Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında[1]



Yüklə 48 Kb.
səhifə2/3
tarix31.08.2018
ölçüsü48 Kb.
#65823
1   2   3

Pul siyasəti

 

 Maddə 28 . Pul siyasəti



 

28.1.  Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.

28.2.  Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.

 

Maddə 29. Pul siyasətinin alətləri



 

29.1. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:

29.1.1. açıq bazarda əməliyyatların aparılması;

29.1.2. faiz dərəcələrinin müəyyənləşdirilməsi;

29.1.3. kredit təşkilatları üçün məcburi ehtiyatlanın müəyyənləşdirilməsi;

29.1.4. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;

29.1.5. depozit əməliyyatlarının aparılması;

29.1.6. bank əməliyyatlarının məhdudlaşdırılması;

29.1.7. beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

29.2. Mərkəzi Bank bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğun olaraq bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab etdiyi alətləri tətbiq edir.

 

Maddə 30. Açıq bazarda əməliyyatlar



 

30.1. Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları aparır: [27]

30.1.1.bu Qanunun 16-cı maddəsinin tələblərini nəzərə almaqla dövlətin buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;

30.1.2.      özünün buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;

30.1.3.xarici valyuta ilə alğı-satqı və digər əməliyyatlar.

30.2. Pul siyasətinin həyata keçirilməsi məqsədilə buraxılan Mərkəzi Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.

 

Maddə 31. Faiz dərəcələrinin müəyyənləşdirilməsi



 

31.1. Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir.

31.2. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.

31.3. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən maliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir.

31.4. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc etdirir.

 

Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi



 

32.1.  Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.[28]

32.2.  Məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir.[29]

 

Maddə 33. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi[30]



 

33.1.  Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. //çıxarılıb////çıxarılıb//

33.2.  Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

33.3.  Kreditlər //çıxarılıb// kredit təşkilatlarının baş idarələrinə verilir.

 

Maddə 34. Depozit əməliyyatları



 

Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edir və onlarda depozitlər yerləşdirir.[31]

 

Maddə 35. Bank əməliyyatların məhdudlaşdırılması



 

Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatların müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.

 

VI fəsil


Nağd pul tədavülünün təşkili

 

Maddə 36. Pul vahidi



 

36.1. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxıla bilər.

36.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

36.3. Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

36.4. Manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavülə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəliyidir və onun bütün aktivləri ilə təmin edilir.

36.5. Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.[32]

36.6. Pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.

36.7. Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.

 

Maddə 37. Pul tədavülünün təşkili



 

37.0. Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün Mərkəzi Bank aşağıdakıları həyata keçirir:

37.0.1. pul nişanlarına olan tələbatı müəyyənləşdirir;

37.0.2. pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir;

37.0.3. pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;

37.0.4. Mərkəzi Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;

37.0.5. Mərkəzi Bankda və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;

37.0.6. tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.

 

Maddə 38. Pul nişanlarının tədavülə buraxılması



 

38.1. Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü, tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir.

38.2.  Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank müəyyən etdiyi qaydada və qiymətlərlə buraxdığı yubiley və xatirə pul nişanlarının satışını təşkil edir.[33]

38.3.  Mərkəzi Bank qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) ilə əlaqədar yeni pul nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir.

 

Maddə 39. Pul nişanlarının tədavüldən çıxarılması



 

39.1. Denominasiya halları istisna olmaqla, Mərkəzi Bank tədavüldə olan kağız və metal pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.

39.2. Mərkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarım, habelə yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir.

39.3. Yeni pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar pulların dəyişdirilməsi zamanı dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol verilmir. Dəyişdirilməli olan pul nişanları Mərkəzi Bankın müəyyən etdiyi müddətdə, lakin bir ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin müddətdən sonra pul nişanları Mərkəzi Bank tərəfindən müddətsiz olaraq dəyişdirilir.

39.4. Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.

39.5. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir.

 

Maddə 40. Pul nişanlarının dəyişdirilməsi



 

Mərkəzi Bank tədavülə yararlı pul nişanlarmı məhdudiyyətsiz dəyişdirir. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.[34]

 

Maddə 41. Pul nişanlarının məhvi



 

41.1.  Saxta pul nişanları istisna olmaqla tədavüldən çıxarılmış pul nişanları müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş qaydalar əsasında məhv edilir.

41.2.  Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir.

 

VII fəsil



Beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə olunması

 

Maddə 42. Beynəlxalq qızıl-valyuta ehtiyatları



 

42.1.  Mərkəzi Bank dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün beynəlxalq qızıl-valyuta ehtiyatlarım İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində saxlayır və idarə edir.

42.2.  Mərkəzi Bank İdarə Heyətinin müəyyən etdiyi strategiya və qaydalar çərçivəsində aşağıdakı aktivlərdən ibarət beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir:

42.2.1. qızıl, digər qiymətli metallar və qiymətli daşlar;[35]

42.2.2. kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta;

42.2.3. xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında Mərkəzi Bankın sərbəst dönərli xarici valyutada. Saxladığı vəsaitlər;

42.2.4. Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq Valyuta Fondunda ehtiyat mövqeyi;

42.2.5. xarici dövlətlərin, mərkəzi bankların və ya beynəlxalq maliyyə təşkilatlarının buraxdığı, yaxud təminat verdiyi qiymətli borc kağızlan;

42.2.6. beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri.

42.3.  Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə edilməsində bu sahədə ixtisaslaşmış maliyyə təsisatların xidmətlərindən İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində istifadə edə bilər.

42.4.  Beynəlxalq qızıl-valyuta ehtiyatları dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Mərkəzi Bankın mülahizəsinə görə təhlükəli səviyyəyədək azaldıqda və ya azalması qorxusu olduqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların belə azalmasına gətirib çıxarmış və ya gətirib çıxara biləcək səbəbləri qabaqcadan göstərməklə beynəlxalq qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat və əsaslandırılmış təkliflər təqdim edir.

 

Maddə 43. Beynəlxalq qızıl-valyuta ehtiyatları haqqında məlumat



 

Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının ümumi miqdarı barədə rübdə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.

 

VIII fəsil



Ödəniş sistemlərinin təşkili

 

Maddə 44. Ödəniş sistemləri üzrə səlahiyyətlər



 

44.1. Mərkəzi Bank ödəniş, o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.

44.2. Mərkəzi Bank normativ xarakterli aktları ilə müəyyən edilmiş qaydada klirinq (prosessinq) təşkilatlarının fəaliyyətinə icazələr verir və nəzarəti həyata keçirir.

44.3. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ölkədə nağdsız hesablaşmaların və kredit təşkilatları vasitəsilə pul köçürmələrinin aparılması qaydalarmı və şərtlərini, habelə ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.

44.4. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.

44.5. Mərkəzi Bank kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul köçürmələri, habelə klirinq (prosessinq) sistemlərinin etibarlığının və təhlükəsizliyinin, habelə bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

44.6. Mərkəzi Bank qanunvericiliyə müvafiq olaraq ödəniş sistemlərinin təşkili sahəsində digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 45. Kredit təşkilatları arasında hesablaşmaların təşkili



 

Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaları Mərkəzi Bankda milli valyutada (manatla) açdıqları müxbir hesablan vasitəsilə, yaxud beynəlxalq təcrübəyə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi digər üsullarla təşkil edir.

 

IX fəsil


Kredit təşkilatları ilə münasibətlər

 

Maddə 46. Kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri



 

46.1.  Mərkəzi Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, "Banklar haqqında", "Poçt haqqında" , “Bank olmayan kredit təşkilatları haqqında” və "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir.[36]

46.2.  Mərkəzi Bank, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.

46.3.  Mərkəzi Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

46.4.  Bu Qanunda nəzərdə tutulmuş hallarda Mərkəzi Bank banklar üçün sonuncu instansiya kreditoru kimi çıxış edir.[37]

46.5.  Öz funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank kredit təşkilatlarının ona məlum olan fəaliyyəti haqqında məlumatı yalnız “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda açıqlayır.[38]

 

Maddə 47. Lisenziyalaşdırma



 

47.1.  Mərkəzi Bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşkilatlarına xüsusi razılıqların (lisenziyaların), onların filial və şöbələrinə, habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə icazələrin , maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılığın (lisenziyanın) verilməsində və onların ləğv edilməsində müstəsna səlahiyyətə malikdir.[39]

47.2.  Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaların və icazələrin forma və məzmununu Mərkəzi Bank müəyyənləşdirir.

 

Maddə 48. Tənzimləmə və nəzarət



 

48.1. Kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank aşağıdakıları həyata keçirir:

48.1.1. bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir;

48.1.2. prudensial normativləri, habelə onların hesablama metodlarını və tətbiqi qaydalarmı müəyyən edir;

48.1.3. kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir;

48.1.4. hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və bunun əsasında maliyyə hesabatlarında müvafiq düzəlişlərin edilməsi barədə kredit təşkilatlarına icrası məcburi olan göstərişlər verir;

48.1.5. banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarmı müəyyən edir və tətbiqinə nəzarət edir;

48.1.6. qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır;

48.1.6-1. kredit təşkilatları tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir;[40]

48.1.7. bank xidmətləri bazarında inhisarçılıq fəaliyyətinin qarşısının alınması məqsədilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır;

48.1.8. kredit təşkilatlarına və onların inzibatçılarına qarşı “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada təsir (təshih) tədbirlərini və sanksiyaları tətbiq edir;[41]

48.1.9. qanuna müvafiq surətdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri tələb etdiyi hallarda kredit təşkilatlarının idarəetmə orqanlarının iclaslarında müşahidəçi qismində iştirak edir, kredit təşkilatlarının inzibatçıları ilə məsləhətləşmələr aparır;

48.1.10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda bankların maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Mərkəzi Bankqarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir;[42]

48.1.11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda banklara və xarici bankların yerli filiallarına müvəqqəti inzibatçı təyin edir, zəruri hallarda bankın öhdəlikləri üzrə moratorium tətbiq edilməsi barədə məhkəməyə müraciət edir;[43]

48.1.12. lisenziyası ləğv olunmuş banklar və xarici bankların yerli filialları haqqında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq tədbirlər görür;[44]

48.1.13. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

48.2. Kredit təşkilatları və poçt rabitəsinin milli operatoru üçün prudensial normativləri müəyyən edərkən Mərkəzi Bank kredit təşkilatlarının növləri üzrə fərqli normativləri və onların hesablanması metodlarını müəyyənləşdirə bilər.[45]

 

Maddə 49. Sonuncu instansiya kreditoru



 

Bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilər.[46]

 

Maddə 49-1. Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi [47]



 

49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir. [48]

 

Maddə 50. Kredit təşkilatlan ilə əməkdaşlıq



 

Kredit təşkilatlan ilə qarşılıqlı fəaliyyət məqsədilə Mərkəzi Bank kredit təşkilatlarının, onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barəsində məsləhətləşmələr apara, əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qrupları yarada bilər.

 

Maddə 51. Xarici tənzimləmə və nəzarət orqanları ilə əməkdaşlıq



 

51.1. Kredit təşkilatları üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının effektiv surətdə həyata keçirilməsi məqsədilə Mərkəzi Bank xarici ölkələrin bank tənzimi və nəzarəti orqanları ilə bank nəzarəti sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlaya və əməkdaşlıq edə bilər.

51.2. Bu cür əməkdaşlıq Mərkəzi Bankla xarici ölkənin bank tənzimi və nəzarəti orqanı arasında fəaliyyət göstərən və ya fəaliyyətə başlamaq istəyən subyektlər haqqında informasiya mübadiləsini, birgə nəzarətin həyata keçirilməsini əhatə edir, bu şərtlə ki, həmin orqan aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız bank nəzarəti məqsədləri ilə istifadə edəcəkdir.

 

Maddə 52. Məlumat mübadiləsi



 

Mərkəzi Bank maliyyə sektorunun digər seqmentlərində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq əsasında tənzimləmə və nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat mübadiləsi apara bilər, bu şərtlə ki, tərəflər aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız nəzarət məqsədləri üçün istifadə edəcəklər.

 

Maddə 53. Mübahisələrin həlli



 

Mərkəzi Bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.

 

X fəsil


Əqdlər və əməliyyatlar

 

Maddə 54. Mərkəzi Bankın əqdləri və əməliyyatları



 

54.1. Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:

54.1.1. çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları, habelə bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;[49]

54.1.2. xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və öhdəliklərini almaq və satmaq;

54.1.3. qarantiyalar və zəmanətlər vermək;

54.1.4.    bank hesablan, o cümlədən depozit hesabları açmaq;

54.1.5.hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;

54.1.6.hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;

54.1.7.Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək.

54.2.  Mərkəzi Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir.

54.3.  Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər.

54.4.  Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər.

54.5.  Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər.

54.6.  Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli kağızlarım almaq hüququna malikdir.

54.7.  Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qadağan olunmayan mülki hüquqi əqdləri bağlaya bilər.[50]

 

Maddə 55. Qadağan olunan fəaliyyət



 

55.0. Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:

55.0.1. bu Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;

55.0.2 istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;

55.0.3. Mərkəzi Bankın fəaliyyətini, Mərkəzi Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Mərkəzi Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək məqsədləri istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.[51]

 

XI fəsil



Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə