138
Azad Nəbiyev
qoruyub saxlamışdır. Bunlardan biri M.Kaşğarinin «Divani-lüğət-it-
türk» əsəridir. Burada xalqımızın zəngin ağız ədəbiyyatının elə dəyərli
nümunələri xatırlanır ki, onların bir çoxu aşıq yaradıcılığının məhsu-
ludur. Məsələn, qoşma şəkli. Məlumdur ki, bu şer şəkli şifahi poezi-
yamızda meydana çıxıb və bu günə qədər aşıq repertuarnıda özünə
layiqincə yer tutmaqdadır. «Lüğət…»də onun mənşəyilə bağlı veril-
miş qeydin özü göstərir ki, hələ XI əsrdə qoşma yeni yaranan aşıq re-
pertuarında mövcud imiş (14, s.127). Digər bir mənbə Nizami Gən-
cəvi irsidir. Nizami əsərələrində də aşıq yaradıcılığı ilə bağlı müxtəlif
musiqi alətlərinin adına təsadüf edilir. Onlar içərisində diqqəti ən çox
cəlb edən sazdır. Şairin əsərlərində bir neçə yerdə sazın adına rast
olunur. Bütün bu kimi bir sıra digər faktlar XI-XII əsrlərdə Azərbay-
canda sazın qopuzdan ayrılıb müstəqil musiqi aləti kimi xalq arasında
yaşadığını göstərir.
Aşıq sənəti XI-XII əsrlərdə erkən təşəkkül dövrünü yaşamış,
islamın müxtəlif təriqətləri içərisində yalnız sufi görüşlərə söykən-
məklə ozan ənənələrini davam etdirmişdir. Cəmiyyətin aparıcı ideyası
və ideoloji düşüncəsinin daşıyıcısı funksiyasını üzərinə götürməyə
başldıqca o, aşıq sənətini meydana çıxarmağa səmtlənmiş, dərvişçilik
və şamançılıq ənənələrindən fərqli mövqe formalşdırmış, müxtəlif
dövrlərdə meydana çıxan regional ifaçılıq ənənələrini kölgədə qoyaraq
sürətli tərəqqi yoluna çıxmışdır.
Çox geniş ərazilərdə yayılan aşıq sənəti XIII əsrdən aşıq məktəb-
ləri şəklində müxtəlif regionlara məxsus ictimai-siyasi, əxlaqi və es-
tetik dəyərləri özündə əks etdirmişdir.
Azərbaycan aşıq sənəti özünə məxsus fərdi xüsusiyyətlər və cizgi-
lər yaratmış, zaman-zaman onları inkişaf etdirib cilalamışdır.
Erkən orta əsrlərdə oğuz türklərinin estetik düşüncəsinə daxil olan
aşıq dövrünün qabaqcıl adamı, epik və lirik təfəkkürün ozandan son-
rakı yaradıcılıq mərhələsini bütöv şəkildə üzərinə götürən peşəkar
ifaçı idi. Aşıq eyni zamanda sənətin sinkretizmini davam etdirib ya-
şadan, söz qoşub saz çalan, qoşulan nəğmələri məharətlə oxuyan, das-
tan qoşan, saz havaları yaradan, bütün havacatı öz sazında çalıb-
çağıran, söylədiyi nağılı, dastanı müxtəlif rəqslər, pantomim mizanlar
– qaş, göz, bədən hərəkətləri ilə bəzəyən, sazla sözün vəhdətini yara-
dan, öz dinləyicisinə yüksək mənəvi-əxlaqi və estetik dəyərlər aşıla-
yan improvizatorçudur.
Azərbaycanda aşiq sənəti
139
Aşıq yaradıcılığı tarixən şifahi şəkildə yaranıb yayılan söz sənəti-
dir. Onu xalq yaradıcılığı ilə bağlayan cəhətlərlə yanaşı, bu yaradı-
cılıqdan ayıran xüsusiyyətlər də yox deyildir. (1, 127)
Aşıq poeziyasının xalq yaradıcılığının tərkib hissəsi olduğunu
təsdiqləyən arqumentlərin sayı çoxdur. Onların böyük əksəriyyəti aşıq
poeziyasının xalq yaradıcılığı qaynaqlarından süzülüb gəldiyini gös-
tərməkdədir. Birincisi, aşıq poeziyası şifahi şəkildə yaranır, canlı xalq
danışıq dilinə əsaslanır. Bu dilin bədii imkanlarını açıqlayır, onun ge-
niş yaradıcılıq gücünə malik olduğunu əks etdirir.
İkincisi, xalq şeri şəkillərinə, həmin şerin şəkli xüsusiyyətləri,
poetik ölçüləri zəmininə əsaslanır, onlar üzərində yaranıb inkişaf edir.
Üçüncüsü, aşıq folklor yaradıcılığı sistemində – fərd-kollektiv-
fərd-kollektiv prosesində fərd funksiyasını yerinə yetirir. Burada fərdi
əvəzləyən aşığın iştirakı yalnız qeyri-anonimliyi ilə fərqlənir. Elə bu
xüsusiyyət xalq yaradıcılığı ilə aşıq poeziyasını bir-birindən ayıran
başlıca fərqi üzə cıxarır. Bu isə aşıq yaradıcılığının tarixi təkamülü
prosesində daha bir sıra başqa özünəməxsusluqlar yaradır ki, onların
da fərdi sıra düzümü vardır.
Birincisi, yuxarıda deyildiyi kimi, xalq yaradıcılığı anonim, aşıq
yaradıcılığı isə müəlliflidir. Aşıq şerində müəllifin adı hər bir poetik
parçanın sonuncu bəndinə möhürlənir, həmin bənd «möhürbənd» he-
sab edilir. Aşıq yaradıcılığının zaman və məkan hüdudu da əksər hal-
larda məlum olur. Məsələn, Qurbaninin yaşadığı dövr, zaman məlum
olduğu kimi, Aşıq Ələsgərin, Xaltanlı Tağının, Molla Cümənin, yaxud
Aşıq Şakirin və başqa sənətkarların dövrü, yaradıcılığı barədə məlu-
matlar qorunub saxlanır. Bundan əlavə, aşığın şəxsiyyəti ilə bağlı bir
sıra başqa məlumatlar da müxtəlif rəvayətlər vasitəsi ilə sonrakı nəsil-
lərə çatdırılır. Avtobioqrafik dastanlar isə belə məlumatları qismən
daha bütöv şəkildə yaşada bilir.
İkincisi, aşıq poeziyasının bütün nümunələri heç də bədahətən
yaranmır, bir sıra aşıq şeri şəkilləri bizə yazılı şəkildə gəlib çatmışdır.
Yeni dövr folklor yaradıcılığı mərhələsindən sonra bu ənənə xüsusilə
güclənmiş, sovet dövründə isə daha kütləvi hal almışdır.
Aşıq yaradıcılığını ağız ədəbiyyatının ümumi mündəricəsindən
ayırmağa imkan verən daha bir neçə başqa xüsusiyyət də göstərmək
olar. Lakin bütün bunlara baxmayaraq o, tarixən yaranıb formalaşması
üçün mühüm, başlıca şərt olan şifahi ənənənin inkişafının ayrı-ayrı
140
Azad Nəbiyev
mərhələlərində qoruyub saxlamış və artan sürətlə davam etdirmişdir.
Bu, aşığın həm peşəkar ifaçılığında, improvizatorçuluğunda, həm də
sənət sinkretizminin mühafizəsində və repertuar zənginliyində özünü
göstərir. Həmən çoxcəhətlilik fonunda diqqət yetirdikdə aydın görünür
ki, aşıq yaradıcılığı təpədən-dırnağa folklor hadisəsidir.
Orta əsrlərin zəngin və qüdrətli aşıq yaradıcılığı, bu dövrün Qur-
bani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq və onlarla sonrakı
dövrün sənətkarlarının yaradıcılığı ən azı iki-üç yüz il xalqın dilində
yaşadıqdan sonra yazıya alınmışdır. Sonrakı sənətkarların yaradıcılı-
ğının yazıya köçürülmə arasındakı zaman müddəti azalsa da onları da
xalq yenə yaddaşdan yazıya vermişdir. Aşıq Alının, Aşıq Ələsgərin,
Aşıq Hüseyn Bozalqanlının və bir çox digər sənətkarların yaradıcılığı
buna nümunədir. İstər orta əsr, istərsə də XX əsrin ilk onilliklərinə qə-
dərki aşıqların yaradıcılığında yazılı ənənə ilə bağlı elə bir güclü təsir
yoxdur. Aşıq poeziyası həmin dövrlərdə də erkən kökləri və dayaqları
üzərində inkişafını davam etdirmişdir. İstər aşığın bədahətən söz de-
məsi, onun öncəgörməsi, improvizatorçuluq məharəti, istərsə də nağıl,
dastan söyləməsi, müxtəlif tipli rəqsləri, pantomim mizanları və s.
bütünlüklə folklor ənənələrinə söykənir. Təbii ki, bu gün aşıq sənəti-
nin bir sıra klassik mizanları unudulub sıradan çıxmış, deformasiya-
lara uğramışdır. Onun müəyyən ənənələri sovet dövründə təhrif edil-
mişdir. Aşıq yaradıcılığının folklordan ayrılma prosesi nəzərə çarpma-
ğa başlamışdır. Lakin eyni zamanda aşıq sənətində ötən yüzillikdə Şi-
mali Azərbaycanda baş verən keyfiyyət dəyişikliklərinin hamısını Gü-
ney Azərbaycanına şamil etmək olmaz. Bu bölgədə aşıq sənəti öz
klassik ənənələrini daha mühafizəkarlıqla qoruyub saxlamışdır. Aşığın
folklordan ayrılma prosesi güneydə şimal ərazidə olduğundan daha
ləng getmişdir. Son onilliklərdəki milli özünəqayıdış həmin prosesi
artıq dayandırmış və ona dövrün bir sıra yeni xüsusiyyətlərini əlavə et-
mişdir.
Ağız ədəbiyyatı ilə aşıq yaradıcılığı arasındakı açıqlanan və ya
açıqlanmayan, görünən və görünməyən ümumilik və fərqlər təbii ki,
onlar arasında müəyyən sərhəddlər və fərdiliklər də yaradır. Ona görə
də aşıq yaradıcılığını mərasim və uşaq folkloru kimi ağız ədəbiyya-
tının əlahiddə, ayrıca bir sahəsi kimi öyrənmək daha doğru olardı.
Çünki bir neçə xüsusiyyət fərqinə görə onu xalq yaradıcılığından ayır-
maq ümumilikdə mümkün olmadığı kimi, bu yaradıcılığı ağız ədəbiy-
Dostları ilə paylaş: |