77
onun qoyulması üçün zəruri olan şəraiti dəqiq təsəvvür etməlidir.
Tədqiqatçının nəzəriyyəni və təcrübəni təhlil etmək əsasında müs-
təqil problemin qoyuluşuna gəlib çıxması məntiqi cəhətdən özünü
doğruldur. Bəzən tədqiqatın problemini fəaliyyətindəki problem
şəraitin təhlilinə əsasən müəllif özü formalaşdırır. Belə problemlər
çox vaxt nəzəri olur. Bu, praktik pedaqoqun – müəllimin araşdırılan
problemin nəzəriyyəsini dərindən bilməməsi üzündən baş verir.
Belə halda problem özünün nəzəri mahiyyətini itirir və praktik mə-
sələyə çevrilir. Təlimin metodikası üzrə tədqiqatların bir çoxu elə
bu səbəbə görə lazımi səviyyədə sonuclanmamış qalır. Konkret di-
daktik vəzifələrin həlli üçün tədqiqatlarda məlum nəzəri məsələlərin
tətbiqinin yolları və vasitələri ilə məhdudlaşdırmaq da qanunauyğun
hal deyil .
Tədqiqat işinin girişində, adətən, qarışdırılan məsələlərdən
biri tədqiqatın obyekti və predmetidir. “Obyekt” latın sözüdür,
mənası “yer”, məkan” ”proses”, “hal” “predmet” deməkdir. A.Smitə
görə, obyekt – konkret dərk edilən predmet, vahidlik və ya mövcud-
luqdur. Obyektin konkret funksiyası və fəliyyət dairəsi vardır. Elm
üçün mütləq onun elmi sərhədləri olmalıdır.
Obyekt bizdən kənarda və bizim şüurumuzdan asılı olmayaraq
mövcud olan xarici aləmdir. Pedaqoji gerçəklik bu böyük obyektin
bir hissəsidir. Bu hissəni – predmeti pedaqogika elmi öyrənir.
Azərbaycan dilindəki bəzi pedaqogika üzrə dərslik və dərs vəsaitlə-
rində yanlış olaraq “predmet” anlayışını “mövzu” anlayışı ilə eyni-
ləşdirirlər. Halbuki “predmet” və “mövzu” eyni tutuma malik anla-
yışlar deyildir. Pedaqogika üzrə tədqiqatlarda buraxılan ənənəvi
səhvlərdən biri budur. Odur ki, elmi tədqiqatların predmeti dedikdə,
pedaqoji varlıq başa düşülməlidir. Bu həm nəzəri, həm də tarixi
mövzuların tədqiqinə aiddir. Tədqiqatın mövzusu dedikdə isə,
həmin pedaqoji varlıqdakı çoxsaylı komponentlərdən biri (tədqiq
etmək istənilən komponent, mövzu) nəzərdə tutulmalıdır.
Professor Y.Ş.Kərimov göstərir ki, obyekt idrak nəzəriyyəsin-
də dərk edilən subyektdən asılı olmayan, onun idrak fəaliyyətinə
qarşı duran proses, hadisədir. Eyni obyekt başqa mövzuya, hətta
başqa elmə də aid ola bilər. Obyekt xüsusi şəraitdə təlim, tərbiyə,
inkişaf prosesi, yeni təhsil sisteminin yaranması, şəxsiyyətin forma-
78
laşdırılması prosesidir. Tədqiqatın predmetinin köməyi ilə tədqiqat-
çı xüsusi cəhdlə öyrənməli olduğu obyektin əlamətlərini, başlıcası,
daha əhəmiyyətli olanı ayırmaqla bütövlükdə obyekti dərk edir, ona
münasibəti qeydə alır. Eyni obyekt müxtəlif tədqiqatların problemi
ola bilməz. Ona görə də predmet ancaq öyrənilməsi vacib olan ele-
mentləri əhatə edir. Predmetdə axtarışın vəzifəsi, sərhədləri, onların
müvafiq vasitələrlə, metod və priyomlarla həlli əhatə edilir .
Tədqiqatın məqsədində onun ümumi və aralıq nəticələri, əldə
ediləcək nailiyyətlər haqqında təsəvvür əsaslandırılır. Məqsəd ob-
yekt və predmetə əsaslanmalıdır. Məqsəddə tədqiqatın ümumi ide-
yası dəqiq və lakonik şəkildə formalaşır. Məqsəd bilavasitə prob-
lemlə bağlı olur, ondan irəli gəlir, lakin onları eyniləşdirmək olmaz.
Bəzən dissertasiyanın elmi nəticəsi əvəzinə yeni elmi bilik nəzərdə
tutulur, bununla da məqsəd dəqiq olmur.
Tədqiqatın vəzifələri onun məqsədinə xidmət edir. Təsadüfi
deyildir ki, psixoloqlar məqsəd və vəzifəni vəhdətdə götürürlər. Və-
zifə, əslində, konkret şəraitdə yerinə yetirilən məqsəddir. Tədqiqatçı
məqsədə nail olmaq üçün tədqiqatın məntiqini qeyd etməklə nə et-
məyin lazım olması haqqında təsəvvür yaradan xüsusi tədqiqat vəzi-
fələrini formalaşdırır. Hər hansı məqsədə xidmət edən bir neçə
vəzifə nəzərdə tutulur. Vəzifələr məqsədin məzmununu, mahiyyəti-
ni dəqiq təsəvvür etməyə imkan verir.
Tədqiqatın fərziyyəsi mahiyyəti bilinməyən, elmi güman,
ehtimal olub, elmi biliklərin inkişafının, nəzəriyyənin, struktur ele-
mentlərinin metodlarından, təkliflərindən biridir. Fərziyyə tədqi-
qatın qarşısında qoyulmuş məqsədə hansı yolla çatmağın gümanını
qurur. Fərziyyədə irəli sürülən ehtimal nəzəri təhlil, daha çox eks-
perimentin köməyi ilə yoxlanır. Eksperiment fərziyyəni ya təsdiq
edir, ya da ehtimalı inkar edir. Belə olduqda yeni fərziyyə irəli
sürülür. Dəqiq fərziyyə tədqiqatın gedişini, nəticəsini görməyə və
qaydaya salmağa imkan verir.
Bəzən tədqiq olunan hadisənin müxtəlif cəhətlərini əhatə edən
çox variantlı fərziyyə formalaşdırılmalı olur. Bununla tədqiqatçı öz
işini zənginləşdirir, öz mövqeyini möhkəmləndirir.
Tədqiqat işində irəli sürülən müddəalar bir növ onun
predmetinə uyğun gəlir. Mövzudan asılı olaraq müdafiəyə prinsip-
79
lər, tələblər, nəyinsə elimi cəhətdən əsaslandırılması, nəyinsə varlı-
ğının şəraiti, nəyinsə mexanizmi, nəyinsə səmərəliliyinin meyarları,
model, sxem, metodlar, priyomlar, vasitələr və s. belə müddəalar
təqdim olunur. Müdafiəyə təqdim olunan müddəalar hamını düşün-
dürən, işlənməsi gözlənilən məsələlər olmalıdır.
Müdafiəyə çıxarılan müddəalar həmin mövzuda tədqiqatın
aparılması zərurətindən, pedaqoji ictimaiyyəti, təhsili narahat edən
problemlərin sadalanmasının vacibliyi ilə səsləşməlidir.
Hər bir tədqiqatın uğuru onun metodologiyasının düzgün
müəyyənləşdirilməsindən asılıdır. Adətən, təhsil konsepsiyası, təhsil
qanunu, hökumətin təhsil, gənc nəslin tərbiyəsi haqqında qərar və
sərəncamları, dialektik materialist fəlsəfə, idrak nəzəriyyəsi, gör-
kəmli nəzəriyyəçi pedaqoq və psixoloqların fikirləri tədqiqatın
fundamental əsasları hesab edilir.
Hər hansı ciddi tədqiqat elmi yeniliklə nəticələnir. Yeniliyin
dərəcəsi, dəyəri müxtəlif səviyyədə ola bilər. Yenilik yığcam şəkil-
də nəticədə öz əksini tapır. Bir çox hallarda tədqiqatın elmi yenili-
yini nəzəri əhəmiyyətlə eyniləşdirirlər. Elmi yenilikdən fərqli olaraq
nəzəri əhəmiyyət elmi yeniliyin yerini, elmin inkişafında onun
dəyərini göstərir. Nəzəri əhəmiyyət dedikdə, tədqiqatın nəticələrinin
mövcud konsepsiyaya, pedaqoji nəzəriyyəyə təsir göstərən nəzəri
təsəvvürlər başa düşülür. Nəzəri əhəmiyyət elmi yeniliklə bilavasitə
pedaqoji prosesin mahiyyəti və qanunauyğunluqları ilə, nəticənin
sübut və perspektivliyi ilə əlaqədar olub həmin məsələlərin tədris
təcrübəsində tətbiqi ilə əlaqədar olur, ideyanın doğruluğu haqqında
mühakimə yürütməyə imkan verir. Əslində tədqiqatın nəzəri
əhəmiyyəti onun elmi yeniliyində və nəticəsində öz əksini tapır.
Tədqiqatın nəticələrində onun tətbiqinin pedaqoji təcrübəyə nə
verəcəyi, təlim-tərbiyənin keyfiyyətinin yüksəlməsində nə kimi rol
oynayacağı təsvir edilir. Yeniliyin tətbiqi sahəsi, dairəsi, verə biləcəyi
fayda, sosial-iqtisadi səmərə onun əhəmiyyətini dəyərləndirir.
Tədqiqatın məntiqi və dinamikası bir sıra mərhələlərin həyata
keçirilməsini nəzərdə tutur: empirik, hipotetik (fərziyyə), eksperi-
mental-nəzəri (və ya nəzəri), proqnostik.
Empirik mərhələdə tədqiqatın mövzusu barədə təsəvvür alınır,
real təhsil praktikası, elmi biliklərin səviyyəsi ilə hadisələrin
Dostları ilə paylaş: |