilk sanballı əsərlər yaradan da məhz Heydər

Hüseynov olmuşdur. Görkəmli filosof öz elmi tədqiqatlarında Azərbaycan xalqının ictimai fikir tarixini böyük klassiklərimizin

1

Məqalə fəlsəfə ü. e. d., prof. Sakit Hüseynov tərəfindən çapa məsləhət görülüb




əsərləri ilə üzvü vəhdətdə araşdırırdı. Məhz bu da ... Onun elmi fəaliyyətini ümumbəşər fəlsəfə xəzinəsini öyrənib tədqiq etmək

kimi  geniş  yola  gətirib  çıxartmışdır  (2).  Heydər  Hüseynov  bədii  ədəbiyyata  xüsusi  məhəbbət  bəsləyirdi.  O,  eyni  zamanda

Yazıçılar İttifaqının üzvü idi. Onun ədəbiyyata və mədəniyyətə aid məqalələri müntəzəm olaraq dövri mətbuatda nəşr olunurdu.

Akademik  Heydər  Hüseynov  1943-cü  ildə  nəşr  olunan  “Azərbaycan  ədəbiyyatı  tarixi”-nin  müqəddiməsində  Azərbaycan

ədəbiyyatının ən gözəl xüsusiyyətlərini saymaqla, özünün də bu ədəbiyyata məftun olması səbəblərini göstərmişdir. 0, bu barədə

yazırdı:  “Ədəbiyyat  öz  səhifələrində  xalqımızın  bütün  tarixi  boyu  yaratdığı  yüksək  bəşəri  ideyaları,  fəlsəfi  fikirləri,  elmi

prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə, nəsillərdən-nəsillərə ən böyük bır hədiyyə olaraq təqdim etmişdir. Buna görə də

ədəbiyyatımız xalqımızın fəxridir” (1, s.8).

Azərbaycan  ədəbiyyatı sahəsində  olan  nailiyyətlər  Heydər  Hüseynovu  daha  çox  sevindirirdi.  Buna  misal  onun  Cəfər

Cabbarlının,  Səməd  Vurğunun  və  başqa  yazıçıların  yaradıcılığı  haqqında  yazdığı  məqalələri  idi.  Belə  ki,  Səməd  Vurğunun

yaradıcılığı ilə maraqlanan akademik Heydər Hüseynov onun dram əsərini yüksək qiymətləndirmiş, şair haqqında 1942-ci ildə

“Vətənpərvər şair Səməd Vurğun” adlı bir kitab çap etdirmişdir. Eyni zamanda 1940- 1946-cı illərdə onun çap etdirdiyi ədəbi -

tənqidi məqalələri içərisində “Ədəbiyyatımız xalqımızın fəxridir”, “Antifaşist şair”, “Xanlar haqqında” və s. məqalələri vardır.

Heydər  Hüseynov  ədəbiyyatşünas  alim  kimi  nəzəriyyəni  təcrübədən  ayırmır,  əksin  ədəbiyyatın  nəzəri  məsələlərini

işıqlandırmağa  çalışırdı.  O,  bədii  əsərin  dəyərini  onun  xalq  xalqın  mənlik  şüuruna  və  özünüdərkinə  olan  xidməti  ilə  ölçürdü.

Onun  maraq  dairəsi  çox  geni  idi.  Eyni  zamanda  о,  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətini  ta  qədimlərdən  müasiri  oldu“

zamana qədər öyrənir, araşdırır  və bu barədə ümumən elmi, ədəbi fikrimizə istiqamət verə mülahizələr söyləyir, məqalələr çap

etdirirdi. Akademik Heydər Hüseynovun həmin axtarışlar, araşdırmalar yolunda gəldiyi nəticələr bu gün də səciyyəvi, aktual və

maraqlıdır.  Mütəfəkkir  filosofun  Azərbaycan  xalqının  fəlsəfı  və  ictimai  fıkir  tarixi  üzərində  uzun  müddət  gərgin  əməyinin

məhsulu kimi yazdığı “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərini göstərə bilərik. Heydər Hüseynovun

bu  əsəri  nəinki  Azərbaycanda  hətta  keçmiş  SSRİ-nin  bütün  yerlərində  müsbət  qarşılanmışdır.  Keçmiş  SSRİ-nin  müttəfıq

respublikalarından görkəmli alimin ünvanına bu əsərə görə məktublar və təbriklər gəlirdi. F. e. d., professor Şükufə Mirzəyeva

bu  barədə  yazırdı:  “Belə  bir  əsərin  meydana  çıxması  bütün  sovet  ictimaiyyətinin  nəzər-diqqətini  özünə  cəlb  etdi.  Əsərin

müəllifinə  göndərilən  çoxlu  təbrik  məktub  və  teleqramlar  oxucuların  Azərbaycan  xalqının  mədəni  irsinə  qızğın  maraq

göstərdiklərinə  və  bu  əsərə  yüksək  qiymət  vermələrinə  şahiddir”  (3,  s.16).  Xalqımızın  XIX  əsr  mədəniyyət,  ictimai  və  fəlsəfi

fikir tarixini qədim və orta əsr mədəni, ictimai və fəlsəfi fikir tarixi ilə əlaqələndirmək məqsədilə akademik Heydər Hüseynov bu

kitabın müqəddiməsində yazır: “Müəllifin bu halda məqsədi, təfsilata varmadan, oxucuları Azərbaycan mədəniyyətinin qədim və

orta əsr tarixinə aid olan əsas cəhətlərlə ümumi şəkildə  tanış etməkdən  ibarətdir,  zıra  bunsuz  XIX  əsr  mədəniyyəti  xalqımızın

keçmişi ilə əlaqəsiz olardı, həm də XIX əsrin Azərbaycan xalqının mənəvi həyatının inkişafında yeni bir mərhələ təşkil etdiyini

başa düşmək mümkün olmazdı” (4,s.8).

Mütəfəkkir  kitabında  Azərbaycan  xalqının  qədim  dövrünü  araşdırmış  və  xalqımızın  antik  maddi  və  mənəvi

mədəniyyətə malik olduğunu göstərmişdir. Eyni zamanda müəllif kitabında VII-IX əsrlərdə orta əsr mədəniyyətinin inkişafında

Azərbaycan  xalqının  xüsusi  rol  oynadığını qeyd  etmişdir.  Heydər  Hüseynov  öz  tədqiqatında  XII  əsrə  xüsusi  önəm  və  diqqət

yetirmişdir.  Çünki  həmin  dövrdə  Azərbaycan  xalqının  ədəbiyyat,  elm  və  incəsənəti  yüksək  tərəqqiyə  malik  olmuşdur.  Həmin

dövrün ictimai-siyasi, dini-fəlsəfı cərəyanlarına toxunan Heydər Hüseynov bu barədə yazırdı: “Nizaminin yaşayıb və yaratdığı

XII  əsrdə  Azərbaycanda  sufizm  adlanan  dini-fəlsəfi  cərəyan  geniş  yayılmışdır”  (4,  s.21).  Heydər  Hüseynov  burada  sufi

cərəyanını təhlil  etməklə  bərabər  Mahmud  Şəbüstərinin,  İmaməddin  Nəsiminin,  Mahmud  Əbubəkroğlunun  və  başqalarının,  о

cümlədən digər Şərq mütəfəkkirlərinin fəlsəfi fikirlərini şərh etmiş, kitabları haqqında məlumat vermişdir. Şah İsmayıl Xətainin

Azərbaycan  mədəniyyətinin  inkişafında  oynadığı əvəzsiz  rolu  yüksək  qiymətləndirən  mütəfəkkir  bu  barədə  yazırdı: “Xətai  öz

dövlətinin paytaxtı Təbrizdə qiymətli əlyazmalardan ibarət zəngin kitabxana yaratmışdır. Onun hamiliyi altında məşhur Təbriz

miniatür məktəbinin banisi rəssam Bəhzad, Azərbaycan dilinə tərcümə olunmuş “Kəlilə və Dimnə” kitabına nümayişlər çəkmiş

Əvəz  Əli  və  digər  alimlər,  rəssamlar,  şairlər  olmuşlar”  (4,  s.24).  Heydər  Hüseynov  kitabında  Məhəmməd  Füzulinin

yaradıcılığına toxunmuş, onun etika, estetika və ictimai görüşlərini tədqiq etmişdir. Mütəfəkkir XIX əsr Azərbaycan ictimai və

fəlsəfi fikir tarixinin izahını, Azərbaycanın məşhur maarifçisi və alimi olan Abbasqulu Ağa Bakıxanovun dünyagörüşünü təhlil

etməklə  başlayır.  Onun  fikrincə  A.A.  Bakıxanov  yalnız  görkəmli  tarixçi  deyil,  həm  də  fəlsəfə,  coğrafiya,  astronomiya,

arxeologiya və pedaqoji sahələrlə də məşğul olan hərtərəfli bir alimdir. Ona görə A.A. Bakıxanov məşhur alim olmaqla bərabər,

eyni zamanda “Qüdsi” təxəllüslü istedadlı bir şair kimi də tanınır.

A.A.  Bakıxanovun  “Gülüstani-İrəm”  adlı  əsərini  yüksək  qiymətləndirən  mütəfəkkirə  görə  onun  bu  əsərində  ictimai

məsələlərin izahı idealist baxışdan izah edilmişdir. Eyni zamanda mütəfəkkir A.A. Bakıxanovun əxlaq nəzəriyyəsini təhlil etmək

məqsədi ilə onun “Təhzübül Əxlaq” (Əxlaqın saflaşdırılması) adlı əsərini də tədqiq etmişdir. Heydər Hüseynov kitabında Mirzə

Şəfı  Vazehi  xalqın  maariflənməsi  uğrunda  mübarizə  edən  azad  fikirli  bir  şəxsiyyət  kimi  göstərmişdir.  Mütəfəkkir  şairin

ictimai-siyasi  baxışları  üzərində  dayanır  və  qeyd  edir  ki,  Mirzə  Şəfi  Vazeh  öz  şerlərində  xalqın  milli  özünüdərkini  və

özünüdərkdən gələn azadlığnı tərənnüm edir. O, öz kitabında bu barədə yazır: “Mirzə Şəfi Vazehin poeziyası xalqla six bağlıdır.



Onun əzablarının, istəklərini və arzulanı əks etdirir”(5, s.181).

Heydər  Hüseynov  kitabında  geniş  yer  verdiyi  Azərbaycan  mütəfəkkirlərindən  biri  də  Mirzə  Kazımbəydir.  Onun

fikrincə,  Mirzə  Kazımbəy  alim  və  mütəfəkkir  kimi  istər  qərb,  istərsə  də  şərq  ədəbi  qaynaqlarından  istifadə  edərək,  XIX  əsr

ictimai-siyasi  və  fəlsəfi  fikir  tarixinin  inkişafında  özünəməxsus  yer  tutur.  O,  yazırdı:  “Mirzə  Kazımbəyin  elmi  fəaliyyətində

Şamilin başçılığı altında dağlıların xalq azadlıq hərəkatına həsr etmiş olduğu tədqiqatları az yer tutmur” (5,s.230). Məhz Heydər

Hüseynovun  öz  kitabında  Mirzə  Kazımbəyin  “Şamil  və  müridizm”  adlı  əsərinin  admı  çəkməsi  onun  Mircəfər  Bağırovun

qəzəbinə düçar olması səbəblərindən biri idi. Akademik Heydər Hüseynovun bu kitabına müsbət  rəy vermiş  Mirzə İbrahimov,

M.A.  Dadaşzadə,  Mehdi  Hüseyn  də  Mircəfər  Bağırovun  məruzəsində  diqqətdən  yayınmadılar.  Halbuki  Heydər  Hüseynov

kitabında  Şeyx  Şamilə,  müridizmə  cəmi  iki  səhifə  yarım yer  vermişdir,  digər  tərəfdən  də  mütəfəkkir  filosof...  Şeyx  Şamil  və

müridizm haqqında Sovet tarixi ədəbiyyatında deyilənlərdən kənara çıxmamışdır (6). Əlbəttə, bu gözlənilməz və dəhşət doğuran

hadisə  Heydər  Hüseynovu  sarsıtmaya  bilməzdi.  Onun  həyatının  ən  ağır  dövrü  başlamışdır.  Bu  dövr  təkcə  akademik  Heydər

Hüseynov  üçün  deyil,  eyni  zamanda  hamı üçün  ağır  və  gözlənilməz  faciələr  dövrü  idi.  Çünki  bu  dövrdə  şəxsiyyətə  pərəstişin

amansız dalğaları gah yatır, gah da tüğyan edirdi. Bütün bunlara baxmayaraq Heydər Hüseynov Mirzə Kazımbəyi ilk dəfə olaraq

böyük  bir  alim,  mütəfəkkir  və  vətənpərvər  ziyalı  kimi  öz  əsərində  tərənnüm  edirdi.  ...Heydər  Hüseynovun  əsərində  ilk  dəfə

olaraq  Azərbaycanın  XIX  əsr  ictimai-siyasi  və  fəlsəfi  fikrin  görkəmli  nümayəndəsi,  rus  şərqşünaslığının  banisi  Mirzə

Kazımbəyin tədqiqatları təhlil olunub (7).

Heydər Hüseynov kitabında Azərbaycan xalqının filosofu və maarifçisi M.F. Axundovun da fəlsəfi və ictimai görüşləri

haqqında məlumat vermişdir. Akademikə görə bütün Şərqdə dramaturgiyanın banisi hesab edilən M.F. Axundovun bilik dairəsi

çox  geniş  olmuşdur.  M.F.  Axundov  yazdığı  bir  sıra  komediya,  hekayə  və  şeirlərindən  başqa,  eyni  zamanda  fəlsəfə,  əxlaq,

siyasət, estetika, pedaqoji və ədəbi tənqid məsələlərinə dair xüsusi əsər və məqalələrin də müəllifidir. H. Hüseynovun fikrincə,

“Mirzə  Fətəli  Axundov  Azərbaycan  ictimai  və  fəlsəfi  fikrinin  inkişafı  tarixində  parlaq  bir  səhifə  açmışdır”(5,  s.268).

Azərbaycanda  fəlsəfi  və  ictimai-  siyasi  fikrin  inkişafı  tarixində  M.F.  Axundovun  rolundan  bəhs  edən  H.  Hüseynov  yazırdı:

“Mirzə  Fətəli  Axundov  Azərbaycan  xalqının  ictimai-siyasi  və  fəlsəfi  fikir  tarixində  müəyyən  mənada  bir  dönüş  əmələ

gətirmişdir,  onun  fəlsəfı  əsərləri  Azərbaycanın  qabaqcıl  adamlarının  fıkir  və  arzularını  məşğul  edən  bütün  əsas  məsələləri

özündə  əks  etdirmişdir”(3,  s.24).  Heydər  Hüseynova  görə  M.F.  Axundovun  dünyagörüşünün  formalaşmasında  Azərbaycanın

mütəfəkkir şairi Mirzə Şəfi Vazehin fəlsəfi fikirləri böyük təsiredici rol oynamışdır. M.F. Axundovun ictimai görüşlərini Heydər

Hüseynov ədib və filosofun yaşadığı dövrünün ictimai, iqtisadi və siyasi şəraiti ilə əlaqədar şəkildə tədqiq etmişdir. Akademikə

görə,  insanın  hüquq  bərabərliyi  məsələsində  Mirzə  Fətəli  Axundov  qadınların  hüquq  bərabərliyi  məsələsinə  daha  çox  diqqət

yetirmişdir.  H.  Hüseynova  görə  Mirzə  Fətəli  Axundov  Azərbaycan  xalqının  maariflənməsini  ən  vacib  məsələ  hesab  etmişdir.

M.F.  Axundovun  Həsən  bəy  Zərdabiyə  yazdığı  məktub  da  buna  əyani  sübutdur.  Heydər  Hüseynov  kitabında  Mirzə  Fətəli

Axundova  həsr  etdiyi  fəsli  bu  sözlərlə  bitirir:  “Mirzə  Fətəli  Axundov  xalqı  bütün  ürəyi  ilə  sevirdi,  o,  həm  də  qızğın  bir

vətənpərvər idi. Azərbaycan xalqının bu görkəmli oğlu öz zəmanəsinin mütərəqqi ideyalarmı öz əsərlərində təcəssüm etdirərək,

həmin əsərlərlə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixində tam bir dövr açmışdır”(5, s.392).

Heydər  Hüseynov  “XIX  əsr  Azərbaycan  ictimai  və  fəlsəfi  fikir  tarixindən”  adlı  kitabında  Azərbaycanda  ictimai  və

fəlsəfi  fikir  tarixində  görkəmli  simalardan  olan,  maarifpərvər  -  demokrat,  təbiətşünas  alim,  “Əkinçi”  adlı  ilk  Azərbaycan

qəzetinin  banisi  və  redaktoru,  Azərbaycan  teatrının  əsasını qoyan,  görkəmli  ictimai  xadim  Həsən  bəy  Məlikov-Zərdabiyə  də

geniş yer vermişdir, Heydər Hüseynov kitabında yazırdı: “Zərdabi Azərbaycan teatrının yaradılması haqqında çox fikirləşdi. O,

tez-tez deyirdi: “Teatr xalqın inkişafı üçün güclü  təkandır”(5,  s.404).  H.B.  Zərdabiyə  görə  hər  bir  xalq  üçün,  onun  inkişafı və

maariflənməsi  üçün  qəzet  zəruridir,  elə  bir  qəzet  ki,  hətta  kəndli  də  onu  oxuya  bilsin.  Qəzet  güzgüdür,  burada  xalq  onun

ətrafında və onunla nə baş verdiyi dəqiq görsün. Qeyd edək ki, Zərdabi Azərbaycan dilində qəzetin nəşr edilməsi üçün uzun illər

sərf  etmiş  və  bütün  çətinliklərə  baxmayaraq  1875-ci  ilin  22  iyulunda  “Əkinçi”  qəzetinin  birinci  saymı  çapdan  çıxartmışdır.

Heydər  Hüseynov  kitabında  bu  barədə  yazırdı:  “Əkinçi”  qəzetinin  nəşr  edilməsinin  bütün  müsəlman  Şərqi  üçün  böyük

əhəmiyyəti  olmuşdur,  qəzet  Rusiyada  yaşayan  bütün  müsəlmanları  hərəkətə  gətirdi.  O,  sanki  elektrik  cərəyanı  kimi  bütün

müsəlman aləmindən keçdi”(5, s.412).

Heydər  Hüseynov  kitabında  Həsən  bəy  Zərdabinin  pedaqoji  və  ədəbi  görüşləri  üzərində  xüsusi  olaraq  dayanmışdır.

Azərbaycanda ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin roluna xüsusi qiymət verən Heydər Hüseynov kitabında yazırdı:

“O, birinci Azərbaycan qəzetinin yaradıcısı, Azərbaycan teatrının banisi, maarifpərvər-demokrat alim və görkəmli ictimai xadim

olduğundan Azərbaycanda ictimai fikrin inkişafına çox böyük təsir göstərmişdir”(5, s.377). Qeyd edək ki, Həsən bəyi əhatə edən

ziyalılar  içərisində  Azərbaycan  mədəniyyətinin  görkəmli  nümayəndələri  yetişmişdir.  Onların  əsərləri  Azərbaycan

dramaturgiyası,  teatr  və  musiqi  tarixində  parlaq  bir  səhifə  açmışdır.  Akademik  Heydər  Hüseynov  Azərbaycanın  qabaqcıl

ziyalıları, maarifpərvər demokratları və ictimai xadimləri  içərisində “Molla Nəsrəddin”  jurnalının  yaradıcısı və  redaktoru  olan

Cəlil Məmmədquluzadənin də Azərbaycanda ictimai fikrin inkişafında böyük rolu olduğunu qeyd edir.

Beləliklə,  Heydər  Hüseynovun  bu  əsəri  təkcə  XIX  əsri  deyil,  xalqımızın  ən  qədim  tarixindən  başlamış  XIX  əsrin



axırınadək  olan  böyük  bir  dövrü  əhatə  etmişdir.  Heydər  Hüseynovun  tələbələrindən  olan  f.  ü.  f.  d.  Sabir  Əsədov  bu  kitab

haqqında yazırdı: “Bu fəsilləri diqqətlə oxuduqdan sonra belə qənaətə gəldim ki, bu kitab təkcə Azərbaycanın fəlsəfi və ictimai

fikir  tarixindən  deyil,  ümumiyyətlə,  xalqın  tarixindən,  onun  mədəniyyətindən  bəhs  edən  sanballı  bir  əsərdir.  Bunu  mən  beş

doktorluq dissertasiyasına bərabər sayıram”(8,s.26).

1950-ci  ilin  22  mart  tarixli  “Literaturnaya  qazeta”  qəzetində  dərc  olunmuş  “Azərbaycanın  görkəmli  mütəfəkkirləri”

adlı məqaləsində  tanınmış rus  alimi  L.  Klimoviç  Heydər  Hüseynovun  kitabı haqqında  yazırdı: “Heydər  Hüseynovun  əsərində

Azərbaycan  xalqının  mədəniyyət  abidələrini  yaratdığını,  ictimai  və  fəlsəfi  fikir  tarixinə  görkəmli  nümayəndələr  bəxş  etdiyi

haqqında qiymətli məlumatlar öz əksini tapmışdır”(7).

Göründüyü  kimi,  akademik  Heydər  Hüseynov  Azərbaycan  fəlsəfi  fikrinin  inkişafında  mühüm  rol  oynamış  və  o,

Azərbaycan fəlsəfəsi tarixinin təbliğində geniş səy göstərmişdir. Xalqın özünüdərk ideyalarından bəhrələnən Heydər Hüseynov

geniş  elmi-fəlsəfi  yaradıcılığı  ılə  1944-cü  ildə  keçmiş  SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  filialında  fəlsəfə  bölməsinin

yaradılmasında  və  1945-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasında  Fəlsəfə  İnstitutunun  açılmasında  mühüm  rol  oynamışdır.

Bütün bunlar Azərbaycanda fəlsəfi fikrin sonrakı inkışafına təkan verən əsas amillər idi.

Beləliklə, Heydər Hüseynovun milli özünüdərk ideyalarından qidalanan və Azərbaycan xalqının fəlsəfi  fıkir tarixinə,

dil və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə aid qiymətli əsərləri Azərbaycan elm xəzinəsinə həmişə mühüm əhəmiyyət kəsb

edən və aktual olan dəyərli bir hədiyyə kimi daxil olmuşdur.



Açar sözlər: ictimai fikir, milli özünüdərk, milli mədəniyyət, milli ədəbiyyat, dövri mətbuat, milli şüur.

İstifadə olunmuş ədəbiyyat

1.

Mahmudov H.Z. Heydər Hüseynov 1908-1950. Biblioqrafiya. Bakı: Az. SSR EA, 1965,46 s.



2.

İbrahimov M. Xalqdan qidalanan fəlsəfi təfəkkür. Kommunist qəzeti, 12 avqust 1989cu il.

3.

Mirzəyeva Ş. Heydər Hüseynov. Bakı: Qızıl Şərq, 1957, 38 s.



4.

Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfı fıkir tarixindən. Bakı: Zəkioğlu, 2006, 544 s.

5.

Гусейнов  Г.  Из  истории  общественной  и  философской  мысли  в  Азербайджане  XIX  века.  Баку: Азернешр, 1958,



430 с.

6.

Mirhadıyev М. Alimin şöhrəti və faciəsi. Kommunist qəzeti, 22 sentyabr 1988-ci il.



7.

Климович JI. Замечательные мыслители Азербайджана. Литературная газета, 22 марта 1950 г.

8.

Əsədov S. Heydər Hüseynov. Bakı: Azərnəşr, 1998,96 s.



Алияр Оруджов

РОЛЬ ГЕЙДАРА ГУСЕЙНОВА В ИСТОРИИ РАЗВИТИЯ ОБЩЕСТВЕННОЙ И ФИЛОСОФСКОЙ

МЫСЛИ АЗЕРБАЙДЖАНА

Резюме

В  статье  исследовано  наследие  ученого,  философа,  публициста,  общественного  деятеля  и  выдающейся

личности  азербайджанской  культуры  XX  века  академика  Гейдара  Гусейнова.  Он  является  основателем  истории

философии  и  общественной  мысли  Азербайджана.  В  научно-философских  трудах  Гейдара  Гусейнова,  пронизанных

идеями  национального  самосознания,  философской  мысли  азербайджанского  народа,  дается  высокая  оценка  его

(народа) языка, культуры, литературы и искусства.



Ключевые  слова:  общественная  мысль,  национальное  самопознание,  национальная  культура,  национальная

литература, периодическая печать, национальное сознание.



Aliyar Orujov

THE ROLE OF HEYDAR HUSEYNOV IN THE HISTORICAL DEVELOPMENT OF THE SOCIAL AND

PHILOSOPHICAL IDEAS IN AZERBAIJAN

Summary

In  the  article  there  was  investigated  and  analysed  the  role  of  the  great  scientist,  philosopher,  public  figure  and

personality of the Azerbaijan culture in the XX th century academician Heydar Huseynov in the historical development of the

social and philosophical thought. The scientist is the founder of philosophy history of Azerbaijan. In the scientific-philosophical

works  of  Heydar  Huseynov  permeated  with  the  ideas  of  national  self-consciousness,  philosophical  thought  of  the  Azerbaijani

people, there is given a high appraisal of their (people) language, culture, literature and art.



Keywords:  public  thought,  national  self-cognition,  national  culture,  national  literature,  periodical  press,  national


consciousness.

Yüklə 65,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə