1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan
işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə
əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə
müəyyən edilir.
Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik
yerinə yetirilən işə görə ödənilir.
2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin,
artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü
görülən işə görə əməkhaqqının ödənilməsi
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə
görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı
olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə
gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq
vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı
olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş
işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. (
39
,
48
)
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi
ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən
aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli
(ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq
məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə
daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Maddə 166. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən edilmiş
həddən aşağı olmamaqla, işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin
konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası
İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktik olaraq yerinə yetirilmiş iş üçün
haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının
üçdə iki hissəsindən az olmamalıdır.
Maddə 168. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası
1. İşçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılmış
qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif
(vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.
2. Hazırlanan materialdakı görünməyən çatışmazlıq üzündən buraxılan zay məmulat, habelə işçinin
təqsiri olmadan buraxılmış və texniki nəzarət orqanı tərəfindən qəbul edildikdən sonra aşkara
çıxarılmış zay məhsul üçün həmin işçiyə yararlı məmulata bərabər miqdarda haqq verilir.
3. İşçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin təqsiri üzündən qismən
zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənilir.
Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə,
ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi
üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Maddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərti
Yeni istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam mənimsənildiyi dövr ərzində
işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu
halda əmək haqqının saxlanıldığı dövrün konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi
işəgötürən tərəfindən müəyyən edilir.
Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi
Bu Məcəllədə nəzərdə tutulmuş qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə
əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
İyirmi altıncı fəsil. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək
haqqından tutulmalar
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi
məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik
dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.