100
Sen-Sirdə oxuduğu illərdən və iki illik xüsusi strategiya və taktikanı öyrədən
hərbi kollecdə oxuduqdan sonra marşal Peten tərəfindən 1925-ci ildə Ali Müharibə
Şurasının qərargahına irəli çəkilmişdi. 1927-1929-cu illərdə və yenidən 1936-38-ci
illərdə Reynlandı işğal edən orduda mayor kimi xidmət edəndə o, alman təcavüzü
təhlükəsini və fransız müdafiə cəhdinin adekvat olmadığını görməyi bacarmışdı. O,
həmçinin iki ili Orta Şərqdə keçirmiş, dörd il Milli Müdafiə Şurasının katibliyinin
üzvü kimi çalışmışdı.
Onun yazıçılıq karyerası Almaniyada mülki və hərbi hakimiyyətlərlə
əlaqədar öz təəssüratlarını təhlil etdikdə başlanmışdı. 1932-ci ildə “Gələcəyin
ordusu” əsərini yazmışdı. O, professional, yüksək dərəcədə mexanikləşmiş və
mobil kiçik ordu ideyasını müdafiə edirdi. Statik nəzəriyyə isə Majino xəttinə (bu
fransızların
Almaniya
sərhədində
980
kilometr
məsafədə
uzanan
möhkəmləndirilmiş müdafiə sistemi idi, Müdafiə naziri olmuş general Majinonun
adını daşıyırdı) arxalanırdı. Bu xətti tikməkdə başlıca məqsəd Fransanı alman
hücumundan müdafiə etmək idi. Ancaq de Qollun belə orijinal baxışları onu hərbi
rəhbərlik arasında qeyri-populyar etmişdi və 1938-ci ildə yazdığı tarixi əsər olan
“Fransa və onun ordusu” kitabı onu hətta marşal Petenlə mübahisə etməyə aparıb
çıxarmışdı.
Bunlardan əlavə o, “Şpaqanın ucunda” əsərini yazmışdı.
İkinci Dünya müharibəsinə bir gün qalmış, 31 avqust 1939-cu ildə o,
yazırdı: “Mənim üzərimə dəhşətli mistifikasiyada rol oynamaq düşüb. Bir neçə
yüngül tank, hansılara ki, mən komandanlıq edirəm, yalnız tozcuqdur. Biz hərəkət
etməsək, bu müharibəni biabırçı qaydada uduzacağıq”.
İkinci Dünya müharibəsi başlandıqda o, 5-ci fransız ordusuna bağlı olan
Saardakı tank briqadasının komandiri idi. Müharibə başlamamışdan bir gün əvvəl
o, bu vəzifəyə təyin olunmuşdu. 1940-cı ilin mayında 4-cü zirehli divizionda o,
müvəqqəti briqada generalı oldu, bu rütbəni o, ömrü boyu saxladı. İki dəfə öz tank
müharibəsi nəzəriyyəsini tətbiq etmək üçün imkana malik oldu. Nəticədə o, baş
komandan general Maksim Veyqan tərəfindən 2 iyun tarixli depeşada “yüksək
enerjili və igid lider” kimi xatırlanmışdı. İyunun 6-da o, Pol Reyno hökumətinə
Müdafiə və Müharibə nazirinin müavini kimi daxil oldu və müharibənin davam
etdirilməsi imkanlarını öyrənmək üçün bir neçə dəfə tapşırıqla İngiltərəyə getdi.
Reyno hökuməti marşal Peten hökuməti ilə əvəz edildikdə, axırıncı almanlarla
atəşkəs axtarmaq məqsədini güdürdü, ona görə də de Qoll İngiltərəyə yollandı.
Hələ 22 iyun 1940-cı ildə Almaniya ilə Fransa arasında sülh müqaviləsi
imzalanmamışdan əvvəl general de Qoll Londondan radio ilə çıxış edəndə (18
iyun) fransızları natsist Almaniyası ilə mübarizəni davam etdirməyə çağırdı. O, bir
gün əvvəl Fransanı tərk etmiş və həmin vaxtdan Londondan fransız müqavimət
hərəkatına başçılıq etməyə başlamışdı. De Qoll Böyük Britaniyada fransız Milli
Komitəsini yaratdı və həmvətənlərini işğalçılarla mübarizəni dayandırmamağa
çağırdı. De Qoll öz həmvətənlərindən dəstək aldı. Fransada güclü müqavimət
hərəkatı formalaşdı.
De Qoll “Ümid memuarları”nda bunu belə təsvir edir: “Öz ruhumu və
şərəfimi xilas etmək üçün digər hansısa bir köməkdən məhrum olmaqla, heç kəsə
məlum olmayan bir de Qoll Fransa üçün məsuliyyəti öz üzərinə götürməli idi”.