TüRKÇÜLÜYƏ HƏsr olunmuş ÖMÜr azərbaycan Xalq Cümhuriyyəti qurularkən cümhuriyyət banilərinin qarşısına çıxan saysız-hesabsız problemlərdən biri də kadr çatışmazlığı məsələsi, daha dəqiq desək, universitet, institut bitirmiş Avropa ali



Yüklə 45,8 Kb.

tarix23.08.2018
ölçüsü45,8 Kb.


“Milli Məclis”.-2010.-№3-4.-S.49-55.

TÜRKÇÜLÜYƏ HƏSR OLUNMUŞ ÖMÜR

Azərbaycan Xalq Cümhuriyyəti qurularkən cümhuriyyət banilərinin qarşısına çıxan saysız-hesabsız

problemlərdən biri də kadr çatışmazlığı məsələsi, daha dəqiq desək, universitet, institut bitirmiş  Avropa ali

təhsilli  insanların  Azərbaycanda  azlığı  idi.  Bu  məqamla  bağlı  tariximizin  1918-1920-ci  illərinin  qaranlıq

səhifələrini  işıqlandıran  Qurban  Səidin  (Yusif  Vəzir  Çəmənzəminlinin  imzalarından  biridir)  "Əli  xan  və

Nino"  əsərində  maraqlı  bir  epizod  var.  Əsərdə  Baş  nazir  Fətəli  xan  Xoyski  əsərin  qəhrəmanı  Əli  xan

Cavanş iri yanına çağırıb deyir: "Bizim sizin kimi adamlara ehtiyacımız var. Bizim ölkə avropalı arvadı olan,

qədim  nəsildən  çıxan,  ingiliscə  danışan və  evə  sahib  olan  adamlar  baxımından  kasıbdır..."  Həqiqətən  də  o

vaxt Azərbaycanda Avropa təhsilliləri  barmaqla saymaq olardı.  İnstitut və  universitet  təhsillilərin  sayı heç

50-yə  çatmırdı.  Lakin  bu  azsaylı  ziyalı  dəstəsi  müstəqil  Azərbaycan  dövlətinin  yaradılmasında  fövqəladə

işlər  həyata  keçirdilər.  Çünki  cümhuriyyət  qurucuları  kamil  biliyə,  dərin  savada  malik  mütəfəkkir

şəxsiyyətlər idilər. Öz həyatlarını Milli İstiqlal Hərəkatına həsr etmiş bu görkəmli ictimai-siyasi xadimlərdən

və ziyalılardan biri də Əhməd bəy Ağayevdir. 

Türkiyədə  Əhməd  bəy  Ağaoğlu  kimi  tanınan  Ağayev  XIX  əsrin  sonu  XX  yüzilliyin  əvvəllərində  təkcə

övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində

diqqətəlayiq  yer  tutan  görkəmli  şəxsiyyətlərdən  biridir.  O,  zəngin  siyasi,  nəzəri  və  elmi  irsi  hələ  də  yetərincə

öyrənilməyən fikir nəhənglərindən, türk xalqlarının yetirdiyi son ensiklopedistlərdən biridir.

İlk həyat dərsləri

Türk dünyası, xüsusən Azərbaycan və Türkiyə üçün böyük işlər görmüş Əhməd bəy Ağaoğlu 1869-cu ildə

Şuşada  əsilzadə  ailəsində  anadan  olmuşdur.  Valideynləri  Qarabağ  xanlığının  əsasını  qoyan  Pənahəli  xanın

nəslindəndir.  Əhməd  bəyin  atası Mirzə  Həsən  və  əmisi  Mirzə  Məhəmməd  Şərq  təhsili  almaqla  bərabər  dünyəvi

elmlərlə  də  yaxından  maraqlanırdılar.  Bu  köklü-köməcli  ailə  ocağı  həm  də  öz  dövrü  üçün  Şuşanın  fikir

mərkəzlərindən  biri  idi.  Ailənin  təşkil  etdiyi  axşam  söhbətlərində  metafizik  və  elmi  mövzuların  müzakirəsi

Ağaoğlunun  inkişafında  əhəmiyyətli  yer  tuturdu.  Əhməd  bəy  Ağayev  Şuşada  erməni  və  rusların  yaşadığı səmtdə

yerləşən rus gimnaziyasında oxumağa başlayanda burada cəmisi beş nəfər türk-azərbaycanlı şagird təhsil alırdı.  O,

sonralar  gimnaziyadakı  təhsil  illərini  belə  xatırlayırdı:  "Bu  beş  nəfərin  illər  boyu  davam  edən  təhsil  həyatında

erməni uşaqlarından çəkdikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz beş nəfər türk şagirdi cəld

tərpənib  arxamızı  divara  dirəməyi  qənimət  bilirdik.  Yüzlərlə  erməni  uşağı  qəflətən  üstümüzə  hücum  edirdi...

yumruq, qapaz, təpiklə bizi əzişdirirdilər. Bəzən sözü bir yerə qoyub üstümüzə böhtan atır, hamısı üzümüzə durur,

bizə haqsız yerə cəza verdirirdilər... Son sinfə qədər türklərdən yalnız mən tab gətirə bildim".

Əhməd  bəy  1884-cü  ildə  rus  məktəbini  bitirib  təhsilini  Tiflis  gimnaziyasında  davam  etdirir.  1887-ci  ildə

Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirəndən sonra isə Əhməd bəy Ağayev Peterburqa gedib təhsilini Mühəndis

Texniki Universitetində davam etdirmək qərarına gəlir. Lakin 1988-ci ildə Parisə gedərək Sorbonna Universitetinin

Paris  Hüquq  Məktəbinin  tələbəsi  olur.  Eyni  zamanda,  Praktik  Ali  Tədqiqatlar  Məktəbində  məşhur  tədqiqatçı

C.Darmstaterin,  Şərq  Dilləri  Məktəbində  isə  Şefer  və  Barbiye  de  Meynarın  ərəb,  fars  və  türk  dillərinə  dair

mühazirələrini dinləyir.

Parisdə  Əhməd  bəy  Ağayev  Fransada  yaşayan  türk  inqilabi  gəncliyinin  (gələcəyin  "Gənc  türkləri")

nümayəndələri  ilə  yaxınlaşır.  Həmçinin  Şərqin  böyük  mütəfəkkiri  Şeyx  Camaləddin  Əfqani  ilə  tanış  olur.  Bu

tanışlıq onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinə çox böyük təsir göstərir.

1890-cı ildən başlayaraq Parisin "La Nouvelle Revue", "La Revue blue politique et litteraire", "Journal des

debats" kimi nüfuzlu nəşrlərində Əhməd Ağaoğlunun İran və Azərbaycan haqqında, bu regionda yaşayan xalqların

tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında silsilə məqalələri dərc olunur. Bu illərdə Ə.Ağayev vətənlə də əlaqələrini

kəsmir, "Kavkaz"(Tiflis), "Kaspi" (Bakı) qəzetlərində ardıcıl olaraq məqalələr dərc etdirir.

Əhməd  bəy  Ağayev  1892-ci  ildə  23  yaşında  ikən  Londonda  keçirilən  X  Beynəlxalq  Şərqşünaslıq

Konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə edir. Məruzə konqresin qərarı ilə Avropa dillərində

dərc olunur.

"Firəng Əhməd"

Altı  illik  Paris  həyatından  sonra  1894-cü  ildə  vətənə  qayıdan  Əhməd  bəy  Ağayev  üç  il  Şuşada  yaşayır.

Şuşada realnı məktəbdə fransız dilindən dərs deyir, qiraətxana-kitabxana açır, ilk teatr tamaşaları təşkil edir. Qərbin

mütərəqqi yeniliklərini tətbiq etmək sahəsində gördüyü işlərə görə Şuşada ona "Firəng Əhməd" deməyə başlayırlar.

Hər vasitə ilə həmvətənlərini bir araya gətirməyə, onların milli şurunu oyatmağa  çalışan, böyük arzularla yaşayan

"Firəng Əhməd" isə Şuşa mühiti ilə kifayətlənə bilməzdi. O, Azərbaycan dilində "Məşriq" qəzetini nəşr etmək üçün




hökumətdən  icazə  istəsə  də,  rədd  cavabı  alır.  Bu  zaman  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyev  onu  "Kaspi"də

əməkdaşlığa  dəvət  edir.  1897-ci  ildə  Bakıya  köçən  Ə.Ağayev  "Kaspi"  qəzetinin  əsas  müəlliflərindən  biri  olur,

Ə.Topçubaşovun  redaktorluğu  dövründə  (1898-1907)  qəzetin  ədəbi  şöbəsinin  müdiri  vəzifəsində  çalışır.  Eyni

zamanda,  Bakı  Ali  Ticarət  Məktəbində  fransız  dili  müəllimi  işləyir.  1904-cü  ildə  "Kaspi"nin  mətbəəsində  çap

olunan "İslama görə və islam aləmində qadın", İslam, axund və hatifülqeyb" kitab-larında, habelə "Kaspi" qəzetində

dərc  etdirdiyi  "Müsəlman  söhbətləri",  "Müsəlman  xalqlarının  vəziyyəti"  adlı  silsilə  məqalələrində  Ə.Ağayev

müsəlman  xalqlarının  düşdüyü  acınacaqlı  vəziyyəti  təhlil  edir,  bunun  səbəblərini  göstərir,  müsəlman  xalqlarına

böhtan  atan  əcnəbi  müəlliflərə  tutarlı  cavablar  verir.  Bu  illərdə  Ə.Ağayevin  Tiflisdə  nəşr  edilən  "Şərqi-Rus"

qəzetində, habelə Kəlküttə və Qahirə mətbuatında da məqalələri dərc olunur. O, "Nicat", "Nəşri-maarif", "Səadət"

kimi xeyriyyə cəmiyyətlərinin təşkilində və fəaliyyətində də yaxından iştirak edir.



Qılınc və qələm

Əhməd  bəy  Ağayev  1905-ci  ilin  iyunundan  Əli  bəy  Hüseynzadə  ilə  birlikdə  Azərbaycanda  milliyyətçilik

düşüncəsinin  formalaşmasında  mühüm  rol  oynayan  "Həyat"  qəzetinin  redaktoru  olur.  1905-ci  il  dekabrın  19-dan

"İrşad" qəzetini, 1907-ci ildə isə, eyni zamanda, rus dilində "Proqress" qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan

"Tərəqqi"  qəzetini  çıxarmağa  başlayır  və  Türkiyəyə  gedənə  qədər  (1909)  onun  naşiri  olur.  O,  Bakı  müsəlman

sahibkarlarının  xahişi ilə  1905-ci  ildə  iki  dəfə  şəxsən  II  Nikolayın  və  onun  nazirlərinin  qəbulunda  olur,  Rotşild,

Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib çıxmasına mane olmağa çalışır. Əhməd bəy Ağayevin

bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılır.

Əhməd  bəy Ağayev 1905-1907-ci  illərdə  Rusiya  müsəlmanlarının  Nijni-Novqorod  və  Moskvada  keçirilən

I-III qurultaylarının  təşkilatçılarından  biridir.  Bu  qurultaylarda  o,  imperiyada  yaşayan  türk-müsəlman  toplumunun

hüquqlarını əzmkarlıqla müdafiə edir.

Əhməd bəy Ağayev 1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı

törətdiyi  soyqırımlar  zamanı  dərc  etdirdiyi  məqalələrində  bu  faciələrin  əsl  günahkarları  olan  car  hakimiyyəti

orqanlarının və erməni daşnaklarının iç üzünü açıb göstərir. O, Qafqaz canişininin milli  qırğınların  kəskinləşməsi

ilə bağlı 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı "barışdırıcı qurultayda" Əlimərdan bəy Topçubaşov, Qara bəy

Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə iştirak edərək, Azərbaycan tərəfinin proqramını bəyan edir. Əhməd

bəy Ağayev qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli

qırğınlara dərhal son qoyulması üçün "Daşnaksutyun" partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks

halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb edir, gətirdiyi

tutarlı dəlillərlə, faktlarla milli qırğınlara bais olan erməni liderlərini susdurur. Qurultay isə heç bir nəticə vermir,

əksinə  1906-cı  ildə  erməni  daşnaklar  Qarabağda,  Naxçıvan  və  İrəvanda  azərbaycanlılara  qarşı  soyqırımlar

törədirlər.  Həmin  hadisələrdən  sonra  Əhməd  bəy  Ağayev  Azərbaycan  xalqının  hüquqlarını  qorumaq  məqsədilə

1906-cı ildə  "Difai"  partiyasını yaradır.  Özünü  "Qafqaz  Ümummüsəlman  Müdafiə  Komitəsi"  adlandıran  "Difai"

partiyası  həmin  çətin  dövrdə  Azərbaycan  türklərinin  imperiya  və  erməni  terroruna  qarşı  müqavimətini  təşkil

etməklə demək olar ki, onun milli varlığını, şərəf və ləyaqətini qoruya bilir. Azərbaycanın əksər qəzalarında geniş

fəaliyyət  göstərən,  əhali  arasında  böyük  nüfuza  malik  olan  "Difai"  partiyasına  qarşı  1908-ci  ildə  çar  hakimiyyət

orqanları geniş repressiyalara başlayır. Partiya qadağan edilir, Əhməd bəy Ağayevin qəzetləri bağlanır, özü isə təqib

edilməyə başlayır.



İki imperiya arasında

Əhməd bəy Ağayev təqiblər üzündən 1909-cu ildə Türkiyəyə mühacirət edəndə orada artıq inqilab (1908)

olmuşdu,  tanıdığı  bəzi  şəxslər  hakimiyyətdə  idilər.  O,  ilk  vaxtlar  maarif  müfəttişi  kimi  fəaliyyət  göstərir,  sonra

Süleymaniyyə  kitabxanasının  müdiri  təyin  olunur.  Eyni  zamanda  İstanbul  Darülfünunda  rus  dili  və  ədəbiyyatı,

türk-monqol  tarixi  fənlərini  tədris  edir.  Ə.Ağayev  elmi,  ictimai  və  publisistlik  fəaliyyətini  davam  etdirərək

"Sirati-müstəqim",  "İslam  məcmuəsi",  "Haqqa  doğru",  "Hikmət",  "Türk  yurdu",  İstanbulda  fransızca  çıxan  "Le

Jeune  Turk"  kimi  nəşrlərdə  məqalələri  çıxır.  "Türk  yurdu"  jurnalının  yaradıcılarından, "Türk  Ocağının" (1911)  4

qurucusundan biri olur. 1912-ci ildə "Tərcümani-həqiqət" qəzetini nəşr etməyə başlayır. Əli bəy Hüseynzadə, Ziya

Göyalp, Yusif Akçura, Həmdullah Sübhi, M.Ə.Yurdaqul və digər əqidə dostları ilə birlikdə türkçülüyün elmi-nəzəri

əsaslarının hazırlanması üzərində çalışır. 

O,  mühacirət  həyatının  üçüncü  ilində  Afyon  Qarahisardan  Osmanlı  parlamentinə  deputat  seçilir.

Türkiyədən  Rusiyanın  türklər  yaşayan  bölgələrinə  müəllimlər  göndərilməsi  işinin  təşkilatçılarından  biri  kimi

tanınır. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi

kimi  çıxış  edir.  Əhməd  bəy  Ağaoğlu  Əli  bəy  Hüseynzadə,  Əbdürrəşid  İbrahimov  və  Yusif  Akçura  ilə  birlikdə

Rusiya  imperiyasında  yaşayan  türk  xalqlarının  dözülməz  vəziyyəti  ilə  bağlı  ABŞ  Prezidenti  V.Vilsona  təqdim

olunan müraciəti imzalayır.

Ə.Ağaoğlu  1918-ci  ildə  xalqın  bolşevik-daşnaklara  qarşı  mübarizəsinə  kömək  üçün  göndərilmiş  Qafqaz

İslam  Ordusunun  komandam  Nuru  Paşanın  siyasi  müşaviri  kimi  Azərbaycana  gəlir.  Bu  zaman  Gəncədə  Milli




Şuranın  türk  qoşunlarının  komandanlığı  ilə  yaranan  anlaşılmazlığın  aradan  qaldırılmasında  Əhməd  bəy  Ağayev

vasitəçilik  edir.  Onun  təklifini  1918-ci  il  iyunun  17-də  müzakirə  edən  Milli  Şura  yeni  hökumət  təşkil  etməyə  və

özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olur. Əhməd bəy Gəncədə "Türk sözü" adlı qəzet

təsis edib iki sayını çıxarmağa da imkan tapır.

Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinə  üzv  seçilən  Əhməd  bəy  Ağayev  1918-ci  ildə  Ənzəlidəki

ingilis işğal qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün göndərilən xüsusi nümayəndə heyətinə başçılıq

edir.  Həmin  il  dekabrın  28-də  ADR  parlamenti  onu  Paris  Sülh  Konfransına  göndərilən  Azərbaycan  nümayəndə

heyətinin  tərkibinə  daxil  edir.  Lakin  İstanbulda  Əhməd  bəyi  ingilis  işğal  qüvvələri  "türk  jurnalisti  və  Türkiyə

parlamentinin deputatı" kimi təqsirləndirərək həbs edirlər. O, "İttihad və Tərəqqi" partiyasının rəhbərləri ilə birlikdə

1919-cu ilin mayında Malta adasına sürgün olunur. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri

ilə  dəyişdirilərkən,  Ə.Ağaoğlu  da  26  aylıq  sürgündən  sonra  1921-ci  il  mayın  28-də  İstanbula  qayıdır  və  dərhal

Anadoluya gedərək Qurtuluş Savaşında fəal iştirak edir.

Ankaraya gələndən az sonra Atatürkün başçılıq  etdiyi Ankara hökumətinin Mətbuat baş  müdiri kimi milli

hökumətinin çap-təbliğat  işinə rəhbərlik edir. Həm də "Hakimiyyəti-Milliyə" qəzetinin redaktoru olur. Əhməd bəy

Ağayev  Qars  bölgəsindən  iki  dəfə  Türkiyə  Böyük  Millət  Məclisinə  deputat  seçilir,  eyni  zamanda,  Ankara

Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur.



Siyasi oyunların qurbanı

Dünyanın  harasında  olursa-olsun  türklüyə  xidmət  etməyi  müqəddəs  vəzifə  sayan  Əhməd  bəy  Ağaoğlu

müəyyən  vaxtdan  sonra  demokratiya  və  respublikaçılıq  ideyaları  ilə  bağlı  əndişə  hissi  keçirməyə  başlayır.  Bu

hisslər onu 1926-cı ildə xüsusi məktub yazmağa vadar edir. Başdan-ayağa tənqidi ruhda yazılan məktubda dövlətin,

hökumətin, cəmiyyətin həyatının, habelə xalqa vəd edilmiş islahat ideyalarının uğradığı xoşagəlməz dəyişikliklərin

səbəbləri  araşdırılır,  hakim  Cümhuriyyət  Xalq  Partiyasının  başçılarının  yanlış  addımları  təhlil  edilir,  ölkənin

gələcəyi ilə bağlı narahatlıq ifadə olunur. Məktub onun ölkənin ikinci adamı sayılan İ.İnönü ilə onsuz da soyuq olan

münasibətlərini daha da gərginləşdirir.

1930-cu  ildə  Atatürk  hakim  CXP  ilə  siyasi  rəqabət  şəraitində  hakimiyyət  uğrunda  mübarizə  aparan

müxalifət  partiyasının  qurulmasına  qərar  verir.  Atatürk  Fəthi  Okyar,  Nuri  Conkur  və  Əhməd  Ağaoğluna  Sərbəst

Cümhuriyyət  Partiyasını  yaratmağı  tapşırır.  Lakin  yeni  yaranan  SCP-nin  1930-cu  ildə  keçirilən  ilk  çoxpartiyalı

seçkilərdə müvəffəqiyyət qazanması siyasi elitanı qorxudur. Sərbəst Partiya yaranmasından cəmi 100 gün keçəndən

sonra özü özünü ləğv edir. Sərbəst Partiya eksperimentinə qoşulmuş digər silahdaşlarından fərqli olaraq Əhməd bəy

Atatürkün "Nə edəcəksən?" sualına "Əmrinizlə girdiyim partiyadan çıxmayacağam. Bunu izzət-nəfsim üçün təhqir

sayaram.  Lakin  siyasi  həyatdan  çəkilirəm,  millət  vəkilliyindən  istefa  edirəm,  sırf  müəllimliklə  məşğul  olaram",  -

cavabını verir.  Elə  də  edir.  Ağaoğlu  Ankaradan  İstanbula  köçür,  darülfünunda  konstitusiyanın  əsaslarından  dərs

deməyə  başlayır.  1933-cü  ildə  o,  "Axın" qəzetini  nəşr  etdirir.  Lakin  Atatürkün  narazılığını görüb  qəzeti  bağlayır.

İstanbul Darülfünunu universitetə çevriləndə Əhməd bəy Ağaoğlu təqaüdə  çıxarılır.  Fəthi  Okyara  məktubunda  bu

ədalətsizlikdən ürək ağrısı ilə söz açır: "...Təqaüdə göndərildim. Bundan sonra fəal həyat qapıları üzümə bağlandı.

Bunları sizə şikayət etmək üçün yazmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl

və  seyrçi  durmaqdır".  Həyatının  son  illərində  "Mədəniyyət  Həftəsi"  və  "İnsan"  jurnallarında,  "Cümhuriyyət"

qəzetində silsilə yazılar yazır.

Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edir və orada da dəfn olunur.

Əhməd  bəy  Ağayevin  dünyagörüşü  və  ictimai  fəaliyyəti  səmərəli,  mürəkkəb,  həm  də  müəyyən  dərəcə-də

ziddiyyətli  olmuşdur.  Həyatının  müxtəlif  dövrlərində  dünyagörüşü  və  siyasi  düşüncəsi  üç  ana  xətt  üzərində

cəmləşmişdir:  İslamçılıq,  Qərbçilik  və  Türkçülük.  O,  Qərb  mədəniyyətindən  öyrənmək  fikrini  yazılarında  ardıcıl

olaraq  irəli  sürmüş,  İslama  baxışlarında  demokratik  mövqedən  çıxış  etmişdir.  Əhməd  bəy  Ağayev  Azərbaycan

türklərində milliyyətçilik və türkçülük şüurunun oyanmasında və güclənməsində çox mühüm rol oynamışdır.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə