1053.1. Çek yazıla bilər:
1053.1.1. müəyyən şəxsin adına;
1053.1.2. təqdim edənə (adsız).
1053.2. Çek "və ya təqdim edənə" qeyd-şərti ilə, yaxud bu cür məna ifadə edən
qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır.
1053.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.
1053.4. Çek, çek verənin özünə verilə bilər.
Maddə 1054. Çekdə faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı
Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır.
Maddə 1055. Çekin başqasına verilməsi
1055.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament
vasitəsilə başqa şəxsə verilə bilər.
1055.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə
mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində bu şəxslər də çeki
indossament edə bilərlər.
1055.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı
indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu və indossamentin
çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank
üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır.
1055.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
993.3-993.4, 1018 və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir.
Maddə 1056. Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi
1056.1. Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi tətbiq
edilir.
1056.2. Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs, onun adsız çek və ya
indossament vasitəsilə verilən çek olmasına baxmayaraq, çeki yalnız o halda
qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə etmiş olsun və ya əldə edərkən
kobud ehtiyatsızlıq etmiş olsun.
Maddə 1057. Çek zaminliyi (aval)
Çek məbləğinin ödənişinə avalçı tərəfindən aval (çek zaminliyi) vasitəsilə
tamamilə və ya qismən qarantiya verilə bilər. Ödənişə belə qarantiyanı, ödəyici bank
istisna olmaqla, hər hansı üçüncü şəxs və ya artıq çekdə imzası olan şəxs verə bilər.
Maddə 1058. Çekin ödənişə təqdim olunması
1058.1. Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş etibarsız
sayılır.
1058.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə
təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə
yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay
müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü
olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər
dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər
sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi
göstərilən gündən başlanır.
1058.3. Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa təqvimin
qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş yerinin təqviminə əsasən verilmə
gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.
Maddə 1059. Çekin geri götürülməsi
1059.1. Çekin geri götürülməsi yalnız onun təqdim edilmə müddəti qurtardıqdan
sonra etibarlıdır.
1059.2. Çek geri götürülmədikdə, bank çekin təqdim edilmə müddəti qurtardıqdan
sonra da ödənişi icra edə bilər.
1059.3. Çek verən özünün və ya hər hansı üçüncü şəxsin çeki itirdiyini təsdiq
edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə bilər.
Maddə 1060. Çek verənin ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin və
ödəmə qabiliyyətli olmamasının nəticələri
Çek verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət qabiliyyətini itirməsi və
ya ödəmə qabiliyyətli olmamasının elan edilməsi çekin etibarlığına təsir göstərmir.
Maddə 1061. Çek üzrə ödəniş və ödənişə dair qəbz. Xarici valyutada verilən
çeklər
Çek üzrə ödənişlərə, ödənişə dair qəbz verilməsinə və xarici valyutada çeklərə bu
Məcəllənin 1028, 1029.4 və 1030-cu maddələri müvafiq surətdə tətbiq olunur.
Maddə 1062. Cızıqlı çek
1062.1. Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin 1062.2-1062.6-cı
maddələrində nəzərdə tutulan nəticələr ilə çeki cızıqlaya bilərlər. Cızıqlama çekin üz
tərəfinə iki paralel xətt çəkməklə aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər.
Xətlər arasında heç bir göstəriş və ya "bank" qeydi və ya eyni mənalı başqa qeyd
yoxdursa, cızıqlama ümumi sayılır. Xətlər arasında bankın adı yazılmışsa, cızıqlama
xüsusi sayılır. Ümumi cızıqlama xüsusiyə çevrilə bilər, lakin xüsusi cızıqlama ümumiyə
çevrilə bilməz. Cızıqlamanın və ya göstərilmiş bankın adının qaralanması etibarsız
sayılır.
1062.2. Ödəyici ümumi cızıqlaması olan çeki yalnız banka və ya öz müştərisinə
ödəyə bilər.