92
Belə ki, dövlət büdcəsinin xərclərinin müəyyən hissəsi milli məhsulun
formalaşmasında xüsusi çəkiyə malik olan kənd təsərrüfatı, meşə təsərrüfatı,
balıqçılıq, sənaye və tikinti, mənzil-kommunal, nəqliyyat, rabitə və sair xərclərin
maliyyələşdirilməsinə yönəldilir. Bu da birbaşa milli istehsalın inkişafına şərait
yaradır.
Qeyd olunanlarla yanaşı, cəmiyyətin idarə olunmasında mühüm rolu olan
və son nəticədə bütün dəyərlərin yaradıcısı olan insanların təhsilinin,
sağlamlığının təmin edilməsi, ölkədə elmi-texniki tərəqqinin yüksəldilməsi üçün
dövlət büdcəsində müəyyən məbləğdə vəsait nəzərdə tutulur ki, bu da bütövlükdə
milli istehsalın idarə olunmasında və onun inkişafında böyük rol oynayır.
Bu gün büdcədə milli istehsalın stimullaşdırılmasında böyük rola malik
olan elektrik enerjisi, təbii qaz, su, istilik enerjisi xərclərinin maliyyələşdirilməsi
üçün vəsait nəzərdə tutulur.
Yaxın gələcək üçün bir sıra sahələrdə islahatların aparılması, yeni istehsal
sahələrinin yaradılması məqsədilə ölkəmizə güzəştli şərtlərlə kredit verən
beynəlxalq maliyyə kredit təşkilatları ilə müvəffəqiyyətli və intensiv danışıqların
aparılması zəruri hesab edilir.
Beynəlxalq maliyyə təşkilatlarından səhiyyə, təhsil, pensiya və maliyyə
sektorunda islahatların aparılması məqsədilə TRASEKA xətti çərçivəsində yol
tikintisi üçün sənaye və kənd təsərrüfatı emalı sahələrinin dirçəldilməsi məqsədilə
investisiyalar cəlb edilməsi istiqamətində də işlər aparılmasının vacibliyi qeyd
olunmalıdır.
93
2.3. Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi
Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənib-hazırlanmasına
və tətbiq edilməsinə tələbat aşağıdakı əsas səbəblərlə şərtlənmişdir:
1)
dünya təsərrüfat əlaqələrinin inkişafında
transmilli şirkətlərin rolu;
2)
kapital bazarlarının inkişafına
mühasibat uçotunun təsiri;
3)
mühasibat uçotunun regional sistemləri.
1. Dünya təsərrüfat əlaqələrinin inkişafında transmilli şirkətlərin
(TMŞ) rolu
Transmilli şirkətlər dünya iqtisadiyyatında liderlik edirlər. BMT-nin
məlumatlarına görə, hazırda 37 mindən artıq TMŞ onların 170 min xarici törəmə
firmaları və filialları ilə dünya özəl sektorun üçdə birinə nəzarət edirlər. TMŞ-nin
xarici istehsalının həcmi 5,5 mlrd dollar təşkil edir, bu da dünya ixracatının
həcmindən (4 mlrd doll.) artıqdır. Məhz TMŞ-lərin xarici iqtisadi fəaliyyətindən
əksər inkişaf etmiş ölkələrin ixracatının həcmləri və istiqaməti asılıdır. Etiraf
etmək lazımdır ki, TMŞ bütün dünyada iqtisadi inkişafın hərəkətvericisi kimi
çıxış edir. TMŞ üçün müxtəlif ölkələrin şirkətlərinin birləşməsi və udulması
prosesi səciyyəvidir, məsələn, yapon investorları ABŞ milli şirkətlərinin
səhmlərini fəal surətdə alırlar, müxtəlif Avropa ölkələrinin şirkətlərinin birləşməsi
prosesi gedir, onlar, öz növbələrində, Asiya regionu şirkətləri ilə səhmlərini
94
mübadilə edirlər və s. TMŞ xammal, işçi qüvvəsi, kapital bazarlarının daim
dəyişən şərtlərinə yüksək uyğunlaşma dərəcəsi ilə fərqlənir, onların ehtiyat
qüvvələri olduqca çevikdir. Həmçinin TMŞ-nin fəaliyyətində firmadaxili ticarətin
və transfert qiymət əmələ gəlməsinin rolunu da qeyd etmək lazımdır.
TMŞ-lər öz kapitallarını investisiya etdikləri müəssisələrin maliyyə
vəziyyəti barədə kifayət qədər tam və etibarlı informasiyaya malik olmadan öz
iqtisadi və maliyyə siyasətlərini uğurla həyata keçirə bilməzlər. Dürüst maliyyə
informasiyası olmadan TMŞ-lərin resurslarının yerləşdirilməsi üzrə müxtəlif
ölkələrin bazarlarının təklif etdiyi alternativlərin təhlili mümkün deyil. Müxtəsər
desək, TMŞ-lərin menecerləri bütün səviyyələrdə qərarlar qəbul edilməsi
prosesini təmin edən inkişaf etmiş daxili informasiya və hesabat sisteminə ehtiyac
duyurlar. Ancaq bu cür sistem yaradılarkən, məsələn, yerli uçot sisteminin
qavranılmamasını, eləcə də kifayət qədər olmayan peşə hazırlığını və müəyyən
anlayışlara, metodlara və formalara uyğunlaşa bilməməsini təyin edən mədəni və
sosioloji amilləri nəzərə almaq zəruridir.
Mühasibat uçotunun firmadaxili aspektlərindən savayı, qəbul edən
ölkələrin uçot və hesabat formaları və metodlarını bilmək böyük əhəmiyyət kəsb
edir. Hər şeydən öncə, TMŞ-lərin törəmə şirkətləri milli normalara və standartlara
əməl etməyə borcludurlar. Daha sonra, TMŞ-nin filialları və törəmə şirkətləri
olduqları ölkənin iqtisadi infrastrukturu banklarla, maliyyə orqanları ilə qarşılıqlı
fəaliyyətdə olurlar və yerli istifadəçilər üçün məqbul formada hesabat təqdim
etməlidirlər. Eyni zamanda baş şirkətin xarici firmalarının hesabatı təqdim
edilərkən hesabatların tərcüməsi və modifikasiyası zərurəti yaranır. Ümumi
(cəmləşdirilmiş) hesabat tərtib olunarkən böyük mühasibat uçotunun və
hesabatının hesabat məlumatlarının qarşılıqlı uzlaşdırılması zəruridir. Bu zaman
fərqlər həm formal xarakterə (balansın təqdim olunmasının, nəticələrin hesabının
müxtəlif modelləri), həm də əslində, zahirən eyni anlayışların şərhində fikir
ayrılıqlarına malikdir.