Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
246
hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar olaraq FTK-dan azad edilmişdir. Sovet
hakimiyyətinin ilk illərində Azərbaycan SSR-in məhkəmə orqanlarında işləmişdir,
sonrakı taleyi məlum deyil.
9
Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875-1920), Azərbaycanın görkəmli
siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri.
General-leytenant İsgəndər xan Xoyskinin oğlu, əslən Cənubi Azərbaycanın Xoy
şəhərindən və Şəki xanı Cəfərqulu xanın nəslindəndir. Gəncədə (Yelizavetpolda)
klassik gimnaziyanı, Moskva universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplom-
la bitirmişdir (1897-ci il). Gəncə, Kutaisi dairə məhkəmələrində işləmiş, Zuqdidi
Barışdırıcı hakimin köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü
Yekaterinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokurorunun
müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır. (1904). 20 fevral
1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət dumasına deputat seçilmişdir.
II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış, Tiflis məhkəmə palatasının Yeliza-
vetpol dairə məhkəməsinin andlı iclasçıları sırasına daxil edilmişdir. 1913-cü ildə
Bakıya köçmüş, Bakı dairə məhkəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral
inqilabından sonra Bakıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə
komitəsinin üzvü seçilmiş, müsəlmanların Ümumqafqaz qurultayının (1917-ci il,
aprel, Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı şəhər
Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin deputatı
olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respublikası hökumətində xalq
təhsili naziri vəzifəsini tutmuşdur. 27 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi
haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın ilk
hökumətinin sədri seçilmişdir. Hökumətin ilk kabinetində baş nazir və daxili işlər
naziri, ikinci kabinetdə baş nazir və ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr
1918-ci ildə açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış,
bu hökumətdə iki – baş nazir və xarici işlər naziri vəzifələrini tutmuşdur. Hökumət
25 fevral 1919-cu ildə istefaya getdikdən sonra, N.B.Usubbəylinin başçılıq etdiyi
dördüncü hökumət 14 aprel 1919-cu ildə formalaşdırılanadək öz vəzifələrini icra
etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi problemlərin həllində deputat kimi iştirak
etmiş, region dövlətləri arasında sərhəd mübahisələrinin tənzimlənməsinə həsr
edilmiş Qafqaz konfransının hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir.
22 dekabr 1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış
beşinci hökumət kabinetində xarici işlət naziri vəzifəsini tutmuşdur. Azərbaycan De-
mokratik Respublikası süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 19 iyun 1920-
ci il tarixdə orada muzdlu erməni terrorçusu tərəfindən öldürülmüşdür.
10
Əlibəyov Əli Abbas bəy Hacı Niftalı oğlu – (1870-1937), 1910-1930-cu
illərdə Quba cəmiyyətinin tanınmış nümayəndəsi, bəy ailəsindən, Qubada 2-illik
şəhər məktəbini bitirmiş, çar dövrü Quba qəzasının məhkəmə orqanlarında kiçik
vəzifələrdə işləmiş, bir müddət Bakıda 2-ci Barışdırıcı bölmənin katibinin köməkçisi
olmuşdur. 1918-ci ilin əvvəllərində Qubaya qayıtmış, Quba şəhər başçısı seçilmişdir.
1920-ci ilin aprel ayının sonuna – Azərbaycanda Sovet hakimiyyəti qurulana
qədər bu vəzifədə qalmışdır. 1918-ci il aprel-may Quba hadisələri zamanı şəhəri
tərk etməmiş, Quba əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə erməni
hərbi dəstələrinin başçısı Amazaspla danışıqlar aparmış, eyni zamanda erməni