220
(Azər müəllim anasından eşitdiyi bu əhvalatı danışanda özünü saxlaya
bilməyib ağladı.)
Atası Məmməd Əmin çıxıb getsə də onları unutmurdu. Vəziyyətin
çətinliyinə baxmayaraq, bir neçə dəfə onlara Türkiyədən bağlama göndərmişdi.
Atasının göndərdiyi parıltılı qara çəkmələr və başı qotazlı qırmızı papaq Rəsulun
da (Məmməd Əminin böyük oğlu), Azərin də çox xoşlarına gəlmişdi. Lakin...
zəmanənin üzü dönmüşdü. Həyatı öz təbii axarından çıxarıb eyni bir yola çəkənlər
atanın bu kiçik hədiyyəsini də çox gördülər onlara. Anası və qohumları vəziyyətin
çətinləşdiyini görüb Məmməd Əminə xəbər göndərdilər ki, bizim adımıza daha heç
nə göndərmə.
Atası sonradan, başqa adamların adı ilə də kömək əlini uzatmışdı ailəsinə.
Az keçməmiş bu yolu da bağlamışdılar.
Vəziyyət yaxşı deyildi. Böhtan və iftira dolu təbliğat maşını adamların
şüurunu zəhərləyir, onları həqiqət işığından məhrum edirdi...
Azər müəllim o dövrü belə xatırlayır:
—Tez-tez bu sözləri eşidirdik: Məmməd Əmin sizi burada qoyub özü
aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da
düşmürsünüz. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç
bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım
Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi:
«Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, «Məmməd Əminlər
belə etdi, Məmməd Əminlər elə etdi...». Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki,
elə sözlərə fikir vermə»...
Azər müəllim həyatında ən ağır zərbəni Rəsul həbs olunanda aldı. Rəsulu
bağdan tutub apardılar. Rəsulun tutulmağı hamısının belini əydi. On yeddi yaşlı
Azər hirsindən, acığından özünü bağlarındakı quyuya atmaq istəyirdi. Amma
qoymadılar, tutub saxladılar. Az keçməmiş Rəsulun güllələnmək xəbərini
eşitdilər....
Azər müəllim bu hadisəni xatırlayanda da dözə bilmədi, ağladı. Bu yetmiş
yaşlı, başı müsibətlər çəkmiş qocanın faciəsinə, belə hıçqırtı ilə ağlamağına dözə
bilmirdim...
Rəsulun ölümündən sonra ailənin sayı da getdikcə azalmağa başladı.
Gəldi 1937-ci il.
Həmin il qara paltolu, qara şlyapalı adamlar hansı evdə gur işıq yanırdısa
ora qaranlıq dumanı çökdürürdülər. Hansı bacadan tüstü çıxırdısa gəlib torpaqlayıb
gedirdilər. Evləri dağıdıb, ürəklərə dağ çəkirdilər. Xalqı həqiqət yolundan
yayındırırdılar.
—Axşamüstü anam getmişdi xalamgilə,—Azər müəllim fikirli-fikirli
danışır,—maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu
soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb
gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var
221
idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi
etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o
yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və bu günəcən özündə
saxlayır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin
günü güclü yağış yağırdı. «Azneft» meydanını su basmışdı. Bizi aparan maşın
çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan
kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...
Azər müəllim indi astadan, lap astadan deyir bu sözləri. Özü də qəribə
təəccüb içində danışır. Yəqin təəccüblənir ki, «bolşevizm» bayrağını əllərində
tutub insanlara guya «xoşbəxtlik, bərabərlik» gətirmiş o qara şlyapalı adamlar
hansı dünyanın insanları idi? Sosialist inqilabının xoş sabahlarından yağlı-yağlı
vədlər verən bu adamlar bəs niyə qoca qarıları, anaları, qızları, gəlinləri qaranlıq
həbsxanalara salırdılar? Səbəb indi aydındır. Çünki bu tutulanların çoxu istiqlal və
azadlıq şirinliyini dadmışdılar. Onların yaddaşında xoş bir xatirə kimi qalan 23
aylıq azadlıq günəşinin (Azərbaycan Demokratik Respublikasının mövcudluq
dövrü) işığını qaranlığa bürümək mümkün deyildi. Çünki istiqlaliyyəti bu adamlar
həyatda görmüşdülər. Və 1920-ci ilin aprelində mətbuatın yazdıqlarına inanmırdı,
yanıb-yaxılırdı bu adamlar... Bunu xalqa «xoşbəxtlik» gətirmiş «yoldaşlar» da,
«qara şlyapalılar» da yaxşı başa düşürdülər. Və buna görə kütləvi həbsə, qırğına
başlamışdılar....
Azər müəllim o ağrılı günləri belə xatırlayır: -Ailəmizi həbs edəndən sonra
bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə
göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola
düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə
götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan
vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol
getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə
gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq
üçün düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa
tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana,
Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə
doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax
uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin
vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən Məryəm nənəm uzun
müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu..
19 yaşında oğlu güllələnən, yetmiş yaşında anası acından ölən Məmməd
Əmin bu faciələri eşidirdimi görən?
Şübhəsiz ki, yüzlərlə, minlərlə azərilərin başına açılan müsibətlərdən xəbər
tuturdu. «Həmvətənlərini zalımların qanlı pəncəsindən xilas etmək üçün çırpınır,
ayrı-ayrı ölkələrdə təşkilatlar yaradır, qəzetlər açır, insanlara hürriyyət, azadlıq
Dostları ilə paylaş: |