Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə20/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Beynəlxalq Bank.


Bunlardan başqa, Respublikamızda Azakbank, Bakinvestbank, Azkombank, Azimanbank, Təbrizbank, Karvanbank, Elinbank, Zaminbank və s. banklarla yanaşı Azərdəmiryol bank, Azəriqazbank, Rabitə bank, Nəqliyyatbank kimi sahə bankları da fəaliyyət göstərir.

Azərbaycanda həm müstəqil banklar, həm də xarici kapitalın iştirakı ilə yaradılan bir sıra banklar da fəaliyyət göstərir. (Azərtürkbank, Miliiranbank və s.)

Azərbaycan Respublikasının Milli Bankı respublikanın baş bankıdır, o mərkəzi bank statusuna malikdir və mərkəzi bankın funksiyalarını yerinə yetirir. Azərbaycan Respublikasının Milli Məclisi Respublikanın bank sitemini tənzimləmək məqsədilə «Banklar və bank fəaliyyəti haqqında» və «Azərbaycan Respublikasının Milli Bankı haqqında» 3 dəfə qanun qəbul etmişdir (1992-ci, 1996-cı və 2004-cü illərdə).

2004- ildə qəbul edilən qanun «Banklar haqqında qanun» adlanır. Bu qanuna görə Milli Bank ali icra hakimiyyətinin başcısına- Respublika Prezidentinə hesabat verir ona tabedir. Qanunla Milli Banka dövlət mənafeyindən irəli gələn müstəqil siyasət yeritmək səlahiyyəti verilmişdir. MB-nin nizamnamə kapitalı 15 milyard manat (AZN) müəyyən edilmişdir.

Mərkəzi bankın funksiyalarına dair yuxarıda göstərilənlər Azərbaycan Respublikası Milli Bankına da aiddir. Azərbaycanda bank əməliyyatı aparmaq üçün lisenziya alan 129 kredit təşkilatı var. 2006-cı ilin aprelinə olan məlumata görə yerli bankların sayı 44, xarici kapitallı bankların sayı 18, nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən bankların sayı 7, nizamnamə kapitalının 50 %-dən azını təşkil edən xarici bankların sayı 2-dir. Qeyri-bank kredit təşkilatlarının isayı sə 85-dir. Bankların nizamnamə kapitalının məbləği hazırda 10 milyon manatdır.

Bazar iqtisadiyyatı şəraitində geniş fəaliyyət göstərən, ikinci pillədə duran banklar kommersiya bankları adlanır. Kommersiya bankı mənfəət əldə etmək məqsədilə yaradılmış kommersiya müəssisəsidir. Kommersiya bankları iqtisadiyyatın «sinir» sistemi adlandırılır, universal xarakter daşıyır, konkret sahələrə maliyyə-kredit xidməti göstərir. Kommersiya bankları kredit, fond vasitəçilik əməliyyatlarını yerinə yetirir, hesablaşmaları həyata keçirir, xalq təsərrüfatı miqyasında tədiyyə (ödəniş) dövriyyəsini təşkil edirlər.

Kommersiya bankları əhalinin və müəsisələrin əmanətlərini qəbul edir, müvəqqəti sərbəstləşmiş pul vəsaitinin yenidən bölgüsündə, müssəsələr arasında qarşılıqlı ödəmələrin həyata keçirilməsində, qiymətli kağızlarla əməliyyatların yerinə yetirilməsində maliyyə vasitəsi rolunu oynayırlar.

Kommersiya banklarının uğurlu fəaliyyəti onların müvəqqəti sərbəstləşən pul vasitələrini səfərbərliyə ala bilmək bacarığından asılıdır. Bankların vəsaitləri cəlb etmə sahəsində əməliyyatları passiv əməliyyat adlanır. Toplanmış vəsaitlərin məqsədyönlü yerləşdirilməsi sahəsindəki əməliyyatları isə aktiv əməliyyat adlanır. Bundan əlavə banklar vasitəçilik rolunda da çıxış edə bilər, əmlakın idarə edilməsi, qiymətli kağızlara sərəncam verilməsi sahəsində də inamlı əməliyyatlar apara bilər.

Kommersiya bankları milli çərçivədə pul hesablaşmalarını həyata keçirir, bu hesablaşamalar nağd və nağdsız qaydada aparılır. Bütün hesablaşmalar banklarda açılımış hesablar üzrə həyata keçirilir və bu zaman nağdsız hesablaşma qaydasından geniş istifadə olunur. Bank hesabları hesablaşma hesabı, cari hesablar, depozit hesablar, valyuta hesabı və s. formalarda olur. Bütün firma və müəsisələrin bank hesabları olur.

Banklar pul vəsaitlərinə olan ehtiyaclarını əhalidən, firma və müəssisələrdən, dövlətin icra strukturlarından və yerli icra orqanlarından cəlb edilmiş vəsaitlər hesabına ödəyir. Bu vəsaitlərin cəlb edilməsi bankların passiv əməliyyatına aiddir. Cəlb edilmiş vəsaitlər, borc vəsaitləri və bankın özünün vəsaitləri hesabına bank resursları formalaşır. Bu resurslar fiziki və hüquqi şəxslərin əmanətləri hesabına daha da artır. Müştərilərin əmanətləri (depozitləri) müddətsiz, müddətli və şərti ola bilər.

Banklar üçün müddətli əmanətlərin (depozitlərin) cəlb edilməsi sərfəlidir. Çünki bank bu əmanətə uzun müddət sərəncam vermək imkanında olur. Müddətsiz qoyulmuş əmanətləri sahibləri istədiyi vaxt geri götürə bilər. Müəyyən şərtlə banka qoyulmuş əmanətlər də əvvəlcədən reallaşdırılmış şərtə əsasən geri götürülə bilər.

Kommersiya bankları bir-birindən kredit almaq yolu ilə də resurs ehtiyatını artıra bilər. Güclü banklar aldıqları kredit hesabına gəlir əldə edə bilər. Belə ki, kredit alan bank onu başqa banklarda yerləşdirib əlavə gəlir götürür. Mərkəzi bankın funksiyalarından biri kommersiya banklarını maliyyələşdirməkdir. MB kommersiya banklarının resurs ehtiyatlarına nəzarət edir, lazım gəldikdə onlara kredit verir, lazım olduqda kommersiya banklarının resurslarını azaldır və bu resursları ehtiyatda saxlayır.

Kommersiya bankları yarananda onların qanunla müəyyən edilmiş miqdarda nizamnamə kapitalları olur. Bundan əlavə bu bankların ehtiyat fondları, mənfəətdən ayırmalar hesabına yaradılan digər fondlar olur ki, bunlar bankların öz vəsaitləri hesab olunur. Bütün yuxarıda göstərilən əməliyyatlar bankların resurs toplamaq fəaliyyəti ilə bağlı olduğuna görə onların passiv əməliyyatlarına aiddir.

Kommersiya banklarının əsas məqsədləri sərəncamlarında olan resursları gəlirli sahələrdə yerləşdirib yüksək mənfəət əldə etməkdir. Onların bu istiqamətdə həyata keçirdikləri əməliyyatları aktiv əməliyyatlara aiddir. Kommersiya banklarının aktiv əməliyyatlarından kredit əməliyyatları xüsusi əhəmiyyət kəsb edir. Çünki, onlar müəssisələrə, təşkilatlara, əhaliyə və digər banklara kreditlər verib faiz almaqla öz gəlirlərini təmin edirlər. Lakin burada müəyyən risk vardır, ola bilər ki, kredit alan onu qaytarmaq imkanında olmasın və yaxud onu vaxtında qaytarmasın. Buna görə də borc verən bank kredit alanın bütün imkanlarını öyrənməlidir, onun maddi vəziyyətindən xəbərdar olmalıdır, verdiyi kredit üçün maddi təminatın olub-olmadığını bilməlidir.

Müasir dövrdə kommersiya bankları daha geniş miqyaslı əməliyyatlar yerinə yetirilir: Beləki banklar öz müştərilərinə lazımi məlumatlar çatdırır, məsləhətlər verir, etibarnamə əsasında başqa şəxslərin əmlak və vəsaitlərinin idarə edilməsi üzrə bank xidməti göstərir. Bunlardan başqa banklar səhmlər paketinin idarə edilməsi; büdcə və vergilərin planlaşdırılması kimi maliyyə xidmətləri göstərir və işini həyata keçirirlər.

Bunlardan başqa, banklar firmalarda mühasibat uçotunu təftiş və maliyyə vəziyyətini təhlil edir, kredit kartoçkalarının buraxılması, valyuta dəyişmək, müştərilərin qiymətli kağızlarını saxlamaq kimi əməliyyatları da yerinə yetirirlər.

Banklar müstəqil təsərrüfat subyektləri, hüquqi şəxslərdir. Bazar iqtisadiyyatı şəraitində onların öz maraqları, məqsədləri vardır. Onların başlıca məqsədi faiz mexanizmi vasitəsilə mənfəət əldə etməkdir. Bank faizi demək olar ki, kreditin qiymətidir.

Fəaliyyətdə olan kapital sahibləri borc aldıqları kapitalı istehsalda, yaxud xidmət sferasında istifadə edir və həmin kapitala görə mənfəət götürürlər. Onlar mənfəətin bir hissəsini borc aldıqları kapitalın istifadəsi üçün haqq kimi borc kapitalının sahibinə verirlər. Bu hissə borc faizidir. Borc kapitalına görə gəlirlərin məbləğinin borc verilmiş kapitalın məbləğinə nisbəti faiz norması adlanır. Azad rəqabət şəraitində faiz norması pul bazarında tələb ilə təklif arasındakı nisbətdən asılıdır. Burada riskin dərəcəsi də nəzərə alınır. Risk ondan ibarətdir ki, verilən borc vaxtında qaytarılmaya da bilər. Buna görə də risk üçün faiz müəyyən edilir və borc vaxtında qaytarılmadıqda borclu əlavə faiz ödəməli olur.

Bankın fəaliyyəti onun üçün mənfəət gətirir, bankın mənfəəti bankın əmanətçilərinə verdiyi faizlə, verdiyi borca görə aldığı faizin fərqindən ibarətdir. Bankın gəlirinə bank mənfəətindən başqa, birja əməliyyatlarından əldə edilən mənfəət, innovasiyadan gəlir, kommission haqları da daxildir. Banklar öz xərclərini öz gəlirləri hesabına ödəyirlər.

§7. Qiymətli kağızlar bazarı.
Qiymətli kağızlar da kapitalın xüsusi formasıdır. Bazar iqtisadiyyatı şəraitində qiymətli kağızlar da alqı-satqı obyektidir və onların öz bazarları vardır. Qiymətli kağızlar bazarı maliyyə bazarına daxildir və onun bir qoludur.

Qiymətli kağızlara səhmlər, istiqrazlar, veksellər, sertifikatlar və s. aiddir. Qiymətli kağızlar nağd və nağdsız formalarda buraxılır. Nağd formada qiymətli kağızlar, texniki normalara uyğun olaraq, fiziki formada blankda çap olunur və normativ sənədlərdə təsdiqini tapır. Nağdsız buraxılan qiymətli kağızlar fiziki formada mövcud olmur, ona sahib olmaq hüquqi qeydiyyat sənədlərində yazılır. Bu cür kağızların buraxılması qlobal sertifikat adlanan sənəd vasitəsilə rəsmləşdirilir. Qlobal sertfikat onu buraxanın razılığı ilə, saxlanılmaq üçün depozitə qoyulur. Nağd buraxılmayan səhmlərin sahibi bir neçə səhmi bir sertifikata yazdırıb depozitdə saxlaya bilər.

Qiymətli kağızların meydana gəlməsi maddi resursların alqı satqısı, yəni real aktivlər bazarının fəaliyyətilə bağlıdır. Qiymətli kağızlar fond aktivləri adlanır. Bu cür aktivlərin meydana gəlməsi və onların alqı - satqısı sərbəst pul vəsaitlərini səfərbərliyə alıb iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsinə geniş imkan yaratmışdır.

Qiymətli kağızların meydana gəlməsi nəticəsində kapitalın bir növ ikiləşməsi baş verir. Bir tərəfdə real kapital, yəni istehsal fondları formasında olan kapital, digər tərəfədə isə onların qiymətli kağızlar formasında ifadələri mövcud olur.

Kapitalın bu cür formalarda meydana gəlməsi, qiymətli kağızların buraxılması və inkişafı kommersiya və istehsal fəaliyyətinin genişlənməsi ilə, kredit resurslarının cəlb edilməsi işinin mürəkkəbləşməsi ilə bağlıdır. Belə ki, istehsalın inkişaf etdirilməsi və genişləndirilməsi üçün bir neçə sahibkarın vəsaiti kifayyət etmir. Bunun üçün daha çox sayda sahibkarın və digər şəxslərin maliyyə vəsaitlərini səfərbərliyə almaq, kapitalın həcmini artırmaq lazım gəlir.

Fond bazarının (qiymətli kağızlar bazarı belə adlanır) inkişafı borc kapitalı ilə bağlıdır və ona əsaslanır. Belə ki, qiymətli kağızları almaq pul kapitalının bir hissəsini borca vermək deməkdir. Satılan qiymətli kağız kredit sənədidir, onun sahibi gəlir götürmək hüququ əldə edir. Bu gəlir faiz və ya dividend formasında əldə edilir. Qiymətli kağızları əldə etməklə sahibkarlar özlərinin maliyyə vəziyyətlərini stabilləşdirmək imkanı qazanırlar. Riskli layihələr üçün bankdan kredit almaq həmişə mümkün olmur. Ancaq səhmlər buraxmaq yolu ilə bu cür layihələri maliyyələşdirmək mümkün olur. Qiymətli kağızlar bazarının fəaliyyətdə olması elmi-texniki işləmələrin geniş həcmdə maliyyələşdirilməsinə imkan yaradır.

Real aktivlərdən asılı olmayaraq qiymətli kağızlar bazarda müstəqil dövr edə bilir. Bunun iki əsas səbəbi vardır:

1) borc əməliyyatı prosesində mülkiyyət olan kapital, fəaliyyətdə olan kapitaldan ayrılır;

2) qiymətli kağızlar potensial pul kapitalından ibarətdir və yüksək dərəcədə likvidliyə malikdir, yəni asanlıqla nağd pula çevrilə bilir.

Qiymətli kağızlar bazarı pul bazarından və kapital bazarından ibarətdir. Pul bazarında qısa müddətli (bir il) qiymətli kağızlar dövr edir. Veksel bank sertifikatı pul bazarı alətləri hesab olunur. Pul bazarı sahibkarların qısa dövr üçün maliyyə vəsaitlərinə olan ehtiyaclarının ödənilməsinə xidmət edir.

Kapital bazarında isə ödənilmə müddəti bir ildən çox olan, yaxud müddətsiz qiymətli kağızlar dövr edir (məsələn səhmlər).

Kapital bazarı təsərrüfatçı subyektləri uzun müddətli maliyyə vəsaiti ilə təmin edir.

Qiymətli kağızlar bazarının aşağıdakı funksiyalarını göstərmək olar: birincisi, istehsalı təşkil etmək və genişləndirmək məqsədilə, sərbəst pul vəsaitlərini səfərbərliyə almaq; ikincisi, investorlara qiymətli kağızların qiymətləri haqqında məlumat çatdırmaq; üçüncüsü, səfərbərliyə alınmış vəsaitin bazarın tələbinə uyğun bölünməsinə imkan yaratmaq.

Özünün təşkilat strukturuna görə qiymətli kağızlar bazarı ilkin bazara və ikinci bazara ayrılır.

İlkin bazar. Bu bazarda yeni buraxılmış qiymətli kağızların satışı baş verir. İlk dəfə buraxılmış səhmlərin və istiqrazların satışı nəticəsində onları buraxan lazım olan miqdarda maliyyə vəsaiti əldə edir, qiymətli kağız isə onu ilkin alanın əlinə keçir və onu yenidən başqasına satmaq hüququ qazanır.

Qiymətli kağızları buraxan şəxs emitent adlanır, qiymətli kağızı əldə edən şəxs isə investor adlanır. Fond bazarında qiymətli kağızların əsas alıcıları hüquqi şəxslərdir, ilk növbədə banklar, sığorta təşkilatları, investisiya və pensiya fondlarıdır.

İkinci bazar. Qiymətli kağızların sonrakı alqı-satqısı nəticəsində ikinci bazar yaranır. Bunun sayəsində maliyyə resursları sonrakı investorlar arasında yenidən bölüşdürülür. İkinci bazar olmadan çoxsaylı yeni layihələr maliyyə mənbəyindən məhrum olardı.

İkinci bazarın strukturunda qiymətli kağızların birjada dövriyyəsi və birjadan kənar dövriyyəsinin xüsusi yeri vardır. Birja bazarında qiymətli kağızlar birjada alınıb-satılır.

Birjadan kənar bazarda da qiymətli kağızların alqı-satqısı baş verir. Birja bazarı Fond birjası adlanır və qiymətli kağızların mütəşəkkil bazarıdır. Fond birjalarına ancaq birja qaydalarına uyğun gələn kompaniyalar buraxılır. Birjada alınıb-satılan qiymətli kağız daha üstün hesab olunur.

Gənc maliyyə cəhətdən zəif olan komponiyaların qiymətli kağızları birjadan kənar bazarlarda dövr edir.

Fond bazarının iki növü vardır: 1) Spot bazarı; 2) Müddətli bazar.

Spot bazarda nağd sövdələşmələr aparılır qiymətli kağızların haqqı alqı-satqı vaxtı ödənilir.

Müddətli bazarda vaxtı göstərilməklə sövdələşmələr aparılır müqavilə bağlanır. Burada gələcəkdə ödənilməsi zəruri olan öhdəliklər onun müddəti göstərilir.

Fond birjaları dövlət və xüsusi komponiyalar yarada bilər. Dövlətin qiymətli kağızlar bazarında ancaq dövlətin buraxdığı qiymətli kağızlar satılır və dövlətin ehtiyacını (büdcə kəsiri) ödəmək üçün lazımı vəsait toplanır. Bu bazarda əməliyyatlar aparmaqla Mərkəzi bank pul tədavülünü tənzimləyir. Qeyri-dövlət qiymətli kağızlar bazarı isə özəl sektora xidmət edir və onların maliyyə ehtiyaclarının ödənilməsində yardımçı rol oynayır.

Qiymətli kağızlar bazarının ümumi vəziyyəti fond indeksi vasitəsilə qiymətləndirilir. O dünyanın iri birjalarında səhmlərin kursunun dəyişməsinin qeydiyyatını aparır. Maliyyə qəzetlərində fond indeksi dərc olunur. Bu yolla bazar iştirakçıları firmaların, şirkətlərin iqtisadi vəziyyətləri haqqında məlumat əldə edirlər. Əgər müəyyən bir şirkətin qiymətli kağızı yüksək dəyərlə satılırsa deməli həmin şirkətin işi yaxşıdır və əksinə.

İqtisadiyyatın ümumi vəziyyəti qiymətli kağızlar bazarındakı vəziyyətdən çox asılıdır. Qiymətli kağızların kursunun (bazar qiymətinin) düşməsi iqtisadiyyata mənfi təsir göstərir, onun fasiləsizliyini pozur. Bu cür halların təsirini azaltmaq üçün dövlət fond bazarının fəaliyyətini tənzimləməlidir.
§ 8. Dövlətin pul - kredit siyasəti.
Makroiqtisadi sabitliyin təmin edilməsi dövlətin pul-kredit siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Bunun təmin edilməsi üçün iqtisadiyyatın stabilliyinə xidmət edən düşünülmüş pul-kredit siyasəti yeridilməli, pul bazarında tarazlıq yaradılmalıdır. Bunun üçün dövlət özünün pul-kredit siyasətini hazırlayarkən təcürbədə özünü doğrultmuş pul nəzəriyyəsinə əsaslanmalıdır. Müasir pul nəzəriyyəsi pulun və pul-kredit siyasətinin bütövlükdə iqtisadiyyata təsirini öyrənir. Dövlətin pul-kredit siyasətini Mərkəzi Bank yerinə yetirir.

Pul-kredit siyasəti dedikdə, pul-kredit sisteminin fəaliyyəti, pul tədavülü, borc kapitalının bazarı, naqdsız hesablaşmaların qaydalarını nizama salmaq sahəsində Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür. Bu siyasət işgüzar fəaliyyətin təmin edilməsi məqsədinə yönəldilmiş kompleks tədbirlər sistemidir. Bu tədbirlərdə məqsəd, həmçinin, pul vahidini möhkəmləndirmək, qiymətləri sabitləşdirmək, iqtisadiyyatın optimal strukturunu qurmaq iqtisadi artım tempini sabitləşdirməkdən ibarətdir. Özünün pul-kredit siyasəti ilə dövlət infliyasiyanın qarşısını almağa, balanslaşdırılmış xarici iqtisadi əlaqələr qurmağa səy göstərir.

Mərkəzi Bank pul-kredit siyasəti vasitəsilə təkrar istehsal prosesinə təsir göstərmək, böhranların təsirini azaltmaq, milli gəlirin və ÜDM-in artımını stimullaşdırmaq imkanlarına malikdir. O, ölkədə pul təklifinin həcminə və onun vasitəsilə istehsalın və məşğulluğun səviyyəsinə təsir etmək gücünə malikdir.

Mərkəzi Bankın pul-kredit siyasəti müxtəlif vasitələrilə həyata keçirilir. Bu siyasətin ən mühüm alətləri bunlardır:

a) açıq bazarda əməliyyatlar;

b) uçot dərəcələri sahəsində siyasət;

c) bank ehtiyatlarının məcburi normalarını tənzim etmək.

Mərkəzi Bankın pul-kredit siyasətinin başlıca istiqaməti açıq bazarda əməliyyatlardan ibarətdir. Bazar iqtisadiyyatı ölkələrdə bu vasitədən geniş istifadə olunur. Pul təklifinə təsir edən bu əməliyyatın mahiyyətini dövlət istiqrazlarının alınması, yaxud satılması təşkil edir. Bu əməliyyat qiymətli kağızlar bazarında aparılır. MB lazım olduqda qiymətli kağızları satmaq yolu ilə tədavül sferasındakı artıq pulları geri alır, tədavüldə pul azlığı olduqda isə qiymətli kağızları almaqla tədavülə əlavə pul daxil edilir. MB bununla kommersiya banklarının ehtiyatlarını artırır və pul təklifinin artımına kömək edir və əksinə qiymətli kağızların satışı isə bu ehtiyatların azalması ilə nəticələnir.

Uçot dərəcələri siyasəti vasitəsilə Mərkəzi bank kommersiya banklarının məcburi ehtiyatlarını götürmələri üzrə faiz dərəcələrini tənzimləyir. Mərkəzi bank bir qayda olaraq kommersiya banklarını maliyyələşdirir, onlara borc verir. Bu borcların verildiyi faiz dərəcəsinə uçot dərəcəsi deyilir.

Konkret vəziyyətdən asılı olaraq kommersiya banklarının Mərkəzi bankdan götürməli olduğu pul vəsaitlərinə görə ödənilən faizin dərəcəsi aşağı-yuxarı ola bilər. Mərkəzi bank faiz dərəcələri vasitəsilə kommersiya banklarının kredit vermək imkanlarını genişləndirə yaxud məhdudlaşdıra bilər. Bununla da tədavüldə olan pulun kütləsini artırmaq yaxud azaltmaq olar.

Bununla yanaşı Mərkəzi bank lombard dərəcələrindən istifadə etməklə də kommersiya banklarına kredit verə bilir. Bu zaman Mərkəzi bank kommersiya banklarının borc öhdəliklərini girov götürməklə onlara müəyyən faiz dərəcələri ilə kredit verir.

Məcburi ehtiyat normalarını tənzimləyən Mərkəzi bank ehtiyatların həcminə təsir etmək imkanına malikdir. Bütün bunlar üçün məcburi ehtiyat normalarının müəyyənləşdirilməsi Mərkəzi banka imkan verir ki, pul təklifinə səmərəli təsir göstərsin. Mərkəzi bank iqtisadi konyunkturadan asılı olaraq ehtiyat normasını 3 %-dən 20 %-ə qədər müəyyən edə bilər. Ehtiyat normaları qanunla müəyyən olunur. Əgər bankın qanunla müəyyən olunmuş mümkün ehtiyat normasından artıq ehtiyatları olarsa, yalnız o halda o borc verməklə pul təklifini artıra bilər.

Pul-kredit siyasətinin iki növündən istifadə olunur. Birincisi, yumşaq pul-kredit siyasətidir. Yumşaq pul-kredit siyasəti pul kütləsinin artırılması və faiz dərəcələrinin aşağı salınması yolu ilə iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmişdir.

İkincisi, sərt pul-kredit siyasəti. Bu siyasət məhdudlaşdırıcı xarakter daşıyır, tədavüldə pul kütləsinin artmasını ləngidir və ya inflyasiya əleyhinə istifadə olunur.

Yumuşaq sərt pul-kredit siyasətləri çevik pul-kredit siyasətini xarakterizə edir. Bu siyasət iqtisadi tsiklin fazalarına uyğun olaraq dəyişir. Təcrübədən məlumdur ki, sənayecə inkişaf etmiş ölkələrin Mərkəzi bankları tərəfindən əsasən çevik pul-kredit siyasətindən istifadə olunur.
§9. İnflyasiya: mahiyyəti, səbəbləri və sosial-iqtisadi nəcicələri. Antiinflyasiya tədbirləri
Sosial- iqtisadi hadisə kimi inflyasiya bir neçə yüz il ərzində mövcud olmuşdur və indi də mövcuddur. İnflyasiya məfhumu latın mənşəli «inflatio» sözündən əmələ gəlib, şişmə, hədsiz artırılma mənalarını verir.

İnflyasiyaya müxtəlif cür təriflər verilir. ABŞ iqtisadçıları inflyasiyanı qiymətlərin ümumi səviyyəsinin qalxması kimi səciyələndirirlər (Ekonomiks). Bəzi müəlliflər pul tədavülü sferasının həddən artıq kağız pulla dolmasını inflyasiya hesab edirlər. Ancaq inflyasiyanın bu şəkildə müəyyən edilməsi onun mahiyyətini, məzmununu tam ifadə etmir.

İnflyasiyanın ən ümumi, geniş tərifi belədir: İnflyasiya tədavülə əmtəə dövriyyəsinin tələblərindən artıq pul kütləsi buraxılması nəticəsində əmtəə qiymətlərinin artması və pul vahidinin qiymətdən düşməsi deməkdir. İnflyasiya qiymətlərin ümumi artımı formasında baş verir, pulun alıcılıq qabiliyyəti aşağı düşür, yəni pul qiymətsizləşir.

İnflyasiya əmtəə və xidmətlərin qiymətlərinin qalxmasında özünü göstərsə də ona yalnız qiymət hadisəsi kimi baxmaq olmaz. O təkrar istehsal proporsiyalarının, makroiqtisadi səviyyədə tələb və təklifin tarazlığının pozulması kimi başa düşülməlidir. Məhz buna görə də inflyasiya makroiqtisadi qeyri-sabitliyin əsas səbəblərindən hesab olunur.

Cəmiyyətdə qiymətlərin artması həmişə olur, ancaq qiymətlərin hər cür artması inflyasiya demək deyildir. İnflyasiya bütün bazarlarda qiymətlər qalxması deməkdir.

Qiymətlərin ümumi səviyyəsinin qalxması kimi müəyyən edilən inflyasiyanın səviyyəsi qiymət indeksinin köməyilə müəyyən edilir. Bu zaman istehlak əmtəələri qiymətlərinin indeksindən, istehsal təyinatlı əmtəələrin topdan satış qiymətlərinin indeksindən, ÜMM qiymətlərinin indeksindən geniş istifadə olunur. Bütün bu indekslər müəyyən dövr ərzində qiymətlərin orta səviyyəsində baş verən dəyişiklikləri əks etdirir.

Qiymət indeksi onun mövcud ümumi səviyyəsinin baza ilinə olan nisbət ilə müəyyən edilir. Məsələn, əgər 2000-ci il baza ili götürülsə və həmin ilin qiymət səviyyəsi 100 hesab etsək, 2005-ci ildə qiymət indeksi 115-ə bərabər fərz etsək bu o deməkdir ki, 2005-ci ildə qiymətlər 15 % yüksək olubdur. Deməli, 2000-ci ildə 100 manata olan əmtəənin qiyməti 2005-ci ildə 115 manat olubdur.

İnflyasiyanın sürətini hesablamaq üçün baza ilinin (2000-ci il) qiymət indeksini götürülən ilin (2005-ci il) qiymət indeksindən çıxıb, 100 vurub, 2005-ci ilin qiymət indeksinə bölmək lazımdır.

Hesab etsək ki, 2000-ci ildə qiymət indeksi- 112,6, 2005-ci ildə qiymət indeksi- 115,3 olubdur.

Onda inflyasiyanın sürəti = (115,3-112,6) x 100 = 2,3 %-ə

115,3

Qiymətlərin ümumi səviyyəsini ölçmək üçün ÜMM qiymətlər indeksindən istifadə olunur.

ÜMM qiymətlər indeksi = nominal ÜMM x 100

real ÜMM

Burada nominal ÜMM mövcud ildə cari qiymətlərlə xərcləri, real ÜMM isə baza ilindəki qiymətlərlə xərcləri əks etdirir. Real ÜMM qiymətlərin hesabına ÜMM qədər artdığını göstərir.

Dünyanın bütün ölkələrində inflyasiya hadisəsi olmuşdur. Bəzi ölkələrdə inflayasiyanın səviyyəsi 3400%, 400%, 33000% s. çatmışdır. Azərbaycanda da 1992-1994- illərdə inflyasiyanın səviyyəsi yüksək olmuşdur: 1992-ci ildə -1670 %, 1993- ildə – 1390 %, 1994- ildə – 1890% olmuşdur. 1995-ci ildə onun səviyyəsi- 84 %-ə, 1996- ildə isə 1,5 %-ə qədər aşağı düşmüşdür. 2007-ci ilin aprel may aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 16,5 % olmuşdur.

Qiymətlərin qalxması çox müxtəlif səbəblərdən ola bilər, hətta konkret iqtisadi şəraitdən asılı olaraq da qiymətlərdə qalxma halları olur.

Pul sferasındakı vəziyyətdən asılı olmayaraq qiymətlər aşağıdakı hallardan asılı olaraq da qalxa bilər: - əmək məhsuldarılığının dinamikasında dəyişikliklər olanda:

- tsiklik və mövsümü enib-qalxmalar zamanı;

- təkrar istehsal strukturunda dəyişikliklər edildikdə;

- bazar inhisarlaşdıqda;

- yeni vergi sistemi tətbiq olunduqda;

- pul vahidinin devalivasiyası (başqa valyutalara nisbətən kursun aşağı salınması) və revalivasiyası (islahat yolu ilə əvvəlki kursun bərpası) zamanı;

- xarici iqtisadi əlaqələrin təsirindən;

- təbii fəlakətlər və müharibələr baş verdikdə və s.

İnflyasiyanın səbəbləri bunların hansılarıdır? Qiymətlərin qalxması ilə inflyasiya törədən aşağıdakı səbəblər göstərilir: dövlət büdcəsində kəsir olduqda. Büdcə kəsiri əlavə emissiya hesabına maliyyələşdirilirsə, bu tədavüldə pul kütləsinin artmasına səbəb olur:

- əgər investisiyalar əlavə pul emisiyası hesabına həyata keçirilirsə qiyəmtlər inflyasiyon olaraq qalxır;

- iqtisadiyyatın «açıq» olması inflyasiyanın xaricdən ölkəyə keçməsinə təhlükə yaradır. Məsələn, idxal olunan neftin qiymətinin yüksək olması digər əmtəələrin qiymətlərinin qalxmasına səbəb olur inflyasiya baş verir;

- bazarda inhisarçılıq olduqda, süni yollarla əmtəə qıtlığı yaradılır qiymətlər uzun müddət yüksək olaraq qalır;

- inflayasiyanın olacağını əvvəlcədə proqnozlaşdırmaq inflyasiyadan özünü qoruma xarakter alır. Belə ki, inflyasiyanın olacağından ehtiyatlanan adamlar öz pullarını xərcləməyə məcbur olurlar ki, bu da qiymətlərin qalxmasına səbəb olur s.

Son illərdə dövlət xərclərinin artması, «qiymət- əmək haqqı nisbəti» nin dəyişməsi, inflyasiyanın başqa ölkələrə keçməsi s. inflyasiyanın baş verməsinin əsas səbəbləri kimi göstərilir.

İnflyasiyanın tipləri müxtəlif növləri vardır. Qərb iqtisadçıları inflyasiyanın iki tipinin olduğunu qeyd edirlər: a) tələb inflyasiyası; b) xərc inflyasiyası.

Tələb inflyasiyası. Bu zaman məcmu tələb məcmu təklifin tarazlığı tələbin artması hesabına pozulur yəni tədavüldə pul kütləsi artır. Bunun səbəbləri:

1) dövlətin hərbi sosial sifarişlərinin genişlənməsi;

2) istehsal güclərinin tam yüklənməsi ilə bağlı istehsal vasitələrinə tələbatın artması;

3) əhalinin alıcılıq qabiliyyətinin (əmək haqqlarının) artması

Bunların nəticəsində, əmtəələr az olduğu halda, tədavüldə pul çox olur və qiymətlər qalxır. Başqa sözlə tədavüldə olan pul əmtəə qıtlığı ilə üzləşir və qiymətlərin ümumi səviyyəsi qalxır. Tələbin sonrakı artımı inflyasiyaya səbəb olur. Bu xalis inflyasiyadır.

Xərc inflyasiyası. Bu istehsal xərclərinin artması və nəticədə məcmu təklifin azalmasından doğan inflyasiyadır.

İstehsal xərclərinin artması qiymətlərin artması deməkdir. Xərclər aşağıdakı səbəblərdən arta bilər. Oliqopolik bazarlarda qiymətlərin yüksək olması, dövlətin maliyyə siyasəti (vergiləri artırılması), xammalın qiymətinin artması, əmək haqqların artırılması tələbi s. Bütün xərclər qiymətə əlavə olunur qiyməti qaldırır ki, nəticədə inflyasiya baş verir.

İnflyasiyanın bu tiplərini fərqləndirmək çətindir, beləki, əmək haqqının artması inflyasiyanın hər iki tipinə aid edilə bilər.

İnflyasiyanın növləri. İnflyasiya səviyyəsinə və doğurduğu sosial iqtisadi nəticələrinə görə müxtəlif olur. İl ərzində qiymətlər 10% səviyyəsindən çox olmayanda buna sürünən yaxud mülayim inflyasiya deyilir. Keynsçilər bu növ inflyasiyanı iqtisadiyyat üçün faydalı hesab edirlər. Bu növ inflyasiya iqtisadiyyatın və tələbin dəyişən şəraitinə uyğun qiymətlərdə düzəlişlər etməyə imkan verir.

İnflyasiyanın ikinci növü çaparaq yaxud sürətli inflyasiyadır. Bu inflyasiya zamanı il ərzində qiymətlər 20 %-dən 200%-ə qədər yüksəlir. Bu iqtisadiyyatda ciddi gərginlik yaradır arzu olunmazdır.

Hiperinflyasiya. Tədavüldə pulun miqdarı və qiymətlərin səviyyəsi son dərəcə yüksək olanda onu hiperinflyasiya adlandırırlar. İnflyasiyanın bu növündə pul tamamilə qiymətdən düşür və natural mübadiləyə üstünlük verilir. Bu cür inflyasiya milli təsərrüfatı dağıdır.

Göstərilən hər üç inflyasiya növü açıq inflyasiyaya aiddir. İnflyasiya gizli şəkildə baş verə bilər.Bu zaman qiymətlərin artması baş verməyə bilər. Ancaq əmtəə qıtlığı olur, böyük növbələr yaranır. Zahirən qiymətlər sabit qalır, lakin pul kütləsi artdığına görə əmtəə qıtlığı yaranır. Qiymətlər üzərində ciddi nəzarət olduqda inflyasiya gizli şəkildə baş verir.

İnflyasiyanın tarazlaşdırılmış və tarazlaşdırılmamış növləri də olur. İnflyasiya tarazlı olanda qiymətlərin artması əksər əmtəələr üçün sakit baş verir, sabit olur. Tarazlaşdırılmamış inflyasiya şəraitində müxtəlif əmtəələrin qiymətləri müxtəlif proporsiyada daim dəyişir, artır. Tarazlaşdırılmamış inflyasya sahibkarların fəaliyyəti üçün çox böyük əngəllər törədir, fəaliyyət üçün düzgün istiqamət seçmək çətin olur. Tarazlaşdırılmış inflyasiya təhlükəli deyildir və lazım gəldikdə əmtəələrin qiymətlərini qaldırmaq olur.

İnflyasiyanın gözlənilən gözlənilməyən növləri olur.

Gözlənilən inflyasiyanı müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırmaq olar. Bu, dövlətin qiymətləri liberallaşdırmaq istəyi ilə bağlı əvvəlcədən «planlaşdırılır».

Gözlənilməyən inflyasiya qəfildən baş verir, qiymətlər birdən-birə sıçrayışla qalxır. Bu isə pul tədavülünə vergi sisteminə mənfi təsir göstərir. Əhali vahiməyə düşür, gördüsə alır, çətin vəziyyət yaranır qiymətlər yenidən qalxır.

İnflyasiyanın mənfi tərəfləri ilə yanaşı onun müsbət tərəflərini qeyd edirlər, o, iqtisadi artıma gömək edir. Belə ki, inflyasiya qiymətlərin mənfəət normasının artmasına təsir etməklə iqtisadi vəziyyəti canlandıran bir amil kimi çıxış edir. Lakin inflyasiya dərinləşdikcə inkişafı pozan, sosial-iqtisadi sabitsizliyi gücləndirən amilə çevrilir, gərginliyi artırır.

İnflyasiya cəmiyyətin sosial-iqtisadi həyatında arzıolunmaz nəticələr doğurur. Belə ki, səürətli inflyasiya korporasiyaların və xırda firmaların iqtisadi itkilərinə səbəb olur. O səmərəli makroiqtisadi siyasətin həyata keçirilməsi işini çətinləşdirir. Qiymətlər obyektiv informasiya ötürmək funksiyasını yerinə yetirə bilmir. Qiymətlərin qeyri-bərabər artımı iqtisadi sahələr arasında disproporsiyaları gücləndirir. Əhalinin istehlakının strukturu pozulur.

İnflyasiya əmtəə qıtlığının yaranmasına, pulun əmtəəyə çevrilə bilməməsinə, barter əməliyyatlarının güclənməsinə səbəb olur.

Sürətli inflyasiya fiskal siyasətə mənfi təsir göstərir. Belə ki, inflyasiya vergilərdən daxil olan vəsaitləri qiymətsizləşdirir.

İnflyasiya əhalinin pul yığmaq marağını öldürür, onların əmanətlərini qiymətdən salır, kredit verən banklara və digər kredit təşkilatlarına böyük ziyan vurur.

Beynəlxalq iqtisadi əlaqələrin genişləndiyi şəraitdə inflyasiya asanlıqla bir ölkədən digərinə keçə bilir, beynəlxalq valyuta və kredit münasibətlərində ciddi çətinliklər yaradır.

Bütövlükdə inflyasiya makroiqtisadi sabitliyi pozur və yuxarıda göstərilən mənfi iqtisadi nəticələrə səbəb olur. Bununla yanaşı inflyasiyanın doğurduğu sosial nəticələr də çox ağrılı və ziyanlıdır.

İnflyasiyanın aşağıdakı sosial nəticələrini göstərmək olar: - İnflyasiya gəlirlərin bölgüsü, onun istifadəsi ilə bağlı olan sahələrə böyük ziyan verir. O milli gəlirin yenidən bölgüsünə səbəb olur, nominal və real əmək haqqlarının artım templərinin əmtəə və xidmətlərin qiymətlərinin sürətli artımından geri qalmasını şərtləndirir.

İnflyasiyadan muzdla işləyənlər, sərbəst peşə sahibləri, təqaüdçülər, əhalinin sosial müdafiəyə ehtiyacı olan digər təbəqələri ciddi zərər çəkirlər.

İnflyasiya həmçinin məşğulluq probleminin həllinə ciddi təsir göstərir. Belə ki, sürətli və hiper inflyasiyalar zamanı heç kəs qiymətdən düşmüş pullara öz məhsullarını dəyişmək istəmir və buna görə də istehsalın həcmi azaldılır və təklifin azalması isə işsizliyin daha da artmasına səbəb olur. İşsizliyin artması isə əhalinin gəlirlərini azaldır və əhali inflyasiyadan daha çox ziyan çəkir.

Hər dövlət mümkün olan vasitələrlə inflyasiyanın qarşısını almaq, heç olmasa onun sürətini azaltmaq məqsədilə antiinflyasiya tədbirlərini həyata keçirir. Bu məqsədlə hazırlanmış antiinflyasiya proqramının reallaşdırılması iqtisadiyyatın sabitləşdirilməsində zəruri tədbir hesab olunur. Antiinflyasiya proqramının əsasını inflyasiyanın səbəblərinin və amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini azaltmağa imkan verən tədbirlər kompleksi təşkil edir. Dünya təcrübəsində inflyasiya şəraitində iqtisadiyyatı idarə etməyin iki yolu məlumdur: biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirlərin köməyilə inflyasiyanı aradan qaldırmaqdır.

İngiltərədə və ABŞ-da dövlət səviyyəsində inflyasiya əleyhinə mübarizə aparmaq vəzifəsi irəli sürülür. Bəzi ölkələrdə isə inflyasiyaya uyğunlaşmaq (indeksasiya etmək və s.) tədbirləri həyata keçirilir.

İnflyasiyaya uyğunlaşmaq siyasəti elə qurulur ki, bazar subyektləri öz fəaliyyətlərində inflyasiyanı nəzərə alırlar. Onlar pulun qiymətdən düşməsi nəticəsində baş verən itkilərin uçotunu aparmaq yolu ilə həyata keçirirlər. Firmalar inflyasiya şəraitində qoyulan kapitalın tez geri qayıtmasını mümkün edən layihələrə üstünlük verirlər. Firmalar dövriyyə vəsaitləri çatışmazlığı aradan qaldırmaq üçün kənar mənbələrdən istifadə etməyə meyl göstərirlər ki, bu onlar üçün böyük riskdir.

Muzdla işləyən işçilər də alıcılıq qabiliyyəti aşağı düşmüş pulla əmək haqqı aldıqları bir şəraitdə itirdiklərini kompensasiya yolu ilə əldə etməyə və əlavə mənbələr tapmağa çalışırlar. Onlar ailə büdcəsinin xərclərini inflyasiya şəraitinə uyğunlaşdırmaqla vəziyyətdən çıxmağa çalışırlar.

Dövlət makroiqtisadi səviyyədə inflyasiya prosesinə təsir etmək, tədiyyə qabiliyyətli tələbi tənzimləmək məqsədilə büdcənin gəlir və xərcləri ilə manevr edir.

Belə ki, inflyasiya zamanı dövlət artıq tələbə öz xərclərini azaldır və vergiləri artırır. Nəticədə inflyasiyanın sürəti düşür. Ancaq büdcənin kəsirdə olması vergi və xərclərlə manevr etməyi məhdudlaşdırır.

Bəzi hallarda, dövlətin müdaxiləsi olmadan, Mərkəzi bank özünün pul-kredit siyasəti vasitəsilə inflyasiya prosesinə təsir etməyə çalışır.Bu zaman Mərkəzi bank tədavüldə olan pulun miqdarı və borc faiz dərəcələrini dəyişməklə iqtisadiyyata təsir göstərir. O öz tədbirləri ilə tədavüldə olan artıq pulların bir hissəsini geriyə qaytarır, faiz dərəcələrini artırmaqla tədavülə əlavə pul kütləsinin daxil olmasının qarşısını alır. Bu isə inflyasiyanın sürətini aşağı salır.

Müasir bazar iqtisadiyyatı inflyasiyalıdır onu törədən bütün amilləri aradan qaldırmaq çətindir. Bunnula belə bir çox ölkələrin inflyasiyanı buxovlamaq, onu sürətini azaltmaq nəticələrini aradan qaldırmaq sahəsində təcrübələri vardır. Bu təcrübəni öyrənmək çox faydalı olardı.

Son bir neçə il ərzində Azərbaycan iqtisadiyyatında da inflyasiya hadisəsi baş vermiş qiymətlər tədriclə qalxaraq 2007-ci ildə inflyasiya səviyyəsinin təqribən 22%-ə çatmasına səbəb olmuşdur. Baş vermiş inflyasiyanın qarşısını almaq məqsədilə Azərbaycan hökuməti bir sıra tədbirlər həyata keçirməyə başlamışdır.

31 may 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyev «Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» fərman imzalamışdır.

Azərbaycanda qiymətlərin qalxmasının və inflyasiya səviyyəsinin yüksək olması səbəbləri haqqında deyilir: «İnflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olması əsasən dünya bazarında xam neftin qiymətinin artmasının istehsal xərcələrinə təsiri nəticəsində idxal mallarının bahalaşması, dövriyyədə olan pul kütləsi həcminin artması və izafi pul kütləsinin müxtəlif maliyyə alətlərinə cəlbolunma mexanizminin kifayət qədər inkişaf etməməsi, iqtisadiyyata yönəldilən investisiyaların strukturunun təkmil olmaması, istehsalda, ticarətdə və idxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizənin yetərli olmaması və s. səbəblərlə bağlıdır».

Fərmanda inflyasiyanın səbəbləri ilə yanaşı onun aradan qaldırılmasının konkret istiqamətləri və həyata keçirilməsi zəruri olan tədbirlər də öz əksini tapmışdır ( bax: Xalq qəzeti 1 iyun 2005-ci il). Qiymətlərin qalxmasına və inflyasiyanın qarşısının alınmasına təsir edə biləcək aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

- Qiymətli kağızların buraxılması və onun bazarının genişləndirilməsi;

- inzibati xərclərin azaldılması;

- dövriyyədə olan pul kütləsinin həcminin azaldılması;

- inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s.

Bu və digər antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq hələ də respublikada inflyasiyanın qarşısını almaq mümkün olmayıb. Buna görə də dövlət ölkə iqtisadiyyatında inhisarçılığın güclü olmasını nəzərə alaraq inhisarçılığa qarşı inzibati vastələrlə mübarizəni gücləndirməyi nəzərdə tutmuşdur.

Azərbaycanda inflyasiyanın mülayim, sakit tərzdə baş verməsini təmin etmək üçün milli iqtisadiyyatı inkişaf etdirmək və daxili bazarların tələbini yerli məhsullar hesabına təmin etmək lazımdır.

XIY Fəsil.

MALİYYƏ MÜNASİBƏTLƏRİ: DÖVLƏT BÜDCƏSİ VƏ VERGİLƏR
1. Maliyyənin mahiyyəti, zəruriliyi və funksiyaları. Maliyyə sistemi.

2. Dövlət büdcəsi. Büdcənin gəlirləri və xərcləri.

3. Yerli büdcələr. Büdcə kəsiri: səbəbləri və tənzimlənməsi.

4. Vergilərin mahiyyəti, növləri və funksiyaları. Vergilərin dərəcələri.

5. Dövlətin fiskal siyasəti.
§1. Maliyyənin mahiyyəti, zəruriliyi və funksiyaları. Maliyyə sistemi.
Cəmiyyətin formalaşmasında və fəaliyytində iqtisadi alət kimi maliyyənin xüsusi rolu vardır. Lakin maliyyə münasibətləri birdən-birə meydana gəlməmişdir. Belə ki, ictimai əmək bölgüsünün inkişafı nəticəsində fərdi istehsalın meydana gəlməsi, xüsusi mülkiyyətin qərarlaşması ilə dövlət yaranmışdır. Dövlət xüsusi növ hakimiyyət forması olaraq digər strukturlarla yanaşı ölkənin yaşaması və fəaliyyəti üçün pul fondlarının yaranması, bölgüsü və yenidən bölgüsü mexanizmini öz əlində saxlayır və tənzimləyir. Dövlət maliyyəsi cəmiyyətin inkişafının müəyyən mərhələsində əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə bağlıdır və dövlətin zəruri ehtiyaclarının ödənilməsi üçün pul resurslarının səfərbər olunması üzrə pul münasibətlərini ifadə edir. «Maliyyə» anlayışı latınca «finansiya» - sözündən əmələ gəlib tədiyyə, gəlir mənasını ifadə edir.

«Maliyyə» dövlətin gəlir və xərclərini ifadə edən iqtisadi münasibət, bir anlayış kimi XIII-XV əsrlərdə İtaliyada, XVI əsrdə Fransada işlədilmişdir. Getdikcə əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində «maliyyə» termini dünyanın bir sıra ölkələrində daha geniş status almışdır.

Maliyyə anlayışı pul münasibətlərini ifadə etsə də o, bütövlükdə pul münasibətlərini tam əhatə etmir. Yəni pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş tutumlu anlayışdır.

Pul münasibətləri dövlətlə müəssisələr, dövlətlə əhali, müəssisələr arası, dövlətlə digər subyektlər arasında geniş pul münasibətlərini ifadə edir.

Maliyyə münasibətləri bilavasitə pul fondlarının yaradılması, bölgüsü, yenidən bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini əhatə edir.

Maliyyə münasibətləri iqtisadi münasibətlərin ayrılmaz hissəsi kimi iqtisadi bazisin tərkibinə daxildir. Maliyyə münasibətləri iqtisadi münasibətlər sisteminin reallaşmasına mühüm təsir göstərir.

Maliyyə iqtisadi kateqoriya kimi iqtisadiyyatın bütün sahələrində pul fondlarının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadəsi prosesində yaranan iqtisadi münasibətlər sistemini ifadə edir.

Maliyyənin mövcudluğunu zəruri edən səbəblər bunlardır:

  1. Əmtəə-pul münasibətlərinin meydana gəlib inkişaf etməsi;

  2. Dövlətin fəaliyyət göstərməsi, yəni ölkədə maliyyə ehtiyaclarının ödənilməsi, dövlətin iqtisadi vəzifələri yerinə yetirməsi;

  3. Təkrar istehsal prosesinin fasiləsiz olaraq baş verməsi, müəssisələrdə istehsal fondlarının dövranının ardıcıllığının təmin edilməsi;

  4. Ölkədə yaradılan ümumi Milli məhsulun və Milli gəlirin bölgüsü və yenidən bölgüsünün həyata keçirilməsi;

  5. Mülkiyyətçilər arasında əmtəə-pul münasibətlərinin yaranmasının zəruriliyi;

  6. İqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi istifadə olunması;

  7. Bazar iqtisadiyyatı şəraitində daxili və beynəlxalq bazar əlaqələrinə girmək, beynəlxalq kredit əməliyyatlarına qoşulmaq məqsədi və s.

Maliyyə munasibətlərini zəruri edən bu səbəblər kompleks xarakter daşıyır və bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır.

Beləliklə, maliyyənin meydana gəlməsi, cəmiyyətdə rolu, inkişaf qanunauyğunluqları, ictimai təkrar istehsal prosesinə təsiri hər bir dövlətin öz funksiyalarını yerinə yetirmə xüsusiyyətləri ilə müəyyən olunur. Ölkədə maliyyə münasibətləri əsasən aşağıdakı iki sahəni əhatə edir:

1.Dövlət büdcəsində, büdcədənkənar fondlarda toplanan və dövlətə məxsus olan mərkəzləşmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlı olan pul münasibətlərini.

2.Mikroözəklərdə qalan qeyri-mərkəzləşmiş pul fondlarını.

Bunları nəzərə alaraq maliyyəyə daha geniş formada tərif vermək olar: maliyyə – dövlətin öz sosial-iqtisadi funksiyalarını və vəzifələrini yerinə yetirməsi, geniş təkrar istehsal şərtlərinin təmin olunması məqsədilə mərkəzləşmiş və qeyri-mərkəzləşmiş pul vəsaiti fondlarının əmələ gəlməsi, bölüşdürülməsi və onların istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.

Maliyyənin məzmunu və fəaliyyət mexanizmi onun yerinə yetirdiyi aşağıdakı funksiyalarda ifadə olunur:

1.Təkrar istehsal funksiyası, yəni ölkədə geniş təkrar istehsalın fasiləsiz olaraq baş verməsi, stabilliyin təmin olunması, istehsal və tədavül fondlarının hərəkəti maliyyə təminatından daha çox asılıdır.

2.Bölüşdürücü funksiya vasitəsilə ümumi Milli məhsulun və Milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.

3.Nəzarət funksiyası vasitəsilə cəmiyyətdə pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzərində iqtisadi nəzarət həyata keçirilir. Maliyyə nəzarəti istehsal dairəsindən başlayaraq bölgü, mübadilə və istehlak sferasını da əhatə edir. Maliyyə vasitəsilə dövlət tərəfindən cəmiyyətin maddi və pul resursları üzərində ciddi nəzarət həyata keçirilir.

4.Maliyyənin stimullaşdırıcı funksiyası vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradılması, bölgüsü və istifadə olunmasında həvəsləndirici motivlərin rolu daha da güclənir və nəzərə alınır.

5.Maliyyənin tənzimləmə funksiyası vasitəsilə dövlət iqtisadiyyatın sabitliyini, inflyasiyanın səviyyəsini tənzimləyir və əhalinin sosial problemlərinə bilavasitə təsir göstərən iqtisadi metodları hərəkətə gətirir.

Maliyyənin mövcud funksiyaları maliyyə sistemi vasitəsilə reallaşır.

Maliyyə sistemi maliyyə anlayışına nisbətən daha geniş və əhatəlidir. Belə ki, maliyyə sistemi təkcə pul fondlarının əmələ gəlməsini deyil, eyni zamanda ondan istifadə olunma mexanizmini, metodlarını və bölgü üsullarını əhatə edir.

Beləliklə, maliyyə sistemi ölkədə pul vəsaitləri fondlarının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadə olunmasının forma və metodlarını özündə birləşdirir.

Azərbaycan Respublikasının mövcud maliyyə sisteminə aşağıdakı mal iyyə strukturları daxildir.


Малиййя системи






Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə