•œAzÉŽrbaycanâ•š



Yüklə 64,21 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü64,21 Kb.
#31382


“Xalq qəzeti”.-2010.-28 may.-N 115.-S.5.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyət

Tariximizin parlaq səhifəsi

XX  əsrin  əvvəlində  müsəlman  Şərqində  ilk  demokratik  respublika  -  xalq  cümhuriyyəti  quran  və

parlamentarizmin əsasını qoyan Azərbaycan xalqının öyünməyə haqqı çatır. 1917-ci ilin fevralında Rusiyada

baş  verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşdı və mərkəzdənqaçma meyilləri gücləndi. Rusiya

Dövlət  Dumasına  seçilmiş  Cənubi  Qafqazdan  olan  deputatlar  əvvəlcə  Xüsusi  Komitə,  noyabr  ayında  isə

Zaqafqaziya  Komissarlığı  yaratdılar.  1918-ci  il  fevralın  23-də  Rusiyanın  Müəssislər  Məclisinə  seçilmiş

deputatlar Tiflisdə toplaşaraq əvvəlcə Zaqafqaziya Seymi, aprelin 22-də isə müstəqil Zaqafqaziya Federativ

Respublikası yaratdılar. Hər üç millətin nümayəndələrinin təmsil olunduqları Zaqafqaziya Seymində xarici

və  daxili  amillərin  sayəsində  ümumi  dil  tapmaq  çətinləş irdi.  Mayın  26-da  Zaqafqaziya  Seymi  özünün

axırıncı  iclasını  keçirir.  Ertəsi  gün  Gürcüstan  öz  müstəqilliyini  elan  edir.  Mayın  27-də  seymin  müsəlman

fraksiyası  Azərbaycan  Milli  Şurasını  elan  edir.  Milli  Şuranın  rəyasət  heyəti  və  sədri  seçilir.  Müsavat

Partiyasının təmsilçilərinin təklifi ilə M. Ə. Rəsulzadə ş uranın sədri seçilir.

Azərbaycan  Milli  Şurasının  44  üzvündən  26-sının  imzaladığı  dövlət  müstəqilliyi  haqqında  bəyannamə

(Əqdnamə) ilə türk-müsəlman dünyasında parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz

müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas

siyasi  mərkəzlərinə  radio-teleqraf  göndərildi.  Sonralar  Əsas  Qanunun  -  Konstitusiyanın  qəbul  edilməsi  mümkün

olmadığı üçün İstiqlal bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadək bir növ Konstitusiyanı əvəz etmişdir. 

Bəyannamənin 6-cı maddəsində qeyd edilirdi ki, Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycana xalqın

seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət rəhbərlik edəcək. İyunun 16-da

Azərbaycan  hökuməti  Tiflisdən  Gəncəyə  köçdükdən  sonra  Qafqaz  İslam  ordusunun  komandanı  Nuru  paşa  ilə

Azərbaycan  hökuməti  arasında  gərginlik  yaranmışdı.  Belə  mürəkkəb  vəziyyətdə  Milli  Şura  fəaliyyət  göstərməyin

mümkün olmadığını görüb, daha əlverişli vaxta qədər özünü buraxmağa məcbur olmuş və öz səlahiyyətlərini Fətəli

xan Xoyski hökumətinə həvalə etmişdi. Hökumət həm qanunverici, həm də icraedici orqan funksiyasını ifa edirdi.

Həmin  dövrdə  Bakı  erməni-bolşevik  qüvvələrinin  işğalı  altında  idi.  İyunun  12-də  Bakı  Sovetinin  hərbi

qüvvələrinə Gəncə üzərinə hücum əmri verilmişdi. 

Azərbaycanın  müstəqilliyi  və  azadlığı  uğrunda  çox  çətin  şəraitdə  mübarizəyə  başlayan  müvəqqəti  milli

hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o

cümlədən  Azərbaycanda  hərbi  vəziyyət  elan  edilməsi  (19  iyun  1918-ci  il),  Azərbaycan  Milli  Ordusunun

(Korpusunun) yaradılması (26 iyun 1918-ci il), türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili elan olunması (27

iyun 1918-ci il), hərbi nazirliyin təsis olunması(1 noyabr 1918-ci il) ilə tarixi yaddaşımıza daxil olmuşdur.

Xalq  cümhuriyyətinin  parlamenti  və  hökuməti  mövcud  olduqları  müddətdə  fəaliyyətlərini  daha  çox

sosial-iqtisadi  və  maliyyə  problemlərinin  həllinə,  ölkənin  ərazi  bütövlüyünü  təmin  etməyə,  vətəndaşların

hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycan Cümhuriyyətinin

dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət  əlaqələri  yaratmağa

yönəltmişdi.  Həmin  dövrdə  vətəndaşlıq  haqqında,  ümumi  hərbi  mükəlləfiyyət  haqqında,  mətbuat  haqqında,  Milli

Bankın  təsisi  haqqında,  Bakı  Dövlət  Universitetinin  açılması  haqqında,  gömrük  və  poçt-teleqraf  xidmətinin

təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və sair qanunlar qəbul edilmişdi.

Zəngin  dövlətçilik  ənənələrinə  malik  olan  müstəqil  Azərbaycan  dövlətinin  atributlarının  yaradılması

hökumətin  diqqət  mərkəzində  olmuşdur.  Müvəqqəti  hökumətin  21  iyun  1918-ci  il  tarixli  qərarı  ilə  üzərində  ağ

rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsviri  olan  qırmızı  rəngli  bayraq  Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət

bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin

başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət

və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul

etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da

Bakıda,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  Şurasının  yerləşdiyi  binada  (indiki  Azərbaycan  Dövlət  Neft

Şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və

qaldırılmışdır. 

Üçrəngli dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX

əsrin  böyük  siyasətçisi  və  dövlət  xadimi  Heydər  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  Naxçıvan  Muxtar

Respublikasının  dövlət  bayrağı  kimi  qəbul  edilərək  yüksəklərə  qaldırıldı.  Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  vəsatəti  ilə  1991-ci  il  fevralın  5-də  Azərbaycan  Respublikası Ali  Soveti  "Azərbaycan  Respublikasının

dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu qanunla üçrəngli milli bayrağımız

Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan

üzərində dalğalanmağa  başladı.  Azərbaycan Respublikası Prezidentinin  17  noyabr  2009-cu  il  tarixli  sərəncamı ilə



hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilməsi qərara alınmışdır. 

Azərbaycan  Respublikasının  dövlət  gerbi  istər  simvollarının  zənginliyi,  istərsə  də  Azərbaycan  milli

dövlətçiliyinin,  xalqımızın  tarixi-mədəni,  milli-mənəvi  görüşlərini  hərtərəfli,  dolğun  əks  etdirməsi  ilə  seçilir.

Müstəqil Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan

Xalq  Cümhuriyyəti  dövründə  hazırlansa  da,  o  illərdə  onun  qanunvericilik  səviyyəsində  qəbul  edilməsi  mümkün

olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının

gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul

etmişdir. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci

bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə

Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Birinci qərara əsasən 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində

Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət  gerbi  və  möhürü  layihələrinin  hazırlanması  üçün  müsabiqə  elan

edilmişdi. Lakin təəssüf ki, 27 aprel 1920-ci il bolşevik istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli və

dövlət  əhəmiyyətli  məsələləri  həll  etməyə  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinə  imkan  vermədi.  XX  əsrin

sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmək ərəfəsində - 1991-ci il fevralın 5-də Azərbaycan

Respublikası Ali Sovetinin qərarı ilə  dövlət  gerbinin  hazırlanması üçün  müsabiqə  elan  olunmuşdur.  1991-1992-ci

illər ərzində müsabiqəyə dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə

hazırlanmış  layihələrdən  birinin  qəbul  edilməsi  ilə  bağlı  təkliflər  səslənmişdir.  Azərbaycan  Respublikasının  Ali

Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi

layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq etmişdir.

Özünü  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  elan  edən  müasir  Azərbaycan  Respublikasının  parlamenti

1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən,

1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş  "Azərbaycan marşı"

Azərbaycanın dövlət  himni  kimi  təsdiq  edilmişdir.  Beləliklə,  Xalq  Cümhuriyyəti  dövrünün  dövlət  rəmzləri  bərpa

olunmuşdur.

1918-ci  il  sentyabrın  15-də  Qafqaz  İslam  ordusunun  və  Azərbaycan  ordusunun  köməyi  ilə  Bakı

daşnak-bolşevik  işğalından  azad  edildi.  İki  gün  sonra  Azərbaycan  hökuməti  Gəncədən  Bakıya  köçdü.  F.  X.

Xoyskinin müraciətinə əsasən noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı.  Milli Şuranın noyabrın 19-da

M.  Ə.  Rəsulzadənin  sədrliyi  ilə  keçirilən  iclasında  qərara  alındı  ki,  Azərbaycan  parlamentində  ölkədə  yaşayan

bütün qeyri-millətlərin nümayəndələri təmsil olunmalıdırlar. Parlamentin 120 nəfərdən ibarət olması qərara alındı.

Həmin dövrdə Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab etdiyi ərazilərdə - Bakı və Gəncə quberniyalarında,

Zaqatala dairəsində, İrəvan və Tiflis quberniyalarının Azərbaycana bitişik və soydaşlarımızın kompakt yaşadıqları

ərazilərdə 2 milyon 750 min əhali yaşayırdı. Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyonu erməni 230 min

nəfəri ruslar idilər. Əhalinin hər 24 min nəfərinə bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları 80, erməniləri

21,  rusları 10,  almanları bir,  yəhudiləri  bir  deputat  təmsil  etməli  idi.  Kvotaya  uyğun  gəlməsə  də,  gürcülərin  və

polyakların da hərəsinin bir nümayəndə ilə parlamentdə təmsil olunmaları qərara alınmışdı.

Milli  Şuranın  qərarına  əsasən  hələ  1917-ci  ilin  sonlarında  Ümumrusiya  Müəssislər  Məclisinə  seçilmiş  44

nəfər  türk-müsəlman  nümayəndə  avtomatik  olaraq  yeni  yaradılacaq  parlamentin  tərkibinə  daxil  edilirdi.  Qalan

deputatlar  yeni  seçilməli  idi.  Yeni  seçiləcək  36  müsəlman  deputat  üçün  yerlər  aşağıdakı  qaydada  ayrılmışdı:

Bakıdan  5,  Göyçay,  Lənkəran,  Şamaxı  və  Zaqataladan  2,  Quba,  Gəncə  və  keçmiş  İrəvan  quberniyasının

azərbaycanlıların  əksəriyyət  təşkil  etdikləri  (Naxçıvan,  Ordubad  və  Şərur-Dərələyəz  qəzaları)  hissəsindən  3,

Cavanşir, Qazax, Cəbrayıl qəzalarının və Borçalının hərəsindən bir deputat. Əsasnaməyə görə parlamentdə təmsil

olunmaq üçün ayrılan 21 erməni yeri aşağıdakı qaydada bölünmüşdü: Gəncə və Şuşadan hər birindən 8 nəfər, Bakı

Erməni Milli Şurasından 5 nəfər.

1918-ci  il  dekabrın  7-də  saat  13-də  Hacı  Zeynalabdin  Tağıyevin  qızlar  məktəbinin  binasında  (hazırkı

Əlyazmalar  İnstitutunun  binası)  Azərbaycan  parlamentinin  təntənəli  açılışı  oldu.  Binanın  ətrafı  həmin  gün

bayramsayağı  bəzədilmişdi.  Bu  parlament  bütün  müsəlman  Şərqində  demokratik  prinsiplər  əsasında

formalaşdırılmış ilk parlament idi.

Parlamentdə  o  dövrdə  Azərbaycanın  siyasi  palitrasını  əks  etdirən  bütün  partiyalar  təmsil  olunmuşdular.

"Müsavat"  və  bitərəflər  fraksiyası ən  böyük  fraksiya  olaraq  parlamentdə  38  deputatla  təmsil  olunmuşdu.  Sollar  -

hümmətçi  menşeviklər  və  sosialistlər  bloku  13  deputatla,  "İttihadi-İslam"  partiyası  13,  "Əhrar"  fraksiyası  6,

müstəqillər  3  yerlə  parlamentdə  təmsil  olunmuşdular.  Milli  bayraqlarla  və  xalılarla  bəzədilmiş  iclas  zalında

müsavatçılarla  azlıqda  qalan  millətlərin  nümayəndələri  orta  cərgədə,  hümmətçi  menşeviklər  və  sosialistlər  solda,

bitərəflər  və  ittihadçılar  isə  sağda  əyləşmişdilər.  Diplomatik  nümayəndələr  lojasında  general  Tomsonun

nümayəndəsi polkovnik F. Kokkerel, İranın konsulu Saed-ol Vezarya Marağei, Dağlılar Respublikası hökumətinin

sədri T. Çermoyev, Gürcüstanın diplomatik nümayəndəsi Karsevadze, Araz-Türk Respublikasının nümayəndəsi P.

Əliyev və digər qonaqlar əyləşmişdilər.

Parlamentin  ilk  iclasını  Milli  Şuranın  sədri  M.  Ə.  Rəsulzadə  açaraq  təbrik  nitqi  söyləmiş  və  parlamentin

rəhbərliyini seçməyi təklif etmişdi. Şəfibəy Rüstəmbəylinin təklifi ilə o dövrdə bütün Rusiya müsəlmanlarının lideri

hesab  olunan  siyasət  nəhəngi,  bitərəf  Əlimərdan  bəy  Topçubaşov parlamentin  sədri,  "Müsavat"  partiyasının üzvü

Həsən  bəy  Ağayev  isə  sədrin  birinci  müavini  seçildilər.  Həmin  vaxt  Ə.  M.  Topçubaşov  Azərbaycan  nümayəndə




heyətinin  başçısı kimi  İstanbulda  idi  və  sonradan  Paris  sülh  konfransında  iştirak  etmək  üçün  Fransaya  getmişdi.

Parlamentin  süqutunadək Ə.  M.  Topçubaşov Azərbaycana  qayıda  bilməsə  də,  qiyabi  olaraq  axıradək  parlamentin

sədri vəzifəsini daşımışdı.

Parlamentdə  ermənilərə  21,  ruslara  10  yer  ayrılsa  da,  onlar  parlamentin  açılışında  iştirak  etmədilər.  Lakin

sonradan  Azərbaycanda  yaşayan  rus-slavyan  əhalisinin  təzyiqi  ilə  Rus  Milli  Şurası  parlamenti  boykot  etmək

haqqında  qərarını  ləğv  etdi  və  ruslar  parlament  iclaslarına  qatıldılar.  Erməni  deputatlardan  isə  11  nəfəri  iki

fraksiyada qanunverici orqanın fəaliyyətində iştirak etmişdi.

Ümumiyyətlə, Azərbaycan parlamentində 11 fraksiya və qrup fəaliyyət göstərmişdir.

Tədqiqatçılar Azərbaycan Xalq Cümhuriyyəti  dövründə  parlamentçilik  tariximizi  iki  dövrə  ayırırlar.  Birinci

dövr - Milli Şura dövrü, yəni 1918-ci il mayın 28-dən noyabrın 19-dək olan dövrü əhatə edir. İkinci dövr isə 1918-ci

il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək olan dövrü əhatə edir. Birinci dövr 6, ikinci dövr 17 ay davam etmişdir.

Birinci dövrdə Milli Şuranın 9 iclası keçirilmişdir. Onlardan 7-si Tiflisdə və Gəncədə, 2-si isə Bakıda keçirilmişdir. 

Xalq  cümhuriyyəti  parlamentinin  145  iclası  keçirilmişdir.  Parlamentin  müzakirəsinə  270-dən  çox  qanun

layihəsi çıxarılmış və onlardan 230-u qəbul edilmişdir. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  mövcud  olduğu  dövrdə  5  dəfə  hökumət  kabinəsi  qurulmuşdur.  Bunun  2-si

parlamentçilik  tariximizin  birinci  dövrünə,  3-ü  isə  ikinci  dövrünə  təsadüf  edir.  Beş  kabinədən  3-nə  Fətəli  xan

Xoyski,  2-nə  isə  Nəsib  bəy  Yusifbəyov  rəhbərlik  etmişdir.  Sonuncu  üç  kabinədə  hökumətin  tərkibi  beynəlmiləl

olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün əsas problemləri ölkə daxilində erməni separatizminin güclənməsi,

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və qaçqınlar problemi olmuşdur. XX əsrin sonunda müstəqil

Azərbaycan  Respublikasının  yenə  də  həmin  problemlərlə  üzləşməsi  onu  göstərir  ki,  həmin  problemlər  eyni

mənbələrdən qaynaqlanır və Ermənistanın arxasında duran qüvvələr onu körükləyir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  mübahisəsiz  ərazisi  97.297,67  kv.km  (Bakı  quberniyasında  39.075,15

kv.km,  Gəncə  quberniyasında  44.371,29  kv.km,  Zaqatala  quberniyasında  3.992,54  kv.km,  İrəvan  quberniyasında

9.858,69  kv.km)  təşkil  etmişdir.  Azərbaycanın  Ermənistan  və  Gürcüstan  arasında  mübahisəli  ərazisi  16.598,30

kv.km  (İrəvan  quberniyasında  7.913,17  kv.km,  Tiflis  quberniyasında  8.685,30  kv.km)  olmuşdur.  AXC  dövründə

mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 kv.km olmuşdur.

Yeni  yaranmış respublikalar  arasında  sərhədlərin  müəyyən  edilməsi  üçün  aparılan danışıqlarda  Azərbaycan

tərəfi  "millətlərin  öz  müqəddəratını  təyinetmə  prinsipi"ni  əsas  götürürdüsə,  Ermənistan  tərəfi  "tarixi  prinsipləri"

əsas götürür, guya qədimdə həmin mübahisəli ərazilərin "Böyük Ermənistan" ərazisinə daxil olduğunu iddia edirdi.

Üstəlik,  Azərbaycan  Milli  Şurasının 29  may  tarixli  iclasının  qərarı ilə  İrəvan  şəhərinin  Ermənistana  paytaxt  kimi

güzəştə  gedilməsi  erməniləri  yeni-yeni  Azərbaycan  ərazilərini  ələ  keçirməyə  şirnikləndirmişdi.  Gürcüstan

nümayəndələri  isə  əsasən  "əlverişli iqtisadi  şəraiti"  ön  plana  çəkir,  əvvəlki  inzibati-ərazi  bölgüsünün  (quberniya)

saxlanmasına çalışırdı. Hər üç respublikanın biri digərinə qarşı ərazi iddiası, xüsusən də Ermənistan respublikasının

fürsətdən istifadə edərək silah gücünə daha çox əraziləri ələ keçirmək cəhdləri milli münaqişələrin dərinləşməsinə,

nəticədə  isə  yüz  minlərlə  əhalinin  etnik  torpaqlarından  qaçqın  düşməsinə  səbəb  olmuşdu.  Ümumiyyətlə,  həmin

dövrdə Cənubi Qafqaz respublikaları arasında 11 zonada mübahisəli ərazi problemi meydana çıxmışdı. Azərbaycan

tərəfi  mübahisəli  ərazilər  problemini  danışıqlar  yolu  ilə,  bu  mümkün  olmasa,  beynəlxalq  güclərin  iştirakı  ilə

yaradılmasını  təklif  etdiyi  arbitraj  yolu  ilə  həll  edilməsini  istəyirdi.  1919-1920-ci  illərdə  mübahisəli  ərazilər  və

qaçqınlar problemini həll etmək üçün Bakıda və Tiflisdə dörd dəfə konfrans keçirilmişdi. Lakin bu konfranslar heç

bir nəticə verməmişdi. 1919-cu ilin payızında Azərbaycan ordusunun Zəngəzuru erməni işğalından azad etmək üçün

hərbi  əməliyyatlara  başlamasından  sonra  Ermənistan  tərəfi  müttəfiqlərin  ali  komandanlığının  vasitəçiliyi  ilə

noyabrın  23-də  Tiflisdə  keçirilən  konfransda  atəşkəs  əldə  edilməsinə  nail  olmuşdu.  Azərbaycan  tərəfi  birtərəfli

qaydada  qoşunlarını  Zəngəzurdan  geri  çəkmiş,  Ermənistan  qoşunları  isə  fürsətdən  istifadə  edərək  1920-ci  ilin

yanvarında Zəngəzuru tamamilə işğal etmişdi. Azərbaycanın bundan sonra diplomatik danışıqlar yolu ilə Zəngəzuru

azad etmək cəhdləri heç bir nəticə verməmişdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Tiflisdən  Gəncəyə  köçdükdən  sonra  Səhiyyə  və  Himayəçilik

Nazirliyi  yaradılmış, Xudadat  bəy  Rəfibəyov  nazir  təyin  edilmişdi.  Hökumət  Bakıya  köçən  zaman  bu  nazirlik  iki

yerə  -  Səhiyyə  Nazirliyinə  və  Himayəçilik  Nazirliyinə  bölünmüşdü.  Himayəçilik  Nazirliyinin  qarşısında  2  əsas

vəzifə  dururdu:  qaçqınlar  məsələsi  (qonşu  ölkələrdən  Ermənistan  və  Türkiyədən)  gələn  qaçqınları  qəbul  etmək,

onları ilkin zəruri ərzaq və qida məhsulları ilə  təchiz  etmək,  əkin  üçün  toxum  və  işçi  heyvanları ilə  təmin  etmək,

bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işlə təmin etmək) və

himayəçilik  məsələsi  (azyaşlı yetim  uşaqların  saxlanması üçün  yetimxanalar  və  düşərgələr  təşkil  etmək,  kasıblar

üçün  ucuz  qiymətlə  yeməkxanalar,  qida  məntəqələri  açmaq,  fərdi  və  ictimai  xeyriyyəçilik  fəaliyyətinə  nəzarət

etmək,  onun  inkişafına  yardım  göstərmək).  Nazirlik  yerlərdə  məsələləri  qaydasında  həll  etmək  üçün  6  dövlət

himayəçiliyi  dairəsi  təşkil  etmişdi:  1)Bakı  dairəsi  (Bakı  şəhəri,  Bakı,  Quba  qəzaları  daxil  idi),  2)Gəncə  dairəsi

(Gəncə  şəhəri,  Gəncə  və  Qazax  qəzaları),  3)Şamaxı dairəsi  (Şamaxı və  Göyçay  qəzaları),  4)Nuxa  dairəsi  (Nuxa,

Ərəş  qəzaları,  Zaqatala  quberniyası),  5)Qarabağ  dairəsi  (Cavanşir,  Şuşa,  Cəbrayıl  və  Zəngəzur  qəzaları),

6)Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları).  Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər.

Qaçqınlara  yardım məsələsi  Himayəçilik  Nazirliyində  üç  əsas  istiqamətdə  qurulmuşdu:  1)Bakıda  və  onun  mədən




rayonlarında, 2)ölkənin digər yerlərində, 3)xarici dövlətlərdə. 1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün

Suraxanıda,  Ramanıda,  Maştağada,  Bülbülədə,  Ermənikənddə  və  Bayılda  yeməkxanalar  açılmışdı.  Himayəçilik

dairələrində müsəlman qaçqınlarla yanaşı, erməni qaçqınları üçün də ayrıca yeməkxanalar açılmışdı. Ümumiyyətlə,

1919-cu ildə yeməkxanaların sayı 17-yə çatdırılmış, 2 ərzaq paylanma məntəqəsi, 5 çayxana fəaliyyət göstərmişdi.

Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar

bəy Makinski Himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı. 

Xalq cümhuriyyəti  hökumətinin başlıca  məqsədi onun müstəqilliyinin tanınmasına  nail olmaqdan  ibarət  idi.

Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçirmişdi. Nəhayət, 1920-ci il yanvarın

11-də  Paris  sülh  konfransında Azərbaycanın müstəqilliyi  de-fakto  tanındı.  Bu  əlamətdar  hadisə  ilə  bağlı yanvarın

14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirilmişdi. 

8  aprel  1920-ci  ildə  keçirilən  parlament  iclasında  Azərbaycan  Cümhuriyyətinin  Qərbi  Avropa  dövlətləri  və

Amerikada  diplomatik  nümayəndəliklərinin  təsis  edilməsi  və  Paris  sülh  konfransındakı  Azərbaycan  nümayəndə

heyətinin buraxılması haqqında qanun layihəsi müzakirə edilmişdi. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə,

Polşa,  Latviya,  Litva,  Estoniya,  Finlandiya,  Ukrayna,  Rumıniya,  Almaniya  və  Rusiyada  diplomatik

nümayəndəliklərin açılması haqqında qanun qəbul edilmişdi. Həmin dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik

missiyaları fəaliyyət göstərirdi.

Azərbaycan  parlamenti  mövcud  olduğu  dövrdə  İstiqlal  bəyannaməsinə  əməl  etmişdir.  Onun  fəaliyyəti  isə

"Azərbaycan parlamentinin "nakazı" ("təlimatı") əsasında idarə olunmuşdur.

1920-ci ilin əvvəlində parlamentin rəyasət heyətində dəyişiklik baş vermişdir. Daxili nizamnaməyə əsasən bir

illik  səlahiyyət  müddəti  başa  çatdıqdan  sonra  Həsən  bəy  Ağayev  istefa  vermişdir.  Onun  yerinə  Məmməd  Yusif

Cəfərov  parlament  sədrinin  birinci  müavini  seçilmişdir.  Xalq  cümhuriyyətinin  süqutunadək  parlamentə

M.Y.Cəfərov sədrlik etmişdir. 

Lakin Azərbaycanın daxili-siyasi həyatında yaranan sabitlik  uzun  sürmədi.  Ölkənin  başının üstünü  bolşevik

təhlükəsi almışdı. Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşmişdi. Xarici təhlükə ilə yanaşı, aprel

ayının  əvvəllərindən  başlanan  hökumət  böhranı  Azərbaycanda  siyasi  vəziyyətin  daha  da  gərginləşməsinə  səbəb

oldu.  Mart  ayında  Qarabağda  başlanan  erməni  qiyamını  yatırmaq  üçün  Azərbaycan  ordu  hissələrinin  Bakıdan

Qarabağa göndərilməsi Qırmızı Orduya qarşı ciddi müqavimət göstərməyi mümkünsüz etdi. Azərbaycan parlamenti

1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq

hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. Şimali Azərbaycan yenidən Rusiyanın əlinə keçsə

də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı. Cəmi 23 ay yaşamasına

baxmayaraq,  Azərbaycan  Xalq  Cümhuriyyəti  sübut  etdi  ki,  Azərbaycan  xalqı  müstəqil  yaşamağa,  öz  dövlətçilik

ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  xalqımızın  dövlətçilik  və  ictimai-siyasi  fikir  tarixində  rolu  misilsizdir.

Sovet  tarixşünaslığında  xalq  cümhuriyyətinin  fəaliyyəti  qərəzli  şəkildə  saxtalaşdırılmışdır.  Müasir  Azərbaycan

Respublikası  XX  əsrin  əvvəlində  mövcud  olmuş  xalq  cümhuriyyətinin  varisi  kimi,  onun  zəngin  ənənələrindən

istifadə  edir,  onun  irsinin  üzə  çıxarılması  və  nəşr  edilməsi  istiqamətində  mühüm  işlər  görmüşdür.  Azərbaycan

xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illik  yubileyi  ərəfəsində

imzaladığı  30  yanvar  1998-ci  il  tarixli  sərəncamı  ilə  yaradılmış  Dövlət  Komissiyasının  qərarı  ilə  xalq

cümhuriyyətinin irsinin mühüm sənədləri 7 cilddə çap olunmuşdur. Xalq cümhuriyyətinin irsi tariximizin həm şanlı,

həm də ibrətamiz səhifələridir.



Nazim MUSTAFA, 

tədqiqatçı

Yüklə 64,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə