Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Böyük Türk mücahidi Zəki Vəlidi Toğan



Yüklə 2,55 Mb.
səhifə36/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
A Mədətoğlu-Turkculər

Zəki Vəlidi Toğan
2.13. Böyük Türk mücahidi Zəki Vəlidi Toğan

Zəki Vəlidi Toğan! Bu ad bugünkü Azərbaycan cəmiyyəti üçün o qədər də tanış deyil. Fəqət dünya elmi ictimaiyyəti özü bir tarix olan bu böyük siyasi və elm fədaisini çox yaxşı tanıyır. Öz mənalı həyatını çar Rusiyasının zülmü altında inləyən Türk millətinin bağımsızlığına, yüksəlişinə həsr edən bu böyük Türk mücahidi həm qələmi, həm də silahı ilə Türklüyə xidmət etmiş, Türk xalqlarının qəlbində əbədi yer tutmuşdur.


Bütün keşməkeşli həyatını Rusiya imperiyası tərkibində olan paramparça edilmiş Türk xalqlarının mücadiləsinə, onların tarixinə, etnoqrafiyasına, folkloruna, fəlsəfəsinə həsr etmiş bu böyük mücahidi Türklərlə bağlı 4 yüzə yaxın elmi əsər və məqaləsi ilə də dünya tarix elmində fenomenal bir şəxsiyyət imici qazanmışdır. Onun səksən illik təlatümlü həyatının özü bir tatixdir.
Əhməd Zəki Vəlidi Toğan 10 dekabr 1890-cı ildə Basqurdustanda Güzən kəndində anadan olmuş, ilk təhsilini atası Vəlid bəyin mədrəsəsində almış, sonra Həbib Nəccarın Ütəkdəki mədrəsəsində davam etdirmiş, daha sonra Qasımiyyə mədrəsisini bitirərək, 1909-1910-cu illərdə həmin mədrəsədə Türk tarixi və ərəb ədəbiyyatı tarixi müəllimi işləmişdir. O dövrdə “Türk və Tatar tarixi adlı əsər yazaraq Qazan Universitetinin Tarix və Arxeologiya Cəmiyyətinə üzv seçilmişdir. 1914-cü ildə Ufaya dəvət edilərək Osmaniyyə mədrəsəsində Türk tarixi və Türk qövmlərinin ədəbiyyat tarixindən dərs demiş və Ufadan da Dumaya deputat seçilərək 1915-ci ildən başlayaraq, 11 il siyasi fəaliyyətlə məşğul olmuşdur. Nəhayət, dünyanın müxtəlif yerlərində və xüsusilə Türk Cümhuriyyətində ömrünün sonuna qədər – 1970-ci ilə qədər elmlə və müəllimliklə məşğul olmuşdur. Bu böyük Türk mücahidi və elm fədaisi 1970-ci ildə 80 yaşında İstanbulda haqq dünyasına qovuşmüşdür. Tanrı rəhmət eləsin. Ruhu şad olsun.
Zəki Vəlidinin qəribə bir həyat hekayəsi vardır. Onun gündəlik həyatı belə öz millətinin, yəni Türklərin qurtuluşuna həsr olunub. Bu fəaliyyəti sonda onu bir Qazi səviyyəsinə yüksəltmişdir. O, bütün mənalı həyatını Türklüyün istiqbalına həsr etmişdir. Öz millətinə bağlılığı onu sosialistlərin nəzərində bir Basqurd milliyyətçisi kimi tanıtmışdı. Öz millətinin azadlığı uğrunda mübarizədə o siyasi fəaliyyətlə yanaşı, silahlı mübarizə də aparmışdı.
Yaşadığı bu illər ərzində Plexanovla görüşən Zəki Vəlidi ondan bolşeviklər, o cümlədən də Lenin haqqında ilkin müfəssəl məlumatlar aldı. Sonralar bolşevik, eser və kadetlərin siyasi liderləri ilə yaxından tanış olan Zəki Vəlidi onların iç üzünə daha yaxından bələd olur. İlk öncə Sosial Revolisioner Partiyasının (Es-Erlərin) rəhbəri və nəzəriyyəçisi, Kerenski hökumətində Kənd Təsərrüfatı Naziri, Marksın “Kapital” əsərinə alternativ olaraq yazdığı “Konstruktiv Sosializm” kitabının müəllifi, o zamankı Rusiyada ən nüfuzlu “Delo Naroda” qəzetinin baş yazarı Viktor Çernov ilə Peterburqda görüşən Zəki Vəlidi “Xatirələr”ində qeyd edir ki: Bu binaların “bizə verilməsinin xalqımızın nəzərində əhəmiyyəti böyük idi. Bu Basqurdların qəsb olunmuş haqlarının qaytarılmasının başlanğıcı idi... Bu iş (Basqurdlara aid tarixi binaların qaytarılması – A.M.) bizə yapdığı bir yaxşılıq idi”.
Bu bina və ərazilər Basqurdların milli mücadiləsində çox işlərə yaradı.
Daha sonra Kerenski hökuməti devrilib yerinə bolşeviklər gəldikdən sonra da bolşeviklər tərəfindən talan və yağma edilən Başqurd kəndlərinin bərpası üçün Başqurdların könlünü almaq və xüsusilə öz siyasi planlarını həyata keçirmək üçün Sovet Vəkillər heyətinin təqdim etdiyi rəy əsasında Lenin və Stalin avans olaraq Başqurdlara yüz əlli milyon rubl verməyi və daha sonra əlavə kömək də ediləcəyi haqqında qərar qəbul etdilər. Ardınca da Başqurdları içəridən dağıtmağa, “Kommunist hücrələri”, “Füqəra komitələri” yaratmağa xidmət edən bu qərarlar və onların icrası Lenin və Stalinin gizli agentlərinin səyi nəticəsində həyata keçdi.
Peterburqda vəziyyət gərginləşəndə Ağ qvardiya generalı Yudeniçə qarşı vuruşmaq üçün Lenin, Stalin və Trotski Zəki Vəlidiyə müraciət edərək, mütləq bir piyada və bir süvari Başqurd alayı göndərməyi tələb edirlər. Hətta Lenin Başqurdların bolşevik inqilabına sədaqətinin bununla ölçüləcəyini Zəki Vəlidiyə xüsusi olaraq bildirir. Zəki Vəlidi müqaviləyə sadiq qalaraq, hər iki alayı tam hazır vəziyyətə gətirdikdən sonra Peterburqa göndərir və özü də orduya yardım məqsədi ilə bir neçə vaqon ərzaq yüklədərək qatarla Peterburqa gəlir. Trotskinin əmri ilə Ukrayna cəbhəsindən də iki piyada və iki Başqurd alayı Pskov cəbhəsinə və Peterburqa göndərilir. Bu döyüşdə Yudeniçə qarşı on bir minlik Başqurd alayı misilsiz qəhrəmanlıqlar göstərir. Yudeniç üzərindəki qələbədən sonra Başqurd alaylarından qorxuya düşən və onların bir gün silahlarını sovetlərə qarşı çevirəcəklərindən ehtiyat edən bolşevik rəhbərləri onların bir qismini Novqorod vilayətindəki Muravyev Qışlasına göndərərək Başqurd ordusunu parçalayırlar.
Bu dövrdə Peterburqda aclıq olduğundan, Zəki Vəlidi gətirdiyi ərzaqdan məşhur alim, professor Samayloviçə, şərqşünas alimlərdən akademik Bartolda, Kraçkovskiyə, Vladimirçevə, Rozenberqə verir və onları aclıq bəlasından xilas edir. Zəki Vəlidi “Xatirələr”ində bu haqda yazır: “Bunun üçün bu alimlər mənə ömürlərinin sonuna qədər minnətdarlıq etdilər. Bunu akademik Bartold 1926-cı ildə İstanbulda olduğu zaman açıqca söyləyirdi”.
Peterburqda bu dəfəki gəlişində Zəki Vəlidi Stalinlə kəskin ziddiyyətdə olan Kominternin rəhbəri Zinoyev və bir çox sovet komandanları ilə görüşür. Bu görüş əsnasında Zəki Vəlidi Başqurdustanın ehtiyaclarını ödəmək üçün Peterburqda çox olan elmi və tibbi ləvazimat, mətbəə və yazı makinaları, mehmanxana təsisatları, inşaat avadanlıqları, kitablar, elmi kadrlar istəyir və bu istəyinə nail olur. Bir çox mütəxəssislə yanaşı, ərzaq gətirdiyi vaqonları da əldə etdiyi ləvazimatlarla doldurub Başqurdustana yola salır. O dövrdə Başqurdustan Muxtar Cümhuriyyətinin patyaxtı olan İstərlitamaqda bir ali məktəb və bir tibb məktəbi açdıraraq orada işləmək üçün professor və müəllimlər cəlb etməyə nail olur.
Bolşevik rəhbərlərinin gizli planları, Lenin və Stalinin Başqurd ordusunu səpələyib başqa ordu bölmələrinə qatma əmri vəziyyəti daha da gərginləşdirir. Bolşeviklər gücləndikcə Başqurdlarla olan müqavilənin şərtlərini pozmağa başlayırlar. Bu arada Buxara əmrini məhv etmək və Türküstanda bolşevik hakimiyyətini qurmaq məqsədi ilə Trotski partiya katiblərindən Stasova və Lenin Zəki Vəlididən Başqurd alaylarını Buxaraya göndərmək üçün razılıq əldə etməyə çalışırlar. Bu münasbətlə Zəki Vəlidi “Xatirələr”ində yazır: “Stasova mənə Buxara məsələsi ilə bağlı Leninlə görüşməlisiniz, dedi... Görüşdük. Görüşmə qısa sürdü... Bu danışıqlar Leninlə ilk səmimiyyətsiz danışıq olmuşdu. Məndə ona (Leninə - A.M.) qarşı əvvəlcə bəslədiyim hörmətdən əsər-əlamət qalmamışdı”.
Bu arada yenə Zəki Vəlidi Lenin və sovetlərin Xarici İşlər Naziri Çiçerinin təkidi ilə Əfqanıstan məsələsi ilə bağlı olaraq Əfqanıstanın Xarici İşlər Vəkili Məhəmməd Vəli Xan və onun müavini, sonralar Əfqanıstanın Maarif Naziri, Türkiyə və Hicabda Əfqanıstan səfiri olmuş Feyzi Məhəmməd Xanla görüşür və Əfqanıstan məsələsini müzakirə edir.
Lenin həmçinin Zəki Vəlidiyə Əfqanıstanda ingilislər məsələsinə aid raportları tədqiq etməyi tapşırır. Zəki Vəlidi bunları yazılı şəkildə hazırlayaraq Leninə göndərir və özü Moskvadan Peterburqa gedir və oradan iki-üç vaqon əsgər və arxadaşları ilə fevral ayında Başqurdustana doğru hərəkət edir. Yolda Zəki Vəlidi Trotski və sonralar Marşal olan Budyonnu ilə görüşüb bir çox məsələləri onlarla müzakirə edir. Başqurdustan Cümhuriyyətinin başçısı Haris Yumaqulov Moskvaya çağırıldıqdan İnqilab Komitəsi 25 fevral 1920-ci ildə Zəki Vəlidini Başqurdustan sovet Cümhuriyyətinin başçısı təyin edir. Bu arada Stalinin tapşırığı və təhriki ilə çekist Artyom Zəki Vəlidiyə qarşı təxribatlar törədir və hətta onu aradan götürməyə çalışır. Bu iş baş tutmadığından Leninin tapşırığı ilə Stalin Zəki Vəlidini yenidən Moskvaya çağırır. Zəki Vəlidi 30 aprel 1920-ci ildə Moskvaya gedir. Stalin, Kamenev və Leninlə görüşür. Bu görüşdə Lenin siyasət işlədərək Zəki Vəlidini ölkəsindən ayırmaq məqsədi ilə bildirir ki: “Mən sizi yalnız kiçik bir ölkə ölçüsündə deyil, böyük və təkmil Rusiya ölçüsündə bizimlə bərabər çalışa biləcək bir şəxsiyyət olaraq tanıyıram. Ölkənizin işini başqa arxadaşlarınız da yaparlar, siz də ara-sıra gedərsiniz. İndilik burada - mərkəzdə çalışmağa alışın”.
Bu arada Zəki Vəlidini Millətlər İşi Komissarlığına üzv təyin edirlər. Stalinin təşəbbüsü və Leninin məsləhəti ilə Zəki Vəlidiyə Müsəlman Sovet Cümhuriyyətlərinin Konstitusiyasını və Milli məsələlərə dair təkliflər planını hazırlamaq tapşırılır. Sonralar Leninin adına yazılan Milli Məsələlərə dair bütün fikir və mülahizələr məhz Zəki Vəlidiyə məxsusdur.
Lenin və Stalin tərəfindən Başqurdlarla bağlanan 1919-cu il müqaviləsinin şərtləri də dəyişdirilir. Başqurdustana yarım Muxtariyyət statusu verilərək RSFSR-in tərkibinə daxil edilir, Lenin və Kalininin imzası ilə rəsmən elan olunur. Zəki Vəlidi 1919-cu il müqaviləsini xatırlatdıqda Lenin ona bildirir ki: “Siz nədən belə əxlaqi nəzəriyyələrdən bəhs edirsiniz? Necə inqilabçısınız?.. Sizin bəhs etdiyiniz müqavilə ... sadəcə bir kağız parçasından ibarətdir”.
Bu dövürdə artıq Başqurdustan Muxtar bir Cumhuriyyət kimi son nəfəsini yaşayır, digər Cümhuriyyətlər, o cümlədən də Azərbaycan Demokratik Cümhuriyyəti devrilib yerində Sovet hökuməti qurulmuş, Türküstan bolşeviklərin döyüş meydanına çevrilmişdi.
Zəki Vəlidi may ayının sonlarında Moskvada Türkiyəli İttihad və Tərəqqi yetkililərindən olan Camal Paşa, Xəlil Paşa və digər Türk nümayəndələri və həmçinin Qazax, Qırğız, Özbək, Tatar və Azərbaycan kommunistləri ilə görüşərək Türklərlə bağlı məsələləri həll etmək üçün Bakıda Müsəlman Millətlərinin Şərq Konqresini çağırmaq təklifini irəli sürür. Təklif bəyənilir . Vitsegenralimus Ənvər Paşanın da iştirakı ilə keçiriləcək bu Konqresin planı da hazırlanır. Bolşeviklərin məqsədlərini tam anlamayan Türk nümayəndələrindən fərqli olaraq Lenin, Stalin və digər bolşevik yetkililərin niyyətlərini tam anlayan Zəki Vəlidi bolşeviklərdən ayrılaraq Lenin və Stalindən gizli 6 iyul 1920-ci ildə Bakıya gəlir. Bakıda Zəki Vəlidi Tatar milliyətçisi yazıçı və tədqiqatçısı olan bolşeviklərin repressiyasından ehtiyat edərək Bakıya gələn və “Sibir Tarixi”, “Qazan Tarixi”, “Süyünbikə” əsərlərinin müəllifi Hadi Atlasi və Abdullah Battal, Salman Mümtaz və digərləri ilə görüşərək Türklərin gələcək taleyini müzakirə edirlər. Bu dövürdə Zəki Vəlidinin şəxsən tanıdığı Məmməd Əmin Rəsulzadə və digər böyüklərin əksəriyyəti artıq Azərbaycanı tərk etmiş, bəziləri isə gizli fəaliyyətə keçmişdilər.
Bakıda Zəki Vəlidi Moskvadan tanıdığı Türk kommunisti, əslən arnavut olan Mustafa Sübhünün evində qalır. Mustafa Sübhü Zəki Vəlidi və onunla gələn yoldaşlarını azərbaycanlı Əmin Əfəndizadə və Kırımlı Vəli İbrahimə tapşırır. Zəki Vəlidi “Xatirələr”ində yazır: “Sovet gizli polisinin məni Azərbaycanda deyil, Qazaxıstanda arayacağını bildiyim üçün Bakıda tam sərbəst dolaşdım ”.
Bakıda bir həftə qaldıqdan sonra Zəki Vəlidi gəmi ilə Türkmənistana keçərək avqust ayını Türkmənlər arasında keçirir. Türkmənistanda o, Berdi Xocanın oğlu Kokacan ilə birgə “Türkmənistan” adlı qəzet çıxarır. Moskva və digər yerlərdə olan arkadaşlarına məktublar yazaraq bolşeviklərin məqsədlərini onlara açıqlayır, gələcəkdə nə edəcəklərini, hansı addımlar atacaqlarını bildirir. Türküstan aydınlarını bir araya gətirərək bolşeviklərə qarşı siyasi və hərbi mübarizəyə hazırlayır.
Təşəbbüsü ələ alan bolşeviklər Stalinin göstərişi ilə Bakıda 1-5 sentyabrda keçiriləcək “Şərq Millətləri Konqresi”ni Milli İşlər Komissarlığı və Müsəlman Kommunistləri Mərkəzi tərəfindən keçirilməsinə nail oldular. Konqresin sədarətinə Zinovyev və Radek gətirildi.
Stalinin şəxsi təşəbbüsü ilə Zəki Vəlidini yaxalamaq üçün Bakı, Həştərxan, Dərbənd, Krasnovodsk və başqa yerlərə üç yüzə qədər adam göndərilir. Onlardan bir çoxu Zəki Vəlidini şəxsən tanıyan çekistlər idi. Buna baxmayaraq, Zəki Vəlidi Türkmən qiyafəsində hərbi gəmi vasitəsilə Bakıya gəlir. Bakıda Türk kommunist Partiyasının binasına gələrək Mustafa Sübhü ilə görüşür. Mustafa Sübhü Zəki Vəlidini Emin Əfəndizadəyə və sonralar Kırım Cumhurrəisi olan Vəli İbrahimova tapşırır. Zəki Vəlidi “Xatirələr”ində yazır: “Emin Əfəndizadə əslən Bakılı olub, 1917-ci ildə Müsavat Partiyası tərəfindən Türküstana göndərilmişdi. Orada onunla görüşmüşdüm. Sonra Türkiyəyə gəldi”.
Bakı Konqresini təmsilçilər olan Qırğız İbrahimov Canuzakov, Başqurd Xaliqov, Bekbayev və Ədhəmov vasitəsilə izləyən və oraya hazırladığı qərarları onlar vasitəsilə göndərən Zəki Vəlidi gələcəkdə Buxarada toplaşmağı da yoldaşları ilə qərarlaşdırdı. Bu Konqresdə Ənvər Paşa, Bəkir Sami Bəy və Yusif Kamal Bəy də iştirak etmişdilər. Fəqət Zəki Vəlidi bolşevik çekistlər tərəfindən izləndiyindən onlarla Bakıda görüşə bilməmişdi. Zəki Vəlidini liman və vağzalda gizli polislər izlədiyindən o Bakıdan Sumqayıta faytonla, oradan Rusiya Mərkəzi İcra Komitəsi üzvü bileti ilə qatarla Petrovskiyə, oradan balıqçı gəmisi ilə Qazaxıstana, oradan da Xarəzmə gələrək üç il burada bolşeviklərə qarşı həm siyasi və həm də silahlı mübarizəyə başlamışdı.
Nəhayət dünyanın müxtəlif yerlərində olduqdan sonra Türkiyəyə gələn Zəki Vəlidi Toğan ömrünün sonunadək elmlə və müəllimliklə məşğul olmuş, Türk dünyasının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fundamental əsərlər yazıb çap etdirmiş onlarla Türk dünyasının müxtəlif yerlərdən Türkiyəyə təhsil almağa gələn gənclər yetişdirmişdir ki, bu gənclər sonradan Türk dünyasının sayılıb seçilən alimlərindən olmuşlar.
Bu böyük Türk mücahidi və elm fədaisi 80 yaşında -1970-ci ildə haqq dünyasına qovuşmuş, İstanbulda dəfn edilmişdir.
Ruhu şad olsun!






Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə