BəxtiyarTuncay Son tunc və erkən dəmir dövrlərində Anadolu və Qafqazda yaşamış türk boyları



Yüklə 141,28 Kb.
tarix08.01.2018
ölçüsü141,28 Kb.
növüYazı

BəxtiyarTuncay

Son tunc və erkən dəmir dövrlərində Anadolu və Qafqazda yaşamış türk boyları



https://1.bp.blogspot.com/-3ttrmayn4xs/vvr_cg_orei/aaaaaaaaa0m/ziclbvg8sukm4r0j9qsl7kxly4i8ynjza/s320/hakkr.jpg

Son tunc və erkən dəmir dövrlərində Anadolu və Qafqazda yaşadıqları yazılı mənbələrdən məlum olan türk boyları içərisində kuman, qarqar, myuten-matien və qaşqayların adını ilk sırada çəkmək lazımdır. Bunlardan kumanların adının qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi çəkildiyini diqqətə çatdıran Y.Yusifov yazır ki, bu etnonim «ku» (qu quşu) kökündən və türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı (Azərbaycan tarixi, 1994, s. 83).



Kumanlar. Bu türk boyunun adına Tukulti-Ninurta (e.ə. XIII əsr), I Tiqlatpalasar (e.ə. 1115-1077-ci illər), II Adadnerari (e.ə. 911-990-cı illər) Sinnaxerib (e.ə. 705-681) kimi Assur şahlarının kitabələrində rast gəlinməkdədir. Bu kitabələrdə əsasən aşşurların kumanlarla apardıqları savaşlardan söhbət açılır. I Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində yazılanlardan kumanların hökndara, deməli həm də öz dövlətlərinə sahib olduqları məlum olur: «(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı…  (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər…(Vl.22)…Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən hökmdarı ayaqlarımı qucaqladı… (38.№10)» (Дьяконов. 1951, №№ 10, 14, 20, 21).

M. Frangipanenin yazdığına görə, Arslantəpə tunc dövrünün sonlarında kumanların paytaxtına çevrilmişdi (Frangipane M., 2014, p. 169-182). Bu o deməkdir ki, kumanlar e.ə. II minilliyin sonlarında Arslantəpəni hetlərdən təmizləmiş və şəhərə hakim olaraq, onu özlərinə paytaxt etmişdilər.


https://4.bp.blogspot.com/-v1z4w6x_bmq/vvr_mov114i/aaaaaaaaaz8/5ws8iukb3yovxwvc1szyr7qft74nfldja/s400/hkkri.jpg
E.ə. II-I minlliklərə aid kuman-qıpçaq balbalları (Hakkari, Türkiyə)
F. Ağasıoğlu bildirir ki, «Kuman» toponimi Assur mənbələrində «Kamannu», Urartu mənbələrində «Qaman», het mənbələrində isə «Kumanni», «Kumaneşmax» kimi qeyd edilmişdir. Alimin sözlərinə görə, bu halda söhbət Türkiyənin Malatya bölgəsindən getməlidir (Ağasıoğlu 2005, s. 45).

Uratu mənbələrində «Kumenu» şəhərindən söz açıldığını dilə gətirən Melikaşvili də təqribən eyni fikri sərgiləyərək, bu şəhəri Van gölü çevrəsində axtarmaq lazım olduğunu yazmışdır (Меликашвили 1960, № 28).

Uratu mənbələrində Göyçə gölü ətrafında yaşayan kumanlardan da söhbət açılmaqdadır (Мещанинов 1978, c. 358, 375).

Maraqlıdır ki, kumanların eranın ilk əsrlərində hələ də Anadoluda yaşadıqlarını Ptolomeyin yazdıqlarından öyrənmiş oluruq. Belə ki, həmin müəllif öz əsərində Kappadokiya ərazisində yaşayan kumanlardan söz açmışdır (Арутюнян 1985, c. 101).

Fikrimizcə, XX əsrin sonlarında Van gölünün şimalında, Əhlat şəhəri yaxınlarındakı Nurəddin kəndində, eləcə də Doğubəyazidin şimal-qərbindəki Sulucemdə aşkar edilmiş kurqanlar bilavasitə kumanların yadigarlarıdırlar.

Arslantəpə və Alacahöyük kurqanları nəzərə alınmazsa, Anadoluda kurqan mədəniyyəti özünü orta tunc dövründən etibarən daha bariz şəkildə göstərməyə başlamışdır. Həmin dövrdən etibarən Cənubi Qafqazla qonşuluqda yerləşən Şərqi Anadoluda yarımadanın digər bölgələrindən, eləcə də bölgənin əvvəlki mədəniyyətlərindən fərqli olaraq, yeni tipli mədəniyyət ortaya çıxır, huri və hetlərin qarətçi hücumları nəticəsində boşalan daimi yaşayış yelərini yarımköçəri həyat tərzi keçirən qəbilələrə xas məskənlər əvəz etməyə başlayır (Özfırat, 2001, s. 1; Köroğlu 2011, s. 17-20).

Daha çox geniş otlaqlarda böyük heyvan sürüləri ilə yaşadıqları anlaşılan qəbilələrin dəfn adətləri diqqət çəkməkdədir. Basdırılan şəxsin önəminə görə ölçüləri dəyişən və içərisinə qoyulan əşyalar artıb-azalan kurqan tipli məzarlar məhz bu həyat tərzinin nəticəsi kimi ortaya çıxmışdır (Lordkipanidze, 1991, s. 54).
azerbaijani & turkic world-studies adlı birinin şəkli.
E.ə. II-I minlliklərə aid kuman-qıpçaq balbalları (Astara, Şimali Azərbaycan)
Eyni mədəniyyətin e.ə. II minillikdə Şərqi Anadoluda varlığına baxmayaraq, uzun müddət bu barədə heç bir məlumat olmamışdır (Burney, Lang, 1971, s. 86; Yakar J., 1992, p. 513). Türkiyəli tədqiqatçı J. Yakarın yazdığına görə, Van-Urmiya bölgəsi boyalı qablar mədəniyyətinə aid çox sayda qabın tapılmasına və Türkiyənin muzeyləri onlarla dolu olmasına rəğmən, Van və Ərzurum bölgələrinin kurqanları hələ də arxeoloqların onları kəşf etməsini gözləyirdilər. Yalnız Trialeti kurqanları açıldıqdan və onlar haqqındakı məlumatlar elmi ədəbiyyatda nəşr edildikdən sonra sözügedən qabların tapıldığı məzarların kurqan ola biləcəyi barədə fikirlər ortaya çıxdı və Trialeti mədəniyyətinə bənzər qabların aşkar edildiyi yerlərdə - Çıldır gölünün cənubundakı Küçük Çarça (Küçük Pergit) (Djaparidze O. M., 1969, s. 270) kəndində və Pulur Höyükdə (Koşay H. Z., Vary H., 1964, s. 47) tədqiqatlara başlanıldı (Yakar J., 1992, p. 513). Həmin kurqanlardan əldə edilən boyalı qablar Çilingiroğlu tərəfindən (Çilingiroğlu, 1994, s. 1) «Van-Urmiya boyalı qabları» adlandırıldı və onlar Trialeti mədəniyyətinə aid qablarla tutuşduruldu və onların da eyni qəbildən olduğu təsbit edildi.

Qeyd edək bu mədəniyyətin izlərinə ilk dəfə 1896, 1904 və 1926-cı illərdə Naxçıvanda, Qızılvəng monastrı yaxınlığındakı daş qutu qəbir abidələrində rast gəlinmişdir. İlk dəfə Naxçıvandan üzə çıxdığı üçün bu mədəniyyəti «Naxçıvan mədəniyyəti» də adlandırırlar. Onu səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.

Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət «Qızılvəng mədəniyyəti» kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur (Əliyev V. H., 1977, s. 5).

Boyalı qablar mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir (Həbibullayev O. H., 1959):


azerbaijani & turkic world-studies adlı birinin şəkli.
E.ə. II-I minlliklərə aid kuman-qıpçaq balbalları (Meşkinşəhr, Cənubi Azərbaycan)
I mərhələ (e.ə. XX – XVII əsrlər) üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qulpsuz küpə, çölmək, kasa və xeyrə tipli qablar səciyyəvidir. Qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapmanaxışlı sadə saxsı nümunələrinə də təsadüf edilmişdir. Boyalı qablar dalğalı, sınıq və düz xəttlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (Nəhəcir və Yaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var.

II mərhələ (e.ə. XVII – XV əsrlər) mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə, Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar yayılmışdır. Qabların üzəri açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.

III mərhələyə (e.ə. XIV – XI əsrlər) aid olan nisbətən səliqəsiz naxışlanmış çaydan, vaza, qədəh, küpə tipli polixrom boyalı qablar, eləcə də boz və qara rəngli sadə saxsı məmulatı aiddir.

IV mərhələyə (e.ə. X – VII əsrlər) aid qablar əvvəlki mərhələnin materiallarından fərqlənmir, lakin daha kobud və bəsit naxışlanmışdır.

Fikrimizcə, bu mədəniyyətin yaranmasında kumanların da özünəməxsus rolu olmuşdur. Üstəlik də bölgədəki son tunc-erkən dəmir dövrü kurqan tipli qəbir abidələri, ilk növbədə də Plovağ nekropolu bilavasitə kumanların yadigarıdır.

Arxeoloqlar bu kurqanların bir qismini, xüsusən də qurbangahları olan dəfn abidələrini Çalipiraqorebidə aşkar edilmiş analogiyalarına əsasən e.ə. XV-XIV əsrlərə aid edirlər.

Nekropolun daha əvvəl tədqiq edilmiş kurqanlarından biri 18 №-li kurqandır. Ona şimal və şimal-şərq tərəfdən bitişik olan iki kiçik həcmli kurqan da qeydə alınmışdır. Bu kurqanlar xarici görünüşünə və strukturuna görə qurbangahlara bənzəyirlər.

Birinin kromlexi oval, digərininki isə, dairəvi formada olan bu kurqanların hər ikisinin qəbir kamerası eyni istiqamətli idilər. Bunlardan birincisinin kromlexinin diametri 2,2 x 2,6 m, qəbir kamerasının ölçüləri isə 0.50 x 0.75 m idi. Kamera 48-50 sm dərinlikdə qazılmışdı. Burada 4-5 yaşlarında olduğu təxmin edilən uşaq və yaşlı kişi skeletlərinə rast gəlinmişdir. Kurqanda bir neçə gil qab və bəzək əşyasıi aşkar edilib.

İkinci kurqanın kamerasının ölçüləri 0.55 x 0.78 m, dərinliyi isə 0.50-0.55 m olub. Onun da qəbir kamerası qarət olunduğundan orada skelet və avadanlığa rast gəlinməmişdir.

Ərazidə qazıntılar aparmış arxeoloqlar sözügedən kurqanları quruluşuna görə böyük kurqanların miniatür forması hesab edirlər (İbrahimli B. İ., Xəlilov T. F., Qədirzadə T. Q., 2011, s. 119 – 120).



Qaşqaylar. Qədim yazılı mənbələrdə adına rast gəlinən daha bir türk boyu qaşqaylardır. Onların adı mixi yazılarda «kaşka», «kaska», «kaskay», «qa-as-qa» kimi çəkilir. Əldə olan mənbələrdən bu xalqın e.ə. II minillikdə Anadolunun şimal-şərqində, Qara dəniz sahillərində yaşadıqları, ərazilərinin qərbdə Qızıl İrmaq çayına, cənubda isə Fərat çayının mənsəbinə qədər uzandığı məlum olur (Иванов В. В. Каскайские племена; Дьяконов И. М., 1968).

Qədim het (hithit) mənbələrindən belə aydın olur ki, het şahı II Tudhaliyanın hakimiyyəti dövründə (e.ə. 1430-cu illər) qaşqaylar hetlərin müqəddəs saydıqları Nerik şəhərini ələ keçirirlər. II Tudhaliyanın yerinə şah olan I Arnuvanda Nerik şəhərini qaytarmaq üçün Tanrıya dua edir. Duanın mətnindən belə məlum olur ki, həmin dövrdə artıq Kammama və Tsalpuva şəhərləri də qaşqayların əlinə keçmişdi. I Arnavundanın qaşqaylara qarşı apardığı mübarizə heç bir nəticə vermir.

Maşat-Höyük yazılarından isə məlum olur ki, qaşqayların əkin sahələrinə çəyirtkə sürüləri ziyan vurur, elə bu da onları het torpaqlarına hücüma keçməyə təhrik edir. Onlar hetlərin paytaxtı Hattuş şəhərini ələ keçirərək yandırırlar.

Qaşqaylar haqqında qədim Misir yazılarında, daha dəqiq desək, firon III Amenxotepin kitabəsində da məlumat var. Bu məlumatlardan aydın olduğu kimi qaşqaylar het dövlətinə son qoymuş və hetlərə qarşı döyüşdə 800 döyüş arabasından istifadə etmişdilər (Малая Азия и Закавказье..,).

Fikrimizcə, Kür çayının mənsəbinə yaxın ərazilərdəki kurqanlar, eləcə də Çıldır elçəsinə bağlı Kurtkale və Akçakale kəndləri yaxınlığındakı kurqanlar qaşqayların yadigarı kimi gözdən keçirilməlidir. Bu kurqanlar 1995-ci ildə K. Köroğlu tərəfindən aşkar edilərək tədqiq edilmişdir (Köroğlu, 1997, s. 376). Bunlardan Kurtkale kurqanları Kür çayının sol sahilində, Türkiyə-Gürcüstan sərhədinə yaxın yerdə yerləşirlər. K. Köroğlunun yazdığına görə, ətraf ərazilərdə onlarca kurqanın səpələndiyi diqqət çəkməkdədir.
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/20839241_1528745340497981_778438285_n.jpg?oh=26e24e66b2575b8eca606809006e06c9&oe=599392ca
Qaşqaylara aid Elmalık (Almalıq) kurqanından (kurqan C) tapılmış «ana və uşaqları» fiquru. Fil sümüyü. Antalya muzeyi)
Kurtkale kurqanları tamamən ətraf ərazilərdəki daşlardan qurulmuşlar və bənzər quruluşa sahibdirlər. Onların qəbir kameraları bir qayda olaraq kurqan örtüyünün altında, tam mərkəzdə yerləşiblər. Kameralar şərq-qərb istiqamətlidir və dördkünc formaya malikdirlər, ətrafları kromlexlərlə əhatə olunub. Qəbir kamerasının divarları döşəmədən yuxarı doğru daralan formada inşa edilmiş, üstləri uzun və yastı daşlarla örtülmüşdür. Qəbirlərdən birincisi 1.79 x 3.70 x1. 60 m, ikincisi isə 1.70 x 3.50 x 2 m ölçüsündədir.

Kurtkale kurqanlarının üst örtükləri salamat qalmadığından onların forma və ölçülərini dəqiq müəyyən etmək mümkün olmasa da, 2 və 3 №-li kurqanların bir birinə bitişik, digərlərinin isə bir-birindən çox az məsafədə yerləşdiyi, diametrinin isə 7 ilə 11 m arasında dəyişdiyi müəyyən edilib (Köroğlu K., 2000, s. 4).

Çıldır elçəsindən 17 km cənub-şərqdə, Akçakale kəndinin 1 km cənub-qərbindəki kiçik adada yerləşən Akçakale kurqanlarının da qaşqayların yadigarı olduğunu düşünmək olar. Bunlardan Böyük kurqan talançıların açdıqları bir oyuq vasitəsilə içinə girilərək soyulmuşdurş Onun dağıntıları hazırda adanı sahillə birləşdirən yolun şərq tərəfindədir.

K. Köroğlu yazır ki, bu kurqanın qəbir kamerası da eynən Kurtkale kurqanlarında olduğu kimi şərq-qərb istiqamətli və dördkünc planlıdır. Ətrafı kromlexlə əhatələnmişdir. Kromlexin diametri 24 m-dir. Qəbir kamerası əkin-biçin işləri zamanı dağıntıya məruz qalmış kurqan örtüyünün şimal-şərq hissəsində, yer səthindən təqribən 3 m dərinlikdə qazılmışdır. Onun 3.40 x 6.60 m ölçülü daş örtüyü yastı uzun daşlardan qurulub və örtük ilə döşəmə arasında daş sütun (menhir) yerləşdirilib. Onun vəzifəsi kameranın örtüyünü saxlamaqdır. Kameranın girişi 1.25 m genişliyindədir.

K. Köroğlunun sözlərinə görə, Akçakale kurqanı struktur və üslub baxımından Kurtkale kurqanlarını xatırlatsa da, buradakı giriş qapısı və daşıyıcı sütun rolunu oynayan menhirdən istifadə edilməsi onları bir-birindən fərqləndirir. Başqa bir fərq isə qəbir kamerasının gillə suvanmasıdır.

Alimlər bu kurqanların Borçalı – Axalkələk kurqanları (Trialeti-Mesxeti) ilə eyni tipə aid edirlər (Köroğlu K., 2000, s. 6-7; Biber H., 2016, s. 3503). K. Köroğlu yazır ki, «adanı sahilə bağlayan yolun tam solunda, Böyük kurqanın üst örtüyünü xatırladan bir dairəvi təpənin şərqində və qarbində yerləşən iki nümunə də xüsusi maraq doğurur. Bunlar yan-yana tək və ya iki sıra şəklində düzülən olduqca böyük daşlardan inşa edilmişdir. Qeyri-qanuni yolla sökülərək inşaat işlərində istifadə edilən bu daşların ölçüləri 2 x 3m-ə çatmaqdadır. Tədqiqata cəlb edilən bu qurğulardan şərqdə olanının sahəsi 12,5 x 6 m, qərbdəkininki isə 6,5 x 3,5 m ölçülərindədir. Hər ikisində də daşlarla əhatələnmiş sahəyə daxil olmaq üçün iki tərəfdən açıq yer saxlanılmışdır. Qafqazda bu kimi kromlexlərdən bir və ya birdən artıq qəbir çıxmışdır» (Köroğlu K., 2000, s. 8).

Sözügedən kurqanlardan qaşqayların həmin dövrdəki məişətləri, mədəniyyət və incəsənətləri barədə hər hansı bir məlumat əldə etməyə yardımçı ola biləcək material çıxmasa da, Antalyanın Elmalı elçısinin Bayandır kəndi yaxınlığında 1987-ci ildə qazılaraq tədqiq edilən, qaşqaylara aid olduğu heç bir şübhə oyatmayan kurqanlardan maraqlı sənət əsərləri əldə edilmişdir. E.ə. VIII-VI əsrlərə aid edilən bu kurqanları bəziləri hetlərə, digərləri isə ioniyalılara, lidiyalılara, farslara, frigiyalılara və ya da likiyalılara aid etməyə çalışırlar (Dörtlük K., 1988, p. 171-174; Ozgen I. and E. Ozgen., 1988; Akurgal E., 1992, p. 67-81; Özgen I. and J. Öztürk., 1996; Roller L. E., 1999; İşik F., 2000; Boardman J., 2000; Börker-Klähn J., 2003, p. 69-105). Halbuki adı çəkilən bu xalqlardan heç biri ölülərini kurqanlarda basdırmamışlar. Bu dəfn adəti sədəcə və sadəcə türklərə aiddir. Həmin dövrdə isə keçmişdə het işğalı altında olmuş bu ərazilərin sahibinə qaşqaylar çevrilmişdilər. Kurqanlar da onlardan başqasına, təbii ki, aid ola bilməz.

Qeyd etmək lazımdır ki, Bayandır kəndi yaxınlığındakı çöldə yüzdən artıq irili-xırdalı kurqan qeydə alınmışdır. Onlarda C və D kurqanlarını Kayhan Dörtlük tədqiq etmişdir (Dörtlük K., 1988, p. 171-174). Hər iki kurqan bənzər quruluşa malik olsa da, onlarda fərqli dəfn adətinə rast gəlinmişdir. Belə ki, C kurqanında kremasiya, D kurqanında isə inqumasiya qeydə alınmışdır (Şare T., 2010, p. 54).

Bunlardan birincisinin diametri 36-38 m, hündürlüyü 4.20 m, ikincisinin düametri 40-45 m, hündürlüyü isə 5.10 m idi.

D kurqanının 50 sm dərinlikdə qazılmış qəbir kamerası bütünlüklə ağacdan qurulmuş, döşəməsinə çınqıl döşənmişdi. Örtüyü də ağacdan olan kamera 3.25 x 4.50 m ölçüsünə sahib idi. Kameranın şimal tərəfində qurulmuş və və hündürlüyü 20 sm olan xüsusi taxtın üstündə qadın skeleti vardı. Onun başı şərqə tərəf idi. Belində gümüş kəmər, baş və sinəsi tərəfdə ətrafa səpələnmiş 9 gümüş fibula vardı. Qəbiirdə həmçinin öküz və at qalıqlarına, iki ədəd dəmir at nəsnəsinə, başqa bir gümüş kəmərə və böyük bir qazanın parçalarına rast gəlinmişdir (Dörtlük K., 1988, p. 172-174).

Bayandır kurqanlarından tapılmış əşyalardan ən maraqlıları fil sümüyündən və gümüşdən düzəldilmiş fiqurlardır.

Qarqarlar. Adlarına qədim yazılı mənbələrdə rast gəlinən türk boylarından biri də qarqalardır. Qarqar etnoniminə ilk dəfə «Xarxar» formasında e.ə. XII əsrə aid Aşşur mənbəsində rast gəlinib. Həmin mənbədə Cənubi Qafqazda yerləşən hansısa yaşayış məskəni kimi söz açılır (Tahirzadə, 1991, s. 64; Ağasıoğlu, 2005, s. 139).

Sonrakı dövr mənbələri də onları məhz Cənubi Qafqazda yad edir. Strabon (I əsr) onların onları Qafqaz Albaniyası dağlarında, amazonkalarla qonşuluqda yaşadıqlarını bildirir. III əsr müəllifi Yustin Qarqar çölündən və qarqar bəyliyindən söz açaraq onları midiyalı və albaların qonşuları kimi təsvir edir. Bənzər lokasiyaya IV əsr müəllifi Pamfila oğlu Yevseviyin yazısında da müşahidə edilir (Гейбуллаев, 1991, s. 77-78).

Bu və əldə olan çox sayda bu kimi məlumatları təhlil edən Q. Qeybullayev yazır ki, əski müəlliflərin Qarqar çölü adlandırdıqları ərazi Qarabağ ərazisidir (Гейбуллаев, 1991, 79).

Əldə olan bu kimi yazılı məlumatlar bizə Xocalı-Gədəbəy mədəniyyətini, xüsusən də Xocalı qrupu kurqanlarını qarqarlarla bağlı olduğunu düşünməyə əsas verir. H. Cəfərovun yazdığına görə, bu abidələrinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsində buradan tapılmış materiallar əsas rol oynamışdır. Alimlər Xocalı nekropolunun stratiqrafiyası müəyyənləşdirilərkən daş örtüklü kurqanların daha sonrakı dövrə aid olduğunu söyləmişlər (İ.Meşşaninov, İ.Cəfərzadə, T.Passek, B.Latınin və b.). «Xarici elementləri ilə müəyyən edilmiş bu dövrləşmə arxeoloji materiallarla dəqiqləşdirilmişdir. Bu işdə 11 saylı Xocalı kurqanı kompleksi (Adadnirari muncuğu, Assuriya mənşəli şirli saxsı qab), habelə Xocalının başqa bu dövr kurqanlarında (11, 14, 18, 20 və b.) tapılmış qızıl əşyaların və s. bəziləri dayaq rolunu oynamışdır. Göstərilən faktlar, xüsusilə üzərində Adadnirarinin adı yazılmış muncuğun təhlili əsasında bu mərhələ abidələri əsasən X-VIII, ən geci IX-VIII əsrlərə aid oluna bilər.

İ. İ. Meşşaninov Assuriyada e.ə. II min. axırı və I min. əvvəllərində Adadnirari adlı dörd çarın hakimiyyətdə olmasını göstərmiş və buna görə də Xocalı muncuğunun hansı çara mənsubiyyətində çətinlik çəkdiyini etiraf etmişdir. İlkin vaxtlar yazılışın paleoqrafik xüsusiyyətinə əsasən IV Adadnirarinin (e.ə. 763-755) adı çəkilsə də sonralar muncuq üzərindəki yazının üçüncü sətirinin axırıncı işarəsinin yazılış tərzinin artıq IV Adadnirari dövründə sıradan çıxdığını nəzərə alaraq İ.Meşşaninov bu fikrindən yayınmışdır. Bunu nəzərə alaraq o, Xocalı muncuğunun I Adadnirariyə (e.ə. 1310-1281) və ya II Adadnirariyə (e.ə. 911-891) məxsus olduğu qənaətinə gəlmişdir» (Cəfərov H., 2000, s.138-139).

Muncuq üzərindəki yazıda üçüncü sətirin axırıncı işarısinin II Adadnirari dövründən sonra sıradan çıxması haqqında İ. Meşşaninovun fikrinə istinad edən H. Cəfərov Assuriya muncuğunun məhz II Adadnirariyə mənsubiyyəti mülahizəsini irəli sürmüşdür (Cəfərov H., 2000, s.139).

Biz də bu fikirdəyik ki, muncuq II Adadnirariyə aiddir. Çünki qarqar boyunun kuman-qıpçaqların bir qolu olduğu (Абромзон, 1960, s. 46; Бартольд, 1968, ll, 1, 541), məhz II Adadnirarinin kitabəsində onun kumanlarla savaşdığının qeyd edildiyi (Дьяконов. 1951) məlumdur. Nəzərə alsaq ki, sözügedən Assur hökmdarı e.ə. 911-891-ci illərdə yaşamışdır, sözügedən muncuğun da, kurqanın da həmin dövrə aid olduğunu tam qətiyyətlə söyləmək olar.

Lakin bu tarixi Xocalı-Gədəbəy mədəniyyətinin bütün abidə və kurqanlarına aid etmək, əlbəttə ki, doğru olmaz. H. Cəfərov haqlı olaraq yazır ki, Xocalı-Gədəbəy mədəniyyətinə mənsub olan qədim etnik–mədəni massivin tarixinin öyrənilməsində Xocalı abidələrinin müstəsna əhəmiyyəti var. «Qafqazda Xocalı kompleksi qədər müxtəlif tip abidələr qrupunun bir yerdə toplusuna təsadüf olunmamışdır. Burada təkcə kurqanların beş tipinin varlığı müəyyənləşdirilmişdir. Bundan başqa Xocalı kompleksi öz tərkibində daş qutularını, menhir, labirinti xatırladan daş hasar (Haca-təpə kurqanı rayonunda) və s. birləşdirir. Maraqlıdır ki, çoxsaylı arxeoloji abidələri yalnız bir tarixi dövrü e.ə. XIV-VIII əsrlərə aid son tunc və ilk dəmir dövrünü əks etdirir…

…Xocalı abidələri içərisində kurqanlar xüsusi yer tutur. Kurqan qruplarına İ.Meşşaninovun adlandırdığı “böyük kurqan çölündə” və Qarqarçayın sol sahilindəki “daşlı çöldə” daha çox təsadüf olunur. “Böyük kurqan çölü” qrupu qərbdə iki böyük menhir və labirintvari daş hasarla qonşuluqda yerləşən möhtəşəm Hacatəpə kurqanı ilə məhdudlaşır. Kiçik kurqanlar qrupu əksər hallarda Xocalı çayının sol sahilində, ona tökülən İlisu çayı sahilində yerləşmişdir. Daş qutulara qeyd olunan sahələrin hər üçündə, habelə Xocalı kəndindən şimalda, Boz dağın ətəyində təsadüf edilmişdir» (Cəfərov H., 2000, s. 82-83).

Şübhəsiz ki, bu abidələrin hamısını ucdantutma qarqarlara aid etmək doğru olmaz. Yalnız ölünün arxası üstə dəfn olunduğu kurqanları qarqarlarla bağlamaq olar. Çünki dolayısı faktlar bizə qarqarların R1b haploqrupunun daşıyıcısı olduğunu düşünməyə əsas verir. Belə düşünməyimizə əsas səbəb qarqarların Qafqaz Albaniyasının aparıcı boylarından biri və birincisi olması, Alban yazısının məhz onların dili (qıpçaq-qarqar) əsasında yaradılması, onların xristianlıqdan imtina etməyən hissəsinin XIX əsrdən sonra haylaşması (erməniləşməsi), ermənilərin 28 faizinin (Qarabağ və Zəngəzur ermənilərinin isə 40 faizinin) hazırda R1b haploqrupuna sahib olması faktıdır. Bu Y-xromosom ermənilərə qarqarlardan (albanlardan) keçmişdir.

Qeyd edək ki, Xocalıda müxtəlif illərdə üst-üstə 40-dan yuxarı qəbir abidəsi qazılmışdır. Onları dörd tipə ayırmaq olar:

Kiçik ölçülü torpaq kurqanlar;

Böyük ölçülü torpaq kurqanlar;

Böyük ölçülü daş örtüklü kurqanlar;

Daş qutu qəbirlər.

I tipə aid edilən kiçik ölçülü torpaq kurqanlara həm əsas “kurqan çölündə”, həm “valun çölündə”, həm də İlisu çayının sol sahilində təsadüf edilmişdir. Bunlardan 5 №-li kurqan Xocalı çayının sağ sahilindəki əsas kurqan çölündə, 1 saylı böyük topraq kurqanının yaxınlığında yerləşirdi. Aşağı hissəsində azacıq daş yığını olan torpaq örtüyün diametri 13 m, hündürlüyü 1.2 m olmuşdur. Örtük altında, 1 m dərinlikdə bir ölü qalığına, it sümüklərinə, keramika sınıqlarına və əqiq muncuqlara təsadüf olunmuşdur (Cəfərov H., 2000, s. 84). Skelet həddən artıq çürüdüyündən onun ilkin vəziyyətini müəyyən etmək mümkün olmamışdır.

14 №-li kurqan Qarqarçayın sol sahilində daş örtüklü 11 və 12 saylı kurqanların arasında yerləşmişdir. Örtüyü əsasən torpaq və qumdan, qismən daşlardan qurulmuşdur. Diametri 17 m, hündürlüyü 3.3 m olan kurqan örtüyü altında arxası üstə, uzadılmış vəziyyətdə ölü dəfn olunmuşdur. Heç bir materiala təsadüf olunmamışdır.

Əsas kurqan çölündə, böyük ölçülü kurqanın ətəyində yerləşən 5 №-li kurqanın diametri 10 m, hündürlüyü 1 m idi. Onun ətəyi bir cərgə çay daşı ilə əhatələnmişdir. «Kurqan örtüyü altında, onun şərq hissəsində üzəri iki qat ağac tirlərlə örtülmüş torpaq qəbiri ( 4 x 1.85 x 1.5 m) aşkar olunmuşdur. Qəbir kamerasına dolmuş çay daşlarının ağırlığından insan skeleti qalıqları ilkin quruluşunu dəyişmiş, buna görə də onun ilkin vəziyyətini tutmaq mümkün olmamışdır. Qəbir avadanlığı bərpası mümkün olmuş yeddi saxsı qabdan, tunc sancaqdan, dəvəgözü və çaxmaqdaşından hazırlanmış ox ucluqlarından və əqiq muncuqlardan ibarət olmuşdur. Qəbirdə həmçinin oxra parçaları və şaftalı çiyidi tapılmışdır. Saxsı qablar şar gövdəli, alçaq boğazlı, səthi naxışlı küpələr, qoşa qulplu bərni tipli qab və tək qulp bardaqla təmsil olunmuşdur. Bəzi küpələr şüyrəli naxışları, basma dairələri və göbələkvari çıxıntıları ilə Borsunlu kurqanı keramikasını xatırladır» (Cəfərov H., 2000, s. 84-85).

2 və 4 №-li kurqanlar Xocalı kəndinin (köhnə Xocalı) qərbində, İlisu çayının sol sahillərində yerləşmiş yeddi kurqandan ibarət qrupa daxil olmuşdur. Kurqanlar kiçik ölçülü olub torpaq örtülüdür.

2 №-li kurqanın diametri 10 m, hündürlüyü 0.75 m olmuşdur, bu tip başqa kurqanlarda olduğu kimi əsas torpaq örtük altında kiçik daş topası aşkar edilmişdir. Şərq-qərb istiqamətli kiçik ölçülü torpaq qəbirində (1,3 x 1 m) sağ yanı üstə, bükülü halda dəfn olunmuş insan skeleti qalıqları aşkar olunmuşdur. Qəbirin qərb hissəsində əldə hazırlanmış, kobud formalı üç saxsı qab tapılmışdır (Cəfərov H., 2000, s. 85).

Fikrimizcə, bu tip, yəni ölünün böyrü üstə basdırıldığı kurqanlar R1a1 haploqrupunun daşıyıcısı olan aptallara (eftalitlərə), başqa sözlə ağ hunlara aiddir. Çünki M. Kağankatlı aptalların (eftalitlərin) qarqarlarla yanaşı yaşadıqlarını yazmışdır.

4 №-li kurqan şimal-cənub istiqamətində uzunsov, yastılanmış torpaq örtüyünə malik olmuşdur, hündürlüyü 1.4 m, diametri şimal-cənub istiqamətində 20 m, qərb-şərq oxu boyu 16 m-ə çatmışdır. Örtüyün 60 sm dərinliyində ətrafı bir cərgə daşla əhatələnmiş (kromlex) daş topası altında, materikdə, qərb-şərq istiqamətli torpaq qəbiri (2,3 x 1.46 x 1 m) aşkar edilmişdir. Vaxtilə qəbirin üstünü bağlamış ağac tirlər çökmüşdür. Qəbir talan edildiyi üçün qəbir adəti və avadanlığın düzülüş qaydası pozulmuşdur. Burada təsadüf edilmiş insan sümükləri qalıqları və saxsı qab parçaları qəbirə səpələnmiş, dağınıq vəziyyətdə olmuşdur. Qərb divarı önündə salamat qalmış dörd saxsı qab götürülmüşdür. Həmin qablar qoşa qulplu bərnidən, tək qulp camdan və yastı şarvari küpələrdən ibarətdir. Küpələrdən birində qulp əvəzinə göbələkvari çıxıntı var» (Cəfərov H., 2000, s. 85).



Xocalının I tip abidələr qrupu e.ə. XIV-XIII əsrlərə aid edilir.
Qaynaqça


  1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.

  2. Akurgal E. "Zur Entstehung der ostgriechischen Klein- und Groß- plastik," IstMitt Al, 1992, p. 67-81.

  3. Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.

  4. Biber H. Demir Çağları’nda, Süphan Dağı eteklerinde yaşam ve ölümün mekânsal ilişkileri // Journal of Human Sciences,Volume: 13 Issue: 2 Year: 2016, s. 3503.

  5. Boardman J. Persia and the West: An Archaeological Investigation of the Genesis of Achaemenid Art, New York. 2000.

  6. Börker-Klähn J. "Tumulus D von Bayindir bei Elmali als historischer Spiegel," in Licia e Lidia prima delVellenizzazione. Atti del convegno internazionale, Roma, 11-12 ottobre 1999, ed. M. Giorgieri, M. Salvini, M.-C. Trémouille, and P. Vannicelli, Rome, 2003, p. 69-105.

  7. Burney C., Lang D. M. The peorles of the Hills Ancient Ararat and Caucasus. London, 1971.

  8. Cəfərov H. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında), Bakı, “Elm”, 2000.

  9. Çilingiroğlu A. Van Gölü Havzasında Üretilen M. Ö. II. Binyıl Boyalı Çanak Çömlegi // Arkeoloji Dergisi. 1994, II, s. 1-34.

  10. Djaparidze O. M. Archacological Exavations in Trialeti, On The History of Deordian Tribes in the Second Millenium B.C. Tbilisi, 1969.

  11. Dörtlük K. "Elmali Bayindir Tümülüsleri Kurtarma Kazisi," Kazi Sonuçlan Toplantisi 10, 1988, pp. 171-174.

  12. Əliyev V.H. Azərbaycanda tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı, 1977.

  13. Frangipane M. Continuity and Disruption in the settlement by Kura-Araxes-linked pastoral groups at Arslantepe-Malatya (Turkey). New data //  Paléorient, vol. 40.2, 2014, p. 169 -182.

  14. Həbibullayev O. H. Kültəpədə arxeoloji qazıntılar. Bakı, 1959. 56 s.

  15. İbrahimli B. İ., Xəlilov T. F., Qədirzadə T. Q. 2010-cu ildə Plovdağda aparılmışarxeoloji qazıntılar (Naxçıvan MR. Ordubad rayonu) // Azərbaycanda arxeoloji tədqiqatlar – 2010. Bakı, «Xəzər Universuteti» nəşriyyatı, 2011, s. 118-125.

  16. İşik F. Die Statuetten von Tumulus D bei Elmali - Elmali Tümülusü Yontucaklan (Lykia Anadolu Akdeniz Kültürleri 5), Antalya, 2000.

  17. Koşay H. Z., Vary H. Pulur kazısı 1960 Mevsimi çalışmaları Raporu // Die Ausgrbungen von Pulur Bericht über die Kampagne von 1960. Ankara, 1964.

  18. Köroğlu K. Çıldır Kurğanları // Arkeoloji və Sanat. 2000, 96, s. 2-11.

  19. Köroğlu, K. Urartu: Krallık ve Aşiretler, Urartu Doğu’da Değişim //Transformation in the East, (Haz. K. Köroğlu-E. Konyar), Yapı Kredi Yayınları, İstanbul, 2011, s. 12-51.

  20. Lordkipanidze O, Archaologie in Georgien Von der Altsteinzeit zum Mittelalter. Heidenberq, 1991.

  21. Özfırat A. Doğu Anadolu Yayla Kültürleri // Arkeoloji ve Sanat Yayınları, İstanbul, 2001.

  22. Özgen I. and E. Özgen. Antalya Museum, Ankara, 1988.

  23. Özgen I, and J. Öztürk. The Lydian Treasure: Heritage Recovered, Istanbul. 1996.

  24. Roller L. E. In Search of God the Mother: The Cult of Anatolian Cybele, Berkeley. 1999.

  25. Şare T. An Arcaic İvory figurine from a tumulus near Elmalı. Cultural Hybridization and a New Anatolian Style // Hesperia 79, 2010, p. 53-78.

  26. Tahirzadə Ə. Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirçəldilməsi.ll. Azərbay-can filologiyası məsələləri.lll. "Elm", B.,1991.

  27. Yakar J. Beyond the Eastern Borders of Hithite Emprie: An Archaelogical Assesment // Hithitic and Other Anatolian and Near Eastern Studies in Honour . Ankara, 1992, p. 507-520.

  28. Абромзон С.М. Этнический состав населения Северной Киргизии. Труды Киргизской архелогическо-этнографической экспедиции. Вып. 4. М., 1960.

  29. Арутюнян Н.В. Топономика Урарту, Ереван, 1985.

  30. Бартольд В. В. Сочинения. М., 1968. Т. 5. 757 с.

  31. Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку, 1991.

  32. Дьяконов И. М. Ассиро-вавилонские источники по истории Урарту. ВДИ, 1951, №2.

  33. Дьяконов И. М. Предыстория армянского народа (История Армянского нагорья с 1500 по 500 г. до н.э. Хетты, лувийцы, протоармяне). Ереван, Издательство АН Армянской ССР, 1968.

  34. Иванов В. В. Каскайские племена // Советская историческая энциклопедия (http://dic.academic.ru/dic.nsf/sie/7645/КАСКАЙСКИЕ/)

  35. Малая Азия и Закавказье. Малая Азия: Страна и население. Источники и истография. Древнейший период его истории (Глава 15) // История Древнего Востока (http://www.bibliotekar.ru/polk-17/19.htm).

  36. Меликашвили Г.А. Урартские клинообразные надписи. М., 1960.

  37. Мещанинов И.И. Аннотированный словарь Урартского (Биайнского) языка. М., 1978.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə