10
təəssüflə qeyd etməliyik ki, son zamanlar Gürcüstanın bəzi ictimai-siyasi
dairələrində Azərbaycanın ayrılmaz parçası olan şimal-qərb bölgəsinə, həmçinin
David-Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və
üstüörtülü formada iddialar irəli sürülməkdədir. Bu nöqteyi-nəzərdən sözügedən
problemin tarixinin öyrənilməsi həmin iddiaların tutarsızlığının da bariz şəkildə
üzə çıxarılmasına imkan verir.
1918-ci ildən etibarən Zaqatala bölgəsi ilə bilavasitə əlaqədar olan bir
başqa ixtilaf da inkişaf edirdi. Bəlli olduğu kımi, çarizm Qafqazın inzibati-ərazi
bölgüsünü həyata keçirərkən, bir çox hallarda diyarın tarixi, etnokonfessional və
təsərrüfat xüsusiyyətlərini nəzərə almırdı. Ona görə də Azərbaycanın qədim tarixi
vilayətləri rus inzibati idarəçiliyi tərəfindən süni surətdə yaradılmış müxtəlif
quberniyalar arasında «paylaşdırılmışdı». Bu tip inzibati vahidlərin təşkili çox vaxt
çarizmin strateji planlarından irəli gəlirdi: o, Cənubi Qafqazda «etibarsız» hesab
etdiyi müsəlman əhalisinin pay çəkisini və siyasi nüfuzunu əhəmiyyətli dərəcədə
azaltmaqla, və əksinə, regionda xristian elementinin sayını artırmaqla öz siyasi-
sosial dayaqlarını möhkəmləndirməyə can atırdı.
Belə ədalətsizliklə Zaqatala dairəsinin əhalisi də üzləşmişdi: yerli
təsərrüfat xüsusiyyətlərinə məhəl qoyulmadan inzibati sərhədlərin ixtiyari
(özbaşına) təsbiti nəticəsində Car-Balakən camaatlıqlarına və İlisu sultanlığına
məxsus nəhəng torpaq massivləri Tiflis quberniyasının Sığnaq qəzasına daxil
edilmiş, yaxud da inzibati və ya təsərrüfat baxımından həmin quberniyanın
müvafiq təsisatlarının sərəncamına verilmişdi.
Çarizmin bu «inzibati xətası» 1918-ci ildə böyük siyasi anlam kəsb etdi:
Gürcüstan Zaqatala kəndlilərinin əsrlər boyu sahib olduqları şumluqları, örüşləri,
biçənəkləri, meşələri özününküləşdirməyə başladı. Yeni «status kvo»nun rəsmi
təsbiti və zaqatalalıların mübahisəli ərazilərdən sıxışdırılıb çıxarılması isə artıq
regionun sovetləşməsindən sonraya - 20-30-cu illərə təsadüf edirdi.
Azərbaycan
tarixçilərinin qarşısında hal-hazırda duran mühüm
vəzifələrdən biri də sanballı elmi-metodoloji bazaya istinad edən Vətən tarixinin və
tarixi coğrafiyasının işlənib hazırlanmasıdır: bu zaman son iki yüz ildə Şimali
Azərbaycandan qopardılmış iri tarixi vilayətlərlə yanaşı, müxtəlif bölgələrimizin
miqyas etibarı ilə daha kiçik, fəqət bundan önəmi heç də əksilməyən çoxsaylı
torpaq sahələrinin qonşularımız tərəfindən mənilsənilməsi tarixinin araşdırılması
həm elmi-tədqiqat, həm də elmi-praktiki cəhətdən əhəmiyyət və aktuallıq kəsb
edir.
Beləliklə, əsərdə Azərbaycan-Gürcüstan münasibətləri kontekstində
«Zaqatala məsələsi» kimi işarələdiyimiz ərazi və etnososial səciyyəli münaqişənin
tədqiqi nəzərdə tutulmuşdur. Bu zaman sözügedən problemin iki süjet xətti qeyd
olunmalıdır: 1) Zaqatala dairəsinə Gürcüstanın iddiası (mahalın siyasi
mənsubiyyəti mübahisə predmeti kimi), 2) Zaqatala kənd icmalarının «Çiaur meşə
11
məntəqəsi» adlanan ərazidə (indiki Laqodex rayonu) və Şirək çölündə - Alazanyanı
vadidə olan torpaq sahələri mübahisə predmeti kimi.
Bəhs etdiyimiz münaqişə xronoloji baxımdan mahiyyətcə bir-birindən
fərqlənən iki dövrə ayrılır: regionun sovetləşməsinədək və ondan sonrakı dövrlər.
Yeri gəlmişkən, tədqiqatın xronoloji çərçivəsi kimi 1917-1930-cu illərin
əvvəllərinin seçilməsi təsadüfi deyildir: «Zaqatala məsələsi» kimi işarələdiyimiz
konfliktoloji problem, yuxarıda qeyd etdiyimiz kimi, məhz 1917-ci ildən Rusiya
məkanını çulğalamış arxitektonik səciyyəli və miqyaslı proseslər nəticəsində
aktuallıq kəsb etmişdi.
Cənubi Qafqazın sovetləşməsindən sonra, 1921-ci ilin iyulun 5-də
imzalanmış N.Nərimanov-F.Maxaradze sazişi ilə Gürcüstan Zaqatala mahalına
olan iddialarından rəsmən imtina etdi: hərçənd sonralar, ələlxüsus da 40-cı illərdə
gürcü tərəfi məsələyə yenidən baxılmasına cəhdlər etmişdi.
Tədqiqatın xronoloji cəhətdən 30-cu illərin əvvəllərinədək izlənilməsi
məntiqi münaqişənin «mübahisəli torpaq sahələri» adlandırdığımız süjet xəttinin
inkişafından irəli gəlirdi. Məsələ ondadır ki, Cənubi Qafqaz Şuraları Mərkəzi
İcraiyyə Komitəsinin Rəyasət Heyəti 1925-ci ildə «mübahisəli sahələrin»
Gürcüstana verilməsi haqqında qərar çıxarsa da, məsələ ilə bağlı diskussiyalar,
müzakirələr, həmçinin münaqişə ocağında gərginlik bütün 20-ci illər boyu davam
etmişdi. Yalnız 30-cu ilin əvvəllərində Cənubi Qafqazın ali hakimiyyət orqanları
məsələyə dair müzakirələrə son qoymuş və həmin ərazilərin Gürcüstan tərkibində
saxlanılması haqqında qəti qərar qəbul etmişdi.
İlk növbədə qeyd etməliyik ki, Azərbaycan tarixşünaslığında sözügedən
mövzuya, ələlxüsus da «mübahisəli torpaqlar» adlandırdığımız məsələyə həsr
olunmuş xüsusi elmi iş yoxdur, hərçənd mövzunun ayrı-ayrı aspekt və süjetləri
tədqiqatçıların diqqətini cəlb etmişdir. Məsələn, Azərbaycanın müvafiq olaraq
1918-1920-ci və 1920-1922-ci illərdə xarici siyasətini və beynəlxalq vəziyyətini
araşdıran N.Nəsibzadənin və M.Qasımovun monoqrafiyalarının Gürcüstanla müna-
sibətlərdən bəhs edən xüsusi bölmələrində Zaqatala mahalına dair gürcü iddialarına
da toxunulur.
1
Fəqət onların sözügedən süjet haqqında təhkiyəsi qarşılarına
qoyduqları tədqiqat vəzifəsi səbəbi ilə fraqmentar və müəyyən mənada səthi
xarakter daşıyır. Elmi planda bu əsərlərdə güclü ideoloji meyil duyulur.
Bu yaxınlarda Moskvada R.S.Mustafazədinin 1918-1922-ci illərdə
Azərbaycan-Rusiya münasibətlərini araşdıran əsəri işıq üzü görmüşdür.
2
Monoqrafiyanın aprel çevrilişi sonrası regionda təşəkkül tapmış mürəkkəb xarici-
siyasi durumdan bəhs edən bölümündə müəllif «Zaqatala məsələsinə» də
toxunmuşdur. Müəllif Rusiya arxivlərindən məsələyə dair bu çağadək istifadə
edilməmiş və ya az bəlli olan materialları elmi dövriyyəyə cəlb etmişdir. Onun
gətirdiyi materiallar Azərbaycanın sovetləşməsindən sonra Zaqatala mahalının
mənsubiyyəti məsələsinin aktuallaşmasının müəyyən aspektlərini aydınlaşdırmağa
imkan verir.
Dostları ilə paylaş: |