Baki qizlar universiteti SƏRBƏst iŞ



Yüklə 23,69 Kb.
tarix23.12.2023
ölçüsü23,69 Kb.
#157113
Avropa və Rusiyada sosial-pedaqoji fikrin inkişafı


Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi
Baki qizlar universiteti


SƏRBƏST İŞ

İXTİSAS: Pedaqogika nəzəriyyəsi və tarixi


TƏHSİL PİLLƏSİ: Magistratura
QRUP: MPN22
FƏNN: Sosial pedaqogika
MÜƏLLİM: Rəsul Əliyev
TƏLƏBƏ: Abdulova Leman
MÖVZU: Avropa və Rusiyada sosial-pedaqoji fikrin inkişafı
Bakı -2023
Sosial-pedaqoji fikrin inkişafında qədim yunan filosofları Sokrat, Platon, Aristotel, demokrit və b. mütəfəkkirlərin sosial-pedaqoji baxışları mühüm mərhələ təşkil edir. Onların fikrincə, cəmiyyətin taleyi onun bütün vətəndaşlarının inkişafı və tərbiyəsi ilə bağlıdır. Sokrat (e.ə.V-IV əsrlər) insanın dünyanı dərk etmək imkanlarını araşdırmış, bu işdə özünüdərkin rolunu yüksək qiymətləndirmişdir. Sokrata görə, tərbiyənin məqsədi insanın özünü dərk etməsi, özünü təkmilləşdirməsidir. Sokrat biliklərin mənimsənilməsində insanın müstəqil və yaradıcı fəallığına böyük əhəmiyyət vermiş və bu işdə öz tələbələri ilə “Sokrat metodu” adlanan müsahibə metodunu geniş tətbiq etmişdir. Sokratın şagirdi Platon (e.ə. V-IV əsrlər) bir çox fəlsəfi, sosial-siyasi və pedaqoji ideyaların müəllifidir. O, ruhun üç növünü qeyd edir: ağıl, iradə və hisslər. Buna müvafiq olaraq tərbiyənin üç növünü müəyyən etmişdir: əqli, fiziki və əxlaq tərbiyəsi. Platona görə tərbiyənin vəzifəsi üç sosial qurum (filosoflar, hərbçilər və əkinçilər) üçün bacarıqlı davamçılar hazırlamaqdan ibarətdir. Platon Afinada akademiya açmış, orada çalışmış, məcburi təhsilin əleyhinə olmuşdur. Onun sosial-pedaqoji ideyaları “Dövlət” və “Qanunlar” adlı əsərlərində öz əksini tapmışdır. Platonun şagirdi Aristotel (e.ə. IV əsr) də insan ruhunun üç növünü (bitki, heyvani və inani) və tərbiyənin üç sahəsini (fiziki, əqli və əxlaqi) qəbul edir və onları vəhdətdə götürürdü. O,buna uyğun olaraq uşaq və gəncləri üç yaş dövrünə bölür : a) 0-7 yaş; b) 7-14 yaş; c) 14-21 yaş. Aristotel tərbiyənin vəzifəsini xeyirxah, comərd insan yetişdirməkdə görürdü. Qədim yunan materialist filosofu Demokrit (e.ə. V-IV əsrlər) sosial-pedaqoji prinsip kimi təbiətəmüvafiqlik (tərbiyənin uşaq təbiətinə uyğun qurulmasını) və tərbiyənin əməklə əlaqələndirilməsi ideyalarını irəli sürmüş, uşaqları pis nümunələrdən qorumağa, onlarda əxlaqi adətlər yaratmağa böyük əhəmiyyət vermişdir.Qədim Romada sosial-pedaqoji fikrin inkişafı M.F.Kvintilian (I əsr) adı ilə bağlıdır. O, “Natiqlik tərbiyəsi haqqında” əsərində kiçik yaşlardan başlayaraq uşaqlarda nitqin inkişafına diqqət yetirməyi vacib sayır, bu məqsədlə oyunların, ünsiyyətin, təmrinlərin, riyaziyyat və musiqinin rolunu yüksək qiymətləndirirdi. Intibah dövründə (XIV-XV əsrlər) Avropada təhsil və tərbiyə sistemində yeni baxışlar meydana gəldi. Bu dövrdə elmlər inkişaf etməyə, dinin təsiri zəifləməyə başladı. Intibah dövrünün nümayəndələri – V.Feltre, F.Rable, T.Mor, M.Monten, T.Kompanella və başqaları köhnə tərbiyə sisteminə qarşı kəskin çıxış edirdilər. Vitterino da-Feltrenin “Şadlıq evi”, T.Morun “ Utopiya adası”, T.Kompanellonun “ Günəş şəhəri”ndəki məktəblər humanizm prinsipinə əsaslanırdı. Bu məktəblərdə dünyəvi biliklər verilir, mexaniki öyrənmə və sərt intizam aradan götürülür, təlim marağa, müstəqilliyə və yaradıcı fəallığa əsaslanırdı, uşaqların mənəvi və fiziki inkişafına böyük yer verilirdi.
C.Lokkun (XVIII əsr) fəlsəfi-pedaqoji görüşləri “İnsan əqli haqqında təcrübə” və “Tərbiyə haqqında fikirlər” əsərlərində əks olunmuşdur. C. Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürərək irsiyyətin rolunu inkar etmiş, tərbiyənin rolunu yüksək qiymətləndirmişdir. Onun fikrincə, insanların onda doqquzu tərbiyə nəticəsində xeyirxah və ya bədxah, faydalı yaxud faydasız olurlar. C.Lokk tərbiyənin məqsədini zadəgan uşaqlarından centlemen yetişdirməkdə görürdü: centlemen sağlam, iradəli, intizamlı, möhkəm xarakterli olmalıdır. O, məktəb təliminə qarşı çıxmış, centlemenə ailədə xüsusi tərbiyəçilər vasitəsilə təlim tərbiyə verməyi tövsiyə etmişdir. J.J.Russo (XVIII əsr) fəal maarifçi filosof olmuşdur. Onun fikrincə, cəmiyyətdəki haqsızlıqları ancaq yaxşı tərbiyə ilə - yeni insan yetişdirməklə aradan qaldırmaq olar. Russo “Azad tərbiyə” nəzəriyyəsinin banisidir. O, göstərirdi ki, insan azad doğulur, azad da inkişaf etməlidir. Müəllim şagirdə hazır bilik verməməli, onun müstəqil işini təşkil edib istiqamətləndirməlidir. Russo “Təbii tərbiyə” nəzəriyyəsində isə insanın inkişafında ətraf mühitdən faydalanmağı, tərbiyə işində təbii və ictimai mühitə istinad etməyi nəzərədə tutur. Onun bu fikirləri “Emil, yaxud tərbiyə haqqında” adlə əsərində öz əksini tapmışdır. Russo insanın həyatını dörd yaş dövrünə bölmüşdür: 0-2 yaş – fiziki inkişaf dövrü; 2-12 yaş – hisslərin inkişafı, yaxud əqlin yuxu dövrü; 12-15 yaş – zehni inkişaf dövrü; 15 yaşdan həddi buluğa qədər - əxlaq tərbiyəsi dövrü. Russo tərbiyənin məqsədini xeyirxah hisslər, xeyirxah mühakimələr və xeyirxah əməllər tərbiyə etməkdə görürdü.
Rus sosial-pedaqoji fikrində N.İ.Piroqov (XIX əsr) öz sosial-pedaqoji ideyalarını “Həyat məsələləri” məqaləsində izah etmişdir. O, tərbiyəni cəmiyyət üçün böyük həyat məsələsi hesab edirdi. Piroqov vaxtından əvvəl ixtisaslaşmanın əleyhinə çıxmış, məktəbdə ümumi təhsil verməyi vacib hesab etmişdir. O, xalqın təhsilli olması üçün əlverişli məktəb şəbəkəsi yaratmağın vacibliyini qeyd edirdi. Piroqov yaşlılar üçün bazar günü məktəbləri açdırmışdı. Piroqovun sosial-pedaqoji layihəsi kimi onun hazrladığı məktəb sistemi layihəsi o dövrdə ciddi maraq doğurmuşdu. Bu layihədə o, iki tip orta məktəb – klassik və real gimnaziyalar təşkil etməyi təklif edirdi. Klassik məktəblər məzunları universitetlərə, real isə praktik həyata hazırlamalı idi. Piroqov ali məktəb üçün də islahat layihəsi hazırlamışdı. O, universitetlərə qəbulu orta məktəbin buraxılış imtahanları ilə birləşdirməyi tövsiyə edirdi. Rusiyada sosial-pedaqoji fikrin inkişafında “rus pedaqogikasının atası” sayılan K.D.Uşinskinin (XIX əsr) xidmətləri çox böyükdür. Məktəbin həyatla əlaqəsi ideyasında o, göstərirdi ki, məktəb uşaqları həyata hazırlayır, həqiqi tərbiyə məktəb, həyat və elm arasında vasitəçi olmalıdır. Sosial pedaqogika baxımından Uşinskinin tərbiyədə xəlqilik ideyası da çox qiymətlidir. Onun fikrincə, əsl tərbiyə xalq dühasına, xalqın zəngin dəyərlərinə - mədəniyyətinə, mənəvi xəzinəsi olan dilinə, ədəbiyyatına, tarixinə, vətəninin təbiətinə və xalq yaradıcılığına əsaslanmalıdır. Görkəmli tərbiyə nəzəriyyəçisi A.S.Makarenkonun pedaqoji irsində mühüm sosial-pedaqoji problem kimi kollektivdə və kollektiv vasitəsilə tərbiyə problemi mərkəzi yer tutur. O, 16 il nəzarətsiz qalan uşaqların tərbiyəsi ilə məşğul olmuş, nümunəvi bir kollektiv yarada bilmişdir. Makarenko deyirdi: kollektiv – cəmiyyətin bir hissəsidir, onun hər bir üzvü kollektiv vasitəsilə cəmiyyətə daxil olur. Bu fikirdəki böyük həqiqət ondadır ki, uşaq kollektivində qazanılan sosial təcrübə sonralar cəmiyyət həyatına uyğunlaşmaqda – sosiallaşmaq işində mühüm baza rolunu oynayır. Makarenkonun sosial-pedaqoji sistemində tərbiyə işində əmək tərbiyəsi, intizam, rejim, oyun, ictimai tapşırıqlar, növbətçilik və s. kimi vasitələr mühüm yer tutur. O, ailə tərbiyəsində ailənin quruluşu, ailə kollektivi, aildə uşaqların sayı, valideyn nüfuzu, ailə tərbiyəsinin üslubu, boşanma və onun pedaqoji nəticələri və s. kimi məsələləri də geniş şəkildə izah etmiş, tövsiyələr vermişdir. Makarenkonun sosial-pedaqoji fikirləri “Pedaqoji poema”, “Qüllələr üzərində bayraqlar”, “Valideynlər üçün kitab” və b. əsərlərində öz əksini tapmışdır.

Ədəbiyyat
1. İsmixanov M.,Vəliyeva S. Sosial pedaqogika, Bakı,2014
2. Ağayev Ə., Rzayeva Y., Hüseynova T., Vahabova T. Sosial pedaqogika, Bakı, 2008
3. Əlizadə H. Sosial pedaqogikanın aktual məsələləri, Bakı, 1998
4. Rüstəmov F. Pedaqogika tarixi, Bakı, 2006
5. Tusi N. Əxlaqi-Nasiri. Bakı, 1989
Yüklə 23,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə