STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
356
Azərbaycanda neft sənayesinin inkişafı digər sənaye sahələrinin inkişafına
da təsir göstərir. Hal-hazırda özəl sektorda kiçik və orta sənaye şirkətlərinin
yaranmasında çoxlu sayda təşəbbüslər müşahidə edilir. Təcrübə göstərir ki,
əksər hallarda kiçik və orta biznesdə biznes təhsili
olmayan əsas idarə edənlər
ya təsisçilərin özləri, ya da onlara yaxın adamlar olur. Lakin həmin insanların
şəxsi həyat təcrübələri və geniş əlaqələri olur. Bu şəxsi təcrübələrin əsas hissəsi
satışlarla bağlı olur. Belə bir ifadə var ki, mal istehsal etmək üçün həmin malın
satışında təcrübənin olması vacibdir.
Son 2-3 il ərzində bu sahədə dəyişikliklər müşahidə edilir. Belə ki, kiçik
və orta sənaye şirkətləri muzdlu idarəçilər axtarmağa başlayıblar. Fikrimizcə,
belə vəziyyət 10-15 il davam edəcək. Getdikcə daha peşəkar kadrlar, xüsusilə
menecerlər, yaxşı texniki təhsili və idarəetmə bacarığı olan mühəndislər tələb
olunacaq. Bu, biznesdə azad rəqabətin tələbidir. Çünki menecerin hər bir kiçik
səhvi böyük itkilərə səbəb ola bilər. Burda belə bir sual yaranır: Orta və kiçik
sənaye şirkətləri üçün bu qədər peşəkar mühəndis-menecer hardan tapılacaq?
Çünki, demək olar ki, bu kiçik şirkətlər təcrübəsi olmayan şəxsləri işə qəbul
etmirlər, gənc kadrların kiçik şirkətlərdə sıfırdan başlamalarına fürsət verilmir,
işçi heyətin inkişaf proqramları yoxdur. Bu, o deməkdir ki, öz şirkətində (kiçik
və orta biznesdə) zəruri peşəkar kadr əldə etmək çətindir. Müşahidələr göstərir
ki, belə kadrların əsas mənbəyi iri sənaye müəssisələridir. Xoşbəxtlikdən
Azərbaycanda belə iri şirkətlər mövcuddur və gənc kadrların yetişdirilməsində
onların böyük rolu var.
1994-ci ildə neft müqavilələrinin imzalanması təkcə ölkənin dinamik iqtisadi
inkişafının təməlini qoymadı, eyni zamanda gənc kadrların yetişdirilməsi
üçün də geniş imkanlar yaratdı. Bu, ümummilli lider Heydər Əliyev tərəfindən
olduqca vacib və vaxtında atılmış strateji addım idi. “BP”, “Statoil”, “Halliburton”,
“Shlumberger” və digər bu cür beynəlxalq şirkətlərin fəaliyyəti gənc kadrların
yetişdirilməsi üçün geniş imkanlar yaratdı. Bu şirkətlərin proqramlarında minlərlə
menecer uğurlu karyera qura bildi. Bu gün isə həmin menecerlər yerli kiçik
və orta sənaye şirkətləri tərəfindən işə dəvət olunur. Yüksək məvacib, aparıcı
vəzifə kimi üstünlüklərlə bərabər, gənc menecerlər bəzən qeyri-adi hadisələrlə
də rastlaşırlar. Misal üçün, sistemli strukturdan qarma-qarışıq struktura,
bürokratiyadan dinamikaya və yaxud demokratiyadan diktator sahibkarın əlinə
düşürlər. Belə olan halda bu gənc kadrların bir çoxu iş yerlərini dəfələrlə dəyişir,
bəziləri yenidən iri şirkətlərə qayıdır, amma nəticədə orta və kiçik biznesin əsl
liderləri qalır. Onların fikrincə, “okeanda kiçik balıq olmaqdansa, kiçik akvariumda
iri balıq olmaq yaxşıdır”. Onlar başa düşürlər ki, iri şirkətlərdə onlar böyük
kompressorun kiçik boltuna bənzəyirlər və bu bolt hər an dəyişdirilə bilər. Bir
sözlə, belə proseslər zamanı orta və kiçik biznes sahibləri çətin şəraitdə işləməyə
öyrəşən peşəkar menecerləri əldə etməklə qabağa düşürlər.
Gəlin, kiçik və orta sənaye biznesində baş menecerin üzərinə düşən
vəzifələrə nəzər salaq və iri şirkətlərdəki kadrlar ilə müqayisə edək.