Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə3/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   2   3   4   5   6   7   8   9   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Dəftərxananın elmi bölməsi.

Düşüncələr gülüstanı

Şİə düşüncəsİnİn ən aydın əsası


İslam Peyğəmbərinin (s) vəfatından sonra müxtəlif düşüncə və məzhəblərin yaranması haqqında xeyli araşdırma aparılmış, kitablar yazılmışdır. Hərəsi bir baxışa tərəfdar olan müəlliflərin hər biri öz məzhəbini peyğəmbər dövrünə aid etməyə çalışırlar. Amma tarix boyu İslamın iki böyük firqəsinin − şiə və sünnü alimlərinin təkid etdiyi məsələ budur ki, İslam Peyğəmbəri (s) dinin əsas məsələlərini tam işıqlandırdığından, ziddiyyətə səbəb olan rəy, qiyas, ictihad kimi vasitələrə ehtiyac yoxdur. Daxili və xarici düşmənlərin çoxluğunu nəzərə alaraq, həzrət Peyğəmbər (s) tövhid inqilabının əvvəlindəcə İslami ümmətin gələcəyini müəyyənləşdirirdi. Həzrətin (s) bilgisi 23 illik əzab-əziyyətin nəticəsini başlı-başına buraxmağa imkan vermirdi. Dəqiq bir yol və üsul müəyyənləşdirməyib, ümməti pərakəndə vəziyyətdə qoyma, hərənin öz bildiyi kimi meydana girib, İslamı bildiyi kimi təfsir etməsinə imkan vermək olmazdı.

Buna görə də biz əminik ki, İslam Peyğəmbəri (s) besətin (peyğəmbərliyə çatmasının) əvvəlindən pak insanlar tərbiyə etmək fikrində olmuş, özündən sonra İslam ümmətinə düzgün yol göstərilməsi və İslamın həqiqi təfsirini bu adamların öhdəsində qoymuşdur. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə Əhli-beyti tanıtdırmışdır ki, bu Əhli-beyt xalqı pərakəndəlikdən, fikri, məzhəbi və siyasi ixtilaflardan xilas etsin. Bu əqidənin canlı sübutu Qədir-Xum hadisəsidir. Qədir-Xumda həzrət Peyğəmbər (s) Allahın vəhyinə istinad edərək həzrət Əlini (ə) canişin kimi tanıtdırmış, bununla da öz risalətini təkmilləşdirmişdir.

Bu düşüncə İslamın ən böyük məzhəblərindən birinin kökünü davamlandırdı, bir çox sevgili çöhrələr və Peyğəmbərin (s) yaxınları uyğun əqidəyə sahib olaraq, o Həzrətin (s) həyatı dövründə onun mərkəzini formalaşdırdılar.3 Əllamə Təbatəbainin bildirdiyinə görə, İslamın zühuru və 23 illik inkişafı belə bir cəmiyyətin varlığını zəruri edirdi. Həzrət Peyğəmbərin (s) Əliyə (ə) olan bağlılığını izhar etməsi, Əlinin (ə) İslamın tərəqqisi naminə müharibələrdəki xidmətləri həqiqətsevər peyğəmbər köməkçilərində Əliyə (ə) qarşı məhəbbət yaradır, onun ardınca getməyə ruhlandırırdı. Eyni zamanda, başqa bir qrup həsəd alovunda qovrulurdu. Bu düşüncə şəriət sahibinin əli ilə müsəlmanların varlığında yer aldı, onun vəfatından sonra bəhrə verdi. Bu yolun ardıcılları Peyğəmbər (s) əsrində şəriət sahibi tərəfindən şiə adı iftixarına çatdılar.

Əllamə Təbatəbainin fikrincə, Peyğəmbərin (s) yaxınları arasında belə bir cəmiyyətin yaranması İslamın keçdiyi 23 illik yolun nəticəsi idi. Peyğəmbərin (s) Əliyə (ə) sevgisi və Əlinin (ə) müstəsna xidmətləri belə bir qrupun yaranmasını zərurətə çevirirdi.

Həqiqi İslamı təcəssüm etdirən bu qrupun əsas inamları ilə tanış olaq:

1. Tövhid.

Şiə Allahın birliyinə etiqaddan əlavə, buna inanır ki, Allah cismlikdən və zaman, məkan, dəyişmə kimi cismə aid olan sifətlərdən uzaqdır. Bu inama görə şiələr “münəzzəhə” adlandırılmışlar.

2. Ədl.


Şiələr möhkəm əqli dəlillərə əsasən inanırlar ki, Allah-taala ehtiyacsız, həkim, alim olduğu üçün ədalətlidir və heç vaxt zülm etməz.4 Yaranış dünyasına, maddi və mənəvi aləmə ədalət hakimdir. Allah hər şeyi məqsədlə yaratmış, yaratdıqlarının ehtiyaclarını təmin etmiş və hər şeyi layiq olduğu yerdə qərar vermişdir. Allahın bu istiqamətdəki ədaləti “təkvini” ədalətdir.

“Təşrii” ədalət adlanan sifət isə Allahın məqsədlə yaratdığı insana fitri, əqli, şəri yollarla səadət yolunu göstərməsindən ibarətdir. Allah-taala peyğəmbərlər göndərməklə kamillik yolunu bəşəriyyət üçün işıqlandırmışdır.

3. Cəbr və ixtiyar.

Şiə etiqadına görə, Allah insanı əməl və istək baxımından azad yaratmışdır. Heç kəs bir işə məcburi şəkildə, öz istəyi olmadan başlamır. Yaxşı və ya pis iş görmək insanın istəyindən asılıdır. Ona görə də insan gördüyü işə cavabdeh olmalı, yaxşı işin mükafatını, pis işin cəzasını almalıdır.5

4. Yaranış məqsədi.

Şiəliyə əsasən, insanın hərəkətləri zatən gözəl və ya çirkindir. İnsan ağlı gözəllik və çirkinliyi dərk edə bilir. Allah-taala ehtiyacsız, həkim və alim olduğundan heç vaxt pis iş görməz. Ona görə də dünya və insanın xüsusi məqsədlə yaradıldığına inanırıq. Quran ayələri Allahın işlərinin əbəs olmadığını bildirir. Bəzi ayələrdə isə yaranış məqsədi bəyan olunur.6

5. Nübuvvət.

Kamilliyə çatmaq üçün insanın ağlı kifayət etmədiyindən, Allah yaranışın məqsədə çatmaq yolunu göstərir. Üstün, pak, sadiq insanlar peyğəmbər olaraq seçilir ki, insana məqsəd və məqsədə doğru yol göstərilsin. Peyğəmbərlərin Allah tərəfindən gəlişinin isbatı üçün onlar müxtəlif vasitələrlə, eləcə də, möcüzə, elm və qeybi biliklərlə təchiz olunur. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) Mustəfadır.7

6. Səmavi kitab.

Allah-taala bəşərin hidayəti, yəni doğru yola yönəldilməsi üçün səmavi kitablar göndərmişdir. Bu kitablardan faydalanmayan insan səhvə yol verir, təqva (pəhriz), əxlaq və tərbiyədən uzaq olur. Səmavi kitabların sonuncusu İslam Peyğəmbərinin (s) ən mühüm möcüzəsi olan Qurandır. İmam Sadiqin (ə) buyurduğu kimi, Quran əbədi aktual kitabdır.

Şiə əqidəsinə görə, hazırda əlimizdə olan Quran eynən Peyğəmbərə (s) nazil olmuş Qurandır. Ona bir şey artırılmamış, ondan bir şey əskilməmişdir.8 Bu kitab Peyğəmbərin (s) nəzarəti ilə toplanmışdır. Müsəlmanlar onun hifzi üçün ciddi şəkildə çalışırlar. Bu müqəddəs fəaliyyət indi də davam etməkdədir.

7. Quranın təfsiri.

Şiələr bu əqidədədirlər ki, Quranı yalnız Peyğəmbər (s) sünnəsindən yaxşı xəbərdar olan insanlar təfsir edə bilər. Onlar Peyğəmbər (s) qoynunda tərbiyə olunmuş, həzrətin elminin varisləri olmalıdırlar. Allah-taala yuxarıda sadalanan keyfiyyətlərə malik məsum insanları həm də müsəlman cəmiyyətinə rəhbərlik üçün seçmişdir. Bu məqsəd on iki imamın təyini ilə gerçəkləşmişdir. Qurani-kərimin təfsirinə yol açan əksər rəvayətlər məsum imamlardan nəql olunmuşdur.

8. İmamət.

Şiəliyə görə, ilahi hikmət peyğəmbərlərin gəlişini zəruri etdiyi kimi, peyğəmbərlərdən sonra imamların da gəlişi zəruridir. Məsum imamlar Peyğəmbər yolunu davam etdirir, onun şəriətini təhrifdən qoruyurlar. İmamlar və peyğəmbərdən sonrakı canişinlər bəyan, təbliğ, təfsir, nəfslərin tərbiyəsi kimi peyğəmbər vəzifələrini öhdələrinə götürürlər. Onlar Peyğəmbərin (s) özü kimi günahdan uzaq olmalı, xalqın ehtiyaclarına cavab verməlidirlər. İsmət və məsumluq kimi sifətləri tanımaq gücündə olmayan insan əqli və nəqli dəlillərə əsasən, Allahın tanıtdırdığı şəxslərə tabe olmalıdır.9 Amma təəssüf ki, insanlar bu vəzifələrinə lazımınca əməl etməmişlər. Ona görə də məsum imamlar rəhbərlik vəzifələrindən, cəmiyyətin idarəçiliyindən kənarda qalmışlar. Bunu da deməliyik ki, imamların siyasi meydandan uzaqlaşdırılması onların məqamını əskiltmir. Onları bu məqama insanlar yox, Allah seçmişdir.

9. Məhdəviyyət.

Şiə etiqadına görə on ikinci imam Həzrət Mehdi (ə) qəməri tarixi ilə 255-ci ildə Bağdadın şimalında yerləşən Samirra şəhərində imam Həsən Əsgərinin ailəsində Nərgis adlı xanımdan doğulmuşdur. Allahın məsləhəti ilə bir dəstə təqvalı və sirrsaxlayan mömin o həzrəti görmüş və bu barədə etibarlı adamlara xəbər vermişlər. Bu hadisəni otuza yaxın sünnü alim və şairləri də nəql etmişlər. Bir çoxları həzrətin ömrünün uzunluğuna şübhə ilə yanaşırlar. Hansı ki, ömrün uzunluğu əqlən mümkündür və Allahın qüdrəti əhatəsindədir. Tarixdə belə bir hadisənin olduğunu Quran da nəql edir.10

10. Qeybət (qeybdə olma).

O zaman ictimai-siyasi durum həzrət Mehdinin (ə) rəsmi aşkar fəaliyyətinə imkan vermirdi. Digər bir tərəfdən, ayə və rəvayətlərə əsasən, hansısa bir gün yer üzündə ilahi ədalət hakim olmalı, zülmün kökü kəsilməlidir. Bu məqsəd yalnız məsum imamın hüzuru ilə gerçəkləşə bilər. Buna görə də həzrət Mehdi (ə) insan nəzərindən gizli qalaraq, zühur üçün münasib şərait intizarındadır. Həzrət (ə) nə vaxtsa zühur edib bütün yer üzünə hakim olan İslam hökuməti quracaq.

Prinsipcə bütün dinlərdə belə bir inanc olsa da, şiəlikdə bu məsələ dinə etiqadın tərkib hissəsidir. Rəvayətə görə, bəşəriyyətin həzrətlə görüşə hazırlığı onun zühuruna şərait yaradır. Ona görə də imamın (ə) zühuru intizarında olmaqla yanaşı, əməli şəkildə hazırlaşmaq, təqva silahı ilə silahlanaraq cəmiyyətdə ilahi fəza yaratmaq imamın (ə) hökumətinin təşkili üçün zəruridir.

11. Rəcət.

Şiə etiqadına görə, zülm-sitəm böyük günahların cəzası qiyamətdən qabaq veriləsidir. Quranda bəzi qövmlərin dünyada cəzalandırıldığı bildirilir.11 Cəzalandırılmış qövmlərin “geri dönməyəcəyi” bildirilir. Aydındır ki, bu dönüş qiyamətə aid deyil. Quran ayələrində bütün insanların qiyamət səhnəsinə dönəcəyi xəbər verilir. Yuxarıdakı ayədəki “geri dönməyəcək” ifadəsi Əhli-beyt təfsirinə əsasən qiyamətə yox, rəcətə aiddir. Əksər qövmlərdə, eləcə də, İslam ümmətində bəzi zalımların cəza üçün dünyaya qaytarılacaqlarına (rəcət) inam var.12

İki Quran ayəsinə nəzər salaq: “Qiyamət günü hamı gətiriləcək.”13 “Hər ümmətdən bir dəstə gətiriləcək.”14 Bu iki ayədə ayrı-ayrı zamanlardan danışıldığı aydın görünür. Hamının qayıdışı qiyamətə, xüsusi bir dəstənin qayıdışı isə rəcət dövrünə aiddir. İmam Sadiq (ə) buyurur: “Qiyamətdən qabaq ölülərin bir dəstəsinin mühüm hesablar üçün dirilməyi Allah üçün asan işdir.”15

Tam yəqinliklə demək olar ki, rəcətdə həzrət Əli (ə) imam Hüseyn (ə) kimi ilahi şəxsiyyətlər, eləcə də rəhmsiz zalımlar həyata qaytarılacaq ki, həqiqi möminlər qarşısında hesab çəkilsin. Sünnət əhli arasında da rəcətə inananlar var. Əgər bu inam cəmiyyətə məntiqi şəkildə çatdırılarsa, bir sıra digər amillər kimi, güclü islahedici rol oynayar.

12. Bəda.

Şiələr bir sıra ayə və rəvayətlərə əsasən inanırlar ki, insan öz həyat yolunu dəyişməklə taleyini dəyişə bilər. “Hər insan anadan xoşbəxt və ya bədbəxt, behiştlik və ya cəhənnəmlik doğulur” sözü əqli və şəri nöqteyi-nəzərdən yanlışdır. Belə bir baxış “cəbri” əqidəsinə uyğundur və Allahın ədaləti ilə bir araya sığmır. “Bəda” taleyi dəyişməyin mümkünlüyünə inamdır. Bəda etiqadının fərd və cəmiyyət üçün tərbiyəvi əhəmiyyəti və bir çox başqa faydaları vardır. Bu əqidə günahkar insanları tövbəyə həvəsləndirir, onları Allaha doğru yönəldir.

Sünnə əhlində də belə bir inam mövcuddur. Bəzi əməllərin ömrü uzatması, bəzi əməllərin ömrü qısaltması mövzusundakı hədislər həmin inamın varlığını sübuta yetirir. İnsanın öz taleyini dəyişə bilməsi bəda etiqadının əsas məfhumudur.

13. Şəfaət.

Şiələr inanır ki, peyğəmbərlər, xüsusi ilə də, İslam Peyğəmbəri (s) və məsum imamlar şəfaət məqamına malikdirlər. Yəni Allaha yaxın olan bu insanlar, Onun izni ilə, tövhid əqidəsində olan günahkarları qiyamət günü bağışlatdıra bilərlər. Şiələr buna da inanırlar ki, Allah-taala şəfaət məqamını peyğəmbər və imamlara onların bəndəliyi, ixlası, cihadı, fədakarlığı müqabilində bağışlamışdır. Demək, insan elə bu dünyada şəfaət istəyə bilər ki, qiyamətdə bağışlanılsın.

Bu inama qarşı heç bir şəri, əqli və ürfi irad yoxdur. Quran və Əhli-beytin mötəbər kəlamları bu inamın yetərli dəlilləridir. Digər bir tərəfdən, müsəlmanları şəfaət istəyinə çağıran ayələr hansısa bir dövrü yox, qiyamətədək bütün zamanları nəzərdə tutur.

Bədaya inam kimi, şəfaətə də inam Allahın mərhəmətinə ümidi artırır, günahların tövbəsinə həvəsləndirir. Amma şəfaətin şərtlərinə diqqətli olmaq, onu dünyanın yanlış dəstəbazlıqları ilə səhv salmamaq lazımdır.16

14. İlahi şəxsiyyətlərin qəbri üzərində qübbə, məqbərə tikilişi

Şiə əqidəsinə görə, Allaha, İslama və müsəlmanlara fədakarcasına xidmət etmiş ilahi şəxsiyyətlərə ehtiram, onların qəbri üzərində məqbərə tikmək, onları ziyarət etmək, doğum və vəfat günləri mərasim keçirmək Allahın bəyəndiyi işlərdir, əqlən və şərən məqbuldur. “Həcc” surəsinin 32-ci ayəsində buyurulur: “Allahın mərasiminə ehtiram, şübhəsiz ki, qəlblərin təqvasındandır.” Əlavə olaraq, bu iş xeyirli bir əməl, ali mədəniyyət nişanəsi, İslam ümmətinin öz həqiqi rəhbərlərinə ehtiramıdır. Belə işləri şirk hesab edənlər əslində şirk və tövhiddən xəbərsizdirlər. Şirk odur ki, Allahdan başqası ilahiləşdirilsin. Məsələn, bir bəndəyə imanına görə təzim yox, onu Allah bilərək edilən təzim şirkdir. Biz şəfaət verənləri istəklərimizin yerinə yetirilməsində müstəqil bilmirik.

Şəri ölçüləri, hədləri gözləməklə belə fitri işlərə icazə verilməsi xalqı pak insanlarla mənəvi təmasa, ruhi əlaqəyə sövq edir. İnsanlar şəfaətin tərbiyəvi, ictimai-siyasi faydalarından bəhrələnirlər.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə