“Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.10.
Böyük maarifçi ədib və müasirlik
Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı
şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun
çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın
tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov
mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-
ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi
özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir.
Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri
bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.
Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla
Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan
Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi
Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də
məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış,
maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. Onun ailəsini dolandırmaq üçün açdığı çayxana yerli
ziyalıların əsas ictimai müzakirə meydanına çevrilmişdir. Oğlu, tanınmış publisist və tərcüməçi
Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı “Tərcümeyi-halım” adlı avtobioqrafik xarakterli
xatirəsində atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: “O zaman atamın çayçı dükanı
Ordubad ziyalılarının yığıncaq yeri olur... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi
kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda, atam o zaman İrandan, Rusiyadan və
Türkiyədən qəzetlər də alıb oxuyarmış... Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində
oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir... hesab edirdi”.
1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan
Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəblə M.T.Sidqi pedaqoji
fəaliyyətə başlamışdır. Şəriət fənnindən başqa ana dili, hesab, coğrafiya dərslərinin milli dildə keçirildiyi
bu məktəbdəki səmərəli məktəbdarlıq işləri onu daha da məşhurlaşdırmışdır. “Əxtər” məktəbinin şagirdi
M.S.Ordubadi həmin tədris müəssisəsini “gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan” ciddi təhsil
ocağı adlandırmışdır.
Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə
Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. “Məktəbi-Tərbiyə”də dünyəvi
elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatı da öyrədilmiş, tərcümə dərsləri təşkil
olunmuşdur. “Tərbiyə” məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Məsələnin
bu cəhəti vaxtilə Cəlil Məmmədquluzadənin də diqqətini cəlb etmiş və o, “Tərbiyə” məktəbindən bəhs
edərkən “Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman
mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi” qənaətinə
gəlmişdir. M.T.Sidqinin səyi nəticəsində az vaxtda “Tərbiyə” məktəbi ədəbi-mədəni fikrin əsas
mərkəzlərindən birinə çevrilmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd-Paşa
Sultanov, Mirzə Nəsrulla Əmirov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və
başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, şeirlərini dinləyib müzakirə etmiş, Rusiya,
Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışlar. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və
təşəbbüsü ilə teatr tamaşaları göstərilmiş, ədəbi müsabiqələr, müzakirə və yubiley gecələri təşkil
olunmuşdur. Buna görədir ki, böyük demokrat ədib Cəlil Məmmədquluzadə “Tərbiyə” məktəbini
“yeniyetmə müəllim və ədiblər üçün darülürfan”, yəni universitet kimi qiymətləndirmişdir. Hüseyn Cavid
məktublarında bu məşhur məktəbin yaradıcısı M.T.Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət
etmişdir. N.Nərimanov, S.M.Qənizadə, F.Köçərli, R.Əfəndiyev, Ə.Axundzadə, Ə.Cəfərzadə kimi
görkəmli maarifçi ziyalılar M.T.Sidqi və onun “Tərbiyə” məktəbinin fəaliyyəti ilə maraqlanmış, ədəbi-
pedaqoji ideyalarına rəğbət bəsləmiş, yüksək qiymət vermişlər. Yeni maarifçi gəncliyin böyük bir nəsli
“Tərbiyə” məktəbindən çıxmışdır. Sonralar görkəmli yazıçı, şair, alim, publisist, sənətşünas, aktyor kimi
tanınmış Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, pedaqoq Əli Səbri Qasımov,
Ələkbər Abbasov, Məmmədəli Səfərov, Əbülqasım Sultanov, Xəlil Hacılarov və onlarla başqaları kimi
tanınmış simalar Məhəmməd Tağı Sidqi müəllimin məktəbinin təkcə məzunları yox, həm də ardıcılları
idilər. Faydalı olduğunu nəzərə alaraq, Məhəmməd Tağı Sidqi tərəfindən 1901-ci ildə hazırlanmış
“Məktəbi-Tərbiyə” şagirdlərinin “Fehrist dəftəri”ni olduğu kimi təqdim etməyi zəruri hesab edirəm:
Mübtədi şagirdlərin isimləri
Birinci sinfin birinci şöbə
şagirdlərinin isimləri və qiymətləri
1. Əxlaq
2. İlahiyyat elmi və şəriət qaydaları
3. Türk dili
4. Xəttatlıq, hüsnxət
1. Ələkbər Namazzadə - 5, 3, 3, 3
2. Bəhlul Xəlilzadə - 5, 3, 3, 3
3. Yusif Əlizadə - 5, 4, 4, 4
4. Yusif Bağırzadə - 5, 4, 4, 4
5. Abbasqulu Rasizadə - 5, 4, 4, 4
6. Heydər Pirməhəmmədzadə - 5, 4, 4, 3
7. Həsən Qəmbərzadə - 5, 3, 3, 3
8. Bəhlul ağa Kəngərli - 5, 3, 4, 3
9. Məhəmməd Tağı Hacı
Məhəmmədzadə - 5, 5, 4, 4
10. Həsən Şeyxzadə - 5, 3, 3, 3
11. Hüseynəli Heydərzadə - 5, 4, 3, 3
12. Əsəd Şatırzadə - 5, 3, 3, 3
13. Əliqulu Rasizadə - 5, 4, 3, 3
14. Məmməd Məmmədzadə - 4, 3, 3, 3
15. Yusif Sadıqzadə - 5, 3, 3, 3
16. Abbas Rzazadə - 5, 4, 4, 4
17. Süleyman ağa Kəngərli - 5, 4, 4, 4
18. Kərim ağa Allahverdizadə -5, 4, 4, 4
19. Mirzəli Əlizadə - 5, 3, 3, 3
20. Abbas Abbaszadə - 5, 3, 3, 4
21. Ələkbər Abbaszadə - 5, 3, 3, 3
22. Cabbar Əmirzadə - 5, 4, 4, 4
23. Xəlil ağa Hacılarzadə -
5, 4, 4, 4
24. Vəliqulu bəy Kəngərli - 5, 4, 4, 3
25. Möhsün Möhsünzadə - 5, 3, 3
26. Mir Ələkbər Mirzadə - 5, 3, 3
27. Əlibəy Əzimbəyzadə - 5, 3, 3
28. Hüseyn ağa Kəngərli - 5, 3, 3
29. Məşədi Zeynalabidin
Əhmədzadə - 5, 4, 3
30. Mahmud Kərbəlayi
Əhmədzadə - 5, 4, 4
31. İsmayıl Şeyxzadə - 5, 3, 3
32. Həbib İsmayılzadə - 5, 4, 4
33. Məşədi Əli Dayızadə - 5, 4, 4
34. Müseyib Məmmədzadə - 4, 3, 3
35. Məhəmməd Rəhimzadə - 5, 4, 4
36. Tağı Fərraşzadə - 5, 3, 3
37. Fərman Paşa Kəngərli - 5, 4, 4
38. Ağa Mirkərim Mirsalehzadə -
5, 3, 3
39. Əbdülqasım Sultanov - 5, 4, 4
40. Əsgər Şatırzadə - 5, 3, 3
41. Heydər Qasımzadə -
səbəbsiz gəlməmişdir
42. Rza Təhmasib Bəyzadə - 5, 3, 3
43. Həbib Müzəffərzadə - 5, 3, 3
44. Məşədi Əli Hamamçızadə
45. Əli Səbri Qasımov
46. Məhəmmədəli Sidqizadə
47. Əliqulu Nəcəfov
48. Hüseyn Rasizadə
49. Ələkbər Məmmədquliyev
50. Əli Qasımov
Böyük pedaqoq M.T.Sidqi Azərbaycan məktəbi və pedaqoji fikri tarixində ilk dəfə olaraq rəhbərlik
etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib
edilmiş “Məktəbli üçün yaddaş”, “Məktəbi-Tərbiyə” şagirdlərinin tapşırıqları” kimi əhəmiyyətli
sənədlərdə ümumən məktəbin, müəllimin cəmiyyətdəki yeri və mövqeyi və vəzifələri, xüsusən yeni
nəslin tərbiyələndirilməsinin əsas prinsipləri və vəzifələri öz əksini tapmışdır. Öz dövründə məktəb
şagirdləri üçün nümunəvi qaydalar kimi ciddi marağa, böyük əks-sədaya səbəb olan həmin yaddaş və
tapşırıqlar indiki dövr üçün də əhəmiyyətlidir. Bəzi örnəklərə nəzər salaq.
“Məktəbi-Tərbiyə” şagirdlərinin tapşırıqları
1. Şagirdlərdən hər birisi dərs günlərində əmri-zəruri və kari-vacibi cəhətinə məktəbə gəlməsə,
gərəkdir həmin gün və ya o günün sabahı öz atasının və ya vəlisinin tərəfindən məktub ilə müəllimə
məlum eləsin.
2. Dərs əsnasında bir-birinin kitabına, dəftərinə baxmaq və yoldaşı ilə danışmaq və yoldaşının səhvini
gizli demək mövcibi-tənbih və toqifdir.
3. Bir-birinin kitabın, dəftərin, qələmin, qələmdanının və sair təlim şeylərini qaralamaq, cırmaq,
sındırmaq, töküb-dağıtmaq, oğurlayıb satmaq barəsində hər kəs cəsarət etsə, toqifi-tam cəzasını alacaqdır.
4. Məktəbin divarlarını yazmaq, cırmaq, qaralamaq, qara lövhə, stol, skameyka, qapı və akoşkaları
bıçaq ilə kəsmək və sair bu növ qaydasız hərəkətlərlə hər bir şagird iqdam etsə, layiqincə tənbih
olunacaqdır.
5. Papiros və tənbəki çəkmək bilmərrə qadağan olunur. Bu əmələ cəsarət edənlərə tənbihi-səxt
olunacaqdır.
Pedaqoji fəaliyyətlə yanaşı publisistika ilə də məşğul olan M.T.Sidqi Baxçasarayda çıxan “Tərcüman”,
Kəlküttədə nəşr edilən “Həblül-mətin”, Tehranda çap olunan “Əxtər”, Tiflisdə yayılan “Şərqi-Rus”,
Bakıda fəaliyyət göstərən “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında
məqalələrlə çıxış etmiş, “əsl mənada qəzetçi” (Ə.Mirəhmədov) kimi tanınmışdır. Onun “Qəzet, yainki
qəzetə nədir?”, “Təəssüf, yenə təəssüf” kimi məqalələri yeni dövr Azərbaycan publisistikasının dəyərli
nümunələrindəndir.
M.T.Sidqi hələ Ordubadda yaşadığı illərdə buradakı “Əncüməni-şüəra” ədəbi məclisinin ən fəal
iştirakçılarından və rəhbərlərindən biri olmuş, klassik üslubda yazdığı lirik şeirləri ilə tanınmışdır. XIX
əsrin axırlarından etibarən cəmiyyət həyatında müşahidə olunan canlanma, dirçəliş, məktəbdarlıqla
əlaqədar yiyələndiyi maarifçi ideyalar onun qəzəllərinə ictimai məzmun gətirmişdir. O, təkcə aşiqanə
məzmunu deyil, ictimai mətləbləri də klassik üslubda yazdığı şeirlərində mənalandırmağı bacarmışdır.
Böyük müəllim, görkəmli pedaqoq kimi şöhrət qazanan M.T.Sidqi həm də tanınmış uşaq yazıçısıdır.
Onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində mütərəqqi maarifçi ideyalar öz əksini tapmışdır.
Məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk etməyə çağırış
maarifçi yazıçının əsərlərində qabarıq şəkildə ifadə olunur. M.T.Sidqi uşaq ədəbiyyatının müxtəlif
janrlarında maraqlı bədii əsərlər yazmışdır. M.T.Sidqinin nəsihətləri oğlu Məhəmmədəlinin timsalında
yeni nəslə poetik xitab formasında yazılmışdır. M.T.Sidqinin “Oğlum Məhəmmədəliyə nəsihət”
şeirindəki maarifçi-poetik düşüncələr geniş mənada gənc nəsillər üçün faydalı öyüdnamələrdən
yoğrulmuşdur:
Nə qədər ki var əlində fürsət,
Dərsinə eylə hər zaman diqqət.
Yetişibdir zəmani-elmü ədəb.
Mənzilin eylə guşeyi-məktəb,
...Dini-dünyanı elm edər abad,
Özünü eylə cəhldən azad.
Ruzigarın keçirmə qəflətlə,
Elm təhsil elə diqqətlə.
Şairin “zəmani-elmü ədəbin” yetişdiyindən müjdə gətirən maarifçi şeirləri uşaq poeziyamızın
S.Ə.Şirvani dövrünün davamı, A.Səhhət, M.Ə.Sabir, A.Şaiq mərhələsinin ərəfəsidir, bu mərhələlər
arasında etibarlı körpüdür. M.T.Sidqinin maarifçi şeirləri indiki ibtidai məktəb dərsliklərində də
özünəməxsus yer tutmağa layiqdir.
Azərbaycan uşaq ədəbiyyatının əsas janrlarından olan mənzum hekayət janrı da M.T.Sidqinin “Kəblə
Nəsir” əsərinin timsalında yeni ənənələrlə zənginləşdirilmişdir. Belə ki, Q.Zakir və S.Ə.Şirvaninin
mənzum hekayələrində təsvir olunan ibrətamiz əhvalat finalda yığcam əxlaq-tərbiyəvi mühakimələrlə
yekunlaşmışdır. “Kəblə Nəsir” isə iki müstəqil hissədən ibarətdir: isfahanlı dəlləyin başına gələn
əhvalatın təqdimi və şərhi. Əhvalatın təqdimində klassik mənzum hekayələrin xüsusiyyətləri özünü
göstərir. Burada qədim zamanlarda baş vermiş ibrətamiz bir hadisə nağıl edilir. Məlum olur ki, usta Əmir
kişinin oğlu dəllək Kəblə Nəsir səfərə çıxan zaman öz avamlığının ucbatından ulağını və keçisini
oğruların güdazına verir. Hələ bu azmış kimi, yolda oğrulardan biri onu aldadıb, guya itirmiş qiymətli
daş-qaşlar aşkar etmək məqsədilə quyuya saldırır, paltarlarını götürüb aradan çıxır. “Kəblə Nəsir”
mənzum hekayəsinin şərhlər hissəsində isə şair təqdim etdiyi hadisəni həm həyati mövqedən, həm də
maarifçi baxımdan aydınlaşdırmağa və yekunlaşdırmağa çalışmışdır. Burada “Kəblə Nəsir”in həyati
qayəsinin əsasında dayanan “bir gözəl ad qalır cahanda nişan” misrasının aşıladığı ideya-məzmun
hekayətin maarifçi istiqaməti vasitəsilə daha da dərinləşdirilmişdir:
Ta ki millətdə olsun istiqlal,
Etməsin cəhl bizləri pamal.
Olmasın ömrümüz cahanda tələf,
Elm təhsilinə edək məsrəf.
Aç bu əbnayi-millətə məktəb,
Orda təhsil olunsun elmü ədəb.
Zikri-xeyr ilə bəlkə yad olasan,
Dinü dünyada qəlbi şad olasan.
“Kəblə Nəsir” mənzum hekayəti təkcə ideya məzmununa görə deyil, forması, quruluşu etibarilə də
orijinal xüsusiyyətlərə malikdir. Çünki həmin poetik mənzumə bədii forma etibarilə məktəbdə təşkil
olunmuş mənalı bir dərsin imkanlarını və xüsusiyyətlərini özündə cəmləşdirir. Bu “dərsdə” şair özü də
müəllim sifətində iştirak edir. Təkcə müəllif - M.T.Sidqi deyil, onun canlandırdığı bədii obraz da XIX
əsrin son rübü üçün səciyyəvi olan müəllim-yazıçı tipinin qabarıq nümayəndəsi kimi diqqəti cəlb edir.
Təlimlə tərbiyəni, biliklə əxlaqı vəhdətdə aşılamağı qarşısına məqsəd qoyan şair-müəllim öz şagirdlərini
“zəmanədə bir ad”, nişanə qoymaq nümunəsində tərbiyə etməyə səy göstərir.
Keçəcəkdir tamam yaxşı-yaman,
Bir gözəl ad qalar cahanda nişan.
Ömür bihudə keçməmiş bada,
Biz də bir ad qoyaq bu dünyada.
... Millətin haqqını əda eylə,
Məscidi-mədrəsə bina eylə.
M.T.Sidqi milli uşaq nəsrinin də ilk nümunələri sayıla biləcək kiçik hekayələr yazmışdır. Lakin onun
hekayələrindən elmi şəkildə söz açılmamışdır. M.T.Sidqinin uşaqlar üçün hekayələri əsasən “Əxlaq
nümunələri” və “Qızlara hədiyyə” dərsliklərində toplanmışdır. “Əxlaq nümunələri” dərsliyindəki əksər
uşaq hekayələri müəllim-yazıçının pedaqoji düşüncələrinin tərkibində verilmişdir. Həmin hekayələr
müəllifin maarifçi baxışlarını əyani şəkildə əsaslandıran bədii yazılardır. Lakin imla mətni kimi verilmiş
nümunələrdən pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə hissəsini ayrıca oxuduqda bunlar bitkin uşaq
hekayələri kimi səslənir. “Məktəbə davam”, “Gözü tox olan uşağın hekayəti”, “Yalançı uşaq” və s.
hekayələr bu qəbildən olan maraqlı ədəbi nümunələrdir. Dərsliyin tələblərinə uyğun olaraq həmin
hekayələrdə əxlaqi məsələlər ön mövqeyə çəkilmişdir. “Qızlara hədiyyə” dərsliyindəki hekayələrin böyük
əksəriyyətində isə hekayəyə məxsus xüsusiyyətlər maarifçi-pedaqoji mülahizələri üstələmişdir. Bunların
çoxu indiki ibtidai məktəb dərsliklərinə salınmış kiçik hekayələr kimi sadə dildə yazılmış, yığcam,
maraqlı hadisələri əks etdirən, əxlaqi-tərbiyəvi qənaətlər aşılayan yaddaqalan müstəqil bədii əsərlərdir.
Dərslikdəki “Rübabə”, “Sitarə ilə xalası”, “Ruqiyyənin söhbəti”, “Övlad məhəbbəti” və s. hekayələr milli
uşaq nəsrinin ilk bitkin nümunələridir. İdeya-məzmununa görə bunları “məktəb hekayələri” kimi də
dəyərləndirmək olar. Forma baxımından isə həmin nümunələr miniatür hekayə adlandırıla bilər.
Təxminən bir əsrə yaxın bundan əvvəl hazırlanmış “Qızlara hədiyyə” dərsliyindəki kiçik hekayələr
hazırkı mərhələdə də şagirdlər üçün faydalı xüsusiyyətlərə malikdir. Məsələn, “İki bacının söhbəti”
hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər bu gün üçün də müasir səslənir: “Balaca bacım, sən hələ
kiçiksən. Elmin məzyətini və faydasını bilmirsən. Elə bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz...
İnsanın hər işində və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə insanın təfavütü elm ilə
bilinir. Sən elm təhsil elə, təki dünya və axirətdə səadətmənd olasan”.
Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi
və görkəmli məktəbşünasdır. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlər də öz əksini
tapmışdır. Sidqinin “Heykəli-insana bir nəzər” əsəri nəsrlə yazılmış kiçik ədəbi-fəlsəfi traktatdır. Burada
müəllifin həyat və cəmiyyət, ictimai-mədəni tərəqqi haqqındakı fikir və düşüncələri əks etdirilmişdir.
Sidqinin insanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi
mülahizələri öz dövrü üçün yeni və cəlbedici idi. Buna görə də həmin əsər M.T.Sidqinin vəfatından sonra
1912-ci ildə Bakıda “Ziya” mətbəəsində kitab halında çap olunmuşdur.
M.T.Sidqinin elmi irsində onun “Puşkin” adlı kitabı xüsusi yer tutur. Bu kitab müəllim-şairin 26 may
1899-cu il tarixdə Naxçıvanda “Tərbiyə” məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin
nümayəndələri qarşısında A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi münasibətilə oxuduğu
məruzənin mətnindən ibarətdir. Əsər Azərbaycanda Puşkinə həsr olunmuş ilk elmi mənbələrdən biri kimi
mühüm əhəmiyyətə malikdir. Kitab 1914-cü ildə Bakıda İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap
olunmuşdur. Adından da göründüyü kimi, “Puşkin” kitabında rus ədəbiyyatının ən görkəmli
nümayəndələrindən olan A.S.Puşkinin həyatı və yaradıcılıq yolu işıqlandırılmışdır. M.T.Sidqi Puşkinin
ədəbi xidmətlərinə yüksək qiymət vermişdir: “Zəkavətli A.S.Puşkin rus şairlərinin hamısından sahibi-
imtiyaz və cümləsindən sərəfraz və süxənpərdaz hesab olunur”.
Kitabda Puşkinin həyatı və fəaliyyəti onun sələfləri və müasirləri ilə əlaqəli şəkildə
dəyərləndirilmişdir. Burada rus ədəbiyyatının görkəmli nümayəndələrindən N.M.Karamzin, İ.A.Krılov,
A.S.Qriboyedov, M.Y.Lermontov və başqaları haqqında da məlumat verilmiş, Puşkinin yaradıcılığında
geniş yer tutan Qafqaz mövzusuna da toxunulmuşdur. M.T.Sidqinin məruzəsində deyilir: “Qafqazın
fərəhfəza havası və mənzəreyi-dilguşası Puşkini özünə valeh və heyran eylədi. Odur ki, Puşkin Qafqaz
dağlarına şairlik nöqteyi-nəzərindən baxıban bir neçə müəssər və ibrətəngiz şeirlər inşad edibdir ki, o
şeirləri oxuyub dəryaft edən əhli-zövq Puşkinin süxənfərin (ustad - İ.H.) olmağını ... etiraf eylər”.
“Puşkin” əsəri ilə Sidqi həm də ciddi, səriştəli bir ədəbiyyatşünas olduğunu isbat etmişdir.
Sidqinin elmi irsində “Müxtəsər coğrafiya risaləsi” əsərinin xüsusi yeri vardır. Xalq müəlliminin hələ
XIX əsrin sonlarında böyük çətinliklə coğrafi məlumatları toplayıb sistemləşdirməsi, müstəqil bir
dərslikdə əks etdirməsi mütərəqqi elmi hadisədir. Onun hazırladığı “Müxtəsər coğrafiya risaləsi”
Azərbaycanda ilk coğrafiya dərsliyidir. Bu dərslik Sidqinin həm də yüksək hazırlıqlı və məlumatlı bir
coğrafiyaşünas olduğunu da isbat edir.
Müşahidələr göstərir ki, M.T.Sidqi nəinki Naxçıvanda, Azərbaycanın hər yerində, İranda, Cənubi
Qafqazda və Krımda, hətta Misirdə və Hindistanda belə tanınmış, hörmət və nüfuz qazanmışdır. Cəlil
Məmmədquluzadə kimi qüdrətli bir sənətkarın M.T.Sidqiyə özünün “barmaq ilə göstərilən”, “adı zərbül-
məsələ” çevrilən mənəvi rəhbəri kimi qiymət verməsi yüksək səviyyənin göstəricisidir. O, təkcə
Naxçıvan ədəbi-ictimai mühitində deyil, Azərbaycanda, hətta Cənubi Qafqazda söz sahibi olan böyük
maarifçi mütəfəkkir kimi qəbul olunmuşdur. Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, İsmayılbəy
Qaspıralı, Məhəmmədağa Şahtaxtlı, Əlimərdanbəy Topçubaşov, Soltanməcid Qənizadə, Əhmədbəy
Ağayev, Rəşidbəy Əfəndiyev və başqaları kimi görkəmli şəxslərlə məktublaşması, məsləhətləşməsi, fikir
mübadiləsi aparması Sidqinin geniş dairədə dərk və qəbul olunduğunu, dəyərləndirildiyini təsdiq edir.
M.T.Sidqi 1903-cü ilin dekabr ayında vəfat etmiş və Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli
ziyalılardan C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Nəcəfzadə və başqaları o vaxt Azərbaycan dilində
yeganə mətbuat orqanı olan “Şərqi-Rus” qəzetində Sidqinin vəfatına həsr olunmuş nekroloq, müxtəlif
şeirlər, məqalə və məktublar dərc etdirmişlər. C.Məmmədquluzadənin “vida sözü”ndə M.T.Sidqinin
maarifçilik hərəkatındakı əvəzsiz xidmətləri ehtiramla yad olunmuş, ədəbi portreti canlandırılmışdır:
“Mərhumun şəxsi sifətləri misilsiz idilər: təmkinli, mömin, sadiq, sakit, xoşəhval, rəhmdil və xeyirxah.
Gözəl-gözəl xasiyyətlər Sidqini Naxçıvanda zərbül-məsəl eləmişdilər. O hörmət və məhəbbəti ki
camaatımız mərhuma göstərirdi, - indiyə kimi heç bir şəxsə göstərməyib... Küçə və bazarda Sidqini
barmaq ilə göstərirdilər. Mərhumun vəfatı günü çox kişilər göz yaşı töküb. Cənazəsini dəfn eləməyə
gedən camaatı küçələr tutmurdu və yəqinül-yəqin, bu camaatın hamısı başını aşağı dikib, qəlbində
deyirdi: “Getdi cahandan həzrəti-Sidqi, yüz min heyf, yüz min əfsus!”
Görkəmli pedaqoq və maarifçi yazıçı M.T.Sidqinin həyatı, pedaqoji fəaliyyəti və yaradıcılıq yolu
müəyyən səviyyədə öyrənilmişdir. Vaxtilə İbrahim Mollayev ədibin pedaqoji görüşləri və məktəbdarlıq
fəaliyyətindən, Yavər Eyvazov ədəbi-publisist yaradıcılığından namizədlik dissertasiyaları müdafiə
etmişlər. Bir çox görkəmli alimlərin - Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Əziz Şərif, Firidun
Köçərli, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Şıxəli Qurbanov, Qulam
Məmmədli, Xeyrulla Məmmədov, Şamil Qurbanov, Lətif Hüseynzadə, Əsgər Qədimov, Fərman Xəlilov,
Rüfət Hüseynzadə, Şövqü Novruzov, Mirabbas Aslanov və başqalarının monoqrafik tədqiqatlarında və
məqalələrində M.T.Sidqidən bəhs olunmuşdur. Bununla belə, fikrimizcə, M.T.Sidqinin həyatı və
fəaliyyətinin tam halda, bütün yönləri ilə tədqiq olunmasına ehtiyac vardır.
Möhtərəm ədibin əsərlərinin nəşri sahəsində də müəyyən işlər görülmüşdür. Məşhur ədəbiyatşünas
F.Köçərli 1911-1914-cü illərdə Qoridən Məmmədəli Sidqiyə göndərdiyi məktublarında atası Sidqinin
əsərlərini “Millət malı” etmək üçün bunları toplayıb nəşr etdirməyi vacib saymışdır. Məmmədəli Sidqi
Səfərov (1888-1956) böyük maarifçinin “Kəblə Nəsir” (1910), “Heykəli-insanə bir nəzər” (1912),
“Puşkin” (1914) əsərlərini ayrıca kitab halında nəşr etdirmişdir. “Kəblə Nəsir” mənzum hekayəti
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”na daxil edilmişdir. 1967-ci ildə isə görkəmli pedaqoqun
“Seçilmiş pedaqoji əsərləri” (Mirabbas Aslanov) nəşr olunmuşdur. “Məktəb hekayətləri” (1996) kitabında
(İsa Həbibbəyli) böyük ədibin uşaq hekayələri və elmi-ədəbi irsindən nümunələr toplanılmışdır. Artıq
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun fonunda və müxtəlif arxivlərində
saxlanan materiallar əsasında maarifçi ədibin “Əsərləri” kitabı (toplayanı, tərtib edəni və ön sözün
müəllifi İ.Həbibbəyli) da 2004-cü ildən oxucuların istifadəsindədir. Ümid edirik ki, görkəmli maarif
xadimi, böyük mütəfəkkir, maarifçi ədib Məhəmməd Tağı Sidqi haqqında müstəqillik işığında sanballı
elmi əsərlər meydana çıxacaq, onun gələcək külliyyatları yeni axtarışların sayəsində daha da
zənginləşdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun görkəmli maarifçi şair və böyük
pedaqoq Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar imzaladığı 20 avqust
2014-cü il tarixli sərəncamda böyük mütəfəkkirin genişmiqyaslı xidmətləri yüksək qiymətləndirilmiş,
maarifçi ədibin çoxcəhətli fəaliyyətinin müasirlik imkanlarına xüsusi diqqət yetirilmişdir: “Məhəmməd
Tağı Sidqi... Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş,
maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur.
Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi
traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol
oynamışdır”.
Bundan başqa, Naxçıvan MR Ali Məclisinin Sədrinin Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində
anadan olduğu qədim binada ev-muzeyinin yaradılması haqqında 17 sentyabr 2014-cü il tarixdə
imzaladığı sərəncam əsasında həmin mədəniyyət ocağının qurulması prosesi atrıq tamamlanmaq üzrədir.
Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş
qeyd edilmiş, müasir mərhələdə yeni maarifçilik ideyalarının milli əsaslar üzrə genişləndirilməsinə təkan
vermişdir. Naxçıvan MR Ali Məclisinin M.T.Sidqiyə həsr etdiyi “Naxçıvan” jurnalında, AMEA
Naxçıvan Bölməsinin “Taleyi və sənəti” kitabındakı sanballı məqalələr böyük maarifçi ədibdən söz açan
yeni tədqiqatları özündə əks etdirir. Ordubad şəhərində M.T.Sidqinin adını daşıyan məktəbin əsaslı
şəkildə yenidənqurulması və müasir texnologiya ilə təchizi klassik maarifçilik ənənəsinin
müasirləşdirilməsi deməkdir. M.T.Sidqi adına Naxçıvan Uşaq Teatrının inkişaf etdirilməsi yeni maarifçi
dövrün nailiyyətidir.
Böyük ədib və ictimai xadim Məhəmməd Tağı Sidqi maarifçi ideyaları və əsərləri ilə, meydana
çıxardığı işıqlı ideyalarla, əsərlərinin və ideyalarının müasirlik imkanları ilə yaşayır və müstəqillik dövrü
Azərbaycanın yeni maarifçilik hərəkatına, uşaq ədəbiyyatının, maarifçi şeirin inkişafına xidmət edir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının
vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
Dostları ilə paylaş: |