135
Böyük elmi fəaliyyətinə görə Kazım bəy Rusiyada on yüksək təltiflərdən
sayılan Demidov mükafatına 3 dəfə layiq görülmüşdür. Onun tədqiqat əsərləri bir
çox xarici dillərə tərcümə olunub Avropa və Asiya ölkələrində nəşr edilmişdir.
XIX əsrin 40-cı illərində Kazım bəy Kopenhagen Şimal Nadir Sənədlər Kral
Cəmiyyətinin üzvü, Kazan Vətən Dilləri Cəmiyyətinin həqiqi üzvü, Peterburq
Arxeologiya-Numizmatika Cəmiyyətinin müxbir üzvü, Kazan Universitetinin fəxri
üzvü seçilmişdir.
1849-cu ildə Kazım bəy Peterburq Universitetinə işə dəvət edilmiş, Şərq
dillərindən dərs demişdir. O həmçinin 1849 - 1855-ci illərdə Peterburq xüsusi
pansion və məktəblərinin inspektoru işləmişdir. 1851-ci ildə Kazım bəy
"Dərbəndnamə" əsərini ingilis dilinə tərcümə etmiş və şərhlərlə birlikdə nəşr
etdirmişdir. Ümumiyyətlə, onun ərəb, fars və Azərbaycan əlyazmalarını tarixilik
baxımından təhlil etməsi Rusiyada tarix elminin inkişafında mühüm rol
oynamışdır. O həmçinin rus və Şərq dillərinin qarşılıqlı əlaqələrinə dair tədqiqatlar
aparmış, rus dilində çoxlu türk sözlərinin mövcudluğunu sübut etmişdir.
XIX əsrin 50-ci illərində Kazım bəy Rusiya Coğrafiya Cəmiyyətinin
həqiqi üzvü, Fransa Asiya Cəmiyyətinin ordinar üzvü, Boston Şərqşünaslar
Cəmiyyətinin müxbir üzvü seçilmişdir.
Kazım bəy 1855-ci ildə Peterburq Universitetinə fars dili kafedrasının
müdiri təyin edilmişdir. Həmin ildə universitetdə Şərq fakültəsi açılanda Kazım
bəy onun ilk dekanı olmuş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır.
Rusiyanın bir çox ziyalıları onun tələbələri olmuşdur. Onların arasında
L.N.Tolstoy, N.Q.Çernışevski, N.İ.Lobaçevski və başqaları var. Azərbaycan
ziyalıları ilə daim əlaqə saxlayan Kazım bəy A.Bakıxanovun maarifpərvər
fəaliyyətini dəstəkləmiş, M.F.Axundzadənin elmi-ədəbi fəaliyyətinə yüksək qiymət
vermişdir.
Kazım bəyə dünya şöhrəti gətirən əsərlər arasında "Türk-tatar dilinin
ümumi qrammatikası" adlanan dərsliyi xüsusi yer tutur. Türk xalqlarının dillərinin
qrammatik təhlilini vermiş Kazım bəy eyni zamanda bu dilləri öyrənmək üçün
olduqca asan və kamil dərs vəsaiti yazmışdır. Uzun illər boyu bu dərs vəsaitindən
Rusiya və Avropa universitetlərində türk dillərini öyrənməyə imkan verən yeganə
dərs vəsaiti kimi istifadə olunmuşdur.
XIX əsrin 60-cı illərində Kazım bəy Amerika Fəlsəfə Cəmiyyətinin üzvü,
Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü seçilmişdir. Rusiyada şərqşünaslıq
sahəsində müəllim-professor kadrlarının hazırlanmasında Kazım bəyin xüsusi rolu
olmuşdur.
Kazım bəy 1861-ci ildə Peterburq Universitetinin əməkdar professoru,
1869-cu ildə Şərq dilləri üzrə fəxri doktoru seçilmişdir.
136
Təəssüflə qeyd etmək lazımdır ki, bir çox
Azərbaycan alimlərinin, ədiblərinin, rəssamlarının,
ustalarının əsərləri bu və ya digər xalqların
nümayəndələrinin
adlarına
çıxılır,
dünya
muzeylərində ayrı-ayrı xalqların nailiyyətləri kimi
nümayiş etdirilir. Azərbaycan alimlərinin gərgin
əməyi nəticəsində onların bir qisminin məhz
Azərbaycan
xalqına
məxsusluğu
sübuta
yetirilmişdir. Belə əsərlər sırasında Azərbaycan
şairi, mütəfəkkiri və maarifçisi Mirzə Şəfi Vazehin
əsərlərini göstərmək olar. Onun dost hesab etdiyi
alman tədqiqatçısı F. Bodenştedt əsərlərini XIX
əsrdə öz adına çıxmış və Avropada yaymışdır.
Yalnız uzun illər boyu aparılmış araşdırmalar
Vazehin müəllifliyini sübut etməyə imkan
vermişdir.
Mirzə Şəfi Vazeh Azərbaycan tarixində
görkəmli şair, mütəfəkkir və Azərbaycan dilində ilk
dərs vəsaiti tərtib etmiş maarifçi kimi özünəməxsus
şərəfli bir yer tutur.
Görkəmli rus tədqiqatçısı, şərqşünas alim, akademik V.V.Bartold haqlı
olaraq yazırdı ki, Rusiyada şərqşünaslıq elmini yaradan iki nəfər varsa, onlardan
biri məhz Kazım bəydir.
Mirzə Məhəmməd Əli Kazım bəy 1870-ci ildə Peterburq şəhərində vəfat
edib, həmin şəhərdə də dəfn olunub.
Mirzə Şəfi Vazeh
(1794-1852)
Mirzə Şəfi Vazeh
1794-cü ildə Gəncədə memar ailəsində anadan olmuşdur. Öncə məktəbdə oxumuş
Vazeh sonra təhsilini mədrəsədə davam etdirmiş, lakin mədrəsədə dərs deyən din
xadimləri ilə münaqişəyə girdiyi üçün oradan çıxarılmışdır. Bir müddət Gəncədə
xəttatlıq edən Vazeh bu işdə böyük şöhrət qazanmış, mahir ustad kimi tanınmışdır.
Onun çoxlu şagirdi olmuşdur. O cümlədən Vazeh Mirzə Fətəli Axundzadəyə də
hüsnxət öyrətmişdir.
Mirzə Şəfi Gəncədə "Divani-hikmət”adlı ədəbi-fəlsəfi məclis təsis etmiş
və burada şəhərin bir çox ziyalılarını birləşdirmişdir. Daim mürtəce din
xadimlərinə qarşı mübarizə aparmış Vazeh özü də onların təqiblərinə məruz
qalmışdır.
137
Odur ki, 1840-cı ildə Tiflisə köçmüş, burada qəza məktəbində Azərbaycan
və fars dillərindən dərs deməklə dolanmışdır. Tiflisin arxiv və kitabxanalarında
çalışmaqdan yorulmayan Mirzə Şəfi şəxsi mütaliə hesabına Şərq ədəbiyyatı ilə
yaxından tanış olmuş, özü də lirik şeirlər yazmağa başlamışdır. Tiflisdə Vazeh
qabaqcıl rus, gürcü, polyak ziyalıları ilə tanış olmuş, onlarla dostluq etmişdir.
Mirzə Şəfinin Gəncədə təsis etdiyi "Divani-hikmət" ədəbi-fəlsəfi məclisi Tiflisdə
də fəaliyyət göstərmişdir. Məclisə toplaşan Tiflis ziyalıları poeziya, etika və
fəlsəfəyə, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparır, öz yeni
əsərlərini oxuyurdular. Məclisin işində A.Bakıxanov, M.F.Axundzadə və digər
Azərbaycan ziyalıları iştirak edirdilər. Məclisin toplantılarının birində Vazeh
Qafqaza gəlmiş alman alimi Fridrix Bodenştedtlə tanış olmuşdur. Bodenştedt
ondan fars dili dərsləri almaq arzusunda olduğunu bildirmiş və beləliklə, Vazehin
şagirdi olmuşdur. Fars dilini öyrənən alman alimi özü də məclisin işində iştirak
etməyə başlamışdır.
Mirzə Şəfi Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, burada qəza məktəbində
müəllim olmuşdur. Həssas ruhlu ədib baş verən ədalətsizliklərə göz yuma bilmir,
onlara qarşı kəskin etirazını bildirirdi. Onu ən çox qəzəbləndirən o idi ki, bir çox
haqsızlıqların arxasında müəyyən din xadimləri dayanır, ədalətsizlikləri din pərdəsi
arxasında gizlətməyə çalışırdılar. Buna qarşı kəskin mübarizə aparan Mirzə Şəfi
deyirdi ki, din xadimləri gərək təmiz və pak insanlardan olsun. O, eyni zamanda
təriqətlərə parçalanma yaradan dini ehkamları, zahidliyi rədd edən, istibdad
əleyhinə şeirlər yazırdı. Satira xarakterli bu şeirlər tezliklə dillər əzbəri olur, xalq
arasında yayılır. Təkcə Gəncədə deyil, ondan kənarda da həvəslə oxunurdu.
Ruhanilərə qarşı kəskin satiralarına görə Gəncə axundu hətta şairi "kafir"
adlandırmışdı.
1850-ci ildə Mirzə Şəfi Vazeh yenidən Tiflisə getmiş, gimnaziyada
Azərbaycan və fars dillərindən dərs demişdir. Vazehin maarif sahəsində də mühüm
xidməti olmuşdur. 1852-ci ildə o, Tiflis gimnaziyasının Şərq dilləri müəllimi
İ.Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi-
türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində Azərbaycan
dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur.
Mirzə Şəfi Vazeh lirik şair kimi tanınsa da, bəzi şeirlərində fəlsəfi
problemlərə də toxunur. Onların təhlili göstərir ki, Vazehin fəlsəfi dünyagörüşünün
əsasında sufiliyin və çarvaka hind fəlsəfi məktəbinin materialist təliminin
ünsürlərini birləşdirən panteizm durur. Vazeh Allahın varlığına inanır, onun heç
kim tərəfindən yaradılmadığını, əksinə, onun hər şeyi yaratmasını bildirirdi. O
hesab edirdi ki, insan kainatın qanunauyğunluqlarını poza bilməz, çünki özü də
Allah tərəfindən yaradılıb. Bununla belə, o, çox vaxt Allahı təbiətlə eyniləşdirirdi.
Dostları ilə paylaş: |