56
bilimsəl sistemini daim sağlam tutmağı, o normaları dərin və sarsılmaz özüllər üzərində
biçimləndirməyi tələb edir.
Təbii ki, imla normaları təsadüfi istəklərlə və ya kimlərinsə şəxsi iradələri ilə
düzənlənməz, tərsinə, dilin sistemindən və var olan özəlliklərindən irəli gələn bəlli ilkələrə
söykənilməklə ortaya qoyular. Öz önəmi ilə seçilən ayrı-ayrı təsadüfi istək və şəxsi iradələrin
isə yalnız bu ilkələrlə uzlaşan, onlara tam uyğun gələn bəlli bir dəyərli qismi qəbul edilə
bilər. Başqa sözlə, imla normaları necə gəldi yox, yönləndirici özül rolu oynayan bəlli ilkələrə
uyğunluq əsasında və sistemli bir biçimdə yaranar. İmla normaları üçün yönləndirici özül rolu
oynayan bu ilkələr dilçilikdə
orfoqrafiya ilkələri (prinsipləri) adlanır. Uzmanlar göstərir ki,
hər bir dilin imla normaları o dilin var olan dil birimlərinin orfoqrafiya ilkələri ilə uzlaşması
əsasında bəlirlənər.
Adətən, imla normalarının uzlaşdığı orfoqrafiya ilkələri birdən çox olar və bir dilin
orfoqrafiya ilkələri başqa dilin orfoqrafiya ilkələri ilə tam eyniləşməz. Başqa sözlə,
orfoqrafiya ilkələri hər dil üçün özümlüdür və dillər arasında uzlaşılacaq ilkələrin sayına görə,
bu ilkələrin önəmlilik baxımından sıralanmasına görə, imla normalarının düzənlənməsində
oynadığı rola görə vb. yönlərdən çeşidli fərqliliklər vardır.
Azərbaycan türkcəsi ədəbi dilində imla normalarının düzənlənməsi daha çox üç ilkə
üzrə özünü göstərməkdədir:
fonetik ilkə, morfoloji ilkə və tarixi-gələnəksəl ilkə.
Fonetik ilkə sözün deyildiyi kimi də yazılması üzərində qurulmuşdur və Azərbaycan
türkcəsi ədəbi dilində imla normaları daha çox fonetik ilkəyə söykənilməklə
düzənlənməkdədir. Özəlliklə, dilimizdə önəmli bir yer tutan təkhecalı sözlərin böyük
çoxunluğu məhz fonetik ilkə əsasında deyildiyi kimi də yazılmaqdadır. Örnəyin: ac, aç, ad,
ağ, ax-, al, an, an-, as-, aş, at, ay, az, bu, de, ev, ək-, əl, ən, ər, əs-, ət, əy-, iç, iç-, il, ip, iş, it,
iy, iz, qu, od, ox, ol-, on, ot, oy-, öc, öd, öl-, ön, öz, uc, uç, ud-, un, üç, ün, üt-, üz, üz-, bal,
baş, bat-, biz, bir, çax-, çal-, çan, çap-, çaş-, çay, dad-, dağ, dal, dam, dan, dar, daş, day, daz,
diz, don, dor, doy-, döl, döş, döy-, döz-, dul, dur-, duy-, duz, qar, qaz, qız, mən, min, sən, siz
vb.
Buraya ahəng qanununa uyan iki, üç və daha çox hecalı sözlərimizin olduqca böyük bir
bölümünün də deyildiyi kimi yazılmasını artırsaq, Azərbaycan türkcəsi ədəbi dili üçün
düzgün yazı qaydalarının bəlirlənməsində fonetik ilkənin tam aparıcı olması ortaya çıxar.
Ancaq nə qədər aparıcı olur-olsun, unutmayaq ki, fonetik ilkənin açıq yönləri də var və bu
açıq yönlərdən imla normalarımıza zərbələr də dəyir. Özəlliklə, fonetik ilkə ədəbi dilin orta
dirəyi olan standartlaşdırılma və normaya çevrilmə anlayışının yıpradılmasına bir sıra
durumlarda əngəl ola və fərqli ləhcə deyilişlərinin yazıya gətirilməsinin qarşısını tam ala