Aqşin Babayev_______________________________________________
202
öz Şirininə qovuşandan sonra hiss edir ki, xoşbəxt deyil. Şirinə deyir : “Bir
tək qaya qalıb. Onu da parçalayacağam. ... Məni yenə illərlə
görməyəcəksən. Alnımdakı qırışlar gözlərimin, dodaqlarımın uclarına
enəcək... Qocalacağam”. Fərhadın xalq yolunda çarpışması onun həyat
amalı idi.
Nazim Hikmət də ömrünün sonuna qədər bu məqsədlə yaşadı.
Əqidəsindən dönmədi.
...Qürbətdə yaşayanlar üçün vətənin nə demək olduğunu izah etməyə
ehtiyac yoxdur. Nazim Türkiyə yadına düşəndə ( yadından çıxırdı ki?..)
gilə-gilə əriyirdi. “Məmləkətim” şeiri buna ən yaxşı misaldır. Şeir çox
lakonik və mənalıdır. Şair məmləkətindən bir nişanə axtarır. Tapa bilmir.
Türkiyənin yollarını daşımış ayaqqabıları yoxdur artıq, Şile bezindən olan
son köynəyi də kürəyində paralanıb, özü də çoxdan... Bəs indi vətən hansı
nişanələrdə yaşayır? Şair belə mənalandırır duyğularını:
Sen şimdi yalnız saçımın akında
İnfarktında yüreğimin,
Alnımın cizgilerindesin Memleketim,
Memleketim,
Memleketim...
Bu şeirin Nazim səsindən lent yazısı var məndə. Onu sakit dinləmək
olmur... Ömrünün son aylarında çox həsrətli idi Nazim. Bu həsrət də onu
özü ilə apardı. Ölümünü isə zaman-zaman boğula-boğula, nəfəsi təngiyə-
təngiyə deyirdi: “Məni burda qoymayın, aparın bir yerə. Ölmək istəmirəm.
Ölmək istəmirəm”. “Vəsiyyət”ini isə çoxdan yazmışdı.
Tez-tez Azərbaycana, Bakıya can atırdı Nazim. O, Azərbaycana sıx
tellərlə bağlı sənətkardı. Mikayıl Rəfili, Səməd Vurğun, Süleyman Rüstəm,
_______________________________________________
Nazim Hikmət qalaktikası
203
Rəsul Rza, Nigar Rəfibəyli N.Hikmətin candan bağlandığı qələm
sahiblərimizdi. Sonrakı illərdə bu əlaqələr daha da möhkəmləndi və
genişləndi. Sonuncu dəfə Moskvaya gələndən sonra N.Hikmət bizim Əkbər
Babayevlə yaxın dost oldu. Əkbər onun tədqiqatçısı, tərcüməçisi idi. 1961
və 1963-cü illərdə Bakıda N. Hikmətin ikicildliyi nəşr olundu. Birinci
cilddə onun şeir və poemaları, ikinci cilddə isə pyesləri toplanmışdı.
Teatr səhnələrimizdə Nazimin pyesləri tamaşaya qoyulurdu: “Kəllə”,
“Türkiyədə”, “Qəribə adam”, “Şöhrət və ya unudulan adam”, “Damoklın
qılıncı” və s. Həmin pyeslərə musiqilər yazıldı, rəsmlər çəkildi. Ən böyük
sənət qələbəsi isə Arif Məlikovun oldu. Nazim Hikmətin “Bir aşq masalı”
pyesi əsasında Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini yaratdı.
Azərbaycanda Nazim Hikmət yaradıcılığı ilə bağlı sanballı elmi
tədqiqat işləri də yazılmışdır. Azər Abdullanın namizədlik dissertasiyası
N.Hikmət irsinin öyrənilməsi, onun Azərbaycanla əlaqəsi sahəsində
qiymətli əsərdir. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun türk filologiyası şöbəsinin əməkdaşı, tanınmış tənqidçi və
ədəbiyyatşünas Qadir İsmayılın da Nazimlə bağlı dəyərli tədqiqat işləri var.
Uzun illər Moskvada yaşamış, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
institunun baş elmi işçisi olmuş, həmyerlimiz Tofiq Məlikli N.Hikmət
poeziyasının tədqiqi sahəsində xidmətləri olan alimimizdir.
Bundan başqa, türkşünas və ədəbiyyatşünaslarımızın N.Hikmətə həsr
olunmuş yüzlərlə maraqlı elmi əsər, məqalə və xatirələri nəşr olunub.
Tədqiqatçı-filosof Aytən Babayeva N.Hikmətin fəlsəfi görüşlərinə
həsr olunmuş dissertasiya müdafiə edib, bu mövzuda monoqrafiya çap
etdirib. Amma bütün bunlar, azdır, əlbəttə. Hələ N.Hikmətin nəsri sanballı
şəkildə öyrənilməyib. Bolqarıstanda şairin səkkizcildliyi buraxıldığı halda,
Aqşin Babayev_______________________________________________
204
Azərbaycanda bu sahədə çox az iş görülüb. Nazimin bir sıra pyesləri də
hələ Azərbaycanda səhnəyə qoyulmayıb. Nazim haqqında Əkbər
Babayevin Moskvada rus dilində nəşr etdirdiyi kitabların da heç biri
Bakıda Azərbaycan dilində işıq üzü görməyib.
Yeri gəlmişkən, N.Hikmət yaradıcılığının, ümumiyyətlə, türk
ədəbiyyatının tədqiqi və təbliği ilə əlaqədar bir məsələni də qeyd etmək
istəyirəm. Ayrı-ayrı nəşrlərdə, habelə mətbuatda N.Hikmət müxtəlif yönləri
ilə təhlil edilir. Çox təəssüf ki, bəzən türk ədəbiyyatını, o cümlədən Nazim
Hikmət poeziyasını, dramaturgiyasını, nəsrini yaxşı bilməyənlər də
mətbuatda çıxış edir və səhvlərə yol verilir. Bəzən mətbuatımızda türk
ədəbiyyatının görkəmli nümayəndələrinin adları da səhv yazılır, türk
romanları naşı tərcüməçilərə tapşırılır və s. Bütün bunları deməkdə
məqsədim odur ki, bizə çox yaxın olan və illərlə həsrət qaldığımız bir
ölkənin – qardaş Türkiyənin ədəbiyyatını xalqımıza yüksək səviyyədə
təqdim etmək bizim milli borcumuzdur. N.Hikmətin həyatı, əsərlərinin
yazılma tarixi, qəzet və jurnallarda çap olunan fotoşəkillərin mətnaltı
sözlərinin dəqiqliyi kimi məsələlərə diqqət yetirməliyik.
Belə diqqətsizlik türk, Moskva nəşriyyat və mətbuatında da olur. Bu
yaxınlarda bir türk qəzetində N.Hikmətə həsr olunmuş bir xatirə nəzərimi
cəlb etdi. Şəkil də verilmişdi. Həmin şəklin bir nüsxəsi məndə də var.
1957- ci ildə Azərbaycan Dövlət Universitetində çəkilmişdi. Amma şəklin
altında belə yazılmışdı: “N. Hikmət Misirdə, Qahirə universitetində”. Və
yaxud, Moskvanın “Nauka” nəşriyyatı 1990-cı ildə çapdan buraxdığı
“Türkiyə Respublikası” adlı kitabda. N.Hikmətin “Romantika” əsərinin
yazılma tarixini 1964-cü il kimi qeyd edib. Halbuki, N.Hikmət o vaxt
həyatda yox idi. Belə qüsurlar təəssüf ki, bizim tədqiqat işlərimizdə,
yazılarımızda da az deyil.
Dostları ilə paylaş: |