21
Üçüncü, axırıncı salona keçməyimizi bildirəndə mən dözə bilməyib ona
yaxınlaşdım.
—Möhtərəm xanım, sizinlə bir məsələni aydınlaşdırmaq olarmı? — deyə
soruşdum.
Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda:
—Buyurun, — dedi, amma qısa olsun.
—Vitse-admiral Aslanbəyovun milliyyəti məni maraqlandırır, başqa heç
nə...
—Bilmirəm, — deyib təəccüblə üzümə baxdı. — Necə məgər, rus deyil?
Siz hardansınız?
—Bakıdanam, — dedim. — Zənnimcə, rus deyil.
—Deyilənə görə, bakılı da deyil. Onun erməni olduğunu deyənlər də var.
Əgər sizi maraqlandırırsa, bir azdan bizim otağa gələrsiniz. Otaqda aydınlaşdırarıq.
Gərək ki, onun sənədləri saxlanılır...
Həmin gün əsas fond bağlı oldu. Yelena ilə səhər görüşmək üçün
vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da narahat etmişdi. Ona görə də
mənə belə bir məsləhət verdi:
—Vaxtınız varsa, bu gün «Sevastopol şəhər panoramı»na da baş çəkin.
Admiral Aslanbəyov haqqında orada da məlumat olmalıdır.
...Panoram-muzeydə məni pis qarşılamadılar. Amma gəlişimin məqsədini
biləndə dodaq büzdülər. Dedilər ki, admiral azərbaycanlı ola bilməz, o illərdə
sizinkilərdən orduya, donanmaya götürmürdülər.
— Niyə götürməyiblər? — dedim, götürüblər. Bu müharibədə (1853—
1856-cı illər) hər birində beş yüz nəfər döyüşçüsü olan Azərbaycan süvari alayları
və ayrıca Qarabağ süvari alayı vuruşurdu. Məhz rus hərb tarixçiləri yazırlar ki,
Rusiyanın Qafqaz cəbhəsində əldə etdiyi qələbələrdə Azərbaycan süvariləri
xüsusilə fərqlənirdi. Bu qələbə Krım uğrunda gedən döyüşlərdə vəziyyəti bir qədər
yüngülləşdirdi. Bu müharibədə üç yüz əllidən çox azərbaycanlı zabit və əsgər təltif
olunmuşdu. Vuruşanların da əksəriyyəti bəy, xan və ağa nəslindən olan oğullar idi.
Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir sənəd tapılmadı.
Amma muzey işçilərinin göstərdiyi ədəbiyyatdan öyrənə bildim ki, 1855-ci ildə
Sevastopolda güclü döyüşlər zamanı admiral Naximov ağır yaralanıb.
Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitabların hamısını
sifariş verdim. Yazıçı Yuri Davıdovun «Naximov» sənədli povestində admiral
haqqında belə bir epizoda rast gəldim: «Konsilium müəyyən etdi ki, Naximovun
vəziyyəti ümidsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmırlar. Ölüm
yatağında Naximovun əzabı qırx saat çəkdi. Qırx saat tamam olanda canvermə
başladı. Həmin anlar şahid kapitan-leytenant Aslanbəyovun gündəliyində dəqiq
yazılıb:
«İyunun 30-da saat on birə yaxın onun nəfəs alması daha da kücləndi.
Otaqda sakitlik hökm sürürdü, həkimlər mübahisəni kəsdilər və otaqdakılar
22
çarpayıya yaxınlaşdılar. Sokolov ucadan və çox aydın şəkildə dedi: «Budur, ölüm
yaxınlaşır...»
Müəyyən an ötdükdən sonra Voyevodskinin sualına Sokolov bərkdən
«keçindi» cavabını verdi. Hamı saata baxdı, saat on bir on dəqiqə idi».
Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naximovun ən yaxın adamı
kimi kapitan-leytenant Aslanbəyovun qeydlərində heç bir fantaziya yoxdur. Məhz
ona görə də admiral Naximovdan yazan bütün rus tədqiqatçıları—akademik Y. V.
Tarle, məşhur hərbi cərrah və həmin müharibənin iştirakçısı N. Piroqov və
başqaları Aslanbəyovun qeydlərinə əsaslanırlar.
Sonralar «Naximovun bioqrafiyası» adlı əsərin müəllifi Aslanbəyov yazır
ki, admiral Kornilovun həlak olmasını eşidən Naximov ona son borcunu verməyə
getdi. Mən içəri girəndə Naximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu
öpürdü.
Sabahkı günü həyəcanla gözləməyə başladım.
Uzun bir dəhlizdən keçib, həyətə çıxdıq. Dolama pilləkənlərlə aşağı düşüb
qapısına «İnqilaba qədərki mühafizə otağı» sözləri yazılmış qapını açdıq. Yelena
hər şeyi ağ saçlı qadına təfsilatı ilə danışdı. Onun üzünə donuq bir ifadə çökdü.
Əlindəki qələmi oynada-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Dodaqaltı
nəsə mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu duyan Yelena
öz işi üçün xahiş edən adamlar sayağı: «Rica edirəm, həm öz adımdan, həm də
uzaq yol gəlmiş bu yoldaşın xatirinə etiraz etməyəsiniz. Görünür çox lazımdır...»
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə:
—Bunun üçün Bakıdan buraya gəlmisiniz? — Xeyli duruxub: — Axı,
Aslambəyov erməni admiralıdır. Sizin axtarışınız, məncə, mənasızdır.
—Ola bilməz, — dedim, əvvəla ona görə ki, admiralın familiyası
Aslambəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də, əgər erməni olsaydı,
Aslanyan olardı.
—Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?
—O illərdə heç bir erməni familiyasında «bəy» sözü ola bilməzdi. «Bəy»,
«xan» və «ağa» titulları ancaq müsəlman xalqlarına məxsusdur. Ermənilərin isə
bircə titulu olub, — «məlik», o da sonradan.
Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub sol tərəfə
buruldu, sonu görünməyən rəflər arasında yoxa çıxdı. Yelena əyilib arxasınca
baxdı. Əlini dodaqlarının üstünə qoyub astadan yeniyetmə qızlara məxsus
şıltaqlıqla:
—Dənizçilər demişkən, sükanı belə də tutun, hələlik biz onu məğlub
eləmişik. Bircə Allah eləsin, familiya məsələsi siz deyən kimi olsun.
Təxminən on-on beş dəqiqədən sonra əlində qədim boz bir qovluq geri
qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş kimi özü vərəqləməyə
başladı. Dərin, sükutlu bu yarımzirzəmi otaqda arabir açılan vərəqin səsi mənim
intizarımı daha da artırırdı.
Dostları ilə paylaş: |