Азярбайжан милли елмляр академийасы


Leksik-semantik söz qrupları



Yüklə 1,58 Mb.
səhifə52/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   48   49   50   51   52   53   54   55   ...   78
Flora-Namazova-Dissertasiya

3.3. Leksik-semantik söz qrupları
Məlumdur ki, bir çox sözlərin ilkin mənasından yeni mənalar törəyir. Sonradan əmələ gələn mənalar semantik çalarlar adlanır. Bunlar çoxmənalılığa, omonimliyə, sinonimliyə və antonim­liyə yol açır.

İlyas Əfəndiyevin dramaturgiya dilinin leksik-semantik zənginliyini göstərən dəlillərdən biri poetik çoxmənalılıq, omonimlik, sinonimlik və antonimlikdir. Bu vasitələr dialoq mətnlərinin daxili harmoniyasını yaradır. Bunlar linqvopoetik hadisələri törədir.

Çoxmənalı sözlər. Bəllidir ki, söz mənaca inkişaf edir, yeni mənalar qazanır, həcmi və sərhədləri genişlənir, yeni leksik-terminoloji vahidlər meydana gəlir. Formaca bir, mənaca müxtəlif vahidlər yaranır. Bunlar obrazların dilinə yol tapır. Məsələn, Alxanın nitqində “çəkmək” feili tənqid etmək anlamında işlənmişdir:

Alxan (gülür). Yazın! Tənbəlləri biabır edin! O Nəcəfin özünə də bir möhkəm çəkin [53, c.2, s.252].

Belə sözlər bədii əsərlərdə ən çox müraciət olunan üslubyaradıcı vasitələrdən biridir. Yazıçı canlandırdığı hadisəni, söylədiyi əhvalatı daha təbii, maraqlı etmək üçün belə söz qruplarından, yeri gəldikcə, istifadə edir, çoxmənalı sözlər əsasında təzadlar, müqayisələr yaradır, beləliklə də, sənətkar öz məqsədini, ideyasını daha qabarıq ifadə etməyə nail olur. Bundan əlavə, bədii parça daha maraqlı, canlı çıxır ki, bu da əsərin oxunaqlığını, cazibəsini artırır. “Canlı danışıq dilində bir çox söz və ifadələr öz ilkin mənalarından başqa, özgə, yeni məzmun da qazana bilir. Belə sözlərin yazıçı qələmi ilə ətə-qana doldurulub bədii əsərə gətirilməsi zəngin məna incəlikləri yaradır. Müstəqim mənada mənfi məzmun bildirən sözlərdən sözlərin münasibətindən asılı olaraq mənfilik pərdəsi götürülür, əzizləmə, ərk, nəvaziş, danlamaq, öyüd-nəsihət məzmunu alır” [138, s.63].

Dramaturq sözü obraz və personaj nitqində müxtəlif mənalarda işlədərkən pred­metin müxtəlif cəhətdən oxşarlığı (forma, rəng, dad, hərəkət), predmetin müxtəlif cəhətdən yaxınlaşması (məkan, zaman, məntiq, proses, funksiya) prinsiplərinə ciddi şəkildə əməl etmişdir. Məsələn, “soyuq” sifətini müəllif öz həqiqi mənasından uzaqlaşdıraraq insan münasibətlərinin mahiyyətini açıb göstərmək üçün işlətmişdir:

Cəmil – Özün bilirsən ki, son illər boyu öz soyuq rəftarınla mənim qəlbimi incitmiş olsan da, həmişə mənim üçün əziz olmusan! [46, s.179].

Dramaturq “dan ulduzu” ifadəsi ilə obyekt anlayışını məcaziləş­dirmiş (müqayisə və bənzətmə məqamında) və obrazın dilində ifadəlilik imkanlarını çoxalt­mışdır:



Nərgiz – Dan ulduzu kimi parıldayırsan! [46, s.23].

Dramların dilində müxtəlif hadisələr geniş yayılmışdır. Məsələn, məcaziləşmə:



Nərgiz – Mənim quzum, necə­sən! [46, s.54]. Burada “quzu” sözü məntiqə görə mənasını dəyişmiş, əzizləmə mənasında işlənmişdir.

Sifətlərin sinonimliyi: Həbib – Köhnə, təzə, belədir mənim anam [46, s.72].

Sözdüzəltmə və məna genişlənməsi: Xaspoladov – İşdə dönüş yarat­maq lazımdır [46, s.43]. Burada “dönüş” sözü dönmək prosesindən ayrılır, uzaqlaşır, işlə bağlı yeni mənalı bir söz kimi – yenilik mənasında işlənir.

Omonimlər. Omonimlər leksik mənaları müxtəlif, qrammatik mənaları həm eyni, həm də müxtəlif olan eyni fonetik tərkibli, tələffüz və yazılışca fərqlənməyən sözlərdir. Omonimik hadisələrə dramların dilində də rast gəlinir. Məs.:



Ballı. Səndən divan istəyirəm, bildinmi, divan!

Niyaz. Necə divan, ana?

Ballı. Haqq divanı! [53, c.2, s.281].

Şəxs adı ilə adi söz leksik omonimlik yaradır: Şəfəq – “Bahar suları” pyesində mühəndis qızın adı, şəfəq – dan yerinin şəfəqləri:



Alxan. O, (Şəfəq nəzərdə tutulur) dan yerinin şəfəqlərindən yaranmışdı, qızım! [53, c.2, s.290].

Ləqəblə adi söz leksik omonimlik yaradır: Qalmaqal Mədəd – qalmaqal.



Alı kişi. Ay Mədəd, yenə qalmaqal salma görək! [53, c.2, s.293].


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə