Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində regionda geosiyasi vəziyyət



Yüklə 61,1 Kb.

tarix08.03.2018
ölçüsü61,1 Kb.


Xalq qəzeti”.-2014.-27 may.-N 110.-S.7. 

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində  



regionda geosiyasi vəziyyət 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  ediləndə  Birinci  Dünya  müharibəsi  başa  çatmamışdı. 

Müharibənin  sonuncu  ilində  Cənubi  Qafqazda  müstəqil  dövlətlərin  elan  edilməsinə  baxmayaraq, 

bu akta gətirən zəncirvari proseslər 1917-ci ilin fevralında Rusiyada çar monarxiyasının devrilməsi 

ilə  başladı.  1917-ci  ilin  yazında  irəli  sürülən  "Azərbaycan  muxtariyyəti"  ideyası  düz  bir  il  sonra 

müstəqil Azərbaycan Respublikasının bəyan edilməsi ilə nəticələndi. 

 

Rusiyada  1917-ci  il  Oktyabr  çevrilişindən  sonra  sabiq  imperiyanın  ərazisi  kimi  Qafqaz  regionu  - 



Xəzər  hövzəsi  beynəlxalq  rəqabət  meydanına  çevrildi.  Rusiya  imperiyasının  müttəfiqləri  İngiltərə  və 

Fransa artıq Antanta çərçivəsində olmuş üçüncü tərəfdaşlarının ərazilərinə sahiblənmək xətti yeridirdilər. 

Sovet  Rusiyası  müharibədən  çıxmış,  Antanta  daxilində  parçalanma  baş  vermiş,  Böyük  Britaniya  ilə 

Fransa  arasında  1917-ci  il  dekabrın  23-də  bağlanmış  məxfi  konvensiyaya  görə  sabiq  müttəfiqləri  olan 

Rusiya  imperiyasında  ərazi  bölgüsü  aparılmış,  Qafqaz  regionu  Böyük  Britaniyanın  nüfuz  dairəsinə  aid 

edilmişdi. Lakin bu ikitərəfli razılaşma idi. Antantaya qarşı vuruşan mərkəz dövlətləri içərisində Qafqaz 

regionu ilə bağlı fəal siyasət yeridən Osmanlı dövləti və onun müttəfiqi Almaniya imperiyası idi. Rəqib 

tərəflərin  içərisində  Qafqazla  daha  sıx  bağlı  tarixi  olan  Osmanlı  dövləti  idi  ki,  o  da  Sovet  Rusiyasını 

tanımayan  Cənubi  Qafqaz  komissarlığı  ilə  "Ərzincan  barışığı"nı  imzalamışdı.  Region  uğrunda  ingilis-

türk, ingilis-rus, ingilis-alman, alman-rus rəqabəti gedirdi. "Ərzincan barışığı"nın imzalanmasıyla Rusiya 

qoşunları Qafqaz cəbhəsindən geri çəkilməyə başladı. Lakin bu, hələ Rusiyanın bir əsrdən çox əsarətdə 

saxladığı  Qafqaz  bölgəsindən  imtinası  deyildi.  Elə  həmin  ay  -  dekabrın  16-da  Qafqazda  sovet 

hakimiyyətini bərqərar etmək üçün Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar vəzifəsi təsis edildi. 

Beləliklə,  1918-ci  ilin  əvvəllərindən  sovet  Rusiyası,  Osmanlı  dövləti,  həmçinin  Britaniya  Qafqazlarla 

bağlı  fəal  xarici  siyasət  yeritməyə  başladılar.  Bütün  bu  mübarizənin  əsasında  regionun  geosiyasi, 

geoiqtisadi əhəmiyyəti dayanırdı. Qafqaz yalnız "xammal, yanacaq, ərzaq mənbəyi" deyil, həm də Avropa 

və  Asiya,  xüsusilə  Rusiya  və  Türkiyə  arasındakı  mövqeyə  və  mühüm  iqtisadi  və  strateji  yollara  malik 

idi.Geostrateji əhəmiyyətini İ.Stalinin bu məzmunda şərtləndirdiyi Qafqazın "sovetləşdirilməsi" hədəfinin 

arxasında  sovet  Rusiyasının  daha  geniş  planları  var  idi.  Qafqazda  sovet  hakimiyyətini  bərqərar  etməli 

olan S.Şaumyan eyni zamanda daha bir missiyanı yerinə yetirməli idi. "Türkiyə Ermənistanı" haqqında 

dekretin  icrası  da  ona  tapşırılmışdı.  Qafqazla  bağlı  dekret  icra  edilməyincə  2-ci  dekretin  icrası  real 

deyildi.  Bu  müstəvidə  Qafqazın  geosiyasi  mövqeyini  Azərbaycanın  milli  istiqlal  xadimi 

M.B.Məmmədzadə  belə  səciyyələndirmişdi:  "Rus  çarlarının  yolu  ilə  gedən  Lenin  böyük  Ermənistan 

vasitəsilə Aralıq dənizinə və Hind okeanına çıxacaq, Avropa kapitalistlərinin öz müstəmləkələrinə gedən 

yollarını kəsmək surətilə dünya inqilabı yaradacaqdı. Böyük Ermənistan bu məqsədlə ona çox lazım idi. 

Ancaq bunun üçün Qafqaz hərəkət bazası halına gəlməli idi. Qafqaz sovetləşdirilməli idi". 

Sovet Rusiyasının qarşısında regionla bağlı rəqabət aparan dövlətlərdən daha ciddi maneə "Qafqazda, 

xüsusilə  Azərbaycanda  milli  və  istiqlal  hərəkətləri"  hesab  edilirdi.  Bütün  imkanlarını  Bakıya  sahib 

olmağa səfərbər edən sovet Rusiyası aktiv əməli tədbirlər görməkdə idi. 

Bakı uğrunda diplomatik, siyasi, ideoloji, hərbi mübarizə 1918-ci ilin əvvəllərindən sentyabrın 15-dək 

intensiv  xarakter  daşımışdır.  "Təcili  surətdə  hərbi  və  pulla  Bakıya  yardım  göstərilsin"  tapşırığını  verən 

mərkəzi bolşevik hakimiyyəti, "vahid və bölünməz Rusiya" tərəfdarı olan siyasi və hərbi qüvvələr Qafqaz 

cəbhəsindən dönən və həmçinin hələ də İranda qalan rus əsgərlərindən faydalanmağa səy göstərirdi. 

İran  ərazisindən rus qoşunlarının çıxarılması prosesini Britaniya qüvvələri də diqqətlə izləyirdi. Rus 

qoşunları  barədə  müfəssəl  məlumata  malik  ingilis  kəşfiyyatı  hələ  1917-ci  ilin  sonunda  L.Biçeraxovun 

1070  nəfərlik  hərbi  birləşməsinə  xüsusi  əhəmiyyət  vermişdi.  Qafqaza  göndərilmək  üçün  ingilis  hərbi 

hissəsinin təşkili məsələsi hələlik İrandakı rus hərbçilərindən istifadəni ehtiyat variantı kimi saxlayırdı. 

Cənubi Qafqaz komissarlığının yaradılması prosesində ABŞ, Fransa, həmçinin Britaniya nümayəndəsi 

iştirak  etmişdir.  İngiltərə,  Fransa  və  İtaliya  hökumətlərindən  fərqli  olaraq,  ABŞ  hökuməti  "Rusiyadakı 

hadisələr  aydınlaşmayınca  Zaqafqaziya  hökumətini  tanımaq"  istəmədi.  Britaniya  isə  əksinə,  Qafqaz 

Federasiyasını  bütünlüklə  dəstəkləməyi  qərara  almışdı.  Bakı  neftinə  sahib  olmaq  əsas  məsələlərdən 

birincisi idi. Böyük Britaniyanın xüsusi xidmət əməkdaşları bölgədə müvafiq missiya yerinə yetirirdi. Baş 

nazir  Lloyd  Corc  həmin  missiyanın  motivini  belə  izah  etmişdi:  "Biz  antibolşevik  kampaniyasını  deyil, 

antialman cəbhəsini təşkil etdik və maliyyələşdirdik. Əgər almanlar Bakıya soxulsaydılar və bu rayonun 

tükənməz  neft  ehtiyatlarını...  ələ  keçirsəydilər,  müharibə  sonsuzadək  davam  edərdi".  Bu  baxımdan 



ingilislərin  Bakıdakı  bolşevik  hökuməti  ilə  əməkdaşlıq  üçün  təkidli  səyləri  anlaşılır.  Brest-Litovsk 

sülhündən  sonra  Almaniya  ilə  müharibə  aparmaq  üçün  Britaniya  Rusiyaya  pul,  silah,  təlimatçılar  vəd 

etməklə, hər cür yardım təklif edirdi . 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması  ərəfəsində  Cənubi  Qafqaz  2  fərqli  qanlı  prosesə  cəlb 

olundu.  Birincisi,  Cənubi  Qafqazın  müsəlmanlara  məxsus  torpaqlarında  kütləvi  şəkildə  dinc  müsəlman 

əhalinin qətliamı ilə nəticələnən proseslər idi ki, bolşevik-daşnak hərbi-siyasi müttəfiqliyi nəticəsində baş 

vermişdi. Region uğrunda rəqabətin beynəlxalq məzmun almasında daxili siyasi qüvvələrin mövqeyi də 

təsirsiz qalmamışdı. Bolşeviklərin sivil yolla hakimiyyətə yiyələnmək ehtimalı azaldıqca güc vasitələrinə 

üstünlük verilirdi. Daşnaklarla iş birliyinin əsasını da qüvvələr nisbətini müsəlmanlara qarşı gücləndirmək 

təşkil  edirdi.  Müsəlman  əhalinin  son  dərəcə  amansızlıqla,  qısa  müddətdə  kütləvi  şəkildə  məhv  edilməsi 

məhz  Azərbaycan  xalqını  Osmanlı  dövlətindən  yardım  istəmək  məcburiyyətində  qoydu.  "Turançılıq" 

layihəsini  gerçəkləşdirmək  istəyən  Osmanlı  dövlət  xadimlərinin  Qafqazla  bağlı  bir  neçə  variantda 

planlarının  reallaşmasına  imkan  verən  şərait  yaranırdı.  Osmanlı  dövləti  Qafqazda  "türkçülük"  və 

"turançılığ"ın əsaslarına söykənən bir siyasətin gerçəkləşdirilməsini planlaşdırmışdı. 

Almaniyanın  müttəfiqi  olan  Osmanlı  dövlətinin  Brest-Litovsk  müqaviləsinin  şərtlərinə  əməl  etmək 

tələbi Zaqafqaziya Seymini seçim qarşısında qoymuşdu: ya müqavilədə təsbit olunmuş ərazilərin Osmanlı 

imperiyasına verilməsini qəbul etməli, yaxud da Rusiyadan ayrılaraq müstəqil tərəf kimi davranmalı idi. 

Osmanlı  dövləti  ilə  danışıqlarda  Transqafqaz  sülh  nümayəndə  heyətinin  başçısı  A.Çxenkeli  etiraf 

edirdi ki, "Türkiyə, obyektiv olaraq Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlıdır. Cənubi 

Qafqazın müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini təmin edir". 

Azərbaycan xalqının Osmanlı dövlətinə rəğbəti və yardım istəyi, digər tərəfdən Zaqafqaziya Seyminin 

Brest-Litovsk müqaviləsinin şərtləri ilə barışmaması və Türkiyə ilə müharibəyə cəlb olunması nəticəsində 

Osmanlı dövlətinin Qafqazda yeni ərazilər ələ keçirərək irəliləməsi adekvat olaraq regionda marağı olan 

digər xarici qüvvələrin aktiv reaksiyasına gətirib çıxardı. 

Osmanlı  dövlətinin  müttəfiqi  Almaniya  Qafqazda  gedən  proseslərdən  kənarda  qalmamaq  və  öz 

mənafeyini təmin etmək üçün Batum konfransına qatıldı. Almaniyanın Qafqaz siyasətinin əsas prinsipləri 

müəyyənləşdirildi.  Qafqazın  təbii  sərvətlərindən  maksimum  dərəcədə  faydalanmaq  istəyən  almanlar 

Batumun və Gürcüstanın alman nəzarətində qalmasına çalışırdılar. Osmanlı dövlətinin Qafqaz regionu ilə 

bağlı planlarına mane olmaq üçün Almaniya Rusiyanın Batum konfransına qatılmasına çalışırdı. Rusiya 

Zaqafqaziya  hökumətini  tanımaq  istəmədiyindən,  Zaqafqaziya  nümayəndə  heyətlərinin  və  Osmanlı 

dövlətinin  kəskin  müqaviməti  Rusiyanın  Batum  konfransında  iştirakına  imkan  vermədi.  Gürcüstan 

Almaniyanın  himayədarlığını  istədikdə,  Almaniya,  Zaqafqaziya  Federasiyasının  tərkibindən  çıxıb 

müstəqilliyini  elan  etdiyi  təqdirdə,  Gürcüstanın  qəyyumluğunu  öz  üzərinə  götürəcəyini  bildirdi. 

Gürcüstanın  öz  müstəqilliyini  elan  etməsi  Almaniyanın  qəyyumluğunu  qəbul  etməsini  şərtləndirirdi. 

Almaniyanın Qafqaz siyasəti Gürcüstan miqyasında gerçəkləşdi: "Region uğrunda beynəlxalq rəqabətdə 

Almaniya Gürcüstanı özü üçün mümkün real qənimət bilirdi: "...nəyin bahasına olursa-olsun, heç olmasa, 

Gürcüstanı  əlimizdə  saxlamalıyıq.  Əks  təqdirdə,  Qafqazın  digər  hissələri  də  tez  və  ya  gec  əlimizdən 

çıxacaqdır" .Artıq mayın 25-də "Poti şəhərinə 3000 alman  əsgəri çıxarıldı, may ayının 30-da isə alman 

diplomatik  missiyası  Tiflis  şəhərinə  gəldi.  Tezliklə  Gürcüstanın  bütün  dəmir  yolları  və  su  nəqliyyatı, 

habelə Çitauriyanın marqans mədənləri almanların nəzarəti altına keçdi" . 

Beləliklə,  1918-ci  ilin  yazından  başlayaraq  "...müharibə  və  siyasət  sahəsində  Ənzəlidən  ingilislərin, 

Azərbaycandan  Nuru  Paşanın  (Ənvərin  qardaşı)  və  Gürcüstandan  almanların  son  məqsəd  olan  Bakı  ilə 

bağlı  kəskin  yarış  və  "qovhaqov"u  başlamışdı"  .Sovet  Rusiyası  isə  regionla  bağlı  daha  ciddi  addımlar 

atmışdı. 

Rusiya  hərbi-siyasi  qüvvələrinin  qanlı  siyasəti  regionun  bir  hissəsində  -  Bakı  quberniyasında 

hakimiyyəti  ələ  keçirmələri  ilə  nəticələnmişdi.  Bakıda  bolşevik  diktaturasının  qurulmasına  imkan  verən 

amil kimi Ənzəlinin həmin ərəfədə tamamilə bolşevik nəzarətində olması da sayıla bilər. Belə ki, 1918-ci 

ilin  yanvarında  Britaniya  hərbi  ekspedisiyası  Bağdaddan  çıxaraq  Ənzəliyə  qədər  sürətlə  irəliləyə  bildi. 

Artıq fevralın ortalarında Qəzvinə çatan Britaniya hərbi heyəti Ənzəlinin tamamilə bolşevik nəzarətində 

olması  səbəbindən  Bakıya  gələ  bilməmişdi.  Bakı  Qafqazın  siyasi  müqəddəratına  təsir  edəcək  həlledici 

seçim  ərəfəsində  idi.  Osmanlı  qoşunlarını  Bakının  neft  mədənlərindən  uzaqda saxlamaq  üçün  ingilislər 

türklərə qarşı müharibəyə hazırlaşan bolşeviklərlə iş birliyinə can atırdılar. Bakının müdafiəsi üçün ingilis 

yardımını qəbul etmək məsələsi Rusiya hakimiyyətinin yerli icraedici qurumu statusunda çıxış edən Bakı 

bolşevik hökumətində kəskin fərqli fikir ayrılığı yaratmışdı. 

Britaniya  missiyasının  rəhbəri  general  Denstervil  Bakıya  sahib  olmadan  hər  hansı  cəhdin  faydasız 

olduğunu  vurğulayırdı:  "Mən  həmişə  Xəzər  (dənizi)  üzərində  nəzarətin  necə  böyük  əhəmiyyətə  malik 

olduğunu (demişəm) və bunun həyata keçməsinə dair bir neçə plan hazırlanmışdı" . 



1918-ci  ilin  yazından  etibarən  Bakıdakı  vəziyyət  haqqında  ingilis  kəşfiyyatının  əhatəli  məlumatları 

Britaniya  missiyasının  Qafqazda  əməkdaşlıq  edə  biləcək  siyasi  qüvvələri  müəyyənləşdirməyə  yardım 

edirdi. Yaranmış şəraitdə ermənilərin təklifindən yararlanmağı məqbul bilməyən ingilis hərbi kəşfiyyatı 

ehtiyat etsə də, eyni vaxtda Ənzəliyədək gəlib, ermənilərlə, bolşeviklərlə birgə Xəzər donanması üzərində 

nəzarəti  ələ  almağı  mümkün  sayırdı.  Bakıdakı  bolşevik  hakimiyyəti  ilə  Ənzəli  bolşevikləri  arasında 

əlaqədə erməni vasitəçiliyi şirnikləndirici görünsə də, Bakıda vitse-konsul Ponald Mak-Donellin aparıcı 

rol oynadığı ingilis kəşfiyyat xidməti Denstervil missiyasının gəlişi üçün zəmin hazırlamaqla məşğul idi. 

Erməni Milli Şurası ingilis yardımını qəbul etməyə hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli 

idi.  İngilislərin  Cənubi  Qafqazda  daşnaklarla  müttəfiqliyi  qarşılıqlı  maraqlara  əsaslanırdı.  Osmanlı 

ordusuna  qarşı  çıxan  qüvvələrdən  eser  və  menşeviklər  Rusiyadan  ayrılmağı  rədd  etdikləri  halda, 

daşnaklar  Cənubi  Qafqazın  Rusiyadan  ayrılıb  Britaniya  nüfuz  dairəsinə  keçməsini  qəbul  edə  bilərdilər. 

Britaniya  missiyasının  Qafqaza  gəlməsinə  razılıq  verən  eserlər  (sosial-inqilabçılar)  Ənzəliyə, 

L.Biçeraxovun yanına hazırlıq üçün 200 nəfər göndərmişdilər. L.Biçeraxovun gəlişi isə Qafqazda məhsul 

yetişən  vaxta,  iyunun  əvvəli  üçün  nəzərdə  tutulmuşdu.  Lakin  Brest-Litovsk  sülh  müqaviləsinin 

imzalanması  "Qafqaz  tarazlığını  yenidən  pozdu".Osmanlı  hücumundan  qorxan  Gürcüstan  Almaniyanın 

himayəsini qəbul etdi. Lakin alman-gürcü qoşunları Osmanlı qüvvələrinin Azərbaycana doğru hərəkətini 

dayandıra bilmədi. Alman qoşunlarının əlinə keçməmək üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza 

köçdü. Vəziyyətin dəyişilməsi ilə Britaniya hökuməti Denstervil missiyasının, o cümlədən Biçeraxovun 

Qafqaza  getməsini  təxirə  saldı.  Osmanlı  ordusunun  Azərbaycandan  keçməsinin  qarşısını  almaq  üçün 

Britaniyanın hərbi naziri türkləri Həmədanda saxlayıb, Xəzər istiqamətində irəliləməsinə yol verməmək 

göstərişi verdi. 1918-ci ilin yayı üçün, heç olmasa, kiçik dəstə ilə belə ingilislərin Xəzər hövzəsinə daxil 

olmasına  hökumət  hədsiz  əhəmiyyət  verirdi.  Hətta  bir-iki  ingilis  zabitinin  Bakıya  göndərilməsi,  neft 

mədənlərinin  məhv  edilməsi,  Xəzər  donanmasının  ələ  keçirilməsi,  türklərə  qarşı  yerli  hökumətə  (Bakı 

bolşevik  hökumətinə)  yardım  göstərilməsi  və  s.  nəzərdə  tutulurdu.  Denstervil  isə  bu  fikirdə  idi  ki,  2 

ingilis  zabitinin  Bakıya  göndərilməsi  heç  bir  nəticə  verməyəcəkdir,  Bakı  şəhəri  "effektli  kömək  almaq 

ümidindədir və neft mədənlərini dağıtmağa ehtiyac yoxdur". Bu mövqe reallığa  əsaslanırdı. Londondan 

göstərişlər verildiyi iyun günlərində Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları arasında "Sülh 

və  dostluq"  müqavilələri  imzalanmışdı.  Azərbaycan  hökuməti  müqavilənin  dördüncü  bəndinə  istinadən 

Osmanlı  hökumətindən  yardım  istəmişdi.  Bakı  XKS  isə  Gəncə  üzərinə  yürüş  haqqında  əmr  vermişdi. 

Məğlubiyyət anında düşmənə qalmasın deyə, neft mədənlərinə od vurmaq əmri də bolşeviklərin planına 

daxil idi. 

Qafqaz  regionu  -  Xəzər  hövzəsi  uğrunda  beynəlxalq  və  daxili  siyasi  qüvvələrin  apardıqları  savaşın 

nəticələrindən  zərər  çəkən  əsasən  Azərbaycan  xalqı,  Azərbaycan  torpaqları  olmuşdur.  Daxili  siyasi 

qüvvələrin  mövqeyindən  məharətlə  faydalanan  sovet  Rusiyası  mahiyyətcə  soyqırımı  aktı  olan  kütləvi 

qırğınlar  törətməklə  Bakı  quberniyasında  hakimiyyətini  qura  bildi.  Bolşevik  dəstəyinə  güvənən  erməni 

yaraqlıları  Bakı  quberniyasından  geniş  coğrafiyada,  o  cümlədən  Yelizavetpol  (Gəncə),  xüsusən  İrəvan 

quberniyalarında  müsəlman  əhalini  qətliama  düçar  etdilər.  1917-ci  ilin fevralından  1918-ci  ilin  martına 

qədərki  dövrdə  İrəvan  quberniyasında  200  azərbaycanlı  kəndi  dağıdılmış,  135  min  nəfərdən  çox  əhali 

doğma torpaqlarından qovulmuş və ya məhv edilmişdi. Bu qanlı proseslə paralel Zaqafqaziya Seyminin 

Osmanlı dövləti ilə danışıqları və hərbi əməliyyatları gedirdi. Həmin prosesdə də İrəvan quberniyasının 

ərazilərinin  müqəddəratı  həll  olunurdu.  Quberniyanın  7  qəzasından  5-i  (Sürməli,  Aleksandropol,  Şərur, 

Eçmiədzin və İrəvan qəzasının böyük bir hissəsi) artıq Osmanlı qoşunlarının nəzarəti altına keçmişdi, 2 

qəzadan ibarət ərazidə isə erməni dövlətinin yaradılması planlaşdırılırdı. Ermənilərin "ingilis-rus siyasəti 

naminə  türklərə  qarşı  fitnə-fəsadlara  son  qoyacaqları"  şərtilə  müstəqil  dövlət  yaratmalarına  Osmanlı 

dövlətinin  razılıq  verməsini  Azərbaycan  təmsilçiləri  də  məqbul  bilmişdi:  "Kəndi  daxilində  hüsn-i 

intiqamla  meşyu,  daima  fırsat  ardından  koşan  və  ilk  imkan  bulunca  arxamızdan  xəncəri  vurmaq 

zehniyətində  qalan  erməni  arzu-yı  millisi  münker  və  hər  zaman  türk  siyasəti  əleyhində  mudahelat-ı 

əcnəbiyəyi  ihtar  edən  intriqalara  vasitə  olacaq  bir  buçuk  milyonluq  bir  erməni  kütləsi  bulundurmaqmı, 

yoxsa  türk  akvamı  ilə  muhat,  sevkül-ceyş  nokta-yı  nazarınca  zararsız  və  amal-ı  milliyesince  təmin 

olunmuş  kiçik  bir  erməni  kantonumu?  Siyasət-i  milliyemiz  nokta-yı  nazarından  bizcə  ikinci  şəkil  daha 

faydalı və münasib olsa gərək... Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri 

müdafiə  deyil,  kəndi  siyasətimiz,  türk  siyasət-i  umumiyesi  nokta-yı  nəzərindən  baxır  və  məsələni  bu 

siyasət kaidəsinə həll etmək istəyirik...". 

Beləliklə,  yaradılması  razılaşdırılmış  erməni  federasiyası  üçün  siyasi  mərkəz  lazım  idi. 

Aleksandropolun  Türkiyəyə  keçməsindən  sonra  belə  mərkəz  kimi  İrəvan  şəhəri  nəzərdə  tutulmuşdu. 

Birinci  Dünya  müharibəsinin  son  mərhələsində  hərbi  əməliyyatların  gedişatı  Osmanlı  dövlətinin 

məğlubiyyəti ilə müşayiət olunanda artıq türk qoşunlarının nəzarət altında saxladığı əraziləri tərk etməsi 



erməni nizamı qüvvələrinin həmin əraziləri zəbt etməsi ilə nəticələndi. Həmin ərazilər Osmanlı dövlətinin 

Batum  konfransında  Azərbaycan  nümayəndələrinə  güzəştə  getmədiyi  torpaqlar  idi.  Osmanlı  tərəfinin 

üzərində  israrla  dayandığı  həmin  ərazilər  nə  özünə,  nə  də  Azərbaycan  Cümhuriyyətinə  qalmadı. 

Naxçıvan,  Şərur,  Sürməli  istisna  olmaqla  (onların  müqəddəratı  da  çox  keşməkeşli  oldu  və  sovet 

hakimiyyəti illərində həllini tapdı) İrəvan, Uluxanlı, Vedibasar, Gümrü ermənilər tərəfindən tutuldu. 

Sonda  İrəvan  quberniyasının  Osmanlı  nəzarəti  altında  olan  əraziləri  və  Azərbaycan  Cümhuriyyətinə 

aid hissələri Ararat (erməni) respublikasının hakimiyyəti altına keçdi. Cənubi Qafqazın azərbaycanlıların 

kompakt yaşadığı tarixi yurdu olmuş İrəvan quberniyasının əksər ərazisi Azərbaycan dövləti üçün itirildi. 

Regiondakı geosiyasi vəziyyətdən yaranmış Azərbaycan Cümhuriyyəti düz bir il  əvvəl "Azərbaycan 

muxtariyyəti"  üçün  nəzərdə  tutulmuş  əraziləri  tam  əhatə  edə  bilmədi.  Muxtariyyətin  əhatə  edəcəyi 

ərazilərə  dair  1917-ci  ilin  dekabrında  mövqe  belə  idi:  "Azərbaycan  muxtariyyətindən  bəhs  olunuyorsa, 

həmən  İrəvan, Gəncə  və Bakı quberniyaları ilə sair Zaqafqaziya uyezd  və  mahallarından bəhs olunuyor 

deməkdir".  "Azərbaycan  müxtariyyəti"nin  gerçəkləşməsinə  imkan  verməyən  daxili  və  xarici  qüvvələrin 

müqavimətinə  baxmayaraq,  son  dərəcə  mürəkkəb  şəraitdə  qismən  kiçik  ərazidə  müstəqil  Azərbaycan 

dövlətini qurmaq mümkün oldu. 

Azərbaycan  Cümhuriyyəti  mövcudluğunun  sonunadək  İrəvan  quberniyasına  aid  hüquqlarını 

reallaşdırmağa  səy  göstərdi.  Cümhuriyyətin  yaranması  ərəfəsində  yad  hakimiyyət  altında  olan  Bakı 

quberniyası,  Bakı  şəhəri  uğrunda  mübarizə  artıq  beynəlxalq  məzmun  aldı.  Beynəlxalq  münasibətlərdə 

"Bakı məsələsi"nin meydana gəlməsi Qafqaz-Xəzər regionu uğrunda rəqabətin kəskinləşməsinin yaratdığı 

problem  oldu.  Azərbaycan  Cümhuriyyətinin  bəyan  edilməsindən  sonra  hakimiyyətin  qarşısına  qoyduğu 

bir nömrəli vəzifə paytaxt elan etdiyi Bakı şəhərini düşmən qüvvələrdən azad edib geri qaytarmaq idi. 

Azərbaycan  hökuməti  müvəqqəti  yerləşdiyi  Gəncədə  Bakı  uğrunda  qətiyyətli  mücadilə  apardı. 

Britaniya  hərbçilərinin  Azərbaycan  milli  mənafeyinə  düşmən  qüvvələrlə  eyni  cəbhədə  mövqe  tutması, 

Rusiya-Almaniya  məxfi  sövdələşməsi  (sovet  Rusiyasının  Almaniya  vasitəsilə  Osmanlı  imperiyasına 

təzyiqi  Bakı  üzərinə  yürüşü  ləngitsə  də,  dayandıra  bilmədi),  Osmanlı  dövlətinə  qarşı  təzyiqlər 

müstəvisində Azərbaycan-Osmanlı birgə əməliyyatları Bakının azad olunması ilə nəticələndi. Beynəlxalq 

vəziyyətin  Antantanın  xeyrinə  dəyişməsi  Rusiyanın  Almaniya  və  onun  müttəfiqləri  ilə  bağladığı  sazişə 

marağını  zəiflətdi.  Digər  tərəfdən,  Türkiyə  və  Azərbaycanın  təzyiqi  Almaniyanın  Rusiya  ilə  avqust 

sazişindən imtina etməsində az əhəmiyyətli deyildi . 

Cümhuriyyətin bəyan edilməsi ərəfəsində regionda əsas aktorlar kimi fəaliyyət göstərmiş dövlətlərdən 

Böyük  Britaniya,  Rusiya  Azərbaycan  dövlətinin  müqəddəratına  sonadək  təsir  göstərdilər.  Almaniya  və 

Osmanlı  imperiyaları  dünya  müharibəsində  məğlub  olduqlarından  regionla  bağlı  proseslərə  müdaxilə 

etmək  iqtidarında  deyildilər.  "Böyük  müharibənin  bütün  çətinliklərində  müttəfiq  olan  Almaniya  və 

Türkiyə  Cənubi  Qafqaz  siyasətində  bir-birinə  qarşı  durmalı  olmuşdu"  .  Qalib  Antantanın  parçalamaq 

istədiyi Osmanlı dövlətində başlanan milli-istiqlal savaşı artıq yeni bir Türkiyənin yaranmasından xəbər 

verirdi.  Türkiyə  milli-istiqlal  hərəkatı  ilə  sovet  Rusiyasının  regionda  uzlaşan  maraqları  və  Antanta 

qüvvələrinin  əməli  (hərbi)  yardım  göstərməməsi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutunda  məşum 

rol oynadı. 

 

Firdovsiyyə ƏHMƏDOVA, 

Azərbaycan Respublikasının Prezidenti  

yanında Dövlət İdarəçilik Akademiyasının  

Tarix kafedrasının müdiri, əməkdar müəllim  



 

 

: docs -> qazet
qazet -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
qazet -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
qazet -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
qazet -> •œAzÉŽrbaycanâ•š
qazet -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
qazet -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
qazet -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
qazet -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
qazet -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə