Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
69
hifəlik yazını yalnız nisgilli şairin deyil, qürbət acılarını çəkən bütün mühacirlə-
rin fəryadı kimi dəyərləndirmək mümkündür
Qeyd etmək lazımdır ki, Almas İldırım topladığı bayatıların informator-
ları haqqında geniş məlumat verməsə də, yazdığı kiçik müqəddiməyə belə bir
xatırlatma əlavə etmişdir: “Kitaba qoyulan bu bayatıları toplarkən, bu yolda
özündən də faydalandığım, qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir
azəri anasının yaşlı gözlərini məchul bir nöqtəyə dikərək söylədiyi bir bayatını
yazdıqdan sonra o da, mən də susdum…susmaq… əvət… o da başqa bir cür fər-
yad…
Əzizim vətənə sarı,
Yol gedər vətənə sarı.
Çıxaydım dağlar başına,
Baxaydım vətənə sarı” (3, s.5).
Beləliklə, aydın olur ki, müəllif bayatıları özü kimi qürbətə düşən vətən
həsrətli analardan – Azərbaycan türklərindən toplamışdır ki, bu da kitabın dəyə-
rini artırmaqdadır. Bundan əlavə, 42-ci səhifədə müəllif belə bir izahat vermiş-
dir: “42 və 43-cü səhifələrdəki bayatılar Qars civarında söylənməkdədir. Bunlar
M.B. arkadaşımızdan alınmaqdadır”. Məlumdur ki, Qars vilayətinin əhalisi içə-
risində azərbaycanlılar çoxdur və yaxşı haldır ki, Almas İldırım oradan da baya-
tı toplanmasına diqqət yetirmişdir.
Almaniyanın Köln şəhərində yaşamaq məcburiyyətində qalan Behruz
Həqqinin uzun illərdən bəri davam edən toplama fəaliyyəti də çox əhatəlidir.
Xüsusilə bir məqam diqqət çəkməkdədir. Behruz bəy Vətəninin azadlığı, hürriy-
yəti yolunda mücadiləyə qalxan və bu yolda dəfələrlə ağır zindan həyatı sürmə-
yə məhkum edilən mücahidlərdəndir. Tədqiqatçı ağır mənəvi, fiziki işgəncələr
içərisində olanda da fəaliyyətini dayandırmamışdır ki, bunu onun topladığı ör-
nəklərin altındakı “Tehran zindanı”, “Təbriz zindanı”, “Bəndərabbas zindanı”,
“Qızılqala zindanı”, “Sənəndəc zindanı” sözləri də təsdiq etməkdədir.
Behruz bəyin bu barədə öz xatirələri İran adlanan ərazidə ağır yaşam
mücadiləsi verən soydaşlarımızın ürək parçalayan çətin durumu ilə yanaşı, bu
insanlardakı sınmayan iradəni, sonsuz həyat eşqini, xalqına, vətəninə məhəbbəti
əks etdirməkdədir: “...hərbi məhkəməyə aparıb bir neçə gün oyun-oyuncaq işlə-
rə şahid olandan sonra edam hökmü verərək məni zindana qaytardılar. İnanırdım
ki, insan o vaxtadək ki, bir ictimai iş görə bilir – diri adlana bilər. Elə buna görə
də ağır vəziyyətdə olmağıma baxmayaraq, uzun illərdən bəri sevdiyim ağız ədə-
biyyatının toplanmasına başladım” (19, s. 9).
Behruz bəy bu fəaliyyətində onun kimi ağır şəraitdə əzab çəksə də, yar-
dım etməkdən çəkinməyən məhkumları sayğı ilə xatırlamışdır ki, bu insanlar,
doğrudan da, böyük hörmətə layiqdirlər.
Nemat Rahmatı (22), Xavər Aslan (2), Behruz Həqqi (17; 18) və başqa-
larının toplamaları, həmçinin mühacirət mətbuatının fəaliyyəti ayrıca qeyd edil-
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
70
məlidir. Bütün deyilənlərlə yanaşı, mühacir ziyalılar xaricdə və vətəndə toplanan
folklor örnəklərini hər zaman diqqətdə saxlamışlar. Bir fakta nəzər salaq. Xanım
O.Şatskayanın (M-me Chatskaya O.) 1928-ci ildə Fransada “Asiya jurnalı”nda
(sayı 8, s. 193-265) “Tatar xalq şərqiləri” (“Chansons populaires Tatares”) adı
altında nəşr etdirdiyi Azərbaycan bayatıları ilə bağlı “Azərbaycan yurd bilgi-
si”nin 1932-ci il 11-ci sayının “Təhlil və tənqidlər” bölməsində Əhməd Cəfəroğ-
lunun mülahizələri dərc edilmişdir. N.K.Dmitriyevin Azərbaycan dilinin tədqi-
qatına həsr edilmiş müqəddiməsi və Şatskayanın Gəncə şivəsində toplayaraq
nəşr etdirdiyi 76 bayatıdan ibarət bu tədqiqatın təhlilini aparan Ə.Cəfəroğlu əsəri
kəskin tənqid etmişdir. Hər şeydən əvvəl, müəllifi qəzəbləndirən tədqiqatın sər-
lövhəsi olmuşdur ki, bu da təbiidir. Ə.Cəfəroğlu doğru olaraq yazmışdır: “Aşa-
ğı-yuxarı bir əsrdən bəri Şərqi və dolayısıyla türkləri tədqiq edən ”Journal
Asiatique” kimi elmi və ciddi bir məcmuədə “Chansons populaire Tatares” –
“Tatar xalq şərqiləri” sərlövhəsi altında azəri türklərini “tatar” deyə tanıtmaq,
təəssüf ki, hələ də əski rus təbirini xatırlatmaqdadır. Anadolu qardaşlarından
ayırmaq qəsdilə ruslar tərəfindən zorla azərilər mühitinə idxal edilən bu təbir ar-
tıq bir daha tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalxmış və alim
adlandırılan madam Şatskaya və Dmitriyevlərin bu yoldakı xatirələrinə ehtiyac
qalmamışdır” (6, s.408).
Lakin Əhməd bəyin haqlı iradları bununla bitməmiş, o, Dmitriyevin təd-
qiqatının səthi olduğunu qeyd etməklə yanaşı, Şatskayanın topladığı bayatıların
da dəqiqliklə yazıya alınmadığı üçün orijinallığını itirdiyini, elmi cəhətdən naqis
olduğunu bildirmişdir. 1934-cü ildə yazdığı “Şərqdə və Qərbdə azəri tədqiqləri”
məqaləsində Ə.Cəfəroğlu yenidən həmin araşdırmanı xatırlatmışdır (8, s.237).
Mühacir ömrü sürməyə məcbur qalanlardan Hüseyn Baykaranın folklor
materiallarının toplanması ilə bağlı fəaliyyəti ayrıca qeyd edilməlidir. Belə ki, o,
“Azərbaycan istiqlal mücadiləsi” əsərində qaçaqçılıqla bağlı yaranan qəhrəman-
lıq nəğmələri və əhvalatlarından bəhs edərkən, sovet senzurasının qəzəbinə tuş
gələn parçalara xüsusi diqqət yetirmişdir. Məsələn, müəllif həmin kitabda “Qa-
çaq Nəbi” dastanında Həcərin dilindən verilən aşağıdakı parçanı örnək olaraq
vermişdir.
Qazamat istidi, yata bilmirəm,
Ayaqda qandalaq qaça bilmirəm.
Açar urusdadır, aça bilmirəm,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi (4, 91).
Azərbaycanda nəşr olunmuş “Qaçaq Nəbi” dastanının məlum variantında
“Açar urusdadır, aça bilmirəm” misrası “Qapısı bağlıdı, aça bilmirəm” şəklində
dəyişikliyə uğramışdır. Sovet senzurasının bu redaktəsi sadəcə bədii redaktə
deyildir, dastanın məzmununu, Nəbinin apardığı mübarizənin mahiyyətini pər-
dələyən, onu mücərrəd istiqamətə yönəldən “məqsədli” bir dəyişiklikdir.
Dostları ilə paylaş: |