Ayətullah Seyid Əli Xamenei


İmam Sadiqin (ə) imamət dəvəti



Yüklə 1,05 Mb.
səhifə27/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

İmam Sadiqin (ə) imamət dəvəti


İndi isə əsas mətləbə keçirik. Digər Şiə imamları kimi İmam Sadqin (ə) dəvətinin əsas hissəsini də imamət məsələsi təşkil etmişdir. Bu tarixi reallığın isbatı üçün ən tutarlı dəlil İmam Sadiqin (ə) dilindən çox açıq-aydın şəkildə imamət iddiasını nəql edən çoxlu rəvayətlərdir.

Deyəcəyəm ki, imam bu məsələni təbliğ edərkən özünü bir mübarizə mərhələsində görmüş, birbaşa və açıq şəkildə dövrün hakimlərini inkar edib özünü xalqa vilayət və imamətin həqiqi sahibi kimi təqdim etmişdir. Prinsipcə bundan ötrü mübarizənin bütün qabaqkı mərhələləri uğurla həyata keçməli, böyük bir kütlədə ictimai və siyasi ayıqlıq yaranmalı, hər yerdə potensial hazırlıq hiss olunmalı, böyük bir qrupda ideoloji şərtlər yaranmalı, çoxları üçün haqq və ədalət hakimiyyətinin zəruriliyi sübuta yetməli və nəhayət, rəhbər son mübarizə üçün özünün qəti qərarını verməlidir. Bunlar həyata keçmədən müəyyən bir şəxsin adını cəmiyyətin haqlı rəhbəri və imamı kimi çəkmək tələsik və faydasız olar.

Başqa bir mühüm məsələ budur ki, imam bəzən imaməti özü üçün isbat etməklə də kifayətlənmir, öz adı ilə yanaşı qabaqkı imamların və sələflərinin adlarını da çəkir və Əhli-beyt imamətinin ayırlmaz olduğunu ortaya qoyur. Şiə təfəkkürünün keçmişdəki bütün batil hakimləri rədd etdiyini, tağut saydığını nəzərə alsaq, bu əməl həmin dövrün şiələrinin mübarizəsinin keçmiş mübarizələrin davamı olmasına işarə də sayıla bilər. İmam Sadiq (ə) bu sözlə öz imamlığını qabaqkı imamların imamətinin zəruri nəticəsi sayır, onu köksüz və əsassız haldan çıxarır, özünü etimadlı və şübhəedilməz halqalarla Böyük Peyğəmbərə (s) birləşdirir. İndi imamın dəvətinə dair bir neçə nümunəyə diqqət yetirin:

Mənim bu barədə gördüyüm ən maraqlı rəvayət Əmr ibn Əbu Miqdamın rəvayətidir. Bu rəvayət heyrətamiz mənzərə təsvir edir. Zilhiccə ayının doqquzu Ərəfə günüdür. Ərəfə gününə xas mərasimi yerinə yetirmək üçün Ərəfat çölündə Uzaq Xorasandan Aralıq dənizinin sahillərinə qədər bütün bölgələrin nümayəndələrindən ibarət böyük bir izdiham toplanmışdır. Burada yerində deyilmiş bir söz o zaman ən geniş rabitə şəbəkəsinin işini görə bilər. İmamın bu izdihama sözü vardır. Rəvayətçi deyir ki, imamın xalq arasında dayanıb bacardığı qədər uca səslə, hər yerdə, bütün qulaqlarda əks-səda doğuracaq və eşidənlər tərəfindən bütün İslam dünyasına yayılacaq fəryadla öz sözünü üç dəfə təkrarladığını gördüm. Sonra üzünü başqa bir tərəfə çevirib həmin sözü üç dəfə söylədi. Daha sonra isə üzünü başqa bir tərəfə çevirdi və yenə də həmin fəryad, həmin söz. Beləliklə imam sözünü on iki dəfə təkrar etdi. Həmin söz bundan ibarət idi: "Ey insanlar! Həqiqətən Allahın rəsulu imam idi. Ondan sonra Əli ibn Əbutalib (ə), sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Əli ibn Hüseyn (ə), sonra Məhəmməd ibn Əli (ə) imam oldu. İndi isə imam mənəm"1.

Başqa bir hədis Əbu Sabah Kənanidəndir. Burada İmam Sadiq (ə) özünü və digər Şiə imamlarını belə vəsf edir: "Allah bizə itaət etməyi insanlara vacib buyurmuşdur. Döyüşsüz əldə edilən qənimətlər və zalım hakimlərin haqsız topladığı malların idarəsi bizə aiddir". Zalım tağutlar bəzi mal-dövləti özlərinə aid edərək haqqı çatanları ondan məhrum edirdilər. Qəsb olunmuş bu mallar müsəlman döyüşçülərin qələbəsi ilə məğlub zalımların əlindən alındıqda digər qənimətlər kimi bölünmür, İslam hakiminin səlahiyyətinə verilir və o, bunlardan müsəlmanların xeyrinə istifadə edir. İmam bu rəvayətdə özünü həmin malların və həmçinin döyüşsüz əldə edilən qənimətlərin ixtiyar sahibi kimi təqdim etməklə İslam cəmiyyətinin hakimi olduğunu aydın şəkildə göstərir. Bütün bunlar onun ixtiyarına buraxılmalı və onun təyin etdiyi yerlərdə xərclənməlidir.

Başqa bir hədisdə keçmiş imamların adlarını bir-bir sadalayır, onların imamlığına və fərmanlarına itaətin vacib olmasına şəhadət verir, öz adına çatanda isə dayanır. İmamın dinləyiciləri yaxşı başa düşürlər ki, İmam Baqirdən (ə) sonra elm və hakimiyyət irsi İmam Sadiqə (ə) keçmişdir. O beləliklə həm özünün hakimiyyət haqqını irəli sürür, həm də dəyərli babası olan Əli ibn Əbutalibə (ə) mənsubluğunu bəyan edir.2 Kafi kitabının Höccət bölməsində, həmçinin "Bihar əl-ənvar" kitabının 47-ci cildində imamət iddiasını və imamətə dəvəti birbaşa, yaxud dolayısı ilə bildirilən belə hədislər çoxdur.

Başqa bir dəqiq sənəd imamın bütün İslam məmləkətində yaratdığı geniş təbliğat şəbəkəsindən xəbər verən, belə bir şəbəkəni tam təsdiqləyən faktlardır. Bu faktlar o qədər çox və əsaslıdır ki, açıq hədis olmasaydı da, bu şəbəkənin mövcud olduğuna şübhə yaranmazdı. İmamların həyatını araşdıran şəxs özündən soruşur: Bəni-Üməyyə dövrünün sonlarında müxtəlif bölgələrdə Şiə imamlarını təbliğ və xalqın onlara itaət və dəstəyini təmin edən dəvətçilər olmadığı halda onlarla şiələr arasındakı ideoloji, təşkilati və maliyyə əlaqələri necə izah oluna bilər? Necə olur ki, dünyanın hər bir tərəfindən Mədinəyə şəriət ödəncləri gəlir, bu qədər dini məsələlər soruşulur, hər yerdə şiəliyə dəvət olunur, İslam məmləkətinin mühüm yerlərində Əli (ə) ailəsinə misilsiz sevgi və hörmət bəslənir, imamın ətrafında Xorasandan, Sistandan, Kufədən, Bəsrədən, Yəməndən və Misirdən çoxlu rəvayətçilər görünür? Bütün bunları hansı qüdrətli əl yaratmışdı? Bir-biri ilə əlaqədar olan bu amillərin təsadüfən, yaxud öz-özünə yarandığını düşünmək olarmı?!

Əməvi rejiminin tribunalarından istisnasız olaraq hər yerdə aparılan bütün müxalif təbliğata, hətta minbər və çıxışlarda Əli ibn Əbutalibin (ə) adının ən pis İslam şəxsiyyəti kimi xatırlanmasına rəğmən, güclü bir təbliğat şəbəkəsi olmadan belə ucqar və tanınmaz yerlərdə Əli (ə) ailəsinin sevilməsi mümkün idimi?! İnsanlar yalnız görüşmək, sözlərindən bəhrələnmək, həmçinin sevgi və sədaqətlərini bildirmək üçün uzaq yollar qət edib Hicaza və Mədinəyə gələr, Şiə inancına görə siyasət və hakimiyyət kimi mühüm olan din elmini onlardan öyrənər, bəzən dözümsüz şəkildə hərbi hərəkata, rəvayətlərin dili ilə desək, qiyama başlamalarını istəyərdilərmi?! Əgər şiələrin hazırlığı yalnız imamların elm və zahidliyinin isbatı istiqamətində olmuşdursa, silahlı qiyam xahişinin nə mənası ola bilər?!

Sual oluna bilər ki, həqiqətən belə geniş və fəal təbliğat şəbəkəsi olmuşdursa, nə üçün tarixdə adı çəkilmir və barəsində açıq danışılmır. Qısa cavab budur ki, bu səssizliyin səbəbini ilk növbədə imamın tərəfdarlarının əsaslı və mütərəqqi bir prinsip olan təqiyyəyə ciddi əməl etmələrində axtarmaq lazımdır. Bu, kənar qüvvələrin imamın təşkilatına qatılmasına mane olurdu. Həmçinin bu Şiə mübarizəsinin uğursuzluğu və hakimiyyətlə nəticələnməməsi də buna səbəb olmuşdur. Bu uğursuzluğun özü də müəyyən amillərin nəticəsidir. Əgər Abbasilər də hakimiyyətə gəlməsəydilər, onların gizli fəaliyyət və təbliğatlarına dair acı və şirin xatirələri də sinələrində qalacaq, heç kəs onlardan xəbər tutmayacaq və tarixdə qeyd olunmayacaqdı. (Sadiq rəhbər, səh. 74-80)

Təqiyyədən danışarkən deyə bilərsiniz ki, bu, güclü bir hökumətin iş başında olduğu zamana aiddir. Şah dövründə biz də gizlənirdik və qorxudan bir söz demirdik. Xeyr! O zaman da təqiyyə qorxudan deyildi. "Təqiyyə möminin qalxanıdır"1. Qalxandan isə döyüşdə istifadə olunur. Deməli, təqiyyə də döyüşə aiddir.

O zaman da belə idi; təqiyyə edərək xəncəri düşmənin başından elə endirirdik ki, o nə xəncəri görürdü, nə xəncəri tutan əli, nə xəncərin qalxmasını, nə də enməsini. Yalnız ağrısını hiss edirdi. Təqiyyə budur. O zaman təqiyyə edənlər belə edirdilər. Onlar düşmənin gözündən uzaq, məxfi şəkildə, gizli evlərdə, çox diqqət və ehtiyatla bir elan hazırlayırdılar. Bu elan yayılanda isə rejim tamamilə rəzil olurdu. Bu iş düşmənin başına endirilən xəncər zərbəsinə bənzəyirdi. Yəni təqiyyə etməklə düşmənin görülən işlərdən xəbər tutmasına imkan vermirdik. Təqiyyə qalxan idi, təqiyyə edən onun arxasında gizlənirdi. Təqiyyənin mənası budur. İndi də həmin mənanı ifadə edir.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə