Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
373
OSMANLI DÖVLƏTİNDƏ QARABAĞLI ZİYALI AİLƏSİ: İSHAQZADƏLƏR
AN INTELLECTUAL FAMİLY FROM GARABAGH İN THE OTTOMAN STATE: ISAQZADAS
Prof. Dr. Vüsalə Musalı
Kastamonu Universitesi /Türkiye
Xülasə
Hazırkı məqalə Səfəvi dövründə Qarabağdan Osmanlı ölkəsinə köçən İshaqzadə ailəsinin elmi, ədəbi və
mədəni fəaliyyətinə həsr olunmuşdur. İshaqzadələr XVII-XVIII əsrlərdə Osmanlı dövlətində mühüm vəzifələr
tutmuş, şair, müdərris, qazı və xəttat kimi xidmət göstərmişlər. Biz, Osmanlı təzkirələri və o dövrün digər
qaynaqları əsasında qarabağlı İshaqzadələrin həyat və yaradıcılıqlarını tədqiq etməyə çalışmışıq və bu
çərçivədə həmin ailənin Saleh Zühuri Əfəndi İshaqzadə (? – 1083/1672), Arif Əfəndi İshaqzadə (1064/1653 –
1121/1709), Kamil İshaqzadə (? – 1148/1735) və Əli Misli İshaqzadə (? – 1189/1776) kimi nümayəndələri
haqqında məlumat vermişik.
Açar sözlər: Osmanlı, Qarabağ, İshaqzadə, təzkirə
Abstract
Current paper devoted to scientific, literary and cultural activities of Isaqzada family. This family
migrated from Garabagh to Ottoman countury in the Safavid period. They took important positions and
served as poets, teachers, judges and calligraphs in the Ottoman State in XVII-XVIII centuries. We tried to
research the lifes and works of Isaqzadas of Garabagh according to Ottoman tazkiras and other sources of
that period. Within this framework we gave information about such representatives of this family as Salih
Zuhuri Efendi Isaqzada (? – 1083/1672), Arif Efendi Isaqzada (1064/1653 – 1121/1709), Kamil Isaqzada (? –
1148/1735) and Ali Misli Isaqzada (? – 1189/1776).
Key words: Ottoman, Garabagh, Isaqzada, tazkira
Giriş
Türk ədəbiyyatının mühüm bio-biblioqrafik qaynaqlarından olan Osmanlı təzkirələri klassik Azərbaycan
ədəbiyyatının müəyyən səhifələrini araşdırmaq, Osmanlı – Azərbaycan əlaqələrini öyrənmək baxımından
əhəmiyyətlidir.
Xaqani Şirvani, Nizami Gəncəvi, Şəms Təbrizi, Gülşəni, Füzuli, Saib Təbrizi və digər şairlərimizin Osmanlı
poeziyasına təsiri ədəbi əlaqələrin mühüm məqamıdır. Osmanlı şairləri arasında Nizami Gəncəvi və Füzuli
təsiri daha güclü hiss edilməkdədir.
Osmanlı təzkirələrində xatırlanan azərbaycanlı şairlərin sayı 65-dir. Təzkirələrdə haqlarında məlumat və
əsərlərindən örnəklər verilən bu şairlərdən 34-nün həyatı, yaradıcılığı, ədəbi irsi bizim tədqiqatlarımıza qədər
Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməmişdir. Bu şairlərin böyük əksəriyyətini mühacir şairlər təşkil
etməkdədir.
Osmanlıda tanınmış Azərbaycan şairləri dediyimizdə, ədəbi prosesə təsir göstərmiş, şeirlərinə nəzirələr
yazılmış, əsərlərinin çox sayda əlyazmaları olan, təzkirəçilər tərəfindən ağız dolusu təriflənən, saray mühitinə
yaxın olan şairləri nəzərdə tuturuq.
Osmanlı – Azərbaycan ədəbi əlaqələrini dəyərləndirdiyimiz zaman XV-XVI əsrlərdə çox önəmli əsərlər
ortaya qoyan 30-dan artıq Azərbaycan şairini Osmanlı ölkəsində görmək mümkündür. Məsələn, Gülşəni,
Həbibi, Süruri, Bəsiri, Hafiz, Cəlili və b. Məlum olduğu kimi, XVI əsr Osmanlı ədəbiyyatının qızıl dövrüdür. Şairə
və şeirə dövlət səviyyəsində verilən yüksək dəyər ədəbiyyatın inkişafına səbəb olmuşdur. Cazibə mərkəzi olan
Osmanlıya müxtəlif səbəblərlə gedən və ya aparılan Azərbaycan şairlərini görürük ki, bu şairlər rəğbətlə
qarşılanmış və ədəbi prosesə təsir göstərmişlər. Məsələn, Osmanlı sultanlarının mədhinə “Şahnamə” yazmaq
azərbaycanlı şairlərə (Arifi, Əsiri və b.) tapşırılırdı.
Səlcuqların Anadolunu fəth etməsindən sonra XVI əsrə qədər Türkiyədəki elmi, ədəbi, mədəni
fəaliyyətlərdə daim Azərbaycandan, İrandan, Orta Asiyadan gələn və ya dəvət olunan alimlərə, ədiblərə və s.
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
374
xüsusi ehtiyac duyulmuşdur. Osmanlı imperatorluğu XVI əsrdə öz qüdrətinin zirvəsinə çatdığı üçün şairləri, o
cümlədən Azərbaycan şairlərini himayə edirdi. XVI əsr ərzində Osmanlı dövləti bütün İslam aləminin elm və
mədəniyyət baxımından ən əhəmiyyətli mərkəzinə çevrilmışdir.
Bu dövrdə Azərbaycan şairlərinin və sənətkarlarının Osmanlıya getməsində Səfəvi – Osmanlı
müharibələrinin də böyük rolu olmuşdur. Səfəvilərdən siyasi və ideoloji səbəblərdən narazı olan şairlər
Osmanlıya üz tuturdular. Eyni zamanda, Osmanlıların yürüşləri zamanı Azərbaycandan aparılan şairlər
Osmanlı ərazisində fəaliyyətlərini davam etdirmişlər.
Siyasi və iqtisadi amillər XVII-XVIII əsr Osmanlı ədəbiyyatı üzərində də izini buraxmışdır. Qaynaqlardan
aldığımız məlumata görə, XVIII əsrdə Osmanlıdakı şair sayı ən yüksək səviyyəsinə çatmışdır. Amma bunların
arasında məşhur şair və ya ədəbi məktəb yaratmış şair deyə biləcəyimiz ədiblər çox azdır. Bu mənzərə XVII-
XVIII əsrlərdə Osmanlı – Azərbaycan ədəbi əlaqələrinə də təsirsiz ötüşməmişdir. Sarayın şairləri əvvəlki kimi
himayə etməməsi ucbatından Azərbaycan şairlərinə, demək olar ki, ehtiyac olmamışdır. 1639-cu ildən sonra
Səfəvi – Osmanlı müharibələri dayanır. Bu səbəbdən, Səfəvilərdən gələn və ya gətirilən şairlərin sayı da azalır.
XVII əsrdə Azərbaycan şairlərinin Osmanlı ədəbiyyatında aktiv görünməmələrini, bu amillə də bağlaya bilərik.
Bundan əlavə, XVI əsrdə hələ yeni qurulmuş Səfəvi dövlətinin rəsmi ideologiyasına qarşı müxalif olan
cərəyənlar zaman keçdikcə zəiflədilmiş və yeni rəsmi ideologiyaya uyğunlaşmağa məcbur qalmışdılar.
Cəmiyyətdəki ideoloji müxalifətin zəiflədiləməsi Osmanlıya köçən beyin axınının azalmasına gətirib
çıxarmışdır. XVII-XVIII əsrlərdə Osmanlıya mühacirətin azalması ədəbi əlaqələrdə də tənəzzül yaratmışdır.
Lakin hər iki tərəfdə yayılan və sevilən “Koroğlu” dastanı və s. folklor nümunələri bu baxımdan istisnalıq təşkil
etməkdədir. Bu səbəbdəndir ki, sözü gedən mərhələdə Azərbaycan və Osmanlı divan ədəbiyyatları arasında
ədəbi əlaqələrin zəifləməsini şifahi xalq ədəbiyyatına şamil edə bilmərik.
XVII-XVIII əsr Osmanlı təzkirələrində Məşrəbi, İzzi, Feyzi, Saib Təbrizi, İshaq Zəncani, Kamil İshaqzadə,
Arifi və b. kimi Azərbaycan şairinin adlarına rast gəlirik. Bunlardan Saib Təbrizi və İshaq Zəncaninin nisbətən
daha məşhur olduğunu deyə bilərik.
Osmanlıya köçən və burda özlərinə yetərincə hörmət qazanmış İshaqzadələri Azərbaycan oxucusuna
tanıtmaq üzərimizə düşən vəzifələrdəndir. Bu nəslin tanınmış nümayəndələri haqqında Osmanlı
təzkirələrindən, o dövrün ensiklopedik kitablarından məlumat əldə edirik.
Qarabağlı İshaqzadələr
Osmanlı ölkəsində azərbaycanlı şairlərin sayının azaldığı dövrdə, yəni XVII-XVIII əsr Osmanlı ədəbiyyatı və
mədəniyyətində qarabağlı İshaqzadələrin önəmli yer tutduqlarını görürük. Bu ailənin bəzi üzvləri haqqında ilk
dəfə tərəfimizdən 2009-cu ildə “Osmanlı təzkirələrində Azərbaycan şairləri” adlı monoqrafiyamızda məlumat
verilmişdir (10, 222-225). Tarixçi B. Dədəyev də bir məqaləsində “Sicilli-Osmani” əsasında qarabağlı
İshaqzadələrdən bəhs etmişdir (3, 11-12).
Osmanlı qaynaqlarında bu ailənin ilk nümayəndəsi olaraq Əcəm Əli Əfəndinin adı çəkilir. Mənbələrdə
onun oğlu İshaq Əfəndi, İshaq Əfəndinin oğlu Saleh Zühuri Əfəndi, Saleh Zühurinin oğlu Arif Əfəndi və Arif
Əfəndinin iki oğlu Kamil İshaqzadə və Misli İshaqzadələrin qısaca olaraq həyat və yaradıcılığı işıqlandırılmışdır.
Bu ailənin Osmanlıya nə zaman köçməsi haqqında ilkin qaynaqlarda dəqiq tarix göstərilməmişdir. B. Dədəyev
onların Osmanlı dövlətinə gəlişinin, Qarabağ bölgəsinin Osmanlı hakimiyyətinə qatıldığı XVI əsrin son rübünə
təsadüf etdiyini təxmin edir (3, 11).