Ayətullah Seyid Əli Xamenei


İmam Səccadın (ə) məqsədləri



Yüklə 1,05 Mb.
səhifə19/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

İmam Səccadın (ə) məqsədləri


İmam Səccadın (ə) dövrünün şəraiti aydın oldu. İndi imam belə bir şəraitdə işə başlamaq istəyir. Mən imamların seçdiyi məqsəd və üsula qısa işarə vurub o həzrətin həyatının bu üsulla bağlı xırdalıqlarına keçəcəyəm.

Şübhəsiz, həzrət Səccadın (ə) son məqsədi İslam hakimiyyəti qurmaqdır. İmam Sadiqin (ə) hədisində qeyd olunduğu kimi, Allah-Taala 70-ci ili İslam hakimiyyəti üçün nəzərdə tutmuşdu. Həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edildiyinə görə isə 147-148-ci illlərə qədər təxirə saldı. Bu onu göstərir ki, İmam Səccadın (ə) və digər imamların son məqsədi İslam hakimiyyəti qurmaq olmuşdur. Amma o şəraitdə İslam hakimiyyəti necə qurula bilərdi? Bunun üçün bir neçə məqama aydınlıq gətirmək lazımdır:

1- Həqiqi daşıyıcıları imamlardan ibarət olan və İslam hakimiyyətinin əsası sayılan düzgün İslam düşüncəsi yazılmalı, tədris olunmalı və yayılmalıdır.

İslam cəmiyyəti uzun illər düzgün İslam düşüncəsindən uzaq qaldığı, xalq arasında düşüncə şəraiti yaradılmadığı və əsaslı hökmlər yazılmadığı halda düzgün İslam təfəkkürü əsasında hakimiyyət qurmaq olardımı?!

İmam Səccadın (ə) ən böyük rolu əsl İslam təfəkkürünü – yəni tövhidi, nübüvvəti, insanın mənəvi məqamını, Allahla əlaqəsini və digər mövzuları yazmasıdır. Səhifeyi-Səccadiyyənin ən başlıca rolu bu idi. Siz Səhifeyi-Səccadiyyəyə nəzər salıb, sonra o dövrün insanlarının İslam düşüncəsinə baxsanız, bunların bir-biri ilə nə qədər fərqli olduğunu görərsiniz. İslam dünyasının bütün insanlarının maddiyyat istiqamətində, maddi amillərə doğru hərəkət etdiyi, xəlifə Əbdülməlik Mərvandan tutmuş onun ətrafındakı alimlərə, o cümlədən Məhəmməd ibn Şahab Zöhriyə qədər hamının özünü və dünyasını düşündüyü zaman İmam Səccad (ə) insanlara müraciətlə deyir: "Bu it artığını öz adamlarına buraxan azad bir insan yoxdurmu?!"

Bu cümlədə İslam təfəkkürü mənəviyyatı məqsəd seçməkdən, mənəvi və dini amallar naminə çalışmaqdan, insanı Allaha və üzərinə düşən vəzifələrə bağlamaqdan ibarətdir. Bu, ozamankı insanların maddi təmayüllərinin yaratdığının əksidir. Bunu bir misal kimi söylədim. İmam Səccad (ə) o qədər belə işlər görməli idi ki, nəticədə düzgün İslam təfəkkürü İslam cəmiyyətində qorunsun və məhv olmasın. Bu, İmam Səccadın (ə) ilk işi idi.

2- İnsanları hakimiyyətə haqlı olanlarla tanış etmək lazım idi. İmam Səccadın (ə) dövrünə qədər Peyğəmbər (s) ailəsi əleyhinə on illərlə aparılan əks-təbliğat öz işini görmüş, İslam dünyasını bürümüş, Peyğəmbərin (s) dilindən Əhli-beytin hərəkət istiqamətinin əksinə, hətta bəzən lənətlənməsinə dair çoxlu saxta hədislər quraşdırılmış və xalq arasında yayılmışdı. İnsanların Əhli-beytin həqiqi və mənəvi məqamından əsla xəbərləri yox idi. Belə olan şəraitdə Əhli-beyt tərəfindən necə hakimiyyət qurula bilərdi?!

Buna əsasən, İmam Səccadın (ə) digər mühüm məqsəd və hərəkətlərindən biri budur ki, xalqı Əhli-beytin haqlı, vilayət, imamət və hakimiyyət məqamına sahib və onların Peyğəmbərin (s) həqiqi xəlifələri olması barədə maarifləndirsin, xalq bu məsələlərlə tanış olsun. Bu, İslam ideologiyasından və İslam təfəkküründən olsa da, eyni zamanda siyasi mahiyyət daşıyır və hakim rejim əleyhinə siyasi hərəkət sayılır.

3- İmam Səccad (ə) gələcək siyasi hərəkətlərin əsas mərkəzi olan bir təşkilat yaratmalı idi. Xalqın repressiya, yoxsulluq, maddi və mənəvi sıxıntılar səbəbindən tənhalığa, yalqızlığa, bir-birindən kənar gəzməyə vərdiş etdiyi, güclü təzyiq və qorxu altında şiələrin təşkilati dayaqlarının məhv edildiyi bir cəmiyyətdə İmam Səccad (ə) tək-tənha, yaxud pərakəndə və təşkilatsız bir qrupla necə işləyə bilərdi?!

Bu baxımdan, İmam Səccadın (ə) başqa bir işi şiələri təşkilatlandırmaqdır. Bizim fikrimizcə, bu təşkilat Əmirəlmömininin (ə) dövründən olmuş, Aşura faciəsindən, Hərrə hadisəsindən və Muxtarın məğlubiyyətindən sonra isə dağılmışdı. İmam Səccad (ə) bunu yenidən bərpa etməli idi.

Nəticə budur ki, İmam Səccadın (ə) üç əsas işi var:

1. Uzun müddət təhrif edildikdən və undulduqdan sonra İslam düşüncəsini düzgün formada və Allahın nazil etdiyi kimi yazmaq;

2. Əhli-beytin xilafət və imamətə haqlılığını isbat etmək;

3. Peyğəmbər (s) ailəsinin tərəfdarları olan şiələr üçün nizam-intizamlı təşkilat yaratmaq.

Biz bu üç əsas işi araşdırmalı və görməliyik ki, İmam Səccad (ə) həyatı dövründə onların hansına təşəbbüs göstərmişdir. Bu üç işin kənarında ikinci dərəcəli əhəmiyyət kəsb edən digər işlər də görülmüşdür; misal üçün, repressiv mühiti müəyyən həddə açmaq üçün bəzən imamın özü, yaxud tərəfdarları tərəfindən bəzi fikirlər bildirilmiş və addımlar atılmışdır.

İmamın tərəfdarları, yaxud özü bir qədər möhkəmləndikdən sonra çoxlu məsələlərdə müəyyən fikirlər irəli sürmüşlər. Bu fikirlər yalnız sözügedən qorxu mühitini aradan qaldırmaq və tutqun səmada bir qədər gözəl hava yaratmaq üçün olmuşdur. Bu, ikinci dərəcəli işlərdən biridir. Belə işlərə dair nümunələri qeyd edəcəyəm.

İkinci dərəcəli işlərdən başqa birisi hakim rejimlə, yaxud ona bağlı qüvvələrlə yüngül toqquşmadan ibarətdir. Bu toqquşma İmam Səccadla (ə) Əbdülməlik və ona bağlı olan azğın alimlər, o cümlədən Məhəmməd ibn Şahab Zöhri arasında, həmçinin imamların tərəfdarları ilə xəlifələrin tərəfdarları arasında dəfələrlə baş vermişdir. Bu işlər cəmiyyəti bir qədər açmaq məqsədi ilə görülmüşdür.

Kimsə mənim bəyan etdiyim amilləri nəzərə alaraq İmam Səccaddan (ə) nəql olunan əxlaqi rəvayətləri, moizələri, məktubları, digər hədisləri və onun həyatında baş verən hadisələri araşdırsa, hamısınə düzgün dərk edər, onların hamısının işarə vurduğumuz bu üç istiqamətdən birində olduğunu və bunların ümumilikdə İslam hakimiyyəti yaratmaq üçün baş verdiyini görər. Əlbəttə, imam İslam hökumətinin onun öz dövründə qurulması haqda düşünmür və bunun gələcəkdə, yəni İmam Sadiqin (ə) dövründə həyata keçəcəyini bilirdi. (İslam keşikçisi, say: 8)

Bu üç işlə İslam hakimiyyəti və Əli (ə) quruluşu yaratmağa şərait yaranırdı. Bir daha vurğulamaq istəyirəm ki, İmam Sadiqdən (ə) fərqli olaraq, İmam Səccad (ə) bu hakimiyyətin öz imamlığı dövründə qurulmasını və İslam hökumətinin o zaman bərqərar olunmasını düşünmürdü. Çünki, onun dövründə buna şərait yox idi, zülm, repressiya, şiddət və təzyiq o qədər çox idi ki, onları otuz il ərzində aradan qaldırmaq mümkün deyildi. İmam Səccad (ə) gələcək üçün çalışırdı. Hətta çoxlu dəlillərə əsasən başa düşürük ki, İmam Baqir (ə) də öz dövründə İslam hakimiyyəti qurmaq niyyətində deyildi. Yəni 61-ci ildən İmam Səccadın (ə) şəhid edildiyi 95-ci ilə və 95-ci ildən İmam Baqirin (ə) şəhid edildiyi 114-cü ilə qədər bu hakimiyyətin reallaşması haqda düşünmür və gələcək üçün çalışırdılar. İşarə vurduğumuz kimi, İmam Səccadın (ə) uyğun fəaliyyət proqramı uzunmüddətli idi.

İndi İmam Səccadın (ə) sözlərini araşdırmaq və qeyd etdiklərimizə onun sözlərindən nümunələr göstərmək istəyirik. Çünki İmam Səccadın (ə) həyatını təhlil edəndə bizim bu məqsəd üçün ən əsas mənbəyimiz o həzrətin sözləridir.

Bütün imamların həyatına dair araşdırma üsulumuz budur. Biz imamların fikirlərini və onların dilindən çıxan rəvayətləri onların həyatını öyrənmək üçün ən yaxşı mənbə və əsas sayırıq. Lakin öncə də qeyd etdiyim kimi, biz bu sözləri o zaman düzgün dərk edə bilərik ki, imamların hərəkət istiqaməti, bu mübarizə və fəaliyyətdə onların məqsədi ilə tanış olaq. Belə olmasa, onların sözlərini də pis izah edərik. Sözügedən məqsədin özü də onların sözləri sayəsində başa düşülür. Hər halda, bu məqsədlə tanış olduqdan sonra görəcəyik ki, imamların sözlərindən bu sahədə necə düzgün bəhrələr götürə bilərik.

Mövzuya başlamazdan öncə qısa bir məqamı xatırlatmaq istəyirəm. İmam repressiya çağında yaşadığından və nəzərdu tutduğu fikirləri açıq-aşkar söyləyə bilmədiyindən moizə və dua üsulundan istifadə edirdi. Dua və Səhifeyi-Səccadiyyə haqda sonra danışacağıq. Moizə isə o həzrətdən nəql olunan söz və rəvayətlərə aiddir. İmam Səccadın (ə) əksər sözləri, bəlkə də demək olar ki, hamısı moizə üslubundadır. İmam moizə və nəsihət əsnasında qabaqca işarə vurduğum məsələni bəyan etmişdir. Siz bu sözlərə baxanda imamın çox dəqiq və ağıllı üsulunu görürsünüz. Həmin üsulla moizə və nəsihət əsnasında xalqın beyninə salmaq istədiklərini insanlara ötürür. Bu, düzgün düşüncə və ideologiyaları ötürməyin ən yaxşı tərzidir.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə