Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İran qoşunları tərəfindən
viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi,
səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay
davam etdi. Bu müddət ərzində düşmən bir neçə dəfə həmlə etdi, lakin hər dəfə
canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə ayın 8-də baş verdi. O,
qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin rus qoşunu
sayının azlığı ucbatından (8600 adam) İrəvanda müvəffəqiyyət qazana
bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı
və qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da 20 kilometlik
yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına
yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah
hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi.
İran komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və
Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun
5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Qüvvələr həddindən artıq qeyri-
bərabər idi. Lakin rus qoşunu üstün gəldi və İran qoşununun bu məğlubiyyəti
iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu [40].
Rus qoşunu İrəvana yaxınlaşana qədəravqustun 17-də Uşağanda və b.
yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O,
ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını
mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da
İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti
azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min müsəlman
(azərbaycanlı – Red.) və ancaq 3 min erməni ailəsi var idi‖ [41]. Bu əhalinin
müəyyən hissəsi, başlıca olaraq ermənilər rus qoşununa hər cür yardım
göstəriridilər. ―Qala divarları üstündə görünən sakinlər papaqlarını yellədərək,
işarə edirdilər ki‖, onlar təslim olurlar. Onlar çimal darvazalarını açdılar və
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar. Elə həmin gün qanlı döyüşdən
sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi.
İrəvan qalasındakı qələbə, onun alınması Rusiya-İran müharibəsinin
gedişində rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər
general Kristovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində
dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də
Mərənd döyüşsüz ələ keçirildi.
Rus qoşunu Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlmədi. 1827-
ci il oktyabrın 11-də rus qoşunu Təbrizə hərəkət etdi. Eristov yazırdı: ―Şəhərə
rəhbərlik üçün göndərilmiş şahın kürəkəni və birinci naziri Allahyar xan əhalini və
orada olan 2 batalyon sərbazı müdafiə olunmağa razı salmaq üçün hər vasitədən
istifadə etdi‖. 1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu. Çoxlu
qənimət – 40 top, mindən çox tüfəng,çoxlu mərmi ələ keçirildi [42].
Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Müvəqqəti
idarəyə yüksək rütbəli rus zabitlərindən başqa, Təbriz ruhanilərinin başçısı Ağa
Mirfəttah, Təbrizin keçmiş qubernatoru Fətəli xan və b. daxil oldular.
Dekabristlərə yaxın olan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və
bütün Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən
tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı.
Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ
keçirməyə ümid edən Cənubi Azərbaycanın feodal hakimləri Paskeviçə cənuba
hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər [43].
Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı İranla müharibəni
başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı
və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın
7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə
gedilməsini, İran qoşununun Talış xanlığını tərk etməsini və gümüş pulla 30
milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının
Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının
təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də
Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi.
Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus
qoşunun yeni hücumunu İranın hakim dairələri arasında vahimə doğurdu. İranın
tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald
döyüşən tərəflər arasında vasitə kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də)
Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında
sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan
Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini
qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan
ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı.
Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O, İranın
tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən
tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi
Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan
müharibə təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa
tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.
Türkmənçay sülh müqaviləsinə görə, İran Şimali Azərbaycana olan öz
iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Cənubi
Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan iki yerə bölündü.
Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə qətiyyətlə mane
oldu. Burjua zadəgan tarixçisi yazırdı: ―İranlıların özlərindən çox ingilislər Abbas
Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın
İrandan alınması ingilislərin qüdrət və nüfuzunu tam sarsılması demək idi‖ [44].
İngilis hökuməti Cənubi Azərbaycanın mühüm hərbi strateji mövqeyinə böyük