Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə26/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

SAİR SÜNNÜ FİRQƏLƏRİ




1. Təhaviyyə, Cühəmiyyə və Kiramiyyə məzhəblərinin təfəkkürü necədir?

2. Bu məzhəblərin tə᾽sisçiləri kimlərdir?

Keçən dərslərdə qeyd olunan firqə və məzhəblər sünnülərin əsas firqələrini təşkil edir. Bu firqələr həm İslam əqidəvi təfəkkürünün tarixinə tə᾽sir qoymaq baxımından, həm də ardıcıllarının çoxluğu və ya tarix boyu uzun müddət qaldıqlarına görə daha artıq əhəmiyyətə malikdirlər. Amma bu zaman bu cür tə᾽sir və əndişəyə malik olmayan başqa firqələr də zahir olmuşdur. Bu dərsdə yalnız qısa tanışlıq üçün həmin firqələr haqda söhbət açacağıq.


1. TƏHAVİYYƏ


Təhaviyyə məzhəbi Əbu Cə᾽fər Əhməd ibni Məhəmməd ibni Səlamət Əl-əzudi Əl-hicri Ət-təhaviyə mənsub edilir. Təha-Ülya Misrin kəndlərindən biridir. Əbu Cə᾽fər Təhavinin təvəllüd tarixi barəsində tarixçilər arasında ixtilaf vardır. Onlar 229, 230, 238, 239 kimi tarixləri qeyd etmişlər. Lakin onun ən çox ehtimal olunanı 229-cu ildir. 321-ci ildə Misirdə vəfat edib.

Təhavi Əbul Həsən Əş᾽ərinin və Əbu Mənsur Maturidinin müasiri idi və onlar kimi Əhli-hədisin ardıcıllarından sayılırdı. Amma bildiyimiz kimi, Əş᾽əri və Maturidi Əhli-hədis düşüncələrini dirçəltmək üçün onların ideoloji əsaslarına əqli daxil etmək fikrində idilər. Bununla eyni zamanda Əhli-hədisin ideoloji əsaslarına tənqid nəzəri ilə baxırdılar və nəticədə Əhli-hədislə müəyyən nəzərlər barəsində ixtilafa düçar oldular. Amma o, bu iki şəxsin əksinə olaraq, yalnız Əhli-hədisin nəzəriyyələrində mövcud olan anlaşımazlıqları aradan qaldırıb onları islah etmək fikrində idi. Buna görə də Əhli-hədisin bütün ideoloji əsaslarını qəti və danılmaz prinsiplər kimi qələmə verirdi və çalışırdı ki, onun əqidəvi əsaslarını möhkəmlətsin.

Buna əsasən Təhavi yeni bir e᾽tiqad ayin tə᾽sis etməmişdir. Hətta onun ən məşhur kəlam risaləsi olan «Bəyanus-sünnəti vəl-cəmaəti» (o, «Əqiətu təhaviyyə» adı ilə məşhurdur) kitabının müqəddiməsində özünün dediyi kimi, Əhli-sünnənin əqidələri, Əbu Hənifə, Əbu Yusif və Məhəmməd Şeybaninin rə᾽yləri əsasındadır. Amma, Təhavini məşhurlaşdıran şey Mö᾽təzilənin fəlsəfi fikirlərinin böhranlı hala düşməsindən sonra Əhli-hədisin əqidələrini yenidən bərpa etməsidir. Demək olar ki, Təhavi bu məzhəbi yeni bir bəyanla bir növ dirçəltmiş və çalışmışdır ki, onun əsaslarında yaranan şəkk-şübhələri və anlaşılmazlıqları müəyyən qədər aradan qaldırsın.

Təhavi bir çox kitablar yazıb-yaratmışdır. O cümlədən, aşağıdakı kitabların adlarını qeyd etmək olar:

1. «Şərhu məanil asar»;

2. «Şərhu muşkilu əhadisi Rəsulillah»;

3. «Əhkamul-Qur᾽an»;

4. «İxtilaful-füqəha»;

5. «Ən-nəvadirul-fiqhiyyə»;

6. «Əş-şurutul-kəbir»;

7. «Əş-şurutul-ovsət»;

8. «Şərhul-camius-səğir»;

9. «Şərhul camiul-kəbir»;

10. «Əl-müxtəsərus-səğir»;

11. «Əl-müxtəsərul kəbir»;

12. «Mənaqibu Əbi Hənifə»;

13. «Ət-tarixul-kəbir»;

14. «Ər-rəddu əla kitabil-müdəlləsi»;

15. «Kitabil-fəraiz»;

16. «Kitabul vəsayə»;

17. «Hökmu ərazi Məkkə»;

18. «Əqidətut-təhaviyyə».


2. ZAHİRİYYƏ


Zahiriyyə 200, yaxud 202-ci ildə Kaşanda dünyaya gəlmiş və 270-ci ildə dünyadan getmiş Davud ibni Əli İsfahaniyə mənsub edilən firqənin adıdır. Öz zəmanəsinin məşhur fəqihlərindən olan Davud ibni Əli əvvəlcə Hənəfi fiqhində idi, amma Şafei məzhəbinin fəqihlərindən çoxunun, o cümlədən Əbu Sovrun yanında bir müddət təhsil aldığına görə Hənəfi məzhəbindən əl çəkib Şafei məzhəbinə qoşuldu.

Davud hədislərin və Qur᾽anın zahiri mə᾿nalarına əməl etmək yönünə malik olan fiqhi əqidəsini kəlam və əqidə çərçivəsinə saldı və etiqadi məsələlərdə əqlin və düşüncənin rolunu ümumiyyətlə inkar etdi. O, inanırdı ki, ayələrin və hədislərin zahirindən əldə olunanları (dərk etdikləri) qəbul etmək və onlara inanmaq lazımdır. Deyilmişdir ki, zahiriyyə ideologiyası batiniyyə hərəkatının qarşısında yaranmışdır. O zaman şiələrin arasında batiniyyə adı ilə məşhur olan bir ideoloji cərəyan formalaşmışdı. Çünki onlar inanırdılar ki, şəriətin zahiri hökmlərinin hamısı (istər Qur᾽an ayələri, istərsə də rəvayətlər) müəyyən batini mə᾽nalara malikdir və batini mə᾽nalarda dərindən düşünərək onları yozmaq və həqiqəti kəşf etmək lazımdır. Bu ideoloji cərəyanda yunan fəlsəfəsinin təfəkkür prinsipləri mövcud olduğundan, sünnü alimləri onu bid᾽ətçi bir cərəyan kimi dindən xaric hesab edirdilər. Bu cərəyan xüsusilə Mə᾽munun xilafəti dövründə (h.q.198-218) çox güclü idi və İran, İraq, Qərbi Hindistandan başlayaraq, Əmman və Şimali Afrikaya qədər olan geniş İslam ərazilərində yayılmışdır.

Belə bir şəraitdə Zahiriyyə təfəkkürü batinçilərin təfəkkürünü rədd etmək üçün yaranmışdır. Onlar İslami əqidə prinsiplərində hər növ fəlsəfə və əqlin dəxalətini rədd etməklə, onların zahirlərinə əməl etməyi, şəriətin zahirinə əqidə bağlamağı caiz bilirdilər.1

Zahiriyyəçilər şəriətin zahiri hökmlərini əxz etmək məsələsində o qədər ifrata varmışdılar ki, ilahi hökmlərin kəşf edilməsində ictihadı belə inkar edirdilər. Zahiriyyəçilər bu əqidədə Ən᾽am surəsinə 38-ci ayəsinə istinad edirdilər. Buna görə də inanırdılar ki, hər bir şey Allahın kitabında zikr olunubdursa, onun barəsində ictihada yer qalmır və Allahın kitabının zahirinə əməl etmək kifayətdir.

Hədislərin və ayələrin zahiri mə᾽nalarını əxz (əməl) etmək nəticəsində ilkin Əhli-hədisin ideoloji bünövrələrində mövcud olan nəticələrdən başqa bir şey hasil olmadı. Yə᾽ni, onlar Allah-taala barəsində istər-istəməz təşbih və təcsim əqidəsinə gəlib çıxırdılar.

3. CÜHƏMİYYƏ


Cəhm ibni Səfvan Səmərqəndi ardıcıllarına Cühəmiyyə firqəsi deyilir. O, 128-ci hicri ilində vəfat etmişdir.

Cühəmiyyənin müstəqil bir firqə şəkilinə düşüb sair firqələrdən ayrı qeyd olunmasının səbəbi onlar tərəfindən irəli sürülən beş nəzərdir:

1. Mütləq şəkildə cəbrə inanmaq; Cühəmiyyəçilər inanırdılar ki, insan heç bir şeyə qadir deyildir və istitaət vəsfi onun üçün işlədilə bilməz, əksinə o, bütün işlərdə məcburdur, onun fe᾽llərini icad edən də məhz Allahdır. Eləcə də, sair varlıqların fe᾽llərini, istər bitkilərin, istər heyvanların, istər cansızlara aid olan işləri Allah xəlq edir. Fe᾽llər məcazi mə᾽nada məxluqa aid edilir. Məsələn, ağacın meyvə verməsi, suyun axması, daşın diyirlənməsi və s.

2. Tə᾽til; Cühəmiyyə bütün sifətləri Allahdan inkar edir və inanırdılar ki, Allahı məxluqatın vəsf edildiyi sifətlərlə vəsf etmək olmaz.

3. Allah elminin hadis olması; Cühəmiyyəçilər Allahın elmini hadis bilir, amma, deyirlər ki, bu, sair varlıqların vəsf edildiyi bir tərzdə deyil.

4. İman və küfr; Cühəmiyyəçilər inanırdılar ki, iman Allah barəsində mə᾽rifət kəsb etmək mə᾽nasınadır. Bunu dildə demək də lazım deyildir. Küfr də Allah barəsində cahil olmaq mə᾽nasınadır.

5. Behişt və cəhənnəm. Cühəmiyyəçilər behişt və cəhənnəmin əbədi olmasını inkar edərək deyirdilər ki, insanlar behiştdə Allahın ne᾽mətlərindən faydalanıb, cəhənnəm əhli cəhənnəm əzabına düçar olduqdan sonra hər bir şey (behişt və cəhənnəm) aradan qalxacaqdır.

4. KİRAMİYYƏ


Bu firqənin üzvləri 255-ci hicri ilində vəfat etmiş Məhəmməd ibni Kiram Sistaniyə mənsub edilir. Kiramiyyə təfəkkürünün əsası təcsim üzərindədir. Onlar Allahın cism olmasına inanırlar. Onlar hədd, son, cəhət və s. bu kimi şeyləri Allaha aid edir və həmçinin Allahı hadislərin hülul etdiyi yer hesab edirlər. Onlar deyirlər ki, Allahın sözü, iradəsi və idrakı hadis olmuşdur və Allah bu hadisələrin hülul etdiyi yerdir.

Bunu da qeyd etmək lazımdır ki, sonuncu iki firqə dində icad etdikləri çoxlu bid᾽ətlər və inhirafçı nəzəriyyələr səbəbi ilə sünnü alimləri tərəfindən rədd edilmiş və onların əqidələri bid᾽ət və zəlalət kimi tanıtdırılmışdır.



SUALLAR VƏ TAPŞIRIQLAR


1. Təhaviyyə məzhəbinin Maturidiyyə və Əş᾽ərilərlə olan fərqi nədir?

2. Təhavi Əhli-hədis məzhəbinə nə kimi xidmətlər etdi?

3. Zahiriyyə məzhəbinin əsas nəzəriyyələri nədir?

4. Zahiriyyə ilə batiniyyə məzhəblərinin fərqi nədir?

5. Cühəmiyyə təfəkkürünün ən mühümlərini bəyan edin.

6. Nə üçün Kiramiyyə firqəsi bid᾽ət və zəlalətlə ittiham olundu?




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə