Ayətullah Seyid Əli Xamenei


İmam Səccadın (ə) saray alimləri əleyhinə güclü mübarizəsi



Yüklə 1,05 Mb.
səhifə22/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

İmam Səccadın (ə) saray alimləri əleyhinə güclü mübarizəsi


İmam Səccadın (ə) həyatına və istifadə etdiyi üsullara aid məsələlər haqda söhbətin davamında böyük İslam hərəkatı üçün Əli (ə) və İslam hakimiyyəti ilə nəticələnə bilən əlverişli şəraiti araşdırmaq və bəyan etmək istəyirik.

Bu üsullar bir qrup üçün maarifləndirmə, bir qrup üçün idarəçilik və başqa bir qrup üçün yol göstərməkdən ibarət idi. Biz barəsində danışdığımız İmam Səccadı (ə) 30-35 il çalışıb İslam dünyasının çox əlverişsiz şəraitini İslam cəmiyyəti və İslam hökuməti qurmaq üçün əsas və son fəaliyyətlərə hazırlayan səbirli, təmkinli insan kimi görürük. İmam Səccadın 35 illik fəaliyyəti olmasaydı, heç şübhəsiz, İmam Sadiqin (ə) Əməvi və sonralar Abbasi hökumətlərinə qarşı açıq mübarizəsinə şərait də yaranmazdı.

Bir İslam cəmiyyəti qurmaq üçün düşüncə şəraiti hər şeydən zəruri və əhəmiyyətlidir. Bu düşüncə şəraitinin yaranması üçün İslam dünyasının ozamankı vəziyyətində uzun illər hazırlıq görülməli idi. İmam Səccad (ə) bütün zəhmət və məşəqqətləri ilə birgə bu işi üzərinə götürdü.

Bunun kənarında İmam Səccadın (ə) həyatında başqa fəaliyyətlər də görürük. Bu fəaliyyətlər o həzrətin sözügedən sahədə inkişafını göstərir. Bu fəaliyyətlərin əsas hissəsi siyasi və bəzən çox kəskindir. Onun bir nümunəsi İmam Səccadın (ə) hakimiyyətə çalışan böyük hədisçi və alimlərə qarşı münasibətində görmək olar. İmamların həyatının ən maraqlı hissələrindən biri onların İslam cəmiyyətinin elm, düşüncə və mədəniyyət öncülləri olan alim və şairlərə münasibətinə dairdir. Bunlar xalqın düşüncəsini və beynini korlayır, onları Əməvi və Abbasi xəlifələrinin cəmiyyətdə hakim etməyə çalışdığı vəziyyətə alışdırır, müti və təslimçi edirdilər. Bu mübarizə tərzi digər imamlar kimi İmam Səccadın (ə) həyatında da maraqlı və mühüm bir hissəni təşkil edir.

Bildiyimiz kimi, zalım xəlifələr İslama etiqadlı xalqa hakim olmaq üçün onun imanını istədikləri amilə cəlb etməyə məcbur idilər. O zaman hələ İslamın erkən çağından çox keçməmişdi, xalqın İslama imanı öz qüvvəsində qalırdı. İnsanlar zalımla etdikləri beyətin düzgün olmadığını və bu zalımın Allah rəsulunun canişini olmağa ləyaqətinin çatmadığını bilsəydilər, heç vaxt ona təslim olmazdılar. Bütün xalq belə olmasa da, heç şübhəsiz, cəmiyyətdə iman səbəbindən xəlifələrin qeyri-dini vəziyyətinə dözən və bu vəziyyətin İslama uyğun olduğunu düşünənlər çox idi. Məhz buna görə zalım xəlifələr dövrlərinin hədis və din alimlərindən maksimum istifadə edib, onları Peyğəmbərin (s) və böyük səhabələrin adından hədislər qoşmağa məcbur edirdilər.

Buna dair çox dəhşətli nümunələr var. Müaviyənin dövründə bir nəfər Kəbüləhbarla1 rastlaşdı. Kəhbüləhbar Müaviyə və Şam hakimləri ilə səmimi münasibətdə olduğuna görə həmin şəxsdən soruşdu ki, haralısan?

- Şamlıyam.

- Bəlkə sən yetmiş min nəfəri sorğu-sualsız cənnətə gedəcək qoşundansan?

- Onlar kimlərdir?

- Dəməşq əhalisi.

- Xeyr! Mən dəməşqli deyiləm.

- Onda sən Allahın hər gün iki dəfə baxdığı ordudansan.

- Onlar kimlərdir?

- Fələstin əhalisi.

O kişi bəlkə "fələstinli deyiləm" desəydi, Kəbüləhbar Bəəlbək, Tripoli və digər Şam şəhərlərinin hər biri üçün buna bənzər hədislər qoşacaqdı. Kəbüləhbar bu hədisləri ya Şam əmirlərinə yaltaqlıq üçün qoşur və bununla onlardan daha çox ənam almaq, onların hörmətini qazanmaq istəyirdi, ya da bu işi İslama düşmən olduğu üçün görür və əsl Peyğəmbər (s) sözlərinin asanlıqla seçilməməsi üçün hədisləri qarışdırırdı.

Təzkirə və rical kitablarında belə əhvalatlar çoxdur. Birində deyilir ki, bir əmir oğlunu məktəbxanaya qoymuşdu. Bir dəfə müəllim onun oğlunu vurdu, o da ağlaya-ağlaya evə gəlib əhvalatı atasına danışdı. Atası qəzəblənib dedi ki, indi gedib bu müəllimin əleyhinə bir hədis qoşduraram və o daha bu qələtlərdən etməz.

Bu əhvalatdan bəlli olur ki, hədis qoşmaq onlar üçün çox asan iş olmuşdur; hətta uşaqlarının göz yaşına görə müəllimin, yaxud onun yaşadığı şəhərin əleyhinə hədis qoşurdular. Hər halda, bu vəziyyət İslam dünyasında İslam dininə dair çox qarışıq, saxta və yanlış bir zehniyyət yaratmışdı. Bu yanlış zehniyyətin mənşəyi o dövrün hakim və məmurlarına xidmət göstərən hədisçi və alimlər idilər. Belə bir vəziyyətdə belələrinə qarşı mübarizə aparmaq çox mühüm və təyinedici bir işdir.

İndi İmam Səccadın (ə) həyatından bu mübarizəyə dair bir nümunə qeyd etmək istəyirəm. Bu, imamın Məhəmməd ibn Şahab Zöhri ilə rəftarı barədədir.

Məhəmməd ibn Şahab Zöhri əvvəlcə İmam Səccadın (ə) yaxınlarından və şagirdlərindən olmuş, ondan elm öyrənmiş və hədis nəql etmişdir. Lakin sonra tədricən xilafətə yaxınlaşıb onların xidmətinə keçdi və imamların mübarizə apardığı alim və rəvayətçilərdən oldu.

Məhəmməd ibn Şahab Zöhri ilə daha yaxından tanış olmaq üçün onun haqqında bir neçə hədis nəql edirik. O deyir ki, biz əvvəldə elmi yazmaq istəmirdik, amma əmir və hökmdarlarımız bizi bildiklərimizi yazmağa və kitab formasına salmağa vadar etdilər.1 Biz sonra düşündük ki, heç bir müsəlmana bu işi qadağan etməsinlər və elm həmişə yazılsın. Bu sözdən belə başa düşürük ki, o zamana qədər hədisçilər arasında hədisləri yazmaq adət olmamışdır. Həmçinin aydın şəkildə görünür ki, Məhəmməd ibn Şahab Zöhri əmirlərə xidmət göstərmiş, əmirlər ona hədisləri yazmağı tapşırmışlar.

Müəmmər adlı bir nəfər deyir ki, biz elə bilirdik Zöhridən çoxlu hədis nəql etmişik, amma Vəlid öləndən sonra heyvanlara yüklənərək onun xəzinələrindən çıxarılan çoxlu dəftərləri gördük. Deyirdilər ki, bunlar Zöhrinin elmidir. Yəni Zöhri Vəlidin istəyi ilə onun üçün hədislərlə o qədər kitab və dəftər doldurub ki, onları xəzinələrdən çıxarmaq üçün heyvanlara yükləyirdilər. Vəlidin əmri ilə yazılmış hədislər necə hədislər ola bilər?! Şəksiz, onların arasında Vəlidin əleyhinə bir hədis də ola bilməz. Onlar Vəlidin və onun kimilərin əməllərinə don geyindirən hədislərdən ibarət idi.

Zöhri haqda onun xilafətə bağlı olduğu dövrə aid başqa bir hədis də var. Yəqubi Tarix kitabında Zöhrinin Allah rəsulundan belə bir söz söylədiyini yazmışdır: "Yalnız üç məscidə köçmək olar: Məscidül-hərama, Mədinə məscidinə və Əqsa məscidinə. Allah rəsulunun Əqsa məscidində ayağını qoyduğu daş Kəbə kimidir".1 Mən hədisin sonuncu hissəsi haqda danışmaq istəyirəm. O bu daşı Kəbə kimi sayır və onun üçün Kəbə qədər şərafət və dəyər tanıyır.

Bu hədis Abdullah ibn Zübeyrin Məkkəyə hakim olduğu dövrə aiddir. İnsanlar həccə gedəndə Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan Məkkədə bir neçə gün qalmalı olurdular. Bu, Abdullah ibn Zübeyrin öz düşmənləri və birinci növbədə Əbdülməlik ibn Mərvan əleyhinə təbliğat aparmasına çox əlverişli imkan yaradırdı. Əbdülməlik insanların bu təbliğatın təsiri altına düşməsini və Məkkəyə getməsini istəmədiyinə görə ən yaxşı və asan yol kimi bir hədis quraşdırmaq qərarına gəlmişdi. Bu hədis Əqsa məscidini Məkkə və Mədinə qədər üstün bilir və orada yerləşən həmin daşın Kəbə qədər şərafətli olduğunu söyləyir. Halbuki İslama görə dünyanın heç bir nöqtəsi Kəbə qədər şərafətli deyil və dünyada heç bir daş Allah evinin daşına - Həcərül-əsvədə çatmaz. Buna əsasən, bu hədisin quraşdırılmasının səbəbi insanları Allah evinə və Mədinə şəhərinə - güman ki, ora da Əbdülməlik əleyhinə təbliğat mərkəzinə çevrilmişdi – getməkdən daşındırmaq və Fələstinə yönləndirmək olmuşdur. Fələstin Şamın bir hissəsi kimi Əbdülməlikin nəzarətində idi. İnsanların bu qondarma hədisə nə qədər əməl etmələrini tarixi qaynaqlarda axtarmaq lazımdır. Görəsən belə bir zaman olmuşdurmu ki, insanlar Məkkəyə getmək yerinə Beytülmüqəddəsə və həmin daşın ziyarətinə getsinlər, yoxsa belə bir şey olmayıb? Əgər belə bir hal baş vermişdirsə, əsas günahkar, yaxud günahkarların biri belə hədislər quraşdırıb insanları aldadan Məhəmməd ibn Şahab Zöhridir və bu yalnız Əbdülməlik Mərvanın siyasi məqsədlərinə görə həyata keçmişdir.

Hakim rejimə bağlı olandan sonra Məhəmməd ibn Şahabın İmam Səccad (ə) və Əli (ə) ailəsi əleyhinə hədislər qoşmasına heç bir maneə qalmırdı. Bunun üçün mərhum Seyid Əbdülhüseyn Şərəfüddinin "Əcvibə məsail carillah" kitabında iki hədis gördüm. Bu hədislərin birində Məhəmməd ibn Şahab iddia edir ki, Əmirəlmöminin (ə) Cəbriyyə firqəsində olmuşdur. O, Peyğəmbərə (s) istinadla deyir ki, "İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir"1 ayəsində məqsəd Əmirəlmöminindir! Başqa bir rəvayətdə deyir ki, şəhidlər ağası Həmzə şərab içmişdi. Bu iki hədisi qoşmaqda məqsəd yalnız hidayətçi imamlara qarşı çıxıb Əbdülməlikin və Bəni-Üməyyə ailəsinin siyasi hakimiyyətini dəstəkləmək, Peyğəmbər (s) ailəsini və o həzrətin Əməvilərlə qarşı-qarşıya duran övladlarını həqiqi müsəlman saymamaq, din hökmlərinə sevgi və əməl baxımından onları orta, adi və ya aşağı səviyyəli tanıtdırmaqdır.

İmam Səccad (ə) bu şəxsə qarşı çox sərt mövqe seçdi. Bu mövqe bu məktubda öz əksini tapmışdır. Kimsə düşünə bilər ki, məgər bir məktub nə qədər sərt ola bilər?! Lakin bu məktubun məzmununun Zöhrinin özünə, eləcə də hakim rejimə qarşı çox kəskin olduğunu, onun yalnız Məhəmməd ibn Şahaba yox, digərlərinin də əlinə keçdiyini, tədricən dillərə düşdüyünü və tarixdə qaldığını nəzərə alsaq, belə alimlərin saxta və şeytani müqəddəsliyinə necə möhkəm zərbə vurduğunu anlamaq olar. Tarixdə qalmış və üstündən 1300 il ötəndən sonra bu gün bizim söhbətimizin mövzusuna çevrilmiş bu məktub Məhəmməd ibn Şahaba müraciət olsa da, başqalarına da şamil olur. Bəllidir ki, bu məktub müsəlmanların, xüsusən də o dövrün şiələrinin əlinə düşəndə və hamı bununla tanış olanda belə saray adamlarının etibarına necə güclü xələl gəlir. İndi bu məktubun bəzi hissələrini söyləmək istəyirik.

Məktubun əvvəlində deyilir ki, Allah bizi və səni fitnələrdən saxlasın və səni cəhənnəm odundan qorusun. Cümlənin ikinci hissəsi yalnız ona müraciətdir. Fitnə və imtahanlar hamı üçündür. İmam Səccad (ə) da bir növ fitnəyə məruz qala bilər, amma onda qərq olmaz. Məhəmməd ibn Şahab isə fitnəyə məruzdur və onda batıb qalır. Cəhənnəm odu İmam Səccada (ə) yaxınlaşmır; buna görə də onu Məhəmməd ibn Şahaba aid edir. Məktubun belə başlanması imamın onunla həm təhqiramiz, həm də qəzəbli rəftarını göstərir. Sonra buyurur: "Sən elə bir vəziyyətə düşmüsən ki, bunu bilən hər kəs sənə acımalıdır". Görün bu söz kimə deyilir. Bu söz hamının qibtə etdiyi, hakimiyyətin sevdiyi böyük bir din aliminə deyilir. İmam isə onu o qədər xar edir ki, haqqında belə bir cümlə buyurur.

Sonra imam Allahın ona verdiyi nemətlərə işarə vurur. Buyurur ki, Allahın sənə verdiyi bütün bu nemətlərin şükrünü necə yerinə yetirdiyini söyləyə bilərsənmi?! Sonra Qurandan bəzi ayələri yada salıb deyir ki, Allah heç zaman sənin qüsur və günahlarınla razılaşmayacaq. Çünki Allah alimlərdən xalqa həqiqətləri söyləmələrini istəmişdir: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!"1

Bu müqəddimədən sonra Məhəmməd ibn Şahaba qarşı çox sərt və kəskin ittihamnamə başlayır. Buyurur ki, gizlətdiyin və göz yumduğun ən kiçik məsələ zalımların qorxusunu rahatlığa çevirmən, azğınlıq yolunu onlara açmandır. Sən onlara yaxınlaşmaqla, hər dəfə dəvətlərini qəbul etməklə bu işi gördün. Burada onun saraya yaxınlığını yadına salır və bir qamçı kimi başına endirir.

Məktubda deyilir ki, sənə aid olmayanları sənə vermişlər, sən də almısan. Sən heç kimə heç bir haqqı qaytarmayan şəxsə - zalım xəlifəyə yaxınlaşmış və bu zaman heç bir batili aradan qaldırmamısan. Yəni bəhanə gətirə bilməzsən ki, haqqı bərpa etmək və batilin qarşısını almaq məqsədi ilə ona yaxınlaşmısan. Sən onunla birgə olduğun müddətdə heç bir batilin qarşısını almadın, halbuki onun rejimi batillə dolu idi. Sən Allahın düşmənini özünə dost seçdin.

Bu ittihamnamədə imamın çox sərt cümləsi budur: Onlar səni özlərinə yaxınlaşdıranda bilmirdin ki, səndən zülm dəyirmanının fırlandığı ox, üzərindən yanlış işlərinə keçmək üçün körpü və öz azğınlıqlarına sarı qalxmaq üçün nərdivan düzəltmək istəyirlər?! Sən onların azğınlığına çağıran bir dəvətçi, onların yolu ilə gedən bir yolçu idin. Onlar sənin vasitənlə alimlərdə şübhə oyatdılar, cahillərin isə rəğbətini qazandılar. Sənin sayəndə alimlər fikirləşdilər ki, biz nə üçün hakimiyyətə yaxınlaşmayaq?! Alimlərdə bu fikir yarandı, cahillər də çox asanlıqla xəlifələrə meyl göstərib onlara yaxınlaşdılar.

Sonra buyurur ki, ən yaxın vəzirləri, ən güclü tərəfdarları da onlara sənin qədər kömək etmədilər. Sən onların fəsadlarını xalqa düzgün iş kimi göstərdin.1

İmam çox sərt və dərin məzmunlu bu məktubda siyasi və ictimai hakimiyyətə yardım edən düşüncə hakimiyyətini və elmi rəhbərliyi rüsvay etdi, rejimlə barışığa hazır olanlarda sual yaratdı, bu sual ozamankı İslam cəmiyyətində həmişə aktual oldu və tarix boyu da aktual olacaq.

Mən bunu İmam Səccadın (ə) həyatının mühüm hissələrindən biri bilir və düşünürəm ki, o həzrət məhdud bir qrup arasında elmi və tərbiyəvi fəaliyyətlə kifayətlənmədi, hətta bu həddə siyasi işlər də gördü. (İslam keşikçisi, say 11)

Bu, İmam Səccadın (ə) həyatının xülasəsidir. Bir məqama da toxunmaq istəyirəm: İmam Səccad (ə) özünün 34 il sürən səmərəli imamət dövründə hakim rejimlə aşkar mübarizə aparmasa da, uğurla imamlıq etməsi, mömin və ixlaslı qüvvələrdən ibarət çoxlarını yetişdirməsi və Əhli-beyt dəvətini genişləndirməsi öz işini gördü, Bəni-Üməyyə xilafəti o həzrətdən şübhələndi və qorxuya düşdü. O həzrətə qarşı bəzi tədbirlər də gördülər, ən azı bir dəfə onu qoluqandallı Mədinədən Şama apardılar.

Məşhurdur ki, Kərbəla hadisəsində İmam Səccad (ə) zəncirlənərək aparıldı, amma o həzrətin boynuna zəncirin vurulması dəqiq məlum deyil. Qeyd etdiyim hadisədə isə qətidir; yəni imamı Mədinədə dəvəyə mindirib, zəncirlə bağladılar və Şama apardılar. O, dəfələrlə müxalifləri tərəfindən işgəncə və əziyyətlər gördü və nəhayət, hicrətin 95-ci ilində, Vəlid ibn Əbdülməlikin xilafəti zamanı hakimiyyət qüvvələri tərəfindən zəhərlədilib şəhadətə qovuşdu. (İslam keşikçisi, say 12)


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə