NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
Azərbaycan
Cümhuriyyətini Paris
Sülh konfransında təmsil edən
Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli
ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı
olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və
bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər.
Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların
deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman Əli
Mərdan bəy Topçubaşov (1861-1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt-
Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti
ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin
maddi vəsaiti hesabına nəşr olunan “Kaspi” qəzetinin redaktoru kimi geniş ictimai-
siyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet
çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının
ruporuna çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı.
1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya
türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti
ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904-07-ci illərdə keçirilən I-III
qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü
qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-”İttifaqi-
Müslüm”ün (“Musulmanskiy soyuz”) Məramnamə və Nizamnaməsini hazırlamış,
onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi.
1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən
Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkin ci
Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq
Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var
idi. Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının
Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman əhalinin Rusiya ilə
gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində
Ə.M.Topçubaşovun böyük rolu olmuşdu.
Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai-siyasi
təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin işinə də rəhbərlik
edirdi. 1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil
olunan ikinci hökumət kabinəsində Ə.M.Topçubaşov portfelsiz nazir vəzifəsini
tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və
Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi.
1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında onu sədr
seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh
konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu.
Diplomatik missiyada Ə.M.Topçubaşovun müavini olan Məmməd Həsən
Hacınski (1875-1931) Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri
İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə
başçılıq etmişdi. O, həm də Ə.M.Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi
təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar “Müsavat” sıralarına
keçən M.H.Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi.
F.Xan-Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə
maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi.
Nümayəndə heyətinin üzvü Əkbərağa Şeyxülislamov (1881-1961) İrəvan
gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz
Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu.
Siyasi fəaliyyətini menşevik istiqamətli “Hümmət” partiyasında davam
etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini
imzalayanlar içərisində Ə.Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk
hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını
təmsil edirdi.
Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağaoğlu (1869-1939) tanınmış
publisist və ictimai xadim idi. Paris Ali Hüquq Moktəbində və Sorbonna
universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində “Həyat”,
“İrşad”, “Tərəqqi” qəzetlərinin redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi
partiya sayılan “Difai”ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-
cu ildə Osmanlı imperiyasına -Türkiyəyə mühacirət etdikdən sonra burada “İttihad və
Tərəqqi” partiyasının liderləri ilə yaxınlaşmış, “Türk yurdu” və “Türk ocağı”
təşkilatlarının qurucuları sırasında yer almışdı. O, eyni zamanda İstanbul
universitetinin rus ədəbiyyatı professoru və
Osmanlı Məclisi-Məbusanının
(Parlament) üzvü kimi elmi-siyasi fəaliyyət göstərmişdi. Ə.Ağaoğlu 1918-ci ildə
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri
kimi Azərbaycana gəlmiş, burada Parlamentə üzv seçilmişdi. Lakin İstanbuldakı
ingilis işğal qüvvələri “İttihad və Tərəqqi” liderləri ilə yaxınlığına görə
Ə.Ağaoğlunun Parisə getməsinə imkan verməmişdi. O, 1919-cu ildə İstanbulda həbs
olunmuş və Malta adasına sürgün edilmişdi.
Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli (1889-1962)
Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publisist və
gözəl musiqiçi idi. Böyük qardaşı Üzeyir Hacıbəyli (1885-1948) ilə birlikdə ilk
Azərbaycan operası “Leyli və Məcnun”u bəstələmişdi. Azərbaycan Cümhuriyyəti
qurulduqdan sonra hökumət ofisi özünün-rus dilində çıxan “Azərbaycan” qəzetinin
redaktoru olmuşdu. Rus-dilli Bakı və Qafqaz mətbuatında ciddi ictimai-siyasi
problemlərə, mədəniyyət, təhsil, qadın azadlığı və s. məsələlərə dair çoxsaylı
məqalələri dərc edilmişdi.
Dostları ilə paylaş: |