Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

117 
 
olmaqla,  ingilis  qoşunları  öz  qərargahları  ilə  birlikdə  Ənzəlidən  Bakıya  gəldilər. 
İngilis qoşunlarının sayı çox az - cəmi 1500 nəfər idi. 
Sentyabrın  15-də,  ağır  döyüşlərdən  sonra,  Azərbaycan  hərbi  hissələri 
Bakıya daxil oldular. Üç gün sonra türk qoşunları gəldilər. 
Azərbaycan  qoşunlarının  Bakıya  girmələrinin  əvvəli  günü  ingilislər 
gəmilərə  minib  Ənzəliyə  qaçdılar.  Onların  ardınca  «Sentrokaspi  diktaturası»nın 
üzvləri, həmçinin keçmiş Bakı Sovetinin komissarları şəhəri tərk etdilər. 
Bakı  komissarlarını  Həştərxana  aparan  paroxod  Sentrokaspinin  hərb 
gəmiləri  tərəfindən  tutulub  Krasnovodska  qaytarıldı. 
Sentyabrın  20-də 
Krasnovodsk  ilə  Aşqabad  arasındakı  Ağcaqum  çölündə  26  Bakı  komissarı  ingilis 
və sentrokaspiçilər tərəfindən vəhşicəsinə güllələndilər. 
Sentyabrın  17-də  Azərbaycan  Demokratik  Respublikası  hökuməti 
Gəncədən Bakıya köçdü. Ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi mərkəzi olan 
Bakı  suveren  Azərbaycan  dövlətinin  paytaxtına  çevrildi.  Beləliklə,  bütün  Şimali 
Azərbaycan ərazisi Azərbaycan Respublikasının hakimiyyəti altına keçdi. 
Bakıya  yeni  köçmüş  Azərbaycan  hökuməti  ciddi  iqtisadi  çətinliklərlə 
qarşılaşdı.  Vətəndaş  müharibəsi,  daşnak  talanları  nəticəsində  dağılmış  təsərrüfatı 
bərpa etmək üçün külli miqdarda vəsait lazım idi. 
Birinci  dünya  müharibəsində  Türkiyənin  məğlub  olması  nəticəsində 
Zaqafqaziyada  siyasi  vəziyyət  tamam  dəyişdi.  1918-ci  il  oktyabrın 30-da  Antanta 
ilə  bağlanmış  Mudros  sülhünün  şərtlərinə  görə  Türkiyə  öz  qoşunlarını 
Zaqafqaziyadan  çıxarmağa  başladı.  Zaqafqaziyanı,  o  cümlədən  Azərbaycanı 
Antanta dövlətləri adından Böyük Britaniya işğal  etməli idi. 
General  Tomsonun  komandanlığı  altında  Ənzəlidə  olan  ingilis  qoşunları 
Bakı üzərinə səfərə hazırlaşırdılar. Bu zaman Ənzəli Azərbaycanın istiqlaliyyətinə 
düşmən  qüvvələrin  –  sentrokaspiçilərin,  biçeraxovçuların, rus  ağqvardiyaçılarının 
və digər pozucu tör-töküntülərin yuvasına çevrilmişdi. İngilislərə yaltaqlıq edən bu 
qara qüvvələr general Tomsonun Azərbaycan barədə daha sərt mövqe tutması üçün 
əllərindən gələni edirdilər. 
Milli  qüvvələr  özündən  qat-qat  güclü  düşmən  qarşısında  Azərbaycanın 
istiqlaliyyətini qoruyub saxlamaq üçün ingilislərlə mütləq dil tapmalı idi. 
Ə.  Ağayev,  N.  Yusifbəyli  və  Musa  bəy  Rəfiyevdən  ibarət  xüsusi 
nümayəndə heyəti  Azərbaycanı tanımaq  barədə  ingilislərlə danışıq  aparmaq  üçün 
Ənzəliyə gəldi. General Tomson Azərbaycan nümayəndəliyi ilə görüşündə Bakıya 
gəlişi  qarşısında  bəyanat  verdi.  Bəyanata  əsasən,  Azərbaycan  qoşunları  dərhal 
Bakıdan  çıxarılır,  Tomson  Bakının  general-qubernatoru  elan  edilir,  şəhər  polisi 
ingilislərin  tabeçiliyinə  keçir,  şəhər  Dumasına  azad  fəaliyyət  göstərmək  imkanı 
verilir.  Bəyanatda həmçinin  göstərilirdi  ki, İngiltərə,  Fransa  və  ABŞ  Azərbaycanı 
rəsmən  tanımasalar  da,  onunla  faktik  surətdə  (de-fakto)  əlaqələr  saxlayacaqlar  və 
Azərbaycan beynəlxalq Paris sülh konfransında millətlərin öz müqəddəratını təyin 
etmək prinsipinə dair diskussiyalarda iştirak edəcəkdir. 


118 
 
Noyabrın  17-də  ingilis  qoşunları  Bakıya  daxil  oldular.  General  Tomson 
gəmidən  sahilə  qədəm  basarkən  yaxınlıqda  asılmış  Azərbaycan  bayrağının 
çıxarılmasını  əmr  etdi.  İngilislərin  gəlişi  erməni  və  rus  milli  şuraları  tərəfindən 
sevinclə qarşılandı. 
İngilislər hərb gəmilərinin bir hissəsini öz əllərinə keçirərək, Britaniyanın 
Xəzər  hərbi  donanmasını  yaratdılar.  Azərbaycanın  neft  sənayesinə  nəzarət  etmək 
üçün  Britaniya  Neft  Müdiriyyəti  və  Xəzər  dənizində  ticarət  gəmilərinə  nəzarət 
etmək üçün Britaniya Dəniz Nəqliyyatı İdarəsi təsis etsilər. 
Gəncə, Şuşa və Naxçıvanda ingilis qoşun hissələri yerləşdirildi. 
General  Tomsonun  əmrinə  əsasən,  on  nəfərdən  artıq  adamın  iştirakı  ilə 
hər  cür  yığıncaq  keçirmək  və  tətillər  qadağan  olundu.  İngilis  hərbi  tribunalı 
yaradıldı, ölüm cəzası tətbiq edildi. 
İngilislərin  Bakıya  gəlişindən  bir  gün  əvvəl,  noyabrın  16-da,  milli 
demokratiyanın  nümayəndələri  iclasa  toplaşaraq,  beş  aylıq  fasilədən  sonra, 
Azərbaycan  Milli  Şurasını  yenidən  bərpa  etdilər.  İclasda  dünyanın  demokratik 
dövlətləri  ilə  əlaqələr  yaratmaq  üçün  parlament  üsul-idarəsinin  zəruriliyi  qeyd 
edildi. 
Noyabrın  19-da  Milli  Şura  ―Azərbaycan  parlamentinin  yaradılması 
haqqında  Qanun‖  qəbul  etdi.  Ölkədə  vəziyyət  son  dərəcə  mürəkkəb  olduğundan, 
çağırılması nəzərdə tutulmuş Müəssislər məclisinə ümumi seçkilər keçirmək daha 
mümkün  deyildi.  Ona  görə  də  Milli  Şuranın  tərkibini  yeni  seçiləcək  üzvlər 
hesabına  genişləndirməklə,  onu  Azərbaycanın  müvəqqəti  parlamentinə  çevirmək 
qərara alındı. Həmin gün seçki qanunu qəbul edildi. 
Bu  qanuna  görə,  Azərbaycan  parlamenti 120 deputatdan ibarət  olacaqdı. 
Əhalinin ümumi sayına uyğun olaraq azərbaycanlılar parlamentdə 80 yer alırdılar. 
Beləliklə,  Milli  Şura  üzvlərinin  sayı  (44  nəfər)  inzibati-ərazi  bölgüsü  üzrə  əlavə 
olaraq  seçilib  göndəriləcək  36  nümayəndənin  hesabına  artırılırdı.  Ermənilər  21, 
ruslar  10  deputat  yeri  aldılar.  Azlıqda  qalan  yəhudi,  gürcü,  alman  və  polyak 
millətlərinin  hərəsinə  kooptasiya
*
  qaydasında  bir  yer  verildi.  Bakı  həmkarlar 
təşkilatına  3  və  sənaye-ticarət ittifaqlarına  2  yer ayrıldı.  Lakin  ―Rus  Milli  Şurası‖ 
―vahid  və  bölünməz  Rusiya‖  mövqeyindən  çıxış  edərək,  öz  nümayəndələrini 
parlamentə göndərməkdən imtina etdi. Bununla belə, ―Rus Milli Şurası‖ üzvlərinin 
bir hissəsi ayrılaraq, ―Slavyan-Rus Cəmiyyəti‖ adlı təşkilat yaratdı. 
1918-ci  il  dekabrın  7-də  H.  Z.  Tağıyevin  qız  məktəbinin  binasında  (indi 
Azərbaycan  EA  M.  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  binası)  Azərbaycan 
parlamenti təntənəli sürətdə açıldı. 
Parlamentin açılışı münasibətilə  M.Ə.  Rəsulzadə  təbrik nitqi  söyləyərək, 
partiya,  fraksiya  və  qrup  münasibətindən  asılı  olmayaraq,  bütün  parlamentin 
üzvlərini vətən qeyrətini hər şeydən uca tutmağa çağırdı. 
                                                             
*
 Kooptasiya – hər hansı seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə